Totalitarizm və insan hüquqları

 

Totalitar rejimlər Y.Zamyatinin "Biz", O.Hakslinin "Heyranedici yeni dünya" əsərlərində  qapalı  rasional-texnokratik cəmiyyətlər kimi ifadə olunur. Totalitar cəmiyyətlərdə insanları mənəviyyatdan kənarlaşdıraraq və onları adi, sadəcə, bir "alətə" çevirərək, mənəvi və əxlaqi dəyərlərindən məhrum edirlər. Daha doğrusu, buna çalışırlar və çox vaxt xeyli dərəcədə nail olurlar. Burada insanlar nəinki hüquq və azadlıqlarından, hətta mənsub olduqları mədəniyyətlərindən də imtina etmək məcburiyyətində qalırlar.

Ə.Abbasov yazır: "XX əsrin 20-ci illərindən başlayaraq, Avropada yayılan faşizm ideyalarının cəmiyyətlərdə dərk edilərək, qəbul olunması məqsədilə ictimai rəyin müvafiq yönümdə formalaşdırılması həyata keçirilir, bədii ədəbiyyatda, mətbuatda, çıxış və nitqlərdə totalitarizm haqqında müxtəlif şərhlər, açıqlama və izahlar verilirdi. Demək olar ki, bu ideologiya intensiv surətdə təbliğ olunurdu. Totalitar rejimlərin mahiyyəti açıqlanarkən, onların məxsusi əlamətləri kimi, vahid ideologiya, vahid partiya, vahid lider, vahid terror aparatının mövcudluğunu göstərmək olar. Bütün bunların təyinatı cəmiyyətin bir məqsədə - vahid hakimiyyətə xidmət etməsi və bu xidmətin həyata keçirilməsi üçün bütün vasitələrdən istifadə edilməsinə nail olunması idi.

Bir sıra yazıçı və tədqiqatçılar əsərlərində totalitarizmin yaranma səbəbləri, insanlara və dövlətlərə təsiri, ictimai rəylə məqsədli manipulyasiya məsələlərinə, onun aradan qaldırılmasına geniş yer ayırmışlar. Məsələn, F.Hayekin "Köləliyə yol" kitabında totalitarizmin mahiyyəti şərh edilir, T.Arendin "Totalitarizmin mənbələri"  kitabında totalitarizmin səciyyəvi cəhətləri göstərilərək, onun digər mütləq dövlət idarəetmə formaları, məsələn, diktatura ilə müqayisəsi aparılır. T.Arendin qeyd olunan əsərində "totalitar adam" mənasında qorxu və hədə ilə ideoloji təzyiq, psixoloji basqı altında özgələşmiş və vahid "kütlənin" ünsürünə çevrilmiş fərd başa düşülür. O, faşist gettolarını totalitar cəmiyyətin ən uyğun ifadə forması hesab edərək, burada insani davranışların itirilməsini, müxtəlif işgəncələrlə insanların adi və normal şərti reflekslərdən məhrum edilməsini göstərirdi. Qeyd edim ki, Arendin 62 il bundan əvvəl işıqlandırdığı mənzərəni, fərdi şüurun və ictimai rəyin hansı acınacaqlı durumda olduğunu biz bu gün də görməkdəyik. Bu mənada, Şimali Koreyadakı vəziyyətə nəzər yetirmək kifayətdir. "Avtoritar şəxsiyyət" əsərində T.Adorno avtoritar şəxsiyyətin tipologiyasını yaradaraq, nasist təbliğatına meyil edən insanların ümumi cəhətlərini ortaya çıxarır. Belə insanlar üçün mənəviyyat, əxlaq, həqiqi mədəniyyət kimi məfhumların artıq öz dəyərlərini itirdiyini və onlarda öz müqəddəratını həll etmə, özünü dərk etmə işində "totalitar sindromu"n yarandığını qeyd edir. Əfsuslar olsun ki, Adornonun qələmə aldığı əlamətlər son onilliklər ərzində bir növ qlobal xarakter almış, insanları monstr- mədəniyyətin, daha doğrusu, mənəviyyatsızlığın istehsalçısına və istehlakçısına çevirmişdir. Bu gün, hətta özlərini demokratiya nümunəsi sayan öikələrdə avtoritar düşüncəli şəxs bəzən daha üstün tutulur, ədalət və humanizm carçıları isə istehza, qınaq obyektinə çevrilirlər. İctimai rəy, sanki məqsədli surətdə qəbahətlər istiqamətində formalaşdırılır. Ola bilsin ki, bunun özü elə müasir bəşəriyyətin qlobal böhranının səciyyəvi təzahürüdür.

