İnsan hüquqları və demokratik cəmiyyət quruculuğu

 

Demokratiyanın sağlam olması baxımından vətəndaş cəmiyyəti çox mühüm bir faktordur. Belə ki, məhz vətəndaş cəmiyyətində həqiqi demokratik konsolidasiya, maraq və mənafelərin sosial ədalət prinsipi əsasında rasional uzlaşması mümkün ola bilər. İstənilən siyasi rejimin fəaliyyəti üçün ən başlıca göstərici dolğun vətəndaş çəmiyyətinin varlığıdır.

Ə.Abbasov yazır: "Vətəndaş cəmiyyətindən danışarkən, hüququn bu cəmiyyətdə oynadığı rola da diqqət yetirmək lazımdır. Hüquq-fərd, cəmiyət və dövlət arasında ən etibarlı, ədalətli, təminedici və təminatverici əlaqələr sistemidir. Bu əlaqələrin səmərəliliyi və mütləq hakimiyyəti vətəndaş cəmiyyətini və bu cəmiyyətin subyekti olan insanı müdafiə edərək, onun sosial varlıq kimi mövcudluğuna, dəyərli olmasına təminat verir. Əks halda, insan  hüquq və azadlıqlarından danışmaq mənasız olardı.

 Vətəndaş cəmiyyəti ilə əlaqədar yazılmış əsərlərdəki ideyaları ümumiləşdirərək, onun əsas fərqləndirici əlamətləri kimi sosial, iqtisadi, siyasi, mənəvi maraq və mənafelərin uzlaşmasını, dövlətin və siyasi hakimiyyətin bütövlükdə, xalqın və hər bir vətəndaşın qarşısında məsuliyyətini, vətəndaşların hüquq bərabərliyi və onların cəmiyyətin idarə olunmasında real iştirakını, dövlət tərəfindən insanın hüquq və azadlıqlarının etibarlı müdafiəsini və qanunun aliliyini göstərmək olar.

Həqiqi vətəndaş cəmiyyətinin məğzini dövlət, xalq və millətin suverenliyinin əsasında duran fərdin suverenliyi təşkil edir. Vətəndaş cəmiyyəti fərdin suverenliyini ən yüksək səviyyədə qəbul edərkən, zəruri olan məhdudiyyətlərin olmasını inkar etmir. Bu zəruri məhdudiyyətlər məhz elə həqiqi vətəndaş cəmiyyətinin bərqərar olmasının şərtlərindən irəli gəlir. Fərdin suverenliyinin hüdudları qanunauyğun olaraqəyyən edilməli, dövlətin milli təhlükəsizlik əsaslarının möhkəmlənməsi və inkişafı məqsədini güdməlidir."

əllifin qeyd etdiyi kimi, tarixi faktların göstərdiyi kimi, demokratiya, insan hüquqları, hüquqi dövlət, vətəndaş cəmiyyəti kimi fenomenlər qarşılıqlı əlaqədədir və bir-birini şərtləndirir. Bunu onda görmək olar ki, əsas fərdi azadlıqlar, məhz hüquqi dövlət və demokratik vətəndaş cəmiyyəti şəraitində öz həqiqi mənasını tapır, ictimai sistemin sonrakı təkmilləşməsində mühüm şərtlərindən biri kimi çıxış edir. Azad fərdlərə və onların könüllü formalaşan birliklərinə istinad edən vətəndaş cəmiyyəti insana sosial cəhətdən əhəmiyyətli azadlıqlarını və maraqlarını həyata keçirmək imkanı yaratmağa, müxtəlif xarakterli münasibətləri mütəşəkkil qaydada nizamlamağa səy göstərir. Vətəndaş cəmiyyətinin başlıca cəhətlərindən biri odur ki, cəmiyyətin bir sistem kimi idarə olunmasında ağırlıq yalnız subordinasiya (şaquli) əlaqələrin üzərinə düşmür, ağırlığın böyük miqdarı koordinasiya (üfüqi) əlaqələrin üzərinə düşür. Bu, eyni zamanda, dövlətin də bir siyasi institut kimi fəaliyyətini daha səmərəli edir və insan hüquqlarının qorunmasına etibarlı zəmanət verir.

