İnsan hüquqları və azad insanların seçimi

Qədim köklərə malik insan haqları ideyasının ortaya çıxdığı vaxtdan indiyə kimi onun şərhində, anlamında, ictimai praktikada reallaşmasında ciddi müxtəlifliyin olmasına baxmayaraq, onun əsas məğzinin insan varlığının qorunmasına yönəlməsi dəyişməz olaraq qalmış və inkişaf etmişdir. İnsan hüquqları ayrı-ayrı ölkələrdə, müxtəlif mədəniyyətlərdə özünəməxsus xüsusiyyətlərə malik olmuş və təkamül yolu keçmişdir. Hazırda insan hüquqları elə bir səviyyə və universallıq kəsb etmişdir ki, mahiyyətinin necə dərk olunmasından asılı olmayaraq, heç kim onların təkzibinə qarşı açıq-aşkar fikir ifadə etmir. Hətta ən totalitar dövlətlər və despotik rejimlər də onlar tərəfindən insan hüquqiarının "tam təmin edildiyini" bəyan etmək məcburiyyətindədirlər.

Ə.Abbasov yazır: "İnsan hüquqları anlayışı elmi ədəbiyyatda azad fərdlərə öz seçimi üzrə hərəkət etmək, layiqli həyat və yaşamaq üçünəyyən nemətlərə sahibliyi reallaşdıran, onların öz aralarında, həmçinin, dövlətlə və bütövlükdə, cəmiyyətlə qarşılıqlı münasibətlərini tənzimləyən hüquqi normaların məcmusu kimi izah olunur. İnsanın davranışında və fəaliyyətində seçim imkanlarını mümkünləşdirən hüquqlar azadlıqları təşkil edir. Hər hansı rifah və nemətlərin, faydaların əldə olunması imkanı ilə bağlı normalar isə, hüquqları təşkil edir. Bu gün insan hüquq və azadlıqları probleminə daha çox fərdin dövlət müdaxiləsindən qorunması kimi deyil, insanın azad yaşaması və inkişafı üçün dövlət tərəfindən ən yaxşı şəraitin yaradılması müstəvisində baxılır. Başqa sözlə, dövlət vətəndaşın necə və nə cür yaşamasında, onun bioloji-psixoloji və ictimai tələbatlarının ödənilməsində birbaşa məsul hesab edilir.

Müasir elmdə insan hüquqlarının müdafiəsi dövlətin başlıca funksiyası kimi səciyyələndirirlər. Belə ki, məhz dövlət, ilk növbədə, insan hüquqlarını müdafiə etməli və onun təmin olunması üçün lazımi tədbirləri görməlidir. İnsan hüquqları hər hansı bir imtiyazlı şəxsə aid deyil, o, bütün insanlara, hər bir şəxsə şamil olunmalı və dövlət hər kəsin hüquqlarını eyni səviyyədə müdafiə etməlidir".Müəllifin fikrincə, insan hüquqlarının müdafiəsi sahəsində mövcud olan beynəlxalq müqavilələr fərdlərə, bilavasitə hüquqlar vermir. Bu müqavilələr, məhz dövləti orada "möhkəmlənmiş" insan hüquq və azadlıqlarına hörmət etmək və onların təminatı üçün zəruri tədbirləri görmək öhdəliyi müəyyən edir. Təsadüfü deyildir ki, 1948-ci ildə qəbul edilmiş "İnsan hüquqları haqqında Ümumi Bəyannamə" bütün xalqların və dövlətlərin bir vəzifəsi kimi elan edir ki, hər bir insan, cəmiyyətin hər bir orqanı maarif və təhsil yolu ilə həmin hüquq və azadlıqlara hörmət edilməsinə, mütərəqqi milli və beynəlxalq tədbirlər vasitəsilə onların xalqlar arasında səmərəli tanınmasının və həyata keçirilməsinin təmin olunmasına səy göstərsinlər.