əllifin fikrincə, tarixi araşdırmalar göstərir ki, cəmiyyətlərdə qeyri-sabitlik yarananda, dərin böhranlar baş verəndə, totalitarizm meyilləri güclənir. Bu zaman baş verən proseslər idarəetmənin mərkəzləşməsi, təsərrüfat fəaliyyəti üzərində nəzarətin gücləndirilməsi, idarəedəcək "dəmir biləyin" olmasının vacibliyi kimi motivlərlə müşayiət olunur ki, bu da nəticə etibarilə totalitar rejimlərin bərqərar olmasına yol açır. Belə halda, bürokratikləşmə prosesi geniş vüsət alır, insanlara qarşı təqiblər artır, insanların hüquq və azadlıqlarından bəhrələnmək imkanları alınır. Bürokratiyanın güclənməsi ilə yanaşı, insanların bu bürokratik sistemdən asılılığını da gücləndirir. İctimai rəy isə, bütövlükdə, hakim bürokratiyanın maraq və məqsədlərinin təmin olunması istiqamətində formalaşdırılır. Şəxsi düşüncə belə "obyektiv" ictimai rəyə tabe etdirilir.

Tarixə nəzər salsaq, görərik ki, totalitar quruluşlarda dağıdıcılıq meyilləri prioritet təşkil edir. Totalitar rejimlərdə baş verən qeyri-insani hadisələr, qəddarlıq, yaltaqlıq, təcavüzkarlıq, amansızlıq, riyakarlıq, yalançılıq, acgözlük, tamahkarlıq, qarət və talançılıq, zalımlıq və s. bu kimi xüsusiyyətlər bir növ "legitimləşir". Bütün səylərə baxmayaraq, totalitar rejimlər daxili destruksiya nəticəsində süquta uğrayırlar. Bəşər tarixi bunu dəfələrlə sübut etmişdir. Qeyd etmək istərdim ki, ictimai və insani destruktivliyin geniş və təfsilatlı araşdıranlardan biri də görkəmli filosof-psixoloq Erix Fromm olmuşdur. Onun "İnsan destruktivliyinin anatomiyası", və "Özü üçün insan" əsərləri bu sahədə aparılan araşdırmalar içərisində indinin özündə də xüsusi yer tutur.

C.Soros yazır: "Totalitar sistemlərin səciyyəvi cəhətlərindən biri də odur ki, bu sistemlər cəmiyyət və insan həyatını, habelə, ictimai rəyi, bütövlükdə, dövlət nəzarəti altına alır. İdeoloji cəhətdən ziddiyyətli və əsaslandıqları sosial bazaların fərqli olmasına baxmayaraq, siyasi quruluş və idarəetmə metodları nöqteyi-nəzərindən totalitar sistemlər bir-birinə bənzəyir. Cəmiyyət və insanlar üzərində total nəzarət, sərbəstliyin və təşəbbüskarlığın, siyasi iradənin boğulması, vahid ideologiya və lider ətrafında kütləvi partiyalaşma, informasiya vasitələrinin dövlətin əlində cəmləşməsi, cəmiyyətdə siyasi yekcinslik tələbləri, militarizm və s. bu cür əlamətlər totalitar sistemin əsas atributlarını təşkil edir. Totalitar sistemlərin insan haqlarına münasibəti, bilavasitə, ideoloji baxışlardan asılıdır. Məsələn, dövlətə mütləq üstünlük verən italyan faşizminin ideoloji kredosu bir cümlədə ifadə edilmişdir: "Dövlətə qarşı və dövlətin xaricində heç bir şey ola bilməz, hər şey dövlətin daxilindədir".