Nəhayət, vətəndaş cəmiyyətinin ailə, məktəb, ali təhsil müəssisəsi, kollektivi və digər sosial institutların fəaliyyətində və ümumiyyətlə, şəxsin sosiallaşmasında rolu və yeri danılmazdır. O hətta xeyli dərəcədə məhəllə, dostluq, qonşuluq, qohumluq, silahdaşlıq və icma münasibətlərini də şərtləndirir. Xüsusən, müsəlman ölkələri, o cümlədən, Azərbaycan üçün bu münasibətlər olduqca xarakterik və əhəmiyyətlidir, bütün son onillikiərin yeniliklərinə, dəqiq desək, bu əlaqələrin ictimai həyatda və fikirdə dəbdən düşməsinə, "köhnəlməsinə" baxmayaraq. Bəli, bu institutların xeyli dərəcədə dəbdən düşməsi, tənəzzülə uğraması, necə deyərlər, korroziyaya uğraması danılmaz bir faktdır. Hətta bu münasibətlərin daha güclü və təsirli olduğü rayon yerlərində, Azərbaycanın kənd və qəsəbələrində onların kəskin surətdə zəiflədiyini görürük. Kəndlərimizdə əvvəlki, ənənəvi insani münasibətlər - qohumluq, qonşuluq, məhəlləlik, ağsaqqallıq, ağbirçəklik - demək olar ki, tükənib. Əvvəlki əndazə, psixoloji ovqat, insani münasibətlərə xas olmalı qayğıkeşlik, istilik, səmimilik, təəssübkeşlik, elliliklə (birgə) şadlanmaq, qayğılanmaq, səfərbər olmaq, hansısa ümumi amal və əməl xatirinə birləşmək, səy göstərmək, çalışmaq, qonşunun sevincini bölüşmək, onun itkisinə ürəkdən təəssüflənmək, qəlbən yanmaq - bütün bu əlamətlər, necə deyərlər, bir göz qırpımında yoxa çıxıb. Elə bil ki, bir mənəvi-ruhi boşluq, emosional kütlük yaranıb. Son onilliklər ərzində əyalətlərin xeyli dərəcədə boşalması, kənd və qəsəbələrdən insan axını, düşünürəm ki, həm də göstərdiyim bu mənəvi səciyyələrlə bağlıdır və yalnız iqtisadiyyat, maddi dolanışıq məsələsi deyil. Əfsuslar ki, problemin bütün bu aspektləri xüsusi olaraq və kompleks surətdə gündəliyə gətirilməyib. Düşünürəm ki, bu istiqamətdə ciddi tədqiqatlara böyük ehtiyac var.

Ə.Abbasovun qeyd etdiyi kimi, dünyanın qabaqcıl ölkələrinin tarixinə nəzər salsaq, onların demokratik prinsiplərə söykənən idarəetmə fəlsəfəsi sayəsində sosial, iqtisadi, elmi-texniki və texnoloji cəhətdən inkişaf etdiyini görərik. İnkişaf etmiş dövlətlər qanunun aliliyi, insan hüquqlarının təmin olunması, yaxşı idarəetmə, azad bazar iqtisadiyyatı, hakimiyyət bölgüsü, vətəndaş cəmiyyəti, vətəndaş fəallığı, azad seçkilər, qeyri-hökumət təşkilatlarının ictimai həyatda məhsuldar rolu və s. faktorlarla səciyyələnir. Müasir demokratiyanın atributları olan bu faktorlar cəmiyyətdə insan hüquqlarının ən yüksək səviyyədə təmin edilməsi və müdafiə olunması üçün tam zəmin yaradır. Demokratik dövlətlərdə qəbul olunmuş qanunlar insan hüquqlarının təşviq oiunmasına, müstəqil məhkəmə sistemləri və digər dövlətdaxili mexanizmlər vasitəsilə müdafiə olunmasına xidmət edir. Dövlətdaxili mexanizmilər dedikdə, dövlətin insan hüquqlarının müdafiə olunması məqsədilə Ombudsman İnstitutunun, müəyyən profilli dövlət qurumlarının yaradılması nəzərdə tutulur. Bu, demokratik dövlətlərin insan haqlarına verdiyi önəmin göstəricisidir. Demokratiyanın tam bərqərar olmadığı, mülayim siyasi rejimlərdə də, bəzən olduqca geniş bir azadlıq sistemi yaradıla bilər.

