İnsan hüquqları şüurlu özünüdərk və azadlıq ideyasının qarşılıqlı münasibətləri

 

"Ruhun fəlsəfəsi" əsərində daha bir əhəmiyyətli fikrə də diqqət yetirək: "Antik xalqlar - yunanlar və romalılar "mütləq azadlıq" anlayışına yiyələnməmişlər, çünki onlar, hələ ki, dərk etməmişdilər ki, insan özlüyündə, ən ümumi "Mən" kimi, şüurlu özünüdərk kimi, azadlığa hüquqludur. Onlarda insan o zaman etiraf olunurdu ki, o, anadan azad doğulub.

Onlarda, deməli, azadlıq nəsə təbii olan şey kimi müəyyənləşirdi. Bu səbəbdən də, onların azad dövlətlərində quldarlıq mövcud idi və romalılarda qanlı müharibələr baş verirdi ki, qullar özləri üçün azadlıq, insani hüquqların onlara da şamil olunması uğrunda çalışırdılar". Hegelə görə, "Heç bir mütləq ədalətsizlik həyata keçirilmir; kim ki, öz azadlığını qazanmaq üçün həyatını riskə vermək cəsarətini özündə tapa bilmir, o, qul olmağa qadirdir. Əgər hansısa xalq yalnız azad olmaq niyyəti ilə öyünüb-lovğalanmırsa və azadlığa həqiqi, enerjili iradəsi vardırsa, onda heç bir zorakılıq onu xalis passiv idarəolunma vəziyyətində - köləlikdə saxlaya bilməz". Böyük mütəfəkkirin fikrincə, hər bir qanun - azadlıqdır, çünki belə qanun obyektiv ruhun ağıllı və ədalətli elementlərindən qaynaqlanır.

İnsan hüquqları sahəsində qəbul edilmiş beynəlxalq sənədlərə nəzər salsaq, orada da azadlıq idealı barədə fikirlərin yer aldığının şahidi olarıq. 26 avqust 1789-cu ildə Fransada qəbul edilmiş "İnsan və vətəndaş hüquqları Bəyannaməsi"ndən tutmuş insan hüquqları sahəsində bu günə qədər qəbul edilmiş bütün beynəlxalq sənədlərdə insanların doğulduğu andan hüquqlara və azadlıqlara malik olduğu qeyd olunmuşdur. Bu bəyannamədə azadlığa belə bir tərif verilir: "Azadlıq - başqasına zərər verməyən hər şeyi edə bilməkdir". Oxşar bir tərifi isə hüquqi dövlət nəzəriyyəsinin banilərindən olan Monteskye vermişdir: "Azadlıq - qanunların icazə verdiyi hər şeyi etmək hüququndan ibarətdir".

Fərdin sahib olduğu azadlıq özündə həmin fərdin təşəbbüs və toxunulmazlıq sahəsidir və deməli, müəyyən sərhədlərdə reallaşır. Azadlıq dedikdə, hər hansı bir addımı atmaq, təşəbbüs göstərmək, qərar vermək kimi elementlər nəzərdə tutulur. Azadlıq bütün hüquqların mənbəyidir, hüquqlar isə azadlığın təmin olunması, daha doğrusu, reallaşması üçün hüquq tərəfindən fərdə verilmiş, "sanksiyalaşdırılmış" səlahiyyətdir. Azadlıq özü-özlüyündə bir hüquq olsa da, bütün hüquqlar azadlıq demək deyildir. Hüquq, əsas etibarilə azadlığın təminatı və ifadə vasitəsidir.

İnsan öz azadlığını reallaşdırarkən, digər insanların da azadlığını nəzərə almalıdır. Əks-təqdirdə cəmiyyətdə azadlıqlar "toqquşması" yarana bilər ki, bu da mahiyyət etibarilə azadlığın düzgün dərk edilməməsi nəticəsində meydana çıxmış olur. Belə ki, cəmiyyət insanların azadlıqlarını ifadə etmək məkanı olmaqla yanaşı, eyni zamanda, bu azadlıqları məhdudlaşdıran məkandır. Deməli, insanlar azadlıq hüquqlarını reallaşdırarkən, bir-birinin azadlıqlarına qarşılıqlı hörmət etməlidirlər. İnsanlar azadlıqlara malik olmaqla yanaşı, bərabərdirlər.

