İnsan hüquqları, azadlıq və din
Hüquq və azadlıqlar dinin təsirindən də kənarda qalmamışdır. Dünya dinlərindən xristianlıq insan hüquq və azadlıqları ilə əlaqədar vəziyyətə xeyli təsir etmişdir. Xristianlıqda insanın dəyərləndirilməsi, ona verilən önəm bəşəriyyət üçün yeni bir dövrün başlanğıcını qoymuşdur. İsa peyğəmbərin: "Sezarın haqqını - Sezara, Tanrının haqqını Tanrıya verin" fikri dövlət hakimiyyətinin məhdudlaşdırılması ilə yanaşı, insanın müəyyən hüquqlara malik olmasını önə çəkmişdir. Xristian filosofu Akvinalı Foma, hakim təbəqənin insanlara verdiyi zülmü və ədalətsizliyi ifşa edərək, insanların zülmkarlara qarşı çıxmaq hüquqlarının olduğunu söyləyir, bu hüquqların həyata keçirməsinin zəruriliyini əsaslandırırdı.
Ə.Abbasov yazır: "Həmin dövrdə xristian kilsəsi İsa peyğəmbərin təbliğ etdiyi fikirlərdən kənarlaşaraq, insanlar arasında bərabərsizliyə göz yummağa başlamışdır. Bunu həmin dövrdə feodalizmin insanların ictimai həyatını açınacaqlı hala salması da sübut edir. Xristianlığın yayıldığı orta əsrlərdə insanlar feodalların və kilsə hakimiyyətinin təsiri altında idi. Bu iki hakimiyyətdən birincisi özbaşınalıq və ifrat hökmranlıqla, digəri isə inkvizisiya və işgəncələrlə səciyyələnirdi. İnsanlar bu hakimiyyətlərin altında ən bəsit hüquq və azadlıqlarından da məhrum olmuşlar.
İslam dininin təşəkkülü də hüquq və azadlıqlara yeni məzmun və mahiyyət vermişdir. İslam yayılmağa başladığı cəmiyyətdə insan hüquq və azadlıqlarından söhbət belə gedə bilməzdi. Bu cəmiyyətdə mövcud olan qəbilə və tayfa hüquqlarını feodalizmdə mövcud olmuş feodallara məxsus hüquqlarla müqayisə etmək olardı. İslam dinində insanların bərabərliyi, qadın və uşaqların hüquqları, yaşlılar və yoxsullara yardım etmək, ədalətli olmaq, zülm etməmək və s. kimi çağırışlar yer almışdır ki, bunların da əksəriyyəti sonradan həm dövlətlərin qanunvericiliklərində, həm də beynəlxalq hüquqi sənədlərdə öz əksini tapmışdır".
Müəllifin qeyd etdiyi kimi, insan hüquqları sahəsində qəbul olunmuş ilk sənəd hesab edilən Magna Carta Libertatum XIİI əsrdə (1215) İngiltərədə kral hakimiyyatinin feodalların xeyrinə məhdudlaşdırılmasını, feodallara hansısa huquq və imtiyazların verilməsini nəzərdə tuturdu. Bu, eyni zamanda, hətta digər təbəqəyə məxsus olan insanların da hüquqlarından danışılması üçün zəmin yaradacağı ümidini verirdi. Həmin sənədlə feodallara verilən hüquqlar daha sonralar digər təbəqələrin nümayəndələrinə də şamil olunması istiqamətində mübarizəni siyasiləşdirmişdir.
Bu sistem isə bəşəriyyətə "Hüquqlara dair Müraciət" (1628) və "Hüquqlar haqqında Qanun" (1689) kimi sənədlər bəxş etmişdir. Həmin dövrdə baş vermiş siyasi mübarizənin nəticəsində yaranmış bu beynəlxalq sənədlər insan hüquq və azadlıqlarını tamamilə əhatə etməsə də, onların bu hüquq və azadlıqların inkişafındakı əvəzsiz rolu danılmazdır.
