Azərbaycanın davamlı inkişaf
yolunun təməli 15 İyun
Qurtuluş Günü
ilə qoyulub
Azərbaycanın 25 illik müstəqillik tarixində ölkəmizin, xalqımızın bu günü və gələcəyi üçün müstəsna əhəmiyyət daşıyan bir neçə əlamətdar günü xüsusi qeyd etmək lazımdır. Bunlardan biri və bəlkə də, birincisi 15 İyun Qurtuluş Günüdür. İllər ötdükcə, respublikamız inkişaf edib müstəqilliyini möhkəmləndirdikcə Qurtuluş Gününün tarixi önəmi daha aydın dərk olunur. Bu gün ölkəmizin hər bir vətəndaşı, bütün cəmiyyət 1993-cü ilin 15 iyununu- bir neçə onillik ərzində uzaqğörənliyi, iti zəkası, ölçüyəgəlməz milli təəssübkeşliyi və fədəkar fəaliyyəti sayəsində Azərbaycanın inkişafı üçün bütün sahələrdə fundamental əsaslar yaradan Ulu Öndər Heydər Əliyevin respublikamızda xalqın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıdışının rəsmiləşdiyi tarixi sonsuz minnətarlıq hissi ilə xatırlamağı özünə mənəvi borc hesab edir. Çünki təkzibolunmaz həqiqət ortadadır. Hər birimizə aydındır ki, 15 İyun Qurtuluş Günü olmasaydı, müstəqilliyimiz, həyatımızın bugünkü firavanlığı da olmayacaqdı. Ulu Öndər böyük qayıdışı ilə Azərbaycanın XX yüzillikdə ikinci dəfə qazandığı müstəqilliyinin itirilməsinin qarşısını aldı, ölkəmizi sabitliyə, davamlı inkişafa və sosial rifaha istiqamətləndirdi.
Azərbaycanın qurtuluş tarixi Naxçıvandan başlayıb
Tarixən Azərbaycanın dövlətçilik ənənələrinin zənginləşməsində mühüm rol oynayan Naxçıvan ötən əsrin doxsanıncı illərinin əvvəllərində respublikamızın müstəqilliyə qovuşmasına da öz dəyərli töhfəsini vermişdir. Tam cəsarətlə demək mümkündür ki, bəhs olunan dövrdə Azərbaycanın müstəqilliyə gedən yolunun, qurtuluş tarixiniun əsası Ümummilli Lider Heydər Əliyevin səyləri və cəsarəti sayəsində, məhz qədim diyarda-Naxçıvanda qoyulub.
Məlumdur ki, keçmiş İttifaq rəhbərliyinin getdikcə artan təzyiqləri ilə üzləşən Ulu Öndər Heydər Əliyev 1990-cı ildə Moskvadan Bakıya qayıtmaq məcburiyyətində qaldı. Lakin imperiya nökərləri-bəhs olunan dövrdə Azərbaycanın rəhbərliyində təmsil olunan şəxslər Heydər Əliyevin Bakıya qayıdışını kresloları üçün təhlükə hesab edərək, Onun paytaxtda qalmasını əngəllədilər. Ulu Öndər doğulduğu Naxçıvana üz tutdu və burada insanlar Onu böyük sayğı ilə qarşıladılar. Həmin ilin payızında Heydər Əliyev Babək rayonunun Nehrəm kəndindən Azərbaycan Respublikasının Ali Sovetinə deputat seçildi. Ulu Öndər, eyni zamanda, Naxçıvan Ali Sovetinə də deputat seçilmişdi. Muxtar respublikanın Ali Sovetinin seçkilərdən bir qədər sonra-17 noyabr 1990-cı il tarixində çağrılan sessiyasına sədrlik Heydər Əliyevə həvalə olundu. Həmin sessiyada Heydər Əliyevin cəsarəti, milli təəssübkeşliyi, xalqına bağlılığı bütün cəhətləri ilə bir daha özünü büruzə verdi. Sessiyada Ulu Öndərin təşəbbüsü ilə Naxçıvan Ali Sovetinin adı dəyişdirilərək, onun Naxçıvan Respublikasının Ali Məclisi adlandırılması haqqında qərar çıxarıldı, Azərbaycan Xalq Cümhuriyyətinin o vaxtlar çoxlarının tanımadığı üçrəngli bayrağı Naxçıvan Ali Məclisində qaldırıldı.