İnsan hüquqları qədimdən bəri müxtəlif din və mədəniyyətlərdə öz təzahürünü tapmışdır. Məsələn, bütün dinlərdə insanlarla xoş rəftar etmək, onlara işgəncə verməmək, yoxsullara, yaşlılara, əlillərə yardım göstərmək, uşaqlarla mehriban davranmaq və s. kimi normaların olduğu danılmazdır. Bütün bunlar da insan hüquqlarının təşəkkülündə öz rolunu oynamışdır. Burada Ümummilli Liderimiz Heydər Əliyevin çox dəyərli bir fikrini vurğulamaq yerinə düşərdi: "İnsanların mənəvi sərvətlərinin hamısından dinin fərqi odur ki, o, dini mənsubiyyətindən asılı olmayaq həmişə insanları dostluğa, həmrəyliyə, birliyə dəvət etmişdir".

Qərb alimləri insan hüquqları "universallaşdıqdan", yəni 1948-ci il tarixli İnsan Hüquqları haqqında Ümumi Bəyannamənin və 1950-ci il tarixli insan huquqları, vətəndaş azadlıqları haqqında Avropa Konvensiyasının qəbulundan sonra onların beynəlxalq müqavilə və konvensiyaiarda, pakt və protokollarda və s. sənədlərdə artıq təsbit edilmiş çərçivələrdən kənara çıxaraq və hər hansı istisnaya yol vermədən müdafiə edilməsinin zəruriliyini vurğulamağa başlamışlar.

Ə.Abbasov yazır: "Son 15 ildə insan hüquqlarının təşəkkülündə dini və mədəni müxtəlifliyin oynadığı rol beynəlxalq birliyin buna münasibət bildirməsi ilə daha etibarlı təminat qazanmışdır. 1999-cu ildə BMT Baş Məclisi "İnsan hüquqları və mədəni müxtəliflik" adlı 54/160 nömrəli Qətnamə qəbul etmişdir. Həmin Qətnaməyə müvafiq olaraq, BMT-nin Baş katibi tərəfindən hazırlanmış hesabatda müxtəlif mədəniyyətlərə mənsub olan dövlətlərin insan hüquqlarına hörmət etmək prinsipinin təmin edilməsində həmrəyliyi göstərilsə də, bir sıra dövlətlərdə dini və mədəni dəyər və elementlərin müxtəlifliyinin nəzərə alınması zərurəti də qeyd edilmişdir. İnsan hüquqları sahəsində əsas beynəlxalq müqavilələrin, o cümlədən, "İqtisadi, Sosial və Mədəni Hüquqlar haqqında Beynəlxalq Pakt"ın, "Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Pakt"ın, "İrqi Ayrı-seçkiliyin bütün Formalarının Ləğv edilməsi haqqında beynəlxalq Konvensiya"nın, "Qadınlara qarşı Ayrı-seçkiliyin bütün Formalarının Ləğv edilməsi haqqında Konvensiya"nın və "Uşaq Hüquqları haqqında Konvensiya"nın mədəni müxtəlifliyin qorunması üçün normativ çərçivə yaratdığı vurğulanmışdır."

İnsan hüquqlarının təmin olunmasına yönəldilən tədbirləri heç də bütün cəmiyyətlərdə eyni həcmdə və eyni formada həyata keçirmək mümkün deyildir. Bu zaman "yeni reallıqların", yəni fərqli cəmiyyətlərdə mövcud olan mədəni və dini müxtəlifliyin nəzərə alınması qaçılmazdır. İnsan hüquqlarının, demək olar ki, tam şəkildə qorunduğu və təmin edildiyi Qərbi Avropa dövlətlərində, məhz belə müxtəliflik gözlənilir. Bu dövlətlərin konstitusiyalarında və qanunvericiliyində hər bir kəsin dini etiqad azadlığına hörmət edilməsinin təsbit olunması onların ərazilərində yaşayan və müxtəlif mədəniyyətlərə və dinlərə aid olan insanların da hüquqlarının (təbii ki, digər insanların hüquqlarına xələl gətirməyən) qorunması təminatlarından mühüm amillərdəndir. Deməli, müxtəliflik və plüralizm mədəniyyətin elə mövcudluq şərtidir ki, insan hüquqlarının reallaşdırılmasında mütləq nəzərə alınmalıdır. Bu mənada, ənənə və milli irs məsələləri xüsusi əhəmiyyət kəsb edir.

