Jurnalist olmaqdan öncə əsl vətəndaş olmaq lazımdır

Artıq sayılı günlər qalıb. Təxminən bir ay sonra haqqı ehtiyacı olan 255 jurnalistə mənzil veriləcək. Təbii ki, tam təmənnasız şəkildə. Bu möhtəşəm layihənin müəllifi isə möhtərəm Prezidentimiz İlham Əliyevdir. Hər bir azərbaycanlının Prezidenti olan cənab İlham Əliyev. Dövlətimizin başçısı növbəti humanist addımı ilə bir daha sübut etdi ki, bu gün dünyanın heç bir ölkəsində jurnalistə bu qədər qayğı ilə yanaşılmır, onun sosial problemlərinə bu qədər həssas şəkildə diqqət göstərilmir. Dövlətimiz hər bir vətəndaşına sahib çıxmağı bacarır, o cümlədən həkiminə, müəlliminə, jurnalistinə...

2013-cü ildə 156 mətbuat nümayəndəsinin onların ailə üzvlərinin yaşadığı böyük sevincdən bu il daha 255 jurnalistə pay düşəcək. Bundan gözəl ola bilər ki? İllərdir ev arzusunda olan, mətbuatımızın inkişafında mühüm xidmətləri ilə fərqlənən həmkarlarımız nəhayət öz şəxsi mənzillərinə qovuşacaqlar. Hesab edirəm ki, bu işin maddi tərəfi ilə yanaşı, mənəvi çalarları daha diqqətçəkəndir. Hər bir halda dünyada bənzəri olmayan bu xeyirxah, nəcib təşəbbüsü sadəcə olaraq ən azından alqışlamaq lazımdır.

Təəssüf ki, bəzən insanın içindəki qaranlıq məqamlar, bəslədiyi kin, qərəz ətrafda baş verən müsbət hadisələri görməyə imkan vermir. Dövlətin öz vətəndaşına sahib çıxmasına, onun sosial problemlərinin həllinə dəstək olmasına əyri gözlə baxanlar bu incə məqamda belə mövcud durumdan şəxsi maraqları üçün istifadə edərək xəbisliyi büruzə verməyə çalışırlar. Belələri şəxsi korporativ maraqları naminə dövlətin fəaliyyətinə, onun müdrik siyasətinin uğurlu nəticələrinə kölgə salmaq niyyətlərini ortaya qoyur, ictimai şüurla manipulyasiya edərək çaşqınlıq yaratmağa cəhd göstərirlər.

Bir müddət əvvəl "dövlət jurnalistə niyə ev verməlidir" kimi mənasız, gülünc çağırışlar edən bəzi münəccimlər indi atılıb düşüblər ortaya ki, bəs filan jurnalistlərin ev almağa haqqı var. Özü əllərində tərtib etdikləri qondarma "siyahılarla". Bugünlərdə "qabağa düşən" Əvəz Zeynallı Milli Mətbuat Günündə jurnalistlərə verilməsi planlaşdırılan mənzillərlə bağlı saxta qondarma "sorğu" keçirib. Ə.Zeynallının keçirdiyi "sorğunun" nəticələrində böyük əksəriyyəti jurnalistikaya aidiyyəti olmayan, daim informasiya təxribatı törətməyə cəhd edən "jurnalistlərin", sosial şəbəkə trollarının adları əks olunub. Mətbuat Şurasının "qara siyahısı" da əlavə etsək, "siyahı" tamamlanar.

Bu cür halların baş verməsini təbii qarşılayıram. Çünki cəmiyyətdə hər ağılda, hər əqidədə insana rast gəlmək olar hər kəs öz düşüncəsinə görə davranır, addım atır, nəyəsə qiymət verməyə çalışır. Ancaq jurnalistikada olub, jurnalistlərin maddi vəziyyətini bilib "dövlət jurnalistə niyə ev verməlidir" kimi qərəzli yersiz çağırış etmək normal, sağlam düşüncə tərzindən uzaqdır. Guya bu zaman jurnalistlər dövlətdən asılı vəziyyətə düşürlər öz müstəqilliklərini itirirlər. Məsələyə tamamilə qərəzli, qeyri-obyektiv yanaşmadır bu. Dövlətimiz jurnalistlərə hər hansı bir formada dəstək olanda onları siyasi baxışına görə ayırmır. 2013-cü ildə mətbuat işçiləri üçün istifadəyə verilən binadan ev alan jurnalistlərin siyahısına nəzər yetirsək, bir daha bunun şahidi olarıq.

Bəzi xarici dairələrin, casusların əlində alət olmaq yaxşıdır, yoxsa dövlətə, millətə bağlı olmaq? ya dövlətçiliyi, ümummilli dəyərləri hər şeydən üstün tutmaq? Jurnalist olmaqdan öncə əsl vətəndaş olmaq şərəflidir, yoxsa "müəyən" marağa görə satılmaq? Qarşıya qoyduğum seçimlər arasında yerlə-göy qədər, hətta balaca bir uşağın belə dərk edəcəyi qədər fərq var. Təəssüf ki, öz "seçimini" edən, yanlış yolda yürüyənlər üçün bunu başa düşmək qəbul etmək çətin olar. Bu, məsələnin bir tərəfi...