Mübarizə nəticəsində parlament institutunun formalaşması insan hüquq və azadlıqlarının inkişafı baxımından həmin dövr üçün yegəna əlamətdar hadisə olmamışdır. İntibah dövrünü yaşamağa başlayan Avropa fəlsəfəsi ali varlıq olan insanı yenidən kəşf etməyə başlamışdır. Qərb dünyası islamın yayıldığı Şərqdə insana verilən önəmə, onun cəmiyyətdəki yerinə və roluna, inkişaf potensialına dair baxışları əhatə edən fəlsəfi düşüncələrdən bəhrələnmişdir. İbn Rüşd (Averroes) vasitəsilə Aristotel və Platon kimi filosoflarla tanış olan Avropa mütəfəkkirləri kilsə sxolastikasına qarşı barışmaz və təsirli mübarizəyə başlamışlar.
Tanınmış italyan filosofu N.B.Makiavelli cəmiyyətin siyasi hakimiyyətə malik olan təbəqəsi kimi iqtidarı dünyəviləşdirmiş, ona insan amili, daha doğrusu, şəxsiyyəti gətirmişdir. Makiavelli xristian düşüncəsinin zorla qəbul etdirilməsinin əsas ideoloqu rolunu oynayan kilsənin dünyəvi müstəvidən kənarlaşdırılmasını və siyasi iqtidarın möhkəmləndirilməsinin tərəfdarı olmuşdur. Sonralar onun baxışları C.Bodinin irəli sürdüyü suverenlik nəzəriyyəsi və azad insanların yaratdığı dövlət ideyası ilə tamamlanmışdır. O, dövlətin təyinatını siyasi iqtidarın mövcudluğu ilə deyil, onun suverenliyi, vətəndaşların hüquqlarının təmin olunması və siyasi iqtidarın hakimiyyətinin məhdudlaşdırılması ilə müəyyənləşməli olduğunu iddia edərək, dövlət anlayışına yeni məzmun gətirmişdir. Elə həmin dövrdə M.Lüter və C.Kalvinin dini azadlıqların və vicdan sərbəstliyinin yayılmasına vəsilə olmuş islahatlar kilsənin gücünü və təsirini zəiflətmişdir.
Kilsə-feodal hakimiyyəti zəifləyərək öz yerini tədricən aristokratiya və kral hakimiyyətinə verdikdən sonra, monarxiya quruluşluna malik dövlət yaranmağa başlamışdır. Bu mühüm hadisə xalqın suverenliyi, mülkiyyət hüququ, seçmək və seçilmək hüququ və s. hüquqların meydana gəlməsi ilə müşayiət olunmağa başlamışdır.
Görkəmli holland hüquqşünası və siyasi mütəfəkkiri, dövlət və hüquq haqqında ilk burjua təliminin, yeni dövrün təbii və beynəlxalq rasionalistik hüquq doktrinasının banilərindən biri olan Huqo Qrotsi (1583-1645) dövlətin müstəqilliyini və suverenliyini məhdudlaşdırmağa çalışmışdır. O, insanın "təbii hüquqlarını" - yaşamaq, azad olmaq və mülkiyyət hüquqlarını müdafiə edərək, dövlətin bu hüquqların təmin olunmasına borclu olduğunu iddia edirdi. Bu yeniliklər o dövr üçün dünyəvi hüquq sisteminin yaradılması kontekstində mülkiyyət və azadlıqlara verilən ən yüksək qiymət olmaqla yanaşı, insanlara qarşı dövlət tərəfindən edilən haqsızlıqlara kəskin etirazın ifadəsi idi.
Yeni dünyəvi hüquq və dövlət fəlsəfəsinin əsaslarının formalaşmasına əvəzsiz töhfə vermiş H.Qrotsi ədalətlilik ideyasına da xüsusi önəm vermişdir. Qrotsiyə görə insanlar, xalqlar və dövlətlər arasındakı münasibətlərdə ədalətlilik prinsipinə riayət olunması əsas şərtlərdən biridir. Onun bütün hüquqi yanaşma sisteminin əsasında, hüququn zəruri əlaməti kimi, ədalət ideyası dayanır. O, ədaləti, idrakın tələbi, insanın təbiətindən irəli gələn iradə kimi təfsir edir. "Hüquq o şeydir ki, ədalətə zidd deyil. Ədalətə isə o şeyə ziddir ki, şüurlu varlığın təbiətinə əksdir". Qrotsi, hüququn səciyyəvi cəhəti kimi, onun imperativ olmasını qeyd edirdi. Hüquqların reallaşmasında vicdan, ictimai rəy və Allahın xeyir-duası kimi amillərin də mühüm rol oynadığını göstərirdi. O, göstərirdi ki, hüquq başqa şəxslərə məxsus olanların onlara verilməsi və reallaşması üçün üzərimizə düşən vəzifələrin yerinə yetirilməsidir.