Ə.Abbasov yazır: "Bərabərlik də insan huquqlarının reallaşmasında azadlıq qədər əhəmiyyətli bir prinsipdir. İnsan hüquqlarının reallaşmasında yalnız azadlıq kifayət deyildir. Cəmiyyətdə fərdlərin qeyri-bərabər əsasda azadlıqlarının mövcudluğu, özbaşınalıqla nəticələnə bilər. İnsan hüquqlarında azadlıq hamıya şamil olunmalı bir prinsip kimi nəzərdə tutulur. Məhz bərabərlik prinsipi azadlığın təklif etdiyi imkanların insanlara münasibətdə ayrı-seçkilik olmadan verilməsini şərtləndirir. Azadlıq və bərabərsizlik bir müstəvidə mövcud ola bilməz. Bu səbəbdən də, azadlıq ideyası hakim olduğu məkanda, bərabərsizliklərin ləğvi labüddür. Yalnız azad insanların bərabərliyi şəraitində bərabər hüquqlara malik olmaq, yəni qanun qarşısında hamının bərabər tutulması mümkündür. Azadlıq və bərabərlik prinsipləri mahiyyət etibarilə fərqli mənalara malik olsalar da, bir-birini ən kamil formada tamamlayır. Tarixə nəzər salsaq, görərik ki, cəmiyyətlərdəki sosial bərabərsizlik mövcud azadlıqlardan hamının faydalanmasına imkan verməmişdir.

Bəziləri azadlığa həddən ziyada əhəmiyyət verərək, bərabərliyin azadlıq prinsipinin reallaşmasına maneə olduğunu iddia edirlər. Digər tərəfdən isə, sosialist düşüncəli insanlar zərurət kəsb etməyən azadlığın bərabərsizliyə səbəb olmasını düşünərək, insanlar arasındakı bərabərsizliyi aradan qaldırmağa çalışırlar. Bu cür yanaşmaların mövcudluğu azadlıq və bərabərlik prinsipləri arasında birmənalı münasibətin olmamasına dəlalət edir. Hər bir halda, ifratçılığa varmadan azadlıq və bərabərlik arasında elə bir balans yaradılmalıdır ki, hər iki prinsipin bir-birini tamamlamasına nail olunsun".

Fərdlər arasında iqtisadi bərabərliyin önəmini qeyd edən sosialist yönümlü tədqiqatçılar bu bərabərliyin pozulduğu təqdirdə, iqtisadi cəhətdən zəif olan fərdlərin güclü olan fərdlərə tabe olması ehtimalının reallığını göstərirlər. Bərabərlik elə bir səviyyədə təmin edilməlidir ki, fərd öz azadlıqlarını reallaşdıran zaman bərabərsizlik səbəbindən, hər hansı maneedici elementlə üzləşməsin. Başqa sözlə desək, məhz bərabərlik azadlıqların həyata keçirilməsinə imkan yaratmış olsun. Bu nəticənin əldə olunması üçün azadlıq kimi bərabərlik də hüquqla qorunmalıdır. Həm azadlıq prinsipi, həm də bərabərlik prinsipi insan hüquqları çərçivəsində azadlıqların bərabər surətdə şamil olunmasını nəzərdə tutur.

əllif qeyd edir ki, insan hüquq və azadlıqları müasir mənasını alana qədər uzun və mürəkkəb proses yaşamışdır. İnsan hüquqları ideyası meydana çıxdıqdan bəri tarixin bütün zaman kəsiyində baş verən dəyişikliklərin, tənəzzül və tərəqqinin təsirinə məruz qalmışdır. Hər dövrün öz tələbi olduğu kimi, insan hüquq və azadlıqları da hər dövrün tələblərinə cavab vermək məcburiyyətində qalmışdır. Müxtəlif cəmiyyətlərdə ictimai inkişaf öz sürətinə, mürəkkəbliyinə və mütərəqqiliyinə görə fərqləndiyindən, bu cəmiyyətlərdəki bütün və azadlıqlar da məzmun baxımından müxtəlif olmuşdur. Nəticə etibarilə, insan hüquq və azadlıqları tarixi inkişafın bəşəriyyətə ən zəngin töhfəsi olmuşdur. İnsan hüquq və azadlıqlarının mahiyyətini dərindən dərk etmək üçün tarixə, insan hüquqlarının keçdiyi yola nəzər salmaq lazımdır. İlk olaraq, qədim dövlətlərdə insan hüquq və azadlıqları haqqında ideyalara nəzər salaq.