 "İnsan hüquq və azadlıqlarını yalnız demokratiya təmin edə biləcəkdirmi?" sualına gəldikdə isə, qeyd edə bilərəm ki, burada cavab demokratiyanın necə anlaşılması məsələsi ilə sıx əlaqəlidir. Əgər demokratiyanı çoxluğun tamamilə maneəsiz və məhdudiyyətsiz olaraq hər istədiyini edə biləcəyi mənasında anlayırıqsa, azadlıqlara yer verməyən "demokratiya" ilə də üz-üzə qala bilərik. Ancaq demokratiyanı klassik mənada qəbul ediriksə, azadlıqsız demokratiya ola bilmədiyi qənaəti meydana çıxır və insan haqlarının ən yaxşı formada bərqərar oimasını təmin edəcək optimal rejimin demokratik rejim olduğu şübhə doğurmur.

İnsan hüquqlarının dövlətin daxilində təmin edilərək, müdafiə olunması üçün yaradılmış strukturlarla yanaşı, beynəlxalq müstəvidə də təsiredici addımların atılması vacibdir və bu sahədə daha sıx əməkdaşlıq üçünəyyən mexanizmlər yaradılır. İnsan haqlarının təmin olunması və müdafiəsi sahəsində kifayət qədər uğurlu təcrübəyə malik dövlətlərin belə beynəlxalq mexanizmlərin yaranmasındakı marağını və fəallığını bəzi tədqiqatçılar demokratiyanın həmin dövlətlər tərəfindən ixrac edilməsi kimi qələmə verirlər. Beynəlxalq səviyyədə yaradılmış təminat və müdafiə mexanizmləri, əsasən, Amerika Birləşmiş Ştatları və Avropada mövcuddur. Bu mexanizmlərin ən səciyyəvi cəhəti onların insan haqlarının müdafiə olunması və bu haqları pozan dövlətlərin mühakiməsi məqsədi ilə fərdi qərar və tövsiyələr qəbul edə bilməsidir.

əllifin qeyd etdiyi kimi, eyni zamanda, demokratik idarəetmə sistemlərinə malik dövlətlərdə insan haqlarının müdafiəsinin təmin edilməsi  üçün yaradılmış dövlət qurumlarından başqa, bu məqsədlə fərdlərin özləri tərəfindən yaradılmış ictimai birliklər, qeyri-hökumət təşkilatları və s. fəaliyyət göstərir. Belə ictimai təşkilatların mövcudluğu, bir tərəfdən, demokratik cəmiyyətin atributu kimi insan haqlarının müdafiəsinin gücləndirilməsinə, digər tərəfdən isə, insan haqlarının müdafiəsində ictimai rəyin iştirakına xidmət edir. Müasir dövrdə hər hansı bir cəmiyyətin demokratikliyindən danışarkən, ilk növbədə, bu cəmiyyətdə insan hüquqlarının təmin olunması və müdafiəsi səviyyəsi qiymətləndirilir. Bu, insan haqlarının demokratik sistemin əsas legitimlik göstəricisi olduğunu sübut edir. Deməli, insan hüquq və azadlıqlarının ən yüksək səviyyədə təmin olunması demokratik idarəetmə sistemlərinə malik dövlətlərdə mümkündür. Belə yüksək təminat fərdlərin və ictimai təşkilatların iddia etdikləri təmiz ekologiyası olan mühitdə yaşamaq hüququ, istehlakçı hüququ, həmrəy olmaq hüququ və s. yeni hüquqların təşəkkülü üçün zəmin yaratmış olur.

Məlumdur ki, heç də bütün cəmiyyətlər demokratik deyildir. Bu isə, o deməkdir ki, insan hüquq və azadlıqları az müdafiə olunan və ya, demək olar ki, heç müdafiə olunmayan cəmiyyətlər də mövcuddur. Demokratiklik elementlərinin zəif olduğu belə sistemlərin fəaliyyət formaları fərqli olmuşdur. İnsan haqlarının ən qəddar şəkildə pozulması totalitar rejimli cəmiyyətlərdə baş vermiş olur. "Totalitarizm" məfhumu, siyasi terminalogiya kimi, XX əsrin 20-ci illərində İtaliyaya rəhbərlik etmiş F.Mussolini tərəfindən gətirilmişdir. Həmin dövrdə İtaliyadakı rejimi, məhz bu termin vasitəsilə xarakterizə edən Mussolini bütün xalqın vahidliyini totalitar dövlətin qurulması ilə əlaqələndirirdi.

 

VAHİD ÖMƏROV fəlsəfə üzrə fəlsəfə doktoru

Səs.- 2017.- 18 mart.- S.15