Müdrikliyin və cəsarətin
Heydər Əliyev nümunəsi
Tarixdə şəxsiyyət-liderlərin rolu
mövzusu həmişə aktual olub. Ayrı-ayrı
ölkələrin təcrübəsindən, keçdikləri
yoldan bəlli olduğu kimi, parlaq zəkası, cəsarəti,
digər müstəsna keyfiyyətləri ilə xalqın inam
və güvənc yerinə çevrilən liderlər həmişə
cəmiyyətə yeni ideyalar ötürüblər, ən
çətin anlarda belə insanları ümidsizliyə
qapılmağa qoymayıblar, onları milli məfkurə ətrafında
birləşdiriblər, mübarizəyə
ruhlandırıblar. Sözün geniş mənasında,
liderlər zamanın məhdud çərçivəsinə
sığmayaraq zəruri hallarda tarixin axarını dəyişməyi,
prosesləri cəmiyyətin sosial sifarişlərinə
istiqamətləndirməyi bacarırlar.
Müstəqilliyini getdikcə
möhkəmləndirən, dünya çapında layiqli
yerini tutan Azərbaycan üçün belə əvəzolunmaz
sima misilsiz fəaliyyəti ilə xalqımızın
Ümummilli Lideri səviyyəsinə yüksələn Heydər
Əliyevdir. İllər ötür, bizləri Onun fiziki
yoxluğundan ayıran zaman məsafəsi uzanır. Ancaq
təzada bir baxın: O dahi şəxsiyyət bizə getdikcə
daha yaxın olur. Biz Onu yalnız söhbətlərdə,
xatirələrdə anıb yada salmırıq. Bu parlaq Şəxsiyyət-Liderin
yeri və rolu, qoyduğu silinməz izlər respublika həyatının
bütün sahələrində real olaraq aydın görünür. Həm də, o məqam dərk olunur ki, Dahi Öndər
Heydər Əliyevin zamanında milli mənafe naminə fəaliyyətindən
Azərbaycanın hər bir ailəsinə dolayı və
yaxud birbaşa pay düşüb, hər birimiz şəxsi həyatımızdakı
firavanlığa, yaxşı təhsil almağımıza
görə, məhz Ona minnətdarıq, borcluyuq.
Ulu Öndər Heydər Əliyev Azərbaycanın
intibahı üçün fundamental əsaslar yaradan tarixi
şəxsiyyətdir
Ümummilli Lider Heydər Əliyevin portretini
tamamlayan ştrixlər kifayət qədər zəngin və
çoxşaxəlidir. Bu dahi şəxsiyyət barəsində söhbət
açanda yada düşən və minnətdarlıq hissi ilə
xatırlanan ilk məqamlardan biri Onun müdrikliyi və milli təəssübleşliyi
və xalqına bağlılığıdır. Bu iki cəhət
Ulu Öndərin saysız-hesabsız müsbət məqamlarla
səciyyələnən və hər bir azərbaycanlıda
sonsuz qürür hissi doğuran portretində parlaq şəkildə
nəzərə çarpır. Ensiklopedik biliyə, geniş
dünyagörüşünə malik Ümummilli Lider Heydər
Əliyev müdrikliyin zirvəsində dayansa da, ən sıx
tellərlə, bütün varlığı ilə milli
köklərə, xalqına bağlı idi. O, uzaqgörən
olduğu qədər də milli təəssübkeş idi,
bu Vətənin, bu xalqın oğlu olduğuna görə
sonsuz qürur duyurdu.
İnsan
müxtəlif bacarıqlara malik ola bilər.
Ancaq milli təəssübkeşlik yoxdursa, bu
bacarıqlardan Vətənə və cəmiyyətə
böyük fayda gəlməyəcək. Heydər
Əliyevin isə uzaqgörənliklə və Vətənə,
xalqa sonsuz bağlılıqla yaratdığı maddi və mədəni irs bundan
sonra da onilliklər boyu Azərbaycanın inkişafına xidmət
edəcək, Onun ideyaları daim həyatımızın
mayakına çevriləcək, həmişə parlaq məşəl kimi yolumuzu
işıqlandıracaq, Onun şəxsi nümunəsi bizə
Vətəni necə böyük məhəbbətlə sevməyi,
milli mənafe naminə necə canfəşanlıqla çarpışmağı
öyrədəcək.
Məlumdur ki, Ulu Öndər Heydər Əliyev Azərbaycana
bir-birindən fərqli qütblərdə dayanan iki ideoloji
mühitdə rəhbərlik edib. Lakin şərait,
ideoloji tələblər müxtəlif olsa da, Heydər
Əliyevin milli ruhu və uzaqgörənliyi Onun Azərbaycana rəhbərlik
etdiyi hər iki dönəmdə - istər keçmiş
sovet dövründə, istərsə də müstəqillik
illərində respublikamızın böyük uğurlar əldə
etməsinə yol açıb. Keçmiş
sovet dövrü milli respublikalar, o cümlədən də,
Azərbaycan üçün bir sıra qadağalarla səciyyələnirdi.
