İnsan haqları ictimai şüurun tərkib hissəsi kimi

 

İnsan haqları ictimai şüurun tərkib hissəsidir. Fəlsəfə elmləri doktoru Əbdülhəsən Abbasov yazır: "Birincisi, son iyirmi ildə sistemli transformasiya dövrünü yaşamış və bu gün də modernləşmə xəttini üstün tutaraq, zəruri islahatların həyata keçirilməsini vacib bilən Azərbaycan Respublikasının dövlət siyasətində bu mövzu aparıcı yerlərdən birini tutur və həmişə gündəlikdədir. Belə ki, ictimai yeniləşmə, müxtəlif həyat sahələrində islahatların aparılması, son nəticədə, konkret insanlardan, ayrı-ayrı insan qruplarından və onların talelərindən keçir. Yəni bilavasitə fərdlərin, sosial qrupların hüquq və azaddıqları ilə, eyni zamanda, ümumbəşəri əhəmiyyət kəsb edən bu dəyərlərin reallaşmasında öz yeri və rolu olan ictimai rəylə sıx bağlıdır. Məhz ictimai rəy hüquqlar uğrunda tarixi mübarizədə başlıca vasitələrdən biri olmuş və bu gün də öz əhəmiyyətli rolunu oynamaqdadır. Bəşər tarixi, həm də onu göstərir ki, ictimai rəy fərdləri, cəmiyyət üzvlərini biganə və passiv seyirçi mövqeyindən xilas etməkdə, təsirli vasitələrdən biridir. O, insanların vahid bir istiqamətdə fəallıq göstərməsi, səfərbər olması üçün həmişə öz müsbət rolunu oynamışdır.

İkincisi, istər ayrıca insan haqları məfhumu ilə bağlı məsələlər olsun, istərsə də ictimai rəy mövzusuna dair problemlər, bir çox məqamların mövcud ədəbiyyatda şərhi qeyri-qənaətbəolduğundan, mənfi təəssürat yaradır. Belə ki, ya açıq-aşkar səthilik, bəsitlik özünü göstərir, yaxud da bir sıra əhəmiyyətli məsələlərə münasibətdə obyektivlik, zəruri olan zaman-məkan tələbləri gözlənilmir, hətta çox vaxt milli səciyyə nəzərə alınmır. Qabarıq tərəflilik, konyuktur yanaşma, ifrat subyektivlik, hansısa yanlış fikrin təkrar-təkrar gündəmə gətirilməsi və birmənalı həqiqət qismində işıqlandırılması, necə deyərlər, yalanın kütləviləşdirilməsi, sanki xroniki xarakter almışdır. Aydındır ki, fikir və baxışlarda, fərdi və ictimai şüurda özünə yer etmiş yalan və təhriflər, ideya-siyasi bəsitlik və yaxud qərarsızlıq, dünyagörüşü sapıntıları, son nəticədə, ictimai praktikada, insanların əməli fəaliyyətində, ümumən, cəmiyyət və dövlət strukturlarının işində olduqca xoşagəlməz nəticələrə gətirib çıxarır. Üstəlik də, sui-istifadə hallarına, ayrı-ayrı daxili və xarici dairələrin məkrli niyyətlərinin reallaşmasına yol açır. Təsadüfi deyildir ki, bu gün "insan haqları" ətrafındakı spekulyasiyalar, siyasi alver, dəllallıq, maddi qazanc mənbəyinə çevrilmiş möhtəkirlik əməlli-başlı dəbə çevrilib. "Hüquq alverçiləri" haqq uğrunda mübarizəni təmənnalı bir peşəyə çeviriblər, onlar durmadan siyasi və maddi dividentlər əldə etmək marağına düşünürlər.

