Xalqın suverenliyi və insan
hüquqları
Liberalların digər bir iddiası iqtisadi maraqların təmin olunması üçün mülkiyyət hüquqlarının dövlətin müdaxiləsindən maksimum səviyyədə qorunması idi. Liberalizmin sosiallaşması, əsasən, XX əsrə təsadüf edir. Bu dövr iqtisadi sahədə dövlətin müdaxiləsi ilə sosial problemlərin həll olunması nəticəsində, bərabərsizliyin aradan qaldırılması ideyaları ilə zəngin olmuşdur. F.D.Ruzvelt dörd əsas haqq olaraq - söz və ifadə azadlığı, dini etiqad azadlığı, ehtiyacdan uzaqolma azadlığı, qorxudan uzaqolma azadlığı və cəmiyyətdə sosial bərabərliyi təmin edəcək rifah dövlətinin prinsiplərini (hər şəxsə maaşlı iş, mənzil haqqı, sosial sığorta haqqı və təhsil haqqı) elan etmişdir. Həqiqət naminə etiraf etməliyik ki, liberalizmdə sosial yönümlülüyə ciddi impuls vermiş başlıca determinant Böyük Sosialist İnqilabı və Lenin-Stalin tərəfindən yaradılmış Sovet İttifaqı olmuşdur. Sovet dövlətinin əməyə, zəhmətkeşə, fəhlə sinfinə, kəndliyə, yaradıcı ziyalılara, elm, mədəniyyət və incəsənət adamlarına verdiyi dəyər, bir nümunə olaraq, ümumbəşəri duruma və gedişata olduqca ciddi təsir göstərmişdir. Bu nümunə qarşısında qlobal kapitalizm özünü cilovlamaq və çərçivələmək məcburiyyətində idi.
Ə.Abbasov yazır: "İnsan hüquq və azadlıqlarının təmin və müdafiə olunması məqsədilə dövlət və vətəndaş münasibətlərində üstün tərəf kimi vətəndaşın qəbul edilməsinin zəruriliyini nəzərdə tutan liberalizm, insan haqlarının ali dəyər kimi hər bir meyardan üstün, həmçinin, dövlət hakimiyyətindən müstəqil olmasının vacibliyini əsaslandırır. Bu fikrə əsasən, liberalizmi insan haqlarının həm ideya mənbəyi, həm də tarixi perspektivdə bu haqların reallaşması üçün zəmin yaratmış müəyyən baxışlar sistemi olduğunu deyə bilərik. Lakin fikrimcə, liberalizm bu statusda yeganə ideologiya deyil, xüsusən də, söhbət yalnız onun anqlo-sakson modifikasiyalarından gedirsə! Hər şeyi bir kənara qoysaq, elə Kant və Hegelin fəlsəfi sistemlərində sərgilənən əsl insanpərvər liberalizm, baxmayaraq ki, hələ adekvat dəyərləndirilməyib, çox-çox dəyər və fəzilətlərə (o cümlədən, insan haqlarına) qida, qol-qanad verib və əminəm ki, gələcəkdə də verəcək. Düşünürəm ki, insan haqları ideyasının, hüquqi dövlət nəzəriyyəsinin, vətəndaş cəmiyyətinə dair təsəvvürlərin postneoklassik elmi paradiqma zəminində gözlənilən inkişafı xeyli dərəcədə bu böyük mütəfəkkirlərin yaradıcılığına yenidən qayıdışla bağlı olacaqdır. Burada, hələ ki, bəşəriyyətin lazımınca dəyərləndirmədiyi çox fəzilətlər var".
Müəllifin
fikrincə, inkişaf anlayışını assosiasiya edən
"demokratiya" ilk
dəfə Fukidid
tərəfindən Qədim Yunanıstanda
işlədilmişdir.