Maraqlıdır bir müddət əvvəl dövlətin jurnalistlərə ev verilməsinə qarşı çıxan Ə.Zeynallı görəsən oldu ki, əlinə bir "siyahı" alıb düşdü ortaya? Pişik asqırdı? Sözsüz ki, burada pişiyin yox, el misalında deyildiyi kimi pişik kimi ağzı ətə çatmayanların "qəbahəti" böyükdür. Jurnalistlərin mənzillərlə bağlı müraciətlərini qəbul edən Komissiya ilk gündən şərtləri açıqladı bəyan etdi ki, mövcud kriteriyalara uyğun gələnjurnalistlər ev almaq üçün öz namizədliklərini irəli sürə bilərlər. Bu qədər açıq dəqiq. Şərtləri sadalamaq fikrim yoxdur. Sadəcə onu deyim ki, fəaliyyəti boyu "şəxsi maraqlarının" arxasına düşüb əli özgələrin cibində olan, necə deyərlər, 5 qəpiyə görə hər şey etməyə hazır olan, əqidəsini, peşəsini satan "jurnalistlər" bu layihədən kənarda qaldı. Hesab edirəm ki, tamamilə ədalətlidir. Çünki hər zaman təmiz, obyektiv, əqidəli şəkildə jurnalistika fəaliyyəti ilə məşğul olan insanları "belələri" ilə eyni tərəzinin gözünə qoymaq böyük haqsızlıq olardı məncə. Bu mənada Ə.Zeynallının məlum "sorğusu" əsasında hazırlanan "siyahı" hər şeydən xəbər verir.

 

Doğrudur, siyahıda adları əks olunan bəzi jurnalistlərin həqiqətən dövlətin jurnalistlər üçün inşa etdirdiyi binadan mənzil almağa haqları çatır, hətta müəyyən bir hissəsinin namizədlikləri belə onların işlədikləri redaksiya heyəti tərəfindən irəli sürülüb. Mən komissiyanın üzvü kimi iştirak etdiyim bəzi redaksiyalardan bunun şahidi olmuşam. Amma bu onu isbatlayır ki, Ə.Zeynallı bu cür vasitələrlə "sorğuya" ədalət donu geyindirməyə çalışır. Həqiqətən Ə.Zeynallı ədalətli sorğu keçirmək niyyətində olsaydı, Azərbaycan jurnalistikasının inkişafında xidmətləri olan, uzun illərdir bu sahədə fəaliyyət göstərən, qələmi ilə medianın inkişafına töhfələr vermiş insanların da adları orada qeyd olunardı. Elə onun "Facebook"da "sorğusu" ilə bağlı edilən paylaşıma yazılan rəylərdən bəlli olur ki, bu sağlam əsaslar üzərində qurulmayıb. Ə.Zeynallının "Facebook"dakı bu "sorğusu" ilə bağlı sosial şəbəkələrdə yazılan rəylər bir daha təsdiq edir ki, bu, qeyri-ciddi müzakirə obyektindən başqa bir şey deyil.

 

Ə.Zeynallıya heç kəs haqq verməyib ki, Azərbaycan jurnalistləri adından danışsın. Hazırda mətbuat sektorunda bu sahənin inkişafında xüsusi xidmətləri olan insanların "mənzil almağa haqqı yoxdur" demək birbaşa onlara qarşı edilən ədalətsizlik hörmətsizlikdir. Hesab edirəm ki, qeyri-ciddi "sorğular" keçirib onun əsasında münəccimlik etmək əvəzinə, ciddi jurnalistika ilə məşğul olmaq daha məqsədəuyğundur. Ona görə sağlam düşüncəli, peşəkar, ictimaiyyət arasında kifayət qədər nüfuzu olan media nümayəndələri bu məsələ ilə bağlı öz mövqelərini ortaya qoymalıdırlar.

 

Dövlətin bu böyük, möhtəşəm layihəsinə hansısa formada ləkə yaxmağa cəhd etmək ən azı haqsızlıqdır. Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru, jurnalistlərin mənzillərlə bağlı müraciətlərini qəbul edən 9 nəfərdən ibarət Komissiyanın sədri Vüqar Səfərlinin rəhbərliyi ilə daxil olan müraciətlərə ədalətli, şəffaf şəkildə baxılıb mövcud şərtlərə uyğun gələn sənədlər qəbul edilib. Müraciətlər kifayət qədər çoxdur, lakin mənzillərin sayı məhduddur. Ancaq təəssüflənməyə dəyməz. Hesab edirəm ki, bu layihənin davamı gələcək. Əsas odur ki, bu dəfə mənzil alacaq 255 həmkarımızın xoş gününə sevinəcək qədər böyük ürəyimiz olsun. Bunu bacarmayanlar isə çirkin niyyətlərini ürəklərində saxlasalar, daha yaxşı olar. Ta ki, son mənzilə kimi...

 

Vüqar Rəhimzadə

Səs.- 2017.- 23 iyun.- S.10.