Ə.Abbasov yazır: "Beynəlxalq ünsiyyətin dünyəvi yeni doktrinasının işlənilməsinə verdiyi töhfəyə görə, bir çox mütəxəssislər Qrotsini "beynəlxalq hüququn atası" adlandırırlar. Ümumiyyətlə, onun siyasi-hüquqi fikrin, yəni dünyəvi hüquqi dünyagörüşünün inkişafında, insan haqları və ədalətlilik ideyalarının təşəkkülündə rolu danılmazdır.
Təbii hüquqlar və dünyəvi dövlət haqqında fikirlərə sonralar digər alimlər tərəfindən də istinad edilmişdir. C.Lokk, Russo, T.Cefferson və digərləri insan hüquq və azadlıqlarının möhkəmləndirilməsinin, dövlət hakimiyyətinin hüquqi əsaslarının və xalqın hakimiyyətdə iştirakının təmin edilməsi üçün ictimaiyyət-dövlət arasındakı münasibətləri tənzimləyəcək müqavilənin "bağlanılmasının" zəruriliyi fikrini irəli sürmüşlər.
Əsasını Qrotsinin qoymuş olduğu təbii hüquqlar və müqavilə nəzəriyyəsi sonralar digər alimlər tərəfindən, xüsusilə də, T.Hobbs tərəfindən inkişaf etdirilmişdir. Hobbs məşhur əsəri olan "Leviafan"da bu nəzəriyyəni daha mütəşəkkil şəkildə ifadə etməyə çalışmışdır. Hobbsa görə, insanlar öz hüquq və azadlıqları ilə baş-başa qaldıqda bir-birinin hüquq və azadlıqlarını deyil, öz hüquq və azadlıqlarını düşünməyə, bu hüquq və azadlıqların hüdud və həcmlərinin müəyyən olunmasına maraq göstərməməyə başlayırlar ki, bunun qarşısını, məhz mərkəzləşmiş hakimiyyət - dövlət ala bilər. Əks halda, insanlar arasında vəhşiliyin bərqərar olacağını və onların bir-birinə qarşı çıxacaqlarını bildirirdi".
Belə mühit insanların öz təbii hüquqlarını yanlış dərk etməsinə də zəmin yarada bilər. Bütün bunların baş verməməsi üçün mütləq hakimiyyətə malik dövlətin mövcudluğu vacibdir. Məhz dövlət, hüquqların toqquşması nəticəsində, hakim olan münaqişə atmosferinin aradan qaldırılması üçün "təbii qanunları" qəbul edir. "Təbii qanunlar" ictimai müqavilə vasitəsi ilə dövlət hakimiyyətinin lehinə müəyyən hüquqlardan imtina etməyi tələb edir. İctimai müqavilə nəzəriyyəsilə Hobbs insanların ictimai həyatda iştirakının və ictimai həyatın hüquqi tənzimlənməsinin əsasını qoymuşdur. Göründüyü kimi, Hobbs insan hüquq və azadlıqları doktrinasına müasir dünyəvi dövlət, suverenlik nəzəriyyəsinin xalqa istinadı, fərdlərin hüquqlarının dövlət tərəfindən müdafiəsi, fərdin ictimai həyatda iştirakı, qanun qarşısında bərabərlik, sosial dövlət, vicdan azadlığı kimi yeni anlayış və konsepsiyasını gətirmişdir.
Vahid ÖMƏROV,
fəlsəfə üzrə fəlsəfə doktoru
Səs.-
2017.- 15 mart.- S.15