"Xalqın iradəsi"
mənasını ehtiva edən
bu söz, işlədildiyi andan bəşəriyyət üçün
daim aktual və arzuolunanları ifadə edən bir
anlayış idi. Dövlətin idarə edilməsində xalqın iradəsinin ifadə olunmasının əsas amil
olduğunu nəzərdə tutan
demokratiyanı yalnız bir dövlət idarəçiliyi
forması kimi qəbul
etmək düzgün deyildir. Demokratiya, həmçinin,
hər hansı bir cəmiyyətin siyasi
mədəniyyət və həyat tərzi
ilə sıx əlaqədar olan
məsələdir. Demokratiya - xalq suverenliyinə əsaslanan, xalq
hakimiyyəti prinsipini meyar götürən, əsas dövlət orqanlarının seçki nəticəsində formalaşmasına
və bunlara xalq tərəfindən
nəzarət edilməsinə, dövlətin idarə olunmasında bərabərliyə və qərarların
çoxluq tərəfindən qəbul
olunmasına istinad edən, cəmiyyətin və cəmiyyət-vətəndaş münasibətlərinin müəyyən dəyərlər
sisteminə və
dünyagörüşünə
əsaslandığı
ictimai quruluşdur. Bir siyasi sistem olaraq,
demokratiyanın fundamental prinsipi
insan haqlarının müdafiə
edilməsidir. Demokratiyanın əsaslandığı
bütün digər anlayış və normalar isə bu prinsipin üzvi davamıdır. Əlbəttə, demokratiyanın
bu cür açıqlanmasına qarşı
mövqelər
də
mövcud olub - əvvəllər də,
indi də. Nəhəng dünya filosofu Aristoteli və görkəmli rus mütəfəkkiri
N.A.Berdyayevi xatırlatmaq
kifayətdir.
Hətta
məsələn, N.Berdyayevin
məşhur
"Müasir dünyada
insan taleyi" əsərində belə
fikir də səslənir: "Faşizm,
demokratiyanın son həddə çatmış
nəticələrindən
biridir... Hələ onu da söyləmək olar ki, faşizm - xalqın suverenliyi haqda J.J.Russo təliminin
nəticələrindən
biridir. Demokratiya, yəni,
tərifinə müvafiq olaraq, xalqın suverenliyi haqqında təlim, öz-ölüyündə, insan şəxsiyyəti
üçün heç
bir azadlıqlar zəmanəti vermir". Bununla belə,
fikir müxtəlifliyində, "epistemoloji anarxizmdə" (Feyerabend) itib-batmamaq üçün vaxtilə U.Çörçillin deyimini
- "Mənə bəlli
olan quruluşlardan ən
pisi demokratiyadır, lakin bəşəriyyət hələ ondan yaxşı heç nə kəşf edə
bilməmişdir"
- rəhbər tutaraq, söhbətimizi davam etdirək. Hər halda, fikir yürütmək
üçün bu da bir mövqe
seçimidir.
Ə.Abbasov daha sonra yazır:
"Demokratiyanı, sadəcə, bir dövlət
idarəçiliyi
forması kimi, yaxud müxtəlif mexanizm
və
qurumların məcmusu kimi təqdim
etmək
özünü doğrultmur;
o, idarəetmə forması olmaqla yanaşı, həm də
sivilizasiya, mənəviyyat, siyasi
mədəniyyət, şüur və həyat tərzi
məsələsidir (azad
seçkilər,
hər
bir şəxsin öz
fikrini sərbəst
ifadə
etməsi,
imkan bərabərliyinin
təmin
edilməsi
və
s.). Fikrimizcə, Heydər
Əliyevin "Demokratiya insanların şüurunda dəyişiklik deməkdir.
Bu dəyişiklik
inqilabla olmur, təkamül
yolu ilə, tədricən gedir" fikri demokratiya anlayışının
mürəkkəbliyini, onun tədrici
təkamülə möhtac olduğunu aydın nəzərə çarpdırır.
Qeyd etmək lazımdır ki, demokratiya insan hüquqları ideyasından
daha qədim tarixi köklərə malikdir. Müasir dövrdəki
insan hüquqları və
demokratiya anlayışları
bir-birini tamamlayan kimi görünsə də,
əslində, birincisi ikincisinin mövcud olması üçün ən əsas
şərtlərdən biridir.
Azad seçkilər demokratiyanın
əsası
olmaqla, hər bir şəxsə bərabər və
azad səsvermə
hüququnun tanınması,
bərabər imkanların təmin edilməsi əsas
insan hüquqlarındandır.
Bəşəriyyət hər
zaman bu hüquqlar uğrunda aparılan mübarizələrə
şahid olmuşdur".
Müəllif qeyd edir ki,
hakimiyyətin
seçkilər
yolu ilə təşkil olunması, vətəndaşların
dövlət
idarəetməsində iştiraketmə
hüququ, birləşmək, sərbəst toplaşmaq və dinc yürüş hüquqlarını
demokratiyanın siyasi cəhətdən ifadəsi hesab etmək
olar. Siyasi azadlıqların tərkib
hissəsi
olan seçki, səsvermə, birləşmə, yürüş, söz və
mətbuat
azadlıqları demokratiyanın
əsas
məzmununu
təşkil
edir ki, bunlar da cəmiyyətdə bərqərar olmazsa,
həmin
cəmiyyətdə xalq hakimiyyətindən bəhs
etmək
mümkün deyildir.
