Heydər Əliyev - xilaskarlıq missiyasının ali dəyəri

 

Hər bir xalqın tarixini onun dahi insanları yaradır. Azərbaycanın müasir tarixinin 30 ildən çox davam edən və öz miqyasına görə əsrə bərabər olan böyük bir dövrü bilavasitə dünya səviyyəli siyasətçi və dövlət xadimi, zəmanəmizin əzəmətli və bənzərsiz şəxsiyyəti, Ümummilli Liderimiz Heydər Əliyevin adı və fəaliyyəti ilə bağlıdır. Heydər Əliyevin xalqımızın çoxəsrlik dövlətçilik tarixində və taleyində ən möhtəşəm xidmətlərindən biri 1993-cü ilin iyununda Azərbaycanın və xalqımızın başının üstünü almış bütün bəlalardan qoruması, müstəqilliymizi əbədi bəlalardan qoruması və müstəqilliyimizi əbədi etməsidir.

Məhz həmin keşməkeşli iyun günlərində ölkə dərin siyasiiqtisadi böhran içində çapalayırdı. Yeni əldə edilmiş müstəqilliyimiz məhv olmaq təhlükəsi ilə qarşı-qarşıya qalmışdı. Yararsız və naşı AXC-Müsavat iqtidarı ölkəmizdə baş verən bütün ağır məsələlərin təşkilatçıları və günahkarları qismində qaçmaqları barədə düşünürdülər. Daxili-xarici düşmənlər Azərbaycanın parçalanmış xəritəsini cızaraq, öz mənfur planlarını reallaşdırmaq ərəfəsində idilər.Qısa bir zamanda sosial-siyasiiqtisadi tənəzzülün qarşısını alan Heydər Əliyev respublikanın davamlı inkişafı istiqamətində islahatlar həyata keçirdi

Belə bir taleyüklü məqamda xalqımız öz böyük oğlu Heydər Əliyevə müraciət edərək, Onu təkidlə Azərbaycanda hakimiyyətə çağırdı. Ulu Öndər Heydər Əliyev xalqının ağır günündə onun taleyinə biganə qala bilməyərək, Naxçıvandan Bakıya gəldi. Xilaskarlıq missiyası ilə möhtəşəm qayıdışa imza atan Ulu Öndər Heydər Əliyev ölkədə baş alıb gedən özbaşınalığın, xaosun, dövlət çevrilişi cəhdlərinin qarşısını aldı, qanunsuz fəaliyyət göstərən silahlı dəstələr zərərsizləşdirildi və bununla da, ölkədə sabitlik bərqərar oldu. Qısa bir zamanda sosial-siyasiiqtisadi tənəzzülün qarşısını alan Heydər Əliyev respublikanın davamlı inkişafı istiqamətində islahatlar həyata keçirdi.

Azərbaycanın demokratiya yolunda qısa vaxt ərzində əldə etdiyi nailiyyətlər bu gün dünyanın aparıcı dövlətləri və nüfuzlu beynəlxalq təşkilatları tərəfindən də yüksək qiymətləndirilir. Ölkəmiz Avropa Şurasının, UNESKO, MDB, QİƏT, İKT, GUAM-ın, Dünya Sülh Şurasının, Beynəlxalq Valyuta Fondunun Dünya Bankının, Beynəlxalq Bərpa və İnkişaf Bankının, habelə, çoxlu sayda beynəlxalq və məhəlli təşkilatların, birliklərin və konvensiyaların fəal üzvüdür. NATO və Avropa İttifaqı ilə tərəfdaşlıq edir.

Vaxtilə Azərbaycan gənclərinin keçmiş SSRİ-nin ən nüfuzlu ali məktəblərində təhsil almaq üçün imkanlar yaratmış Ümummilli Lider yaxşı bilirdi ki, onlar yaxın gələcəkdə Azərbaycanın ayrı-ayrı sahələrinin inkişıf üçün kadr potensialıdırlar. Ona görə də təkcə istehsalat, xidmət və iqtisadiyyat sahəsində siyasət aləmi üçün də Azərbaycana yeni nəslin nümayəndələri lazım idi, həm də müstəqil düşünməyi və mübarizə aparmağı bacaranözünü gələcəyə hazırlamağı qarşısına məqsəd qoyan gənclərə daha çox üstünlük verilirdi.

