İnsan hüquqları
şüurlu özünüdərk və azadlıq ideyasının qarşılıqlı
münasibətləri
"Ruhun fəlsəfəsi" əsərində daha bir əhəmiyyətli
fikrə də diqqət yetirək: "Antik xalqlar -
yunanlar və
romalılar "mütləq
azadlıq" anlayışına yiyələnməmişlər,
çünki onlar, hələ ki, dərk etməmişdilər ki, insan
özlüyündə,
ən ümumi
"Mən"
kimi, şüurlu özünüdərk
kimi, azadlığa hüquqludur. Onlarda insan o zaman etiraf olunurdu ki, o,
anadan azad doğulub.
Onlarda, deməli, azadlıq nəsə təbii olan şey kimi müəyyənləşirdi. Bu səbəbdən də, onların azad
dövlətlərində quldarlıq
mövcud idi və
romalılarda qanlı müharibələr baş verirdi ki,
qullar özləri
üçün azadlıq, insani hüquqların onlara da
şamil olunması uğrunda
çalışırdılar". Hegelə görə, "Heç bir mütləq ədalətsizlik həyata keçirilmir; kim ki, öz azadlığını qazanmaq
üçün həyatını riskə vermək cəsarətini özündə tapa bilmir, o, qul olmağa qadirdir. Əgər hansısa xalq yalnız azad
olmaq niyyəti ilə öyünüb-lovğalanmırsa və azadlığa həqiqi, enerjili iradəsi vardırsa, onda heç
bir zorakılıq onu xalis passiv idarəolunma vəziyyətində - köləlikdə saxlaya bilməz". Böyük
mütəfəkkirin fikrincə, hər bir qanun -
azadlıqdır, çünki belə
qanun obyektiv ruhun ağıllı və
ədalətli elementlərindən qaynaqlanır.
İnsan hüquqları sahəsində qəbul edilmiş beynəlxalq sənədlərə nəzər salsaq, orada da azadlıq
idealı barədə fikirlərin yer aldığının şahidi olarıq. 26 avqust 1789-cu
ildə Fransada qəbul edilmiş
"İnsan və
vətəndaş
hüquqları Bəyannaməsi"ndən tutmuş insan
hüquqları sahəsində bu günə qədər
qəbul edilmiş
bütün beynəlxalq
sənədlərdə
insanların doğulduğu andan hüquqlara və azadlıqlara malik
olduğu qeyd olunmuşdur. Bu bəyannamədə azadlığa belə bir tərif verilir: "Azadlıq -
başqasına zərər verməyən hər şeyi edə bilməkdir". Oxşar bir tərifi isə hüquqi dövlət nəzəriyyəsinin banilərindən olan Monteskye vermişdir:
"Azadlıq - qanunların icazə verdiyi hər şeyi etmək hüququndan ibarətdir".
Fərdin sahib olduğu azadlıq özündə həmin fərdin təşəbbüs və toxunulmazlıq sahəsidir və deməli, müəyyən sərhədlərdə reallaşır. Azadlıq
dedikdə, hər hansı bir
addımı atmaq, təşəbbüs göstərmək, qərar
vermək kimi elementlər nəzərdə
tutulur. Azadlıq bütün
hüquqların mənbəyidir, hüquqlar isə azadlığın
təmin olunması,
daha doğrusu, reallaşması üçün hüquq tərəfindən
fərdə verilmiş,
"sanksiyalaşdırılmış" səlahiyyətdir. Azadlıq özü-özlüyündə bir hüquq olsa da,
bütün hüquqlar azadlıq demək
deyildir. Hüquq, əsas
etibarilə
azadlığın təminatı
və ifadə vasitəsidir.
İnsan öz azadlığını
reallaşdırarkən, digər insanların da azadlığını nəzərə almalıdır. Əks-təqdirdə cəmiyyətdə azadlıqlar
"toqquşması" yarana bilər ki, bu da mahiyyət etibarilə azadlığın
düzgün dərk edilməməsi nəticəsində meydana çıxmış olur. Belə ki, cəmiyyət insanların
azadlıqlarını ifadə
etmək məkanı olmaqla
yanaşı, eyni zamanda, bu azadlıqları məhdudlaşdıran məkandır. Deməli,
insanlar azadlıq hüquqlarını reallaşdırarkən, bir-birinin
azadlıqlarına qarşılıqlı hörmət etməlidirlər. İnsanlar azadlıqlara malik olmaqla yanaşı, bərabərdirlər.