əllif qeyd edir ki, insan haqları öz-özlüyündə elə mürəkkəb bir fenomendir ki, onun mahiyyətini və məzmununu dərk etmək üçün bu hüquqların sosial fəlsəfənin metanəzəri, inteqrativ gücü və imkanlarından istifadə etməklə araşdırılması gərəkdir. Bu, bir tərəfdən, sosial fəlsəfənin köməyi ilə insan hüquqlarının mahiyyətinin hərtərəfli aydınlaşdırılmasına, digər tərəfdən isə insan hüquqlarının ictimai publistikada yetərincə həyata keçirilməsinə yardım edə bilər. Bu ideya, universal prinsip, həyat fəlsəfəsi və ictimai praktika kimi zəngin sosial-siyasi, mədəni, dini, iqtisadi, əxlaqi-mənəvi və hüquqi təməllərə malik insan hüquqları fəlsəfənin metanəzəri-inteqrativ gücü və instrumental-kateqorial aparatı ilə daha rasional şəkildə öyrənilə bilər. Belə ki, insanın varlığı, onun təbiəti, mövcud olduğu cəmiyyət və buradakı münasibətlər haqqında ən təfsilatlı biliklərə fəlsəfə sahibdir. Digər tərəfdən, insan fenomeni ilə əlaqədar ayrı-ayrı elm sahələrində əldə olunmuş biliklərin ümumiləşdirilməsi üçün fəlsəfə ən münasib "vasitədir".

İnsan haqlarının fəlsəfi-siyasi mahiyyətini insan varlığının bünövrəsini təşkil edən fərdi azadlığa nail olmaqdan, şəxsiyyətin özünüifadə, yaradıcılıq və təşəbbüskarlıq qabiliyyətlərinin, imkanlarının inkişafına, ümumiyyətlə, cəmiyyətin yaradıcı mənbələrinin reallaşmasına üstünlük verməkdən ibarətdir. İnsan haqlarının həm insanla, həm insanlığı şərtləndirən amillərlə bağlılığı bu haqların insan və insanlıqla əlaqədar olan sosiai-siyasi, iqtisadi, mənəvi-psixoloji təməllərə dünyanın hüquqi təzahürlərlə, eləcə də, insanın əxlaq ölçüləri çərçivəsində də münasibətlər sistemi ilə izah edilə bilər.

İnsan hüquqlarının çərçivəsi necə və hansı amillərləəyyən olunur? Onun sərhədləri haradan başlayır və harada bitir? Bu sualı cavablandırmaq üçün, ilk öncə, insanın mahiyyəti ilə bağlı müəyyən suallara aydınlıq gətirmək zəruridir. Təbiidir ki, biz insan hüquqları haqqında danışarkən, ilk növbədə, bu hüquqların aid olduğu insan problemini də nəzərdən keçirməliyik. XX əsrin ikinci yarısına qədər olan dövrdə hər bir insanın doğulduğu andan başlayaraq, hüquqlara malik olduğu iddia edilirdisə də, sonralar bu fikirəyyən müsbət dəyişikliyə məruz qalmışdır. Belə ki, insan hüquqlarının inkişafı və bu sahədə ayrı-ayrı dövlətlərin hüquq təcrübəsi əsasında insanların, hətta ana bətnindən hüquqlara malik olması qəbul edilmişdir. Məsələn, ana bətnində olan uşağın yaşamaq hüququ səbəbindən aborta icazə verilməməsi (müəyyən istisnalar nəzərə alınmaqla), ana bətnindəki uşağın fəaliyyət qabiliyyəti olmasa belə, varislik hüququ baxımından hüquq qabiliyyətli olması. Bu istiqamətdə insan hüquqlarının müdafiəsi sahəsində fəaliyyət göstərən ictimai təşkilatların səylərini xüsusilə qeyd etmək lazımdır.

 

Vahid ÖMƏROV fəlsəfə üzrə fəlsəfə doktoru

Səs.- 2017.- 10 mart.- S.15