1969-cu ildə Azərbaycanın rəhbərliyinə gələn
Heydər Əliyev isə rejimin buxovlarını məharətlə
sındıraraq milli dirçəlişə, gələcəkdə
müstəqil yaşamağa zəmin ola
biləcək fundamental əsaslar yaratmağa nail oldu. Heydər Əliyev qısa müddətdə
respublikamızı keçmiş İttifaqın aqrar əlavəsindən
çıxardaraq yüksək texnologiyalı sənaye
inkişafına istiqamətləndirdi. O öz
nüfuzundan istifadə edərək bir sıra Ümumittifaq əhəmiyyətli
iqtisadi layihələrin, məhz Azərbaycanda
reallaşdırılmasına nail olurdu. Ulu Öndərin azərbaycanlı
gəncləri keçmiş İttifaqın nüfuzlu ali məktəblərində təhsil
almağa göndərməsi üzaqgörənliyin və
milli təəssübkeşliyin zirvə nöqtəsi
sayıla bilər. Əlamətdar haldır ki, Vətənə
yüksək səviyyəli mütəxəssislər kimi
dönən həmin gənclər sonradan müstəqil Azərbaycanda
milli iqtisadiyyat quruculuğuna özlərinin sanballı
töhfələrini verdilər və bu gün də verməkdədirlər.
Ümummilli Lider Heydər Əliyevin Azərbaycanın
sabahı naminə misilsiz fəaliyyəti bütün
mühüm istiqamətləri əhatə edirdi. Bu sırada
Ulu Öndərin milli mədəniyyətə, ədəbiyyata,
Azərbaycan dilinə böyük qayğısını
xüsusi qeyd etmək lazımdır. Milli-mədəni
irsin xalqın özünüdərk hissinin yüksəlməsində
rolunu yüksək qiymətləndirən Ulu Öndər Heydər
Əliyev ənənələrin
qorunub-saxlanılmasını, Bakıda ədəbiyyat və
incəsənət xadimlərinə abidələrin
ucaldılmasını, klassik şair və
yazıçıların əsərlərinin
çapını daim diqqət mərkəzində
saxlayırdı ki, bütün bunlar da insanlarda milli mənsubiyyətə
görə sonsuz qürur yaradırdı.
Ümummilli
Liderin zamanında məqsədyönlü şəkildə
yaratdığı zəngin irs sonralar
müstəqil Azərbaycanın iqtisadi və mədəni əsalarına
çevrildi. Minnətdarlıq hissi ilə
vurğulamaq istərdim ki, bu zəngin irsdən kənarda
müstəqil Azərbaycanın nə iqtisadiyyatını, nə
də mədəniyyətini təsəvvür etmək
mümkün deyil.
Ulu
Öndərin xilaskarlıq missiyası
Ulu Öndərin arzuladığı zaman gəlib
çatdı.
Ötən əsrin 90-cı illərinin əvvəllərində
Azərbaycan XX yüzillikdə ikinci dəfə müstəqilliyə
qovuşdu. Tale isə elə gətirdi ki,
Azərbaycanın müstəqilliyini qorumaq missiyası da elə
Ulu Öndərin çiyinlərinə düşdü.
Bəli, Ulu Öndərin bütün
varlığı ilə bağlı olduğu xalqı və
Vətəni qarşısında ən böyük xidmətlərindən
biri də Onun xilaskarlıq missiyası ilə
bağlıdır.
Xaos,
iqtisadi və siyasi böhran, vətəndaş
qarşıdurması, torpaqlarımızın işğal
altına düşməsi, cəmiyyətdəki sabahkı
günə ümidsizlik müstəqilliyin ilk illərində ölkəmizi səciyyələndirən
əsas cəhətlər idi. Belə bir şəraitdə
ölkənin bütün gücü, əslində, xarici
işğala qarşı səfərbər edilməli idi.
Fəqət, AXC-Müsavat iqtidarının səriştəsizliyi
və korporativ maraqlardan çıxış etməsi ölkədə
daha təhlükəli ikinci-daxili cəbhənin
açılmasına rəvac verdi.
1993-cü il iyunun əvvəlində Gəncədə sabiq
korpus komandiri və AXC-Müsavat hakimiyyətinin Qarabağ
üzrə xüsusi nümayəndəsi Surət Hüseynov rəhbərlik
etdiyi 709-cu briqadanın ləğvi ilə bağlı qərara
etiraz edərək qiyam qaldırdı. Gəncədə, həmçinin, bəzi
yaxın rayonlarda silahlı qarşıdurmalar yaşandı, hətta
qardaş qanı axıdıldı.