Ə.Abbasov yazır: "Bərabərlik də insan huquqlarının
reallaşmasında azadlıq qədər əhəmiyyətli bir prinsipdir. İnsan hüquqlarının reallaşmasında
yalnız azadlıq kifayət
deyildir. Cəmiyyətdə fərdlərin qeyri-bərabər əsasda azadlıqlarının
mövcudluğu, özbaşınalıqla nəticələnə
bilər. İnsan hüquqlarında azadlıq hamıya
şamil olunmalı bir prinsip kimi nəzərdə tutulur. Məhz bərabərlik prinsipi
azadlığın təklif
etdiyi imkanların insanlara münasibətdə
ayrı-seçkilik olmadan verilməsini
şərtləndirir.
Azadlıq və bərabərsizlik bir müstəvidə mövcud ola bilməz. Bu səbəbdən
də, azadlıq
ideyası hakim olduğu məkanda,
bərabərsizliklərin ləğvi
labüddür. Yalnız azad insanların bərabərliyi şəraitində bərabər
hüquqlara malik olmaq, yəni
qanun qarşısında hamının bərabər
tutulması mümkündür. Azadlıq
və bərabərlik prinsipləri mahiyyət etibarilə fərqli mənalara
malik olsalar da, bir-birini ən
kamil formada tamamlayır. Tarixə nəzər
salsaq, görərik
ki, cəmiyyətlərdəki
sosial bərabərsizlik mövcud
azadlıqlardan hamının faydalanmasına imkan verməmişdir.
Bəziləri azadlığa həddən ziyada əhəmiyyət verərək, bərabərliyin azadlıq prinsipinin reallaşmasına maneə olduğunu iddia edirlər. Digər tərəfdən isə,
sosialist düşüncəli
insanlar zərurət kəsb etməyən azadlığın bərabərsizliyə səbəb
olmasını düşünərək, insanlar
arasındakı bərabərsizliyi aradan
qaldırmağa çalışırlar. Bu cür yanaşmaların mövcudluğu
azadlıq və bərabərlik prinsipləri arasında birmənalı münasibətin olmamasına dəlalət edir. Hər bir
halda, ifratçılığa varmadan azadlıq və bərabərlik
arasında elə
bir balans yaradılmalıdır ki, hər
iki prinsipin bir-birini tamamlamasına nail olunsun".
Fərdlər arasında iqtisadi bərabərliyin önəmini qeyd edən sosialist yönümlü tədqiqatçılar bu bərabərliyin pozulduğu təqdirdə, iqtisadi cəhətdən zəif olan fərdlərin güclü olan fərdlərə tabe olması
ehtimalının reallığını göstərirlər. Bərabərlik
elə bir səviyyədə təmin
edilməlidir ki, fərd öz
azadlıqlarını reallaşdıran zaman bərabərsizlik səbəbindən,
hər hansı
maneedici elementlə
üzləşməsin. Başqa sözlə
desək, məhz bərabərlik
azadlıqların həyata
keçirilməsinə imkan yaratmış
olsun. Bu nəticənin əldə olunması üçün
azadlıq kimi bərabərlik də hüquqla
qorunmalıdır. Həm azadlıq prinsipi, həm də bərabərlik
prinsipi insan hüquqları çərçivəsində azadlıqların bərabər surətdə şamil olunmasını nəzərdə
tutur.
Müəllif qeyd edir ki, insan hüquq
və
azadlıqları müasir mənasını alana
qədər uzun və mürəkkəb proses
yaşamışdır. İnsan
hüquqları ideyası meydana çıxdıqdan bəri tarixin
bütün zaman kəsiyində baş verən dəyişikliklərin, tənəzzül və
tərəqqinin təsirinə məruz qalmışdır. Hər
dövrün öz tələbi olduğu kimi,
insan hüquq və
azadlıqları da hər
dövrün tələblərinə
cavab vermək məcburiyyətində
qalmışdır. Müxtəlif cəmiyyətlərdə
ictimai inkişaf öz sürətinə, mürəkkəbliyinə
və mütərəqqiliyinə
görə fərqləndiyindən, bu cəmiyyətlərdəki
bütün və
azadlıqlar da məzmun
baxımından müxtəlif
olmuşdur. Nəticə etibarilə, insan hüquq və azadlıqları
tarixi inkişafın bəşəriyyətə ən
zəngin töhfəsi olmuşdur. İnsan hüquq və
azadlıqlarının mahiyyətini
dərindən dərk etmək üçün
tarixə, insan
hüquqlarının keçdiyi yola nəzər salmaq
lazımdır. İlk olaraq, qədim dövlətlərdə
insan hüquq və
azadlıqları haqqında ideyalara nəzər salaq.