Bu gün Heydər Əliyevin o dövrdə atdığı bu kimi cəsarətli addımları kimlərə isə adi görünə bilər. Lakin bu, belə deyil. Bəhs olunan dövr çox ziddiyyətli idi, hadisələrin necə inkişaf edəcəyini proqnozlaşdırmaq çətin idi, hələ Sovet İttifaqı Kommunist Partiyası fəaliyyət göstərirdi. Heydər Əliyev isə təhdidlərdən, Özü və ailəsi üçün yarana biləcək təhlükələrdən çəkinməyərək, respublikamızın gələcək taleyi baxımından müstəsna əhəmiyyət daşıyan qərarların qəbul olunmasına nail oldu. Bir qədər sonra-1991-ci il fevralın 5-də Azərbaycan Respublikasının Ali Soveti Naxçıvan Muxtar Respublikası Ali Məclisinin vəsatətinə baxaraq, üçrəngli bayrağın Azərbaycanın dövlət bayrağı kimi qəbul edilməsi haqqında qərar verdi.
1991-ci il sentyabrın 3-də Naxçıvan Ali Məclisinin Sədri seçilən Heydər Əliyev Özünün şəxsi nüfuzundan və yüksək diplomatik bacarığından istifadə edərək qonşu Türkiyənin, İranın siyasi rəhbərliyi ilə təmasları gücləndirdi və blokada şəraitində yaşayan muxtar respublikanı erməni təcavüzündən, aclıqdan və səfalətdən qorudu. Eyni zamanda, Ulu Öndər xalqda müstəqillik uğrunda mübarizə əzmini möhkəmləndirməyə çalışırdı. Onun çağırışı ilə Naxçıvanın 1991-ci il martın 17-də keçmiş Sovet İttifaqının saxlanması ilə bağlı keçirilən referenduma qatılmaması Azərbaycan xalqının müstəqillik ideyalarına inamını artırdı və insanlarda qarşısıalınmaz mübarizə əzmi yaratdı. Halbuki respublikanın o vaxtkı rəhbərliyinin təhriki ilə həmin saxta referenduma Azərbaycan da qoşulmuşdu. Zaman Heydər Əliyevin uzaqgörənliyini bir daha təsdiqlədi. Saxta referendumdan cəmi bir neçə ay sonra-avqustun 19-da keçmiş SSRİ-də "QKÇP" adını alan dövlət çevrilişinə cəhd oldu. Bundan sonra hadisələr dönməz xarakter aldı, keçmiş İttifaq, onunla bərabər də Kommunist Partiyası dağıldı.
Ulu Öndərin bu kimi cəsarətli addımları bütün Azərbaycan üçün müstəqilliyə bir çağırış idi. Heydər Əliyev respublikanın o vaxtkı rəhbərliyinin "bəlkə də qaytardılar" mövqeyində qalmasına baxmayaraq, çəkinmədən müxtəlif tribunalardan yolumuzun müstəqillik yolu olduğunu bildirdi.
Heydər Əliyev bütün Azərbaycan
miqyasında xilaskarlıq missiyasını yerinə yetirdi
Ümummilli Lider Heydər Əliyevin ötən əsrin 90-cı illərinin əvvəllərində fəaliyyəti yalnız Naxçıvanı qorumaqla məhdudlaşmadı. O, eyni zamanda, bütün Azərbaycan miqyasında xilaskarlıq missiyasını yerinə yetirdi.
Dövlət müstəqilliyinə nail olmaq hər bir xalqın müqayisəyəgəlməz tarixi nailiyyətidir. Azərbaycan da keçmiş İttifaq məkanında gedən məlum proseslər nəticəsində 1991-ci ildə XX əsrdə ikinci dəfə müstəqillik qazanmağa müvəffəq oldu. Ancaq müstəqilliyimizin ilk illərində xalqımız bir sıra məhrumiyyətlərə qatlaşmaq məcburiyyətində qaldı. 1992-ci il may ayının 14-də hakimiyyəti zorla ələ keçirən AXC-Müsavat iqtidarının səriştəsizliyi ucbatından müstəqilliyimiz və bütövlükdə, ölkənin taleyi üçün çox ciddi təhdidlər yaranmışdı. Problemlər getdikcə artırdı. Hakimiyyət strukturlarına, o cümlədən, silahlı birləşmələrə nəzarəti itirən o zamankı Azərbaycan iqtidarı 1993-cü ilin yayında ölkəni vətəndaş müharibəsi təhlükəsi ilə üz-üzə qoydu. Ölkənin bir sıra regionlarında silahlı birliklər seperatçı iddialarla çıxış edib və mərkəzi hakimiyyətə tabe olmadıqlarını bildirirdilər. 1993-cü il iyunun 4-də Gəncədə sabiq korpus komandiri və AXC-Müsavat hakimiyyətinin Qarabağ üzrə xüsusi nümayəndəsi Surət Hüseynovun rəhbərlik etdiyi 709-cu briqadanın ləğvi ilə bağlı qərar imzalanması isə Gəncədə böyük miqyaslı qarşıdurmaya rəvac verdi. Ölkədə ilk qardaş qanının axıdılması vətəndaş müharibəsinin, necə deyərlər, evin astanasında olmasından xəbər verirdi.