Üçüncüsü, insan hüquq və azadlıqlarına dair yazılarla uzunmüddətli tanışlıqdan sonra, gəldiyim qənaət ondan ibarətdir ki, kəmiyyətcə ədəbiyyat bolluğu varsa da, aidiyyəti əsərlərdə keyfiyyət cəhətdən nəsə çatışmır, bəlkə də, çox şey yetərli və qaneedici deyil. Hər halda, mənim təəssüratım belədir: bilavasitə, insanla, onun taleyi, həyatı ilə sıx bağlı mühüm anlayışın tədqiqi və şərhində, elə bil ki, fəlsəfədən başqa hər şey var - lazım olan da, olmayan da. Belə çıxır ki, insan haqları fəlsələsiz bir dünyanın kirayənişidir. Nəticə olaraq, bir tərəfdən, hamı onlara (haqlara) sahib axtarır, lakin tapa bilmir, ən yaxşı halda isə, ya tədqiqatçı özü, ya da kənardan kimsə bu yoxsul-yazıq haqlara sahib çıxır, beləliklə, onlar özləri-özlərinə heç cür sahiblik edə bilmirlər. Aydındır, bir "haqq" ki özünə sahiblik edə bilmir, deməli, kiminsə haqqını qorumaqda gücsüz və acizdir. Bir sözlə, "haqq haqqlığından çox, əl oyuncağı, kimlərinsə maraqlarını ödəməli olan məşğuliyyət vasitəsi" rolunda çıxış edir. Digər tərəfdən, qaravaş halına salınmış bu "haqq", guya ki, insanlara cənnət vəd edən demokratiya üçün eyni vaxtda həm açar, həm vasitə, həm də məqsəd olmalıdır.

Dördüncüsü, söhbət gedən məfhumların fəlsəfəsizlik mühitində tədqiqi və şərhi, həm də onu göstərir ki, son onilliklərin araşdırmaları, faktiki olaraq, heç bir adekvat və səmərəli epistemologiyaya söykənmir. Fikrimcə, zaman-məkan parametrləri ilə şərtlənən müvafiq qnoseoloji zəminlər, metodoloji üsul və formalar, aksioloji determinantlar, hətta zərurət olduqda, yeni leksika və prosedurlar yoxdursa, hər hansı aktual problemin çözülməsi məhsuldar ola bilməz. Elm tarixi bunu dəfələrlə sübut edib. İdraki alət həmişə müasir olmalıdır. Bu mənada, hal-hazırda ən yaxşı idraki alət, məncə, postneoklassik epistemologiyadır. Hörmətli oxuculara təqdim olunan kitabda da, məhz həmin epistemoloji sistem, onun mahiyyətinə xidmət göstərən tənqidi-sinergetik təfəkkür konsepsiyası rəhbər tutulur və istifadə edilir.

Beşincisi, ali varlıq olan - olmalı insanın haqları içərisində başlıca yer tutan azadlıq sosial-iqtisadi, siyasi amillərdən çox, mənəvi-ruhi mənbədən qaynaqlanır. Bu statusu anlayan adam həm özünə, həm də başqasına nəzərən insan azadlığını vətəndaş azadlığından (siyasi rejim, dövlət, cəmiyyət, hökmdar və digər ünvanlardan istiqamətlənən və təmin olunan "pay"dan!) vacib bilir və öndə tutur. Dahi filosof Hegel, görkəmli rus mütəfəkkiri N.A.Berdyayev əbəs yerə demirdilər ki, azadlıq - insan ruhunun əbədi başlanğıcıdır, ruh - elə azadlıqdır. Əgər ruh hansısa səbəblərdən korroziyaya uğrayırsa və ya sönüklüyə məhkum edilirsə, azadlıq artıq zədələnir, mahiyyəti etibarilə cırlaşır, özünəməxsus dəyərlərini itirir və təmsil etdiyi şəxsin "Mən"ini qoruya bilmir. Nəticə olaraq, insan ali varlıq kimi statusunu itirir, yeyən-içən, kefkomluq edən, gündə bir hoqqa çıxaran "nazir balasına", "ana uşağına", "papa yadigarına" və yaxud da sonsuz zülmlərə, aşağılanmalara boyun əyərək saxtakarlıqlarda, qeyri-qanuni əməllərdə iştirak edən, şagird-tələbələrindən qopardığı rüşvətin hesabına "rahat həyat" sürən "müəllim"ə çevrilir".

