Tarixi həqiqətlər
Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevi bir şəxsiyyət kimi ucaldan əsas keyfiyyətlərindən biri Onun dəyişməz əqidəli insan olması, öz xalqına, onun adət-ənənəsinə, əxlaq və mənəviyyat prinsiplərinə möhkəm və qırılmaz tellərlə bağlı olması idi. O, həm də insanın bütövlüyü, daxili zənginliyi və əqidəsinə sadiqliyi kimi mənəvi dəyərləri çox yüksək qiymətləndirirdi.
Ulu Öndər Heydər Əliyev 1969-cu ildən başlayaraq, respublikaya rəhbərlik etdiyi zamandan çox incə siyasət yeridərək, məscidləri anbar və başqa məqsədlər üçün istifadə edilən obyektlərdən təmizlədi. İbadətgahlar insanların ixtiyarına verildi. İnsanlar Allahın müqəddəs evlərində mənəvi güc tapdılar və əqidəcə saflaşdılar.
Ulu Öndər Heydər Əliyevin müqəddəs yerləri ziyarət edərkən, Mədinə sərhədindəki Peyğəmbər Məscidinin səfər kitabına yazdığı ürək sözləri Onun mənəvi aləmini çox gözəl səciyyələndirir: "Müqəddəs Mədinə şəhərini, islamın müqəddəs abidələrini, Həzrəti Məhəmməd Peyğəmbərin məqbərəsini, məscidini ziyarət etdiyim üçün bir müsəlman kimi özümü xoşbəxt hesab edirəm. Allaha şükür olsun ki, uzun illər qəlbimdə yaşayan arzuma, niyyətimə nail oldum. Bu tarixi hadisə qəlbimdə böyük həyəcan və rahatlıq hissi yaratdı. Bir daha islam mənbəyinin nə qədər ümumbəşəri, fəlsəfi, elmi əsaslara malik olduğunu dərk etdim. Böyük Allahın böyüklüyünü dərk etdim".
Ulu Öndər Heydər Əliyev Azərbaycan Prezidenti kimi vəzifəyə başlayarkən, Qurani-Kərimə and içdi, ilk görüşlərini Təzə Pir məscidində keçirdi və Bibiheybət məscidini yenidən inşa etdirdi.
Ulu Öndər Heydər Əliyev irsinin, xüsusilə də, Onun mənəvi tərbiyə, əxlaq, vətənpərvərlik tərbiyəsi ilə bağlı zəngin irsinin öyrənilməsinin və təbliğinin müasir gənclik üçün çox böyük əhəmiyyəti vardır. Onun müxtəlif illərdə gənclərlə, ziyalılarla görüşlərdə mənəvi tərbiyə ilə bağlı söylədiyi fikirlər, hadisə və təzahürlərin pedaqoji aspektlərinə dair irəli sürdüyü müddəalar cəmiyyət qarşısında, ilk nöbədə, məktəb qarşısında duran vəzifələrin həlli baxımından olduqca qiymətlidir.
Onun fikrincə, müasir təhsil sistemi rəhbərlərinə qarşı aşağıdakı tələblər qoyulmalıdır. O, peşə biliklərinə malik olmaqla yanaşı, həm də yüksək əxlaqi və iradi keyfiyyətləri özündə birləşdirməlidir, pedaqoji təzahürləri təhlil edib ümumiləşdirməyi bacarmalıdır, işə yaradıcı münasibət bəsləməli, bazar şəraitində təhsil müəssisələrinin idarə olunmasının və təşkilinin müasir metodlarına dair dərin bilikləri mənimsətmək, təhsil sahəsindəki yenilikləri layiqincə qiymətləndirmək zəruridir. Yalnız bu halda məktəb, ümumilikdə, təhsil sistemi, tərbiyə sahəsində qarşıya qoyulmuş vəzifələrin öhdəsindən uğurla gələ bilər. Ulu Öndərin 1994-cü il avqustun 31-də Bakı şəhərinin təhsil işçiləri ilə görüşündə O, üzünü ölkənin çoxminli müəllim ordusuna tutaraq demişdi: "Müstəqil Azərbaycanın gələcəyi gənclərin əlindədir, gənclərə veriləcəkdir. Ona görə də, məktəbdə gənclərimizi nə qədər yaxşı, hərtərəfli hazırlasalar müstəqil Azərbaycanın gələcəyi o qədər yaxşı, müvəffəqiyyətli, uğurlu, parlaq olar..."