Totalitarizm, elə bir sistemdir ki, burada dövlətin malik olduğu ifrat müstəqilliyin və mütləqiyyətin qarşısında, demək olar ki, insana məxsus hər şey öz dəyərini itirir. Totalitarizm mənafe, iradə, məsuliyyət və vicdan məsələlərində, məhz özünü təmsil edir. Fərd, yalnız dövlətin icazə verdiyi kimi yaşamalı və məsləhət bilinən "hüquq və azadlıqlarla" kifayətlənməlidir. Fərdin həyatının mənası və məqsədi dövlətin mənafeyi üçün çalışmaq və onun mütləqiyyəti naminə xidmət etməkdən ibarət olmalıdır. Dövlət tərəfindən fərdlərə verilən hüquq və azadlıqlar hədiyyə kimi qəbul edilməli, hətta bu hüquq və azadlıqlardan da yalnız dövlətin nəzarəti və göstərişi ilə istifadə olunmalıdır. Bu isə, əslində, dövlətın insan hüquq və azadlıqlarını tanımadığı faktını ortaya qoyur.

Ə.Abbasov, qeyd etdiyi kimi: "Millətçi totalitar rejimin fərqləndirici bir səciyyəvi cəhəti də ondan ibarətdir ki, o, müəyyən bir irqə məxsus millət və həmin millətə rəhbərlik edən lider ideyasını özündə əks etdirir. Bu ideyanın mahiyyəti ondan ibarətdir ki, milləti formalaşdıran insanlar azad deyil və dövlətin timsalında rəhbərə tabedirlər. Bu zaman fərd dövlətin hakimiyyətini istisnasız qəbul edir və heç bir hüquq və azadlığa iddia etmir. Vahidləşmiş dövlət-partiya strukturu isə ictimai və fərdi həyatı, ictimai rəyi, bütün parametrləri ilə, total nəzarəti altında saxlamaqda və hər bir fəaliyyəti izləməkdə olur. Millətçi totalitarizmin insan haqlarına bu cür münasibəti qeyd olunanlarla məhdudlaşmır. Bu rejim insanlar arasında irqi ayrı-seçkilik yaradaraq, "aşağı irqə məxsus insanlar"a (yəhudilər, qaraçılar və s.) qarşı soyqırımı törədilməsinə, buna qarşı çıxanlara isə repressiya tətbiq edilməsinə yönəldilmiş siyasət apararaq, ən qəddar siyasi sistem olduğunu sübut etmişdir.

Tədqiqatçılar totalitar rejimləri, əsasən, iki kateqoriyaya bölürlər. Bunlardan biri sağ-milliyyətçi təmayüllü rejimlər olmuşdur ki, burada insan hüquqlarına mənfi münasibət müşayiət edilir. İkincisi isə "sol totalitarizmi" təmsil edirdi ki, bu da, əsasən, kommunist dövlətlərdə qərarlaşır və birincidən nisbətən fərqli olan qarışıq rejimdir. Kommunist rejimi faşizm və millətçi sosializmdən məqsəd və ideologiya baxımından çox fərqlənirdi. Kommunizm ictimai və fərdi həyatı üsyan və inqilab yolu ilə dəyişdirmək niyyətində olan, Kommunist Partiyası tərəfindən idarə edilən sinfi mübarizə yolu ilə istismarçılığın aradan qaldırılmasına cəhd edən cərəyan kimi xüsusi mülkiyyətin ləğvini hədəf almışdır. Kommunizmin məqsədi proletariat hakimiyyəti altında sinifsiz cəmiyyətin və son nəticə kimi, dövlətsiz cəmiyyətin qurulması idi".

Marksist nəzəriyyəsində, sinifli cəmiyyətlərdə iqtisadi cəhətdən fərqli statusa malik insanlar arasında hər hansı bir bərabərliyin mövcud ola bilməyəcəyi və zəif statusa malik şəxslərin hər hansı hüquq və azadlıqlarının mümkünsüzlüyü göstərilirdi. Həmin nəzəriyyəyə görə, insanların real hüquq və azadlıqlarına, həmçinin, onlar arasında bərabərliyə yalnız sinifsiz cəmiyyətdə nail oluna bilər.

VAHİD ÖMƏROV,

fəlsəfə üzrə fəlsəfə doktoru

Səs.- 2017.- 28 mart.- S.15