Hüquqi dövlət, hakimiyyət
bölgüsü, konstitusion
nəzarət, azad seçkilər və
s. belə
amillər
demokratik sistemlərin təminatı
kimi insan haqları nəzəriyyəsi baxımından müstəsna əhəmiyyətə malikdir.
İnsan hüquqları və demokratiyanın bir-biri ilə
sıx bağlı olmasını beynəlxalq birliyin qəbul
etdiyi beynəlxalq hüquqi
sənədlərin məzmununda da görmək mümkündür. "İnsan hüquqları və
Əsas Azadlıqlar
haqqında Avropa Konvensiyası"nda bu bağlılıq açıq-aydın
ifadə
edilmişdir. Birləşmiş Millətlər Təşkilatının
İnsan Hüquqları
Komissiyasının 30 aprel
1999-cu il tarixli Qətnaməsi demokratiya ilə insan haqları arasında
fundamental əlaqənin olduğuna dair, başqa ifadə ilə desək,
demokratiyanın insanın
universal fundamental haqqı olduğu
barədə mühüm sənəddir.
Ə.Abbasov daha sonra yazır:
"Siyasi sistem olmaqla yanaşı, demokratiya bir siyasi mədəniyyət və
sivilizasiya məsələsidir.
Müasir cəmiyyətdə insan hüquqlarının təmin olunması üçün
siyasi mədəniyyətin, yəni
hakimiyyətlə fərd
arasında qarşılıqlı
anlaşma (fərdin dövlətin
hakimiyyətinə könüllü tabe olması və bunun müqabilində
dövlətin
fərdin
hüquq və azadlıqlarına hörmətlə yanaşaraq,
hakimiyyətindən istifadə
etməklə onların təmin olunması
üçün lazımı
tədbirlər görmək
öhdəliyini
qəbul
etməsi
vacib şərtdir. Belə siyasi mədəniyyət
demokratiyanın təzahür etməsi
üçün münasib
zəmin
yaradır. Düşünürəm ki, rəqib siyasi fikrə və onun daşıyıcılarına
dözümlü münasibət, hətta
müəyyən səviyyə və
aspektlərdə səmərəli əməkdaşlıq, qarşılıqlı bəhrələnmək - siyasi mədəniyyətin mayasını təşkil edir.
Demokratiyada başqa mühim amil - insanın (rasional varlıq kimi) həm
özünü, həm də
cəmiyyəti idarə
edə
bilmək
qabiliyyətinə malik olması məntiqidir. Bu məntiq
"insanın hüquqlara
və
azadlığa sahib olmalıdır"
ideyasını daha da gücləndirmişdir. Çoxluğun iradəsini
əks
etdirən
idarəçiliyə və
qanunvericiliyə
əsaslanan
demokratiya, çoxluqla
yanaşı, azlığın
da hüquq və
azadlıqlarının müdafiə edilməsini
tələb edir. Demokratiya cəmiyyəddə siyasi mədəniyyətin ünsürlərindən biri olan dözümlülüyü
də
ehtiva etdiyi üçün çoxluğun
mütləq
hakimiyyətini
qəbul
etmir. O, eyni zamanda, azlıqda olanların da cəmiyyətin üzvləri
kimi hüquq və
azadlıqlarının tanınmasını
tələb edir. Demokratik cəmiyyətdə eyni hüquqlara, amma fərqli
maraq və tələblərə malik fərd
və
qruplara göstəriləcək dözümlülüyü
insan hüquqlarının
təmin
olunması kimi qiymətləndirmək mümkündür.
İnsani dəyərlərə
üstünlük verən anlayış olmaqdan çıxararaq, yalnız
seçib-seçilmə
mexanizminə
əsaslanan idarəetmə kimi qəbul
edilən
demokratiya, anti-demokratik
və
insan hüquqlarını
məhdudlaşdırmağa
çalışan güclərin hakimiyyəti
demokratik yollarla ələ keçirməsinin
legitimləşdirilməsi olacaqdır. Demokratiya ilə
insan hüquqları arasında birbaşa və
vasitəsiz
əlaqənin yoxluğu fikri bir çox mütəxəssislər tərəfindən haqlı olaraq ifadə
edilsə
də,
müqəddərat baxımından hər ikisinin hər
zaman bir-birinə ehtiyaclı olduğu danılmazdır.
Vahid ÖMƏROV,
fəlsəfə üzrə fəlsəfə doktoru
Səs.-
2017.- 17 mart.- S.15