Hər tərəfdən baxanda Ümummilli Lider Heydər Əliyevin zəhməti elə müsbət əxlaqi keyfiyyətləri özündə cəmləşdirir ki, bunu heç vaxt unutmaq olmaz və tarixin bütün mərhələlərində öz dəyərində, öz keyfiyyətlərində qalacaqdır. Ona görə də, bütün gənclər bu ruhda, xüsusən, ideya-siyasi tərbiyə ruhunda, Ulu Öndər Heydər Əliyevin ideologiyasını dərindən öyrənməklə tərbiyə olunmalıdırlar.
Ulu
Öndər Heydər Əliyevin yaşadığı ömür müasir Azərbaycan
tarixinin qürur doğuran səhifəsidir. Qərinələr
ötəcək, tarixçilər həmişə Ulu Öndər Heydər Əliyevin Azərbaycana
rəhbərlik etdiyi illəri Azərbaycanın
inkişafının qızıl dövrü
kimi qiymətləndirəcəklər.
Respublikanın rəhbər olduğu dövrdə Ulu Öndər Heydər Əliyev ən doğru qərarlar qəbul etmişdi. Ötən əsrin 70-ci və 80-ci illərinin əvvəllərində Dahi Öndər Heydər Əliyevin dinamik fəaliyyəti sayəsində, Azərbaycanın necə sürətlə inkişaf etdiyini yaşlı və orta nəslin nümayəndələri yaxşı xatırlayırlar. Biz indi Azərbaycanın dövlət müstəqilliyi ilə fəxr edirik. Bir sıra nadir ixtisarlar üzrə milli kadrların yetişdirilməsi Onun müstəsna xidmətidir. Mən Ulu Öndərin hakimiyyətə gəldiyi dövrdə tələbə idim, indi isə təhsil işçisiyəm və o illərdə Onun kitabxanaların, ali və orta təhsil müəssisələrinin, Elmlər Akademiyasının maddi-texniki bazasının möhkəmləndirilməsinə necə böyük qayğı göstərdiyini məmnuniyyətlə xatırlayır və qeyd edirəm. Ulu Öndərin uzaqgörənliklə atdığı addımlardan biri də azərbaycanlı gənclərin keçmiş İttifaqın qabaqcıl ali məktəblərində nadir ixtisaslar üzrə təhsil almağa göndərilməsidir. Bu yolla milli kadr potensialı yüksəlir, digər tərəfdən də xalqımızın milli-mənəvi və əxlaqi dəyərlərinin təbliği həyata keçirilirdi.
Ulu Öndər Heydər Əliyev həyatının ən çətin anlarında belə xalqının ağrı-acısı ilə yaşadığını sübut etmişdir. Bunun üçün 1990-cı il yanvarın 20-də mərkəzi hakimiyyətin xalqımıza qarşı törətdiyi qanlı 20 Yanvar faciəsinə görə, Ulu Öndər Heydər Əliyevin çıxışını xatırlamaq kifayətdir. Xalqa, vətənə sədaqət Ulu Öndərin canında və qanında idi.
Ulu Öndər Heydər Əliyevin qüdrəti 1993-cü ilin yayında xalqın istəyi ilə ölkənin siyasi rəhbərliyinə qayıtdıqdan sonra xilaskar missiyasını yerinə yetirdi. O, qətiyyət, müdriklik və uzaqgörənlik nümayiş etdirərək tənəzzül, çaxnaşmalar, başabəla liderlərin siyasi avantüraları burulğanında çapalayan Azərbaycanı ahəngdar inkişaf relsləri üzərinə çıxardı, etibarlı gələcəyimizin möhkəm təməlini qurdu. Ölkəni böhrandan çıxaran, onu sabitləşdirən və inkişafa istiqamətləndirən Ulu Öndər Heydər Əliyev kursu, həm də müstəqil Azərbaycanın sabahının "sönməz çırağıdır". Son prezident seçkilərində xalq Ulu Öndərimizin layiqli siyasi varisi Cənab İlham Əliyevə səs verərək, Onu dövlət başçısı seçdi.
Fərəhləndirici haldır ki, Prezident İlham Əliyev bəslənən ümidləri səylə doğrultmağa çalışır. Respublikamızda həyatın dəyişməli, iqtisadi islahatların tərəqqisi, regionların nəhəng potensialının hərəkətə gətirilməsi, cəmiyyətin idarə olunmasında demokratik dəyərlərin əsas tutulması, beynəlxalq aləmdə ölkənin nüfuzunun artması, təhsildə qazanılan uğurlar, bütövlükdə, Azərbaycanın milli inkişaf konsepsiyası olan Ümummilli Lider Heydər Əliyev kursunun təntənəsi, həyatda öz əksini tapması deməkdir.
Ofelya Mürsəlova,
ADPU-nun Pedaqogika kafedrasının baş müəllimi
Səs.-
2017.-10 iyun.- S.7.