 

Heydər Əliyevin siyasi uzaqgörənliyinin və siyasi iradəsinin məntiqi nəticəsi

 

Beləliklə, 1993-1995-ci illər müasir Azərbaycanın tarixinə dövlət müstəqilliyinin qorunub-saxlanması, dünya iqtisadiyyatına inteqrasiya dövrü kimi yazıldı. 1995-ci ilin 12 noyabrında müstəqil Azərbaycanın ilk Konstitusiyası ümumxalq referendumu ilə qəbul olundu. Əsas Qanunda xalqın dövlət hakimiyyətinin yeganə mənbəyi olması, dövlətin demokratik-hüquqi və dünyəviliyi, idarəçiliyin hakimiyyət bölgüsü əsasında təşkil olunmasının təməl prinsipləri təsbit olunmuş, insan hüquq və azadlıqlarının təmini dövlətin ali məqsədi kimi ön plana çəkilmişdir. Azərbaycanın ilk Milli Konstitusiyasında mənəvi sərvətlərimizə, dinimizə, tarixi irsimizə qayğı dövlət səviyyəsinə qaldırıldı. Başlıca qayəsini müstəqillik, azərbaycançılıq, dövlətçilik, demokratiya və dünyəvilik kimi ümumbəşəri dəyərlər təşkil edən yeni ideologiyanın əsası qoyuldu. Ulu Öndərimiz bəyan etmişdi: "Azərbaycan xalqının tarixi nailiyyəti olan Azərbaycan Respublikasının dövlət müstəqilliyini qorumağı, inkişaf etdirməyi özüm üçün ən əsas vəzifələrdən biri hesab edirəm. Heç kəsin şübhəsi olmasın ki, ömrümün bundan sonrakı hissəsini harada olursa-olsun, yalnız və yalnız Azərbaycan Respublikasının müstəqil dövlət kimi inkişaf etməsinə həsr edəcəyəm. Azərbaycan Respublikası bundan sonra da onun başına nə gəlirsə-gəlsin, müstəqilliyini itirməyəcək, yenidən heç bir dövlətin tərkibinə daxil olmayacaq, heç bir dövlətin əsarəti altına düşməyəcək".

Ümummilli Liderimiz Heydər Əliyevin siyasi uzaqgörənliyinin və siyasi iradəsinin məntiqi nəticəsi olaraq 1994-cü ildə "Əsrin müqaviləsi"nin əfsanədən reallığa çevrilməsi ölkənin bütün strateji əhəmiyyətli sahələrinin dinamik inkişafına güclü təkan verdi.

Nəhəng dövlətçilik təcrübəsi və idarəçilik qabiliyyəti ilə səciyyələnən siyasi fəaliyyəti bu böyük şəxsiyyəti dünya şöhrətli siyasi xadim kimi tanıtmışdır. O, nəinki öz xalqının sevimlisi olmuş, eyni zamanda, dünyanın böyük dövlət başçılarının, tanınmış siyasi xadimlərin də hörmət və məhəbbətini qazanmışdır. Türkiyənin sabiq prezidenti Süleyman Dəmirəl Ulu Öndərimizin həyat və fəaliyyətini belə qiymətləndirmişdir: "Heydər Əliyev Azərbaycanı israrlademokratik yollarla müstəqil olaraq məqsədinə çatdırmaq üçün canını sipər edib qeyrət göstərən oğuldur". Türkiyənin keçmiş baş naziri, hazırkı dövlət başçısı Rəcəb Tayyib Ərdoğan isə vurğulamışdır: "Heydər Əliyev təkcə Azərbaycanda deyil, bütün türk dünyasında tanınan və sevilən lider idi. "Bir millət, iki dövlət" sözü ona məxsusdur". Böyük Britaniyanın sabiq baş naziri Toni Bleyer Heydər Əliyev haqqında danışarkən demişdir: "Heydər Əliyev Azərbaycanın böyük lideri idi. O, böhranlar dövründə öz ölkəsinə sabitlik gətirdi. Azərbaycan xalqı Onun qoyduğu irs ilə fəxr edə bilər".

Rusiya, ABŞ, Gürcüstan, Ukrayna, Qazaxıstan və digər xarici ölkələrin tanınmış dövlət və ictimai-siyasi xadimləri də Heydər Əliyevi dahi şəxsiyyət, dünya səviyyəli siyasətçi kimi qiymətləndirmişlər. Bu, əsl liderə, əsl dövlət xadiminə verilən ən yüksək qiymət və ehtiramın təcəssümü kimi göstərilə bilər.