əllifin fikrincə, azadlığın əbədi başlanğıcını keçici siyasi rejim və formalarla, hansısa ideya-nəzəri, sosial-fəlsəfi cərəyanlarla, o cümlədən, demokratiya və liberalizmlə, bilavasitə bağlamaq, çərçivələmək nə mümkün, nə də düzgün deyil. Əksəriyyətin ənənəvi surətdə düşündüyünün əksinə olaraq, liberalizm (ümumən) və qlobal kapitalizmin ideya-nəzəri əsası olan anqlosakson liberalizm (xüsusən) azadlığın "ata-ana"sı deyil və ola da bilməz. Azadlıq problemi ölçülməz dərəcədə liberalizm problemindən dərindir. Liberalizmdə azadlığın heç bir etibarlı əsası yoxdur. Həqiqi azadlıq onu bunda heç axtarmalı da deyil. Əfsuslar ki, bizim "azadlıq aşiqləri", insan haqları ilə məşğul olan "hüquq müdafiəçiləri", ideoloq-nəzəriyyəçilər və praktiklər umduqları azadlıq meyvəsini, məhz bu bağdan dərmək istəyindən əl çəkmirlər. Yarandığı gündən burjua-kapitalist maraqları naminə böyük və ali məfhumu təhrif etmiş, "tam"ı özünə sərfəli "hissə" ilə əvəzləmiş mənfəətdən liberalizmin fəaliyyətdə olmuş və olan müxtəlif modifikasiyalarında azadlıq adından, ən yaxşı halda, "vətəndaş azadlığı" danışır ki, o da son nəticədə, individualizmə və eqoizmə, ifrat təbəqələşməyə və sosial ədalətsizliyə, insanın özgələşməsinə və yaxud da başqasına qarşı canavara çevrilməsinə yol açır. Bu gedişatda dahilərin bəşəriyyətə ərməğan etdikləri "hüquqi dövlət" də özünün "qarşısını alma və çəkindirmə", "hakimiyyətlərin bölünməsi" prinsipləri ilə naəlac qalır. Hətta Allah da böhran yaşayan insanı və insanlığı bu cəhənnəmdən qurtarmağa sanki tələsmir. Kitabda bu kontekstdə də problematikaya yaxından diqqət yetirilir.

İndiki şəraitdə hər bir insanın, sosiai qrupun, təbəqənin mənafelərinə dərindən toxunan insan hüquqları problemi beynəlxalq əhəmiyyətli fenomen olaraq ilk növbədə, hüquqi-siyasi fəaliyyətin obyektidir və onun tədqiqi sahəsinin genişlənməsi ictimai proseslərin inkişafında çox vacib istiqamət kimi çıxış edir. Siyasətdə sosial qrupların, siyasi partiya və kütləvi ictimai hərəkatların rolu nə qədər böyük olsa da, bu, nəticə etibarilə fəal subyekt kimi insanın, şəxsiyyətin rolunu inkar etmir. Hər bir insanın hakimiyyətin mənbəyinin xalq tərəfindən formalaşmasında iştirakı, siyasətdə və bütövlükdə, ictimai həyatda layiqli fəaliyyəti, bilavasitə onun hüquq və azadlıqları ilə bağlıdır. İstənilən müasir cəmiyyətin demokratikliyi və sosial durumun vəziyyəti xeyli dərəcədə insan hüquqlarının müdafiəsi ilə ölçülür.

 

Vahid ÖMƏROV,

fəlsəfə üzrə fəlsəfə doktoru

Səs.- 2017.- 2 mart.- S.15