Belə ağır məqamda insanların ümid dolu gözləri Naxçıvana, hətta düşmən blokadasında belə muxtar respublikanı qorumağı bacaran Ümummilli Lider Heydər Əliyevə dikilmişdi. AXC-Müsavat iqtidarının yarıtmaz rəhbərliyindən cana doyan xalq Vətənin bu ağır günündə öz sınanmış dahi oğlu Heydər Əliyevin Bakıya-Azərbbaycanın siyasi rəhbərliyinə gəlməsini qətiyyətlə təkid edirdi. Yaranmış vəziyyətdə hakimiyyətə gəlməyin çox böyük riskləri olmasına baxmayaraq, həmişə Azərbaycanın taleyini Öz taleyi sanan Heydər Əliyev Ona ünvanlanan çoxsaylı müraciətləri və xalqın çağırışını cavabsız qoymadı və iyunun 9-da Bakıya gəldi. Ulu Öndər 13 iyunda parlamentdə çıxış etdi, Gəncəyə gedib oradakı vəziyyətlə tanış oldu. 15 iyunda isə Ulu Öndər Heydər Əliyev Azərbaycan Ali Sovetinin Sədri seçildi. Beləliklə, respublikamız diletant, naşı və həris insanların hakimiyyətindən qurtuldu. Azərbaycanın sabitlik və inkişafla səciyyələnən qurtuluş tarixi başladı. Sınanmış oğlu Heydər Əliyevin timsalında özünün layiqli rəhbərini tapan xalq Onu ilk dəfə 1993-cü il oktyabrın 3-də, ikinci dəfə isə 1998-ci il oktyabrın 11-də Azərbaycan Respublikasının Prezidenti seçdi.
Xaosa son qoyuldu,
ölkə inkişafa istiqamətləndi
Çiyinlərində uzun illərin dövlət idarəçiliyi təcrübəsi olan Ulu Öndər özünəxas müdrikliklə, verdiyi əsaslandırılmış qərarlarla ölkənin parçalanması təhlükəsinin, regional separatçılığın qarşısını qətiyyətlə almağa müvəffəq oldu. Ölkədə qanunsuz silahlı qruplaşmaların dövlət çevrilişləri cəhdlərinə son qoyuldu, orduda vahid komandanlıq bərqərar edildi, cəmiyyətdə konsensus yardıldı. Onun siyasi iradəsi ilə respublikada ilk parlament seçkiləri keçirildi. Ulu Öndərin rəhbərliyi altında hazırlanaraq, 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi yolu ilə qəbul olunan konstitusiyamız Azərbaycanda hüquqi dövlət quruculuğu üçün bu gün də fundamental baza rolunu oynayır.
Ulu Öndər Heydər Əliyevin müstəqil Azərbaycana rəhbərlik etdiyi 1993-2003-cü illərdəki fəaliyyəti, heç şübhəsiz ki, dövlət quruculuğunun bütün istiqamətlərini əhatə edirdi. Ölkənin qarşısında dayanan çoxsaylı prioritetlər sırasında əsas məsələlərdən biri də milli iqtisadiyyatın gücləndirilməsi idi. Ulu Öndər, xüsusi olaraq vurğulayırdı ki, iqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir. Heydər Əliyevə AXC-Müsavat iqtidarından dağıdılmış, təchizat-satış əlaqələri pozulmuş iqtisadiyyat miras qalmışdı. Belə vəziyyətdə Heydər Əliyev iqtisadiyyatın dirçəlməsinə yönələn müdrik qərarlar qəbul etdi, o cümlədən, 100-dən çox Fərman və Sərəncam imzaladı. Ulu Öndər in təşəbbüsü əsasında parlamentdə yeni qanunlar qəbul edildi. Nəticədə, 1995-ci ildən milli iqtisadiyyatımızda bərpa, 1996-cı ildən isə artım dövrü başladı.
Ən vacib məqamlardan biri o oldu ki, Ulu Öndər Heydər Əliyev Azərbaycanın gələcəyinə hesablanan yeni neft strategiyasını işləyib-hazırladı və Xəzərin zəngin karbohidrogen ehtiyatlarının işlənməsinə xarici sərmayələri cəlb etməyə nail oldu. Azərbaycan hökuməti ilə xarici şirkətlərin nümayəndələri arasında təxminən bir il gedən danışıqlardan sonra 1994-cü il sentyabrın 20-də Bakıda 11 beynəlxalq neft şirkəti ilə sonralar "Əsrin müqaviləsi" adını alan müqavilə imzalandı. Sonrakı illərdə neft gəlirlərinin artması hesabına ölkənin iqtisadi inkişafı üçün böyük imkanlar yarandı.