Qədim Yunanıstanda insan hüquq və azadlıqları, demək olar ki, gündəlikdə olmamışdır. Burada insanlar
bu dövlətin
daxilində və bu dövlətin qanunlarına əsasən yaşayır,
sanki insan hüquq və
azadlıqlarına ehtiyacları olmadan davranır və bu hüquqların
mövcudluğu ilə
maraqlanmırlar. Buradakı ənənələr Qədim Şumer
dövlətində mövcud olmuş ənənələrin davamı kimi inkişaf etmişdir. Bu səbəbdən
də, yunanlar
insanı ictimai həyatdan
kənarda, müstəqil, hüquq və azadlıqlardan
yararlanan varlıq kimi təsəvvür etmirdilər.
Qədim yunan ədibi Sokrata görə, insanlar üçün ən münasib dövlət modeli aristokratik dövlətdir. Digər yunan mütəfəkkiri
Platon isə ideal bir
dövlət qurmaq məqsədilə,
insanları üç fərqli
kateqoriyaya ayıraraq, hər
dövlətə uyğun insan tipləri barədə konsepsiya irəli
sürmüşdür. Platon bu
insanları "azad insanlar" adlandırsa da, onun
düşündüyü "ideal dövlət"də
mərkəzdən idarə
olunan kollektiv daxilində
insanın azadlığı tanınmırdı. O,
insanların cəmiyyət daxilində bir rəhbərə tabe olmasını və bu tabeçiliyin çərçivəsiz olduğunu iddia edirdi. Platona görə,
hər kəs öz bacarıq və imkanına uyğun
fəaliyyətlə məşğul
olmalı, hökmdar idarə
etməli,
işçi işləməlidir. Bu halda,
dövlət sabit, güclü və bütöv ola
bilər.
Platon, vətəndaşı onun
yaşadığı cəmiyyətə qarşı qoyaraq, deyir: "Müəyyən bir hissə tamın naminə mövcuddur, tam isə hissə naminə mövcud deyil. Siz tamın naminə
yaradılmısınız, amma tam sizə
görə
yaradılmayıb". Hesab edirdi ki, fərdiyyətçilik "ideal
dövlət"in
sütunlarını zədələyəcək qədər təhlükəli bir amildir. O,
anarxiyaya qarşı kəskin etirazını bildirərək, insanların
başlı-başına buraxılmasının yolverilməz olduğunu qeyd edirdi. "Bütün qanunlar dövlətin son dərəcə möhkəm
olması naminə təkmilləşdirilməlidir".
Aristotel də insanın fərd kimi müstəqil və azad olmasını qəbul etməmişdir. O, cəmiyyətdəki quldarlıq münasibətlərini dövlət idarəçiliyindəki tabeçilik münasibətləri ilə müqayisə edirdi. Platondan
fərqli olaraq, o,
"ideal dövlət"də hüququn
hökmranlığının zəruriliyini
vurğulayırdı. Aristotel hesab edirdi
ki, qanun - tarazlaşdırılmış ağıldır;
qanunu ağalığı olmayan yerdə
heç bir dövlətdən söhbət gedə bilməz. "Kim qanunun şahlığını tələb edirsə,
o, şübhəsiz,
Allahın və
ağlın hökmranlığını istəyir. Öz iradəsini qanundan üstün tutan adam, istər-istəməz, öz tələblər sisteminə heyvani ünsürlər daxil edir". Onun siyasi fəlsəfəsinə əsasən, ədalət məfhumu dövlət və hüquq barədə təsəvvürlərlə əlaqəlidir: ədalətin meyarı olan hüquq
siyasi həyatın nizamlayıcı normasıdır.
Aristotelə görə, hakimiyyət tək bir adamdan, azlıqdan və ya çoxluqdan formalaşa bilər. O, monarxiya, aristokratiya və politiyanı dövlətin düzgün idarəetmə formaları kimi, tiraniya,
oliqarxiya və demokratiyanı isə düzgün olmayan idarəetmə formaları kimi göstərmişdir. Demokratiya
elə bir idarəetmə formasıdır ki,
burada insanların maraqları qorunmur. Bu da
demokratiyanın yeni mənasının
- demaqogiyanın meydana gəlməsi ilə nəticələnir. Mütəfəkkirin fikrincə, azadlıqda
hamının bərabər olması, hələ ki, bütün başqa şeylərdə hamının bərəbər olması deyil.
Vahid ÖMƏROV,
fəlsəfə üzrə fəlsəfə doktoru
Səs.-
2017.- 16 mart.- S.15