Qədim Yunanıstanda insan hüquq və azadlıqları, demək olar ki, gündəlikdə olmamışdır. Burada insanlar bu dövlətin daxilində və bu dövlətin qanunlarına əsasən yaşayır, sanki insan hüquq və azadlıqlarına ehtiyacları olmadan davranır və bu hüquqların mövcudluğu ilə maraqlanmırlar. Buradakı ənənələr Qədim Şumer dövlətində mövcud olmuş ənənələrin davamı kimi inkişaf etmişdir. Bu səbəbdən də, yunanlar insanı ictimai həyatdan kənarda, müstəqil, hüquq və azadlıqlardan yararlanan varlıq kimi təsəvvür etmirdilər.

Qədim yunan ədibi Sokrata görə, insanlar üçün ən münasib dövlət modeli aristokratik dövlətdir. Digər yunan mütəfəkkiri Platon isə ideal bir dövlət qurmaq məqsədilə, insanları üç fərqli kateqoriyaya ayıraraq, hər dövlətə uyğun insan tipləri barədə konsepsiya irəli sürmüşdür. Platon bu insanları "azad insanlar" adlandırsa da, onun düşündüyü "ideal dövlət"də mərkəzdən idarə olunan kollektiv daxilində insanın azadlığı tanınmırdı. O, insanların cəmiyyət daxilində bir rəhbərə tabe olmasını və bu tabeçiliyin çərçivəsiz olduğunu iddia edirdi. Platona görə, hər kəs öz bacarıq və imkanına uyğun fəaliyyətlə məşğul olmalı, hökmdar idarə etməli, işçi işləməlidir. Bu halda, dövlət sabit, güclü və bütöv ola bilər.

Platon, vətəndaşı onun yaşadığı cəmiyyətə qarşı qoyaraq, deyir: "Müəyyən bir hissə tamın naminə mövcuddur, tam isə hissə naminə mövcud deyil. Siz tamın naminə yaradılmısınız, amma tam sizə görə yaradılmayıb". Hesab edirdi ki, fərdiyyətçilik "ideal dövlət"in sütunlarını zədələyəcək qədər təhlükəli bir amildir. O, anarxiyaya qarşı kəskin etirazını bildirərək, insanların başlı-başına buraxılmasının yolverilməz olduğunu qeyd edirdi. "Bütün qanunlar dövlətin son dərəcə möhkəm olması naminə təkmilləşdirilməlidir".

Aristotel də insanın fərd kimi müstəqil və azad olmasını qəbul etməmişdir. O, cəmiyyətdəki quldarlıq münasibətlərini dövlət idarəçiliyindəki tabeçilik münasibətləri ilə müqayisə edirdi. Platondan fərqli olaraq, o, "ideal dövlət"də hüququn hökmranlığının zəruriliyini vurğulayırdı. Aristotel hesab edirdi ki, qanun - tarazlaşdırılmış ağıldır; qanunu ağalığı olmayan yerdə heç bir dövlətdən söhbət gedə bilməz. "Kim qanunun şahlığını tələb edirsə, o, şübhəsiz, Allahın və ağlın hökmranlığını istəyir. Öz iradəsini qanundan üstün tutan adam, istər-istəməz, öz tələblər sisteminə heyvani ünsürlər daxil edir". Onun siyasi fəlsəfəsinə əsasən, ədalət məfhumu dövlət və hüquq barədə təsəvvürlərlə əlaqəlidir: ədalətin meyarı olan hüquq siyasi həyatın nizamlayıcı normasıdır.

Aristotelə görə, hakimiyyət tək bir adamdan, azlıqdan və ya çoxluqdan formalaşa bilər. O, monarxiya, aristokratiya və politiyanı dövlətin düzgün idarəetmə formaları kimi, tiraniya, oliqarxiya və demokratiyanı isə düzgün olmayan idarəetmə formaları kimi göstərmişdir. Demokratiya elə bir idarəetmə formasıdır ki, burada insanların maraqları qorunmur. Bu da demokratiyanın yeni mənasının - demaqogiyanın meydana gəlməsi ilə nəticələnir. Mütəfəkkirin fikrincə, azadlıqda hamının bərabər olması, hələ ki, bütün başqa şeylərdə hamının bərəbər olması deyil.

 

Vahid ÖMƏROV,

fəlsəfə üzrə fəlsəfə doktoru

Səs.- 2017.- 16 mart.- S.15