O dövrdə Azərbaycan müstəqilliyini bərpa etsə də, ölkə iqtisadiyyatında keçmiş sovet dövrünə xas olan yanaşmalar tətbiq edilirdi ki, bu da yeni dövrün tələbləri ilə bir araya sığmırdı. Uzaqgörən siyasətçi Heydər Əliyev yaxşı başa düşürdü ki, Azərbaycanın gələcək inkişafı geniş məzmunlu iqtisadi islahatlardan keçir. Beləliklə, Ulu Öndərin siyasi iradəsi sayəsində respublikamızda liberal iqtisadiyyata transformasiya prosesinə başlanıldı. Ölkədə yeni iqtisadi modelin bərqərar olamsı baxımından sahibkarlıq fəaliyyətinə, özəl bölməyə dəstək tədbirləri böyük əhəmiyyət daşıyırdı. Ulu Öndər in siyasi iradəsi sayəsində keçmiş İttifaq məkanında ilk dəfə Azərbaycanda geniş torpaq islahatı həyat keçirildi. Dövlət başçısının imzaladığı mühüm sənədlər, Onun shibkarlarla görüşləri, verdiyi dəyərli tövsiyələr milli iqtisadiyyatın qarşısında geniş inkişaf perspektivləri açdı.
Ulu Öndərin təməlini qoyduğu
yolun inamla davam etdirilməsi Azərbaycanın bugünkü müsbət
reallıqlarını yaradıb
Azərbaycanın xoşbəxtliyi ondadır ki, respublikamızda Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu sabitlik və davamlı inkişaf kursunun ardıcıllığı bu gün Prezident İlham Əliyev tərəfindən yüksək səviyyədə təmin edilir. Bunun da sayəsində respublikamız bütün sahələrdə uğurlara nail olub. Bu gün ölkəmizin hər bir vətəndaşı güclü Azərbaycanla qürur duyur. Son illərdə dünyada ən yaxşı iqtisadi inkişaf göstəricilərindən biri, məhz Azərbaycanda qeydə alınıb. Qlobal reytinq agentlikləri, o cümlədən, Davos İqtisadi Forumu, Dünya Bankı milli iqtisadiyyatımızın durumu və perspektivləri ilə bağlı müsbət rəylər ifadə ediblər. Respublikamızın iqtisadi və maliyyə potensialının genişlənməsi ilə paralel şəkildə, beynəlxalq nüfuzu da əhəmiyyətli dərəcədə artıb. Qısa müstəqillik tarixində Azərbaycan dünyanın 155 ölkəsinin dəstəyini qazanaraq, 2012-2013-cü illərdə BMT TŞ-nın qeyri-daimi üzvü seçilib. Hazırda respublikamız Cənubi Qafqazın lider dövləti statusunu inamla daşıyır. Bu gün Azərbaycan yeni neft strategiyasının uğurla reallaşdırılması sayəsində bölgənin enerji xəritəsini tamamilə dəyişməyə nail olub, həmçinin, Avropanın enerji təhlükəsizliyində böyük çəkiyə malik bir ölkəyə çevrilib.
Ölkəmizin müasir mənzərəsini göz önündə canlandıran uğurların sayı kifayət qədər çoxdur. Azərbaycanı sabitlik və rifah adasına çevirən, ölkəmizə bütün dünyada böyük hörmət qazandıran siyasətin təməli isə 4 iyun 1993-cü il hadisələrindən sonra Ümummilli Lider Heydər Əliyevin Azərbaycanın siyasi hakimiyyətinə qayıdışı ilə qoyulub. Azərbaycan tarixində faciəvi 4 iyun günündən sonra 15 İyun Qurtuluş Günü yazıldı. Heydər Əliyevin hakimiyyətə gəlişi ilə ölkəmizdə qurtuluş tarixinin başlaması Azərbaycana nə verib? Bu sualın cavabında hansısa nəzəriyyələrdən bəhs etməyə heç bir lüzum yoxdur. Azərbaycanın yuxarıda qısa ekskurs etdiyimiz bugünkü inkişaf mənzərəsinin göz önündə canlandırılması sualın ən yaxşı və dolğun cavabıdır.
Xatirə Əliyeva,
YAP-ın Mətbuat Xidmətinin əməkdaşı
Səs.-
2017.-14 iyun.- S.8-9.