 

Prezident İlham Əliyev: "Dahi Heydər Əliyev şəxsiyyətinin Azərbaycan dövlətimizin tarixində müstəsna yeri vardır"

 

Ulu Öndərin öz xalqı qarşısında ən böyük tarixi xidmətlərindən biri müəyyənləşdirdiyi milli inkişaf kursunu inamla davam etirə biləcək siyasi varis yetişdirməsidir. Böyük Öndər 2003-cü ildə xalq ünvanladığı tarixi müraciətində demişdir: "İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri İlham Əliyev başa çatdıra biləcək. Mən, ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm". Azərbaycan Prezidenti Cənab İlham Əliyev ona olan bu ümidləri layiqincə doğrultdu. Heydər Əliyevin müəyyənləşdirdiyi milli inkişaf kursunu müasir dövrün tələblərinə uyğun şəkildə böyük inamla, əzmkarlıqla aparan ölkə başçısının rəhbərliyi altında Azərbaycan bu gün dünya birliyində özünə layiqli yer tutub, iqtisadiyyatın artım tempinə görə dünyada lider mövqedə dayanıb. Azərbaycan Prezidenti İlham Əliyevin Ümummilli Liderimiz haqqında dediyi tarixi kəlamları bu gün də hər birimizdə qürur doğurmaqdadır: "Dahi Heydər Əliyev şəxsiyyətinin Azərbaycan dövlətimizin tarixində müstəsna yeri vardır. Azərbaycançılıq məfkurəsinin parlaq daşıyıcısı kimi Heydər Əliyev öz müdrik siyasəti, dönməz əqidəsi və tarixi uzaqgörənliyi sayəsində milli dövlətçilik ideyasının gerçəkləşdirilməsinə, müasir Azərbaycan dövlətinin qurulmasına və xalqımızın müstəqillik arzusuna çatmasına nail olmuşdur. Məhz Heydər Əliyevin fəaliyyəti nəticəsində, Azərbaycan özünün geostrateji, iqtisadi və mədəni potensialından istifadə edərək, Şərqlə Qərb arasında etibarlı körpü rolunu oynamağa başlamış və dünyanın ən dinamik inkişaf edən ölkələrindən birinə çevrilmişdir".

Bu gün Ulu Öndərin siyasi kursunu uğurla davam etdirən Cənab İlham Əliyevin rəhbərliyi ilə ölkədə aparılan nəhəng işlər və mühüm tədbirlər həyata keçirilir. Uğurla həyata keçirilən genişmiqyaslı islahatlar müstəqilliyimizi dönməz və əbədi edib. Azərbaycan Prezidenti İlham Əliyev demişdir: "İndiki müstəqil Azərbaycan Heydər Əliyevin şah əsəridir. Azərbaycanda Heydər Əliyev siyasəti yaşayır, möhkəmlənir və yeni formalarla zənginləşir".

 

Azərbaycan xalqı Prezident İlham Əliyevin ətrafında sıx birləşərək, Heydər Əliyev yolunun davaminkişaf etdirilməsinə dayanıqlı siyasigüclü mənəvi stimul yaratmışdır

 

Bəli, Azərbaycan xalqı bu tarixi unutmurbu gün Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı, ölkə başçımız Cənab İlham Əliyevin apardığı məqsədyönlü siyasətini dəstəkləyir. Xalqımız Azərbaycan Respublikasının Prezidenti seçməklə həm öz Liderinə qədirbilənliklə vəfa borcunu göstərmiş, həm də Heydər Əliyev yolu ilə gələcəyə doğru getməkdə qətiyyətli olduğunu sübut etmişdir. Ötən dövr Ümummilli Liderimizin tarixi müraciətində irəli sürdüyü müddəaların onun adına layiq şəkildə yerinə yetirilməsi ilə əlamətdar olmuşdur. Azərbaycan xalqı Prezident İlham Əliyevin ətrafında sıx birləşərək, Heydər Əliyev yolunun davaminkişaf etdirilməsinə dayanıqlı siyasigüclü mənəvi stimul yaratmışdır. Möhtərəm Prezidentimiz elə rəhbərliyinin ilk günlərindən ölkəmizin strateji yolunun dəyişməzliyini qətiyyətlə bəyan etmişdir: "Azərbaycanın qüdrətli dövlətə çevrilməsi üçün ölkədə Heydər Əliyev siyasəti davam etdirilməlidir".

Həyat yerində durmur, qarşımıza yeni tələblər, yeni çağırışlar çıxır. Amma prinsipial istiqamət və ideoloji istiqamət dəyişməz olaraq qalır. Bu, Heydər Əliyev fəlsəfəsidir, siyasətidir və ideologiyasıdır!

 

Muxtar NAĞIYEV,

YAP Səbail rayon təşkilatının sədr müavini

 

Səs.- 2017.-13 iyun.- S.6.