Ölkə vətəndaş müharibəsinin
astanasında dayanmışdı. Hamını
düşündürən sual belə idi: Bundan sonra necə
olacaq? Ölkəni fəlakətdən kim
xilas edəcək? Belə çaşqın vəziyyətdə
Gəncə hadisələrinə ilk operativ münasibəti
Ümummilli Lider Heydər Əliyevin
rəhbərlik
etdiyi
Naxçıvan Ali Məclisi
sərgilədi. Naxçıvan
Ali Məclisinin iyunun 5-də yaydığı bəyanatda
gəncəlilərə
müraciət edilərək onların
imperiya nökərlərinə
layiqli cavab verəcəklərinə, müstəqilliyimizi və gənc
Azərbaycan dövlətini
qoruyub-saxlayacaqlarına
böyük inam ifadə olunurdu.
Həmin böhranlı günlərdə bütün Azərbaycanın
ümid dolu nəzərləri də elə Naxçıvana
dikilmişdi.
AXC-Müsavat qaragüruhunun əməllərindən
bezən, ölkənin gələcəyi sarıdan
böyük narahatlıq yaşayan insanların yeganə
ümid yeri Naxçıvana rəhbərlik edən və hətta
blokada şəraitində belə muxtar respublikanı ayaqda
saxlamağı bacaran Ulu Öndər Heydər Əliyev idi.
Xalq sınanmış oğlunu təkidlə
Bakıya gəlib Azərbaycana rəhbərlik etməyə
çağırırdı. Etiraf edək
ki, belə kritik dönəmdə ölkəyə rəhbərliyin
məsuliyyətini bölüşmək çox böyük
risk idi. Başqaları olsa idi, belə məqamda
suların durulmasını gözləyərdi. Lakin söhbət Azərbaycanın hər bölgəsinin
inkişafında böyük əməyi olan, zamanında
respublikanı, necə deyərlər, kərpic-kərpic
ucaldan Liderdən-Heydər Əliyevdən gedirdisə, O, Vətənin,
xalqın bu ağır günündə gözləmə
mövqeyində dayana bilməzdi. O, belə
taleyüklü məqamda Özünü daha çox harada
lazım idisə, orada görürdü. Hansısa
ehtimal olunan bir təhlükə Onu çəkindirə bilməzdi.
Beləliklə,
bütövlükdə Azərbaycanın inkişaf salnaməsini
yazan Ulu Öndər bu dəfə də xalqının
yanında olmağa qərar verərək iyunun 9-da Bakıya gəldi
və iyunun 15-də
Azərbaycan Respublikası Ali Sovetinin Sədri
seçildi. Bir qədər sonra isə Milli Məclisin
qərarı ilə Ulu Öndər Azərbaycan Respublikası
Prezidentinin səlahiyyətlərini həyata keçirməyə
başladı. Ulu Öndər Heydər Əliyev 1993-cü
il oktyabrın 3-də ümumxalq səsverməsi
nəticəsində Azərbaycan Respublikasının Prezidenti
seçildi. O, 1998-ci il oktyabrın 11-də xalqın yüksək
fəallığı şəraitində keçirilən
seçkilərdə səslərin 76,1
faizini toplayaraq, yenidən Azərbaycan Respublikasının
Prezidenti seçildi.
Ulu
Öndərin müstəqil Azərbaycanın siyasi rəhbərliyinə
gəlməsi çox doğru olaraq Böyük Qayıdış
kimi qiymətləndirilir. Ulu Öndər bu
qayıdışla, ilk növbədə, ölkəni
bürüyən ümidsizliyə son qoydu, insanların qəlbində
gələcəyə inam yaratdı. Heydər
Əliyev səbri, müdrikliyi, xalqla həmrəyliyi sayəsində
qısa müddətdə vətəndaş müharibəsi
təhlükəsini sovuşdurmağa və hadisələrin
istiqamətini dəyişməyə nail oldu. Heydər Əliyev xilaskarlıq missiyasını
yerinə yetirərək, Azərbaycan dövlətinin
süqut etməsinin qarşısını aldı. Onun verdiyi müdrik qərarlar, atdığı qəti
addımlar sayəsində cəmiyyət inkişafa və
ölkənin müstəqilliyini möhkəmlətməyə
səfərbər oldu.
Müdrik siyasətçi Dahi Öndər Heydər
Əliyev yaxşı başa düşürdü ki,
iqtisadi-maliyyə təminatları olmadan əsl siyasi müstəqillikdən
də söhbət gedə bilməz. Buna görə də, qısa
müddətdə respublikada qarşıdurmalara son qoyan , sabitliyi bərpa edən Ulu Öndər
diqqəti iqtisadiyyatın bərpasına yönəltdi. Heydər Əliyev Azərbaycanın gələcəyini
liberal iqtisadiyyata transformasiyda görürdü. Beləliklə, ölkədə yeni təşəbbüslərə,
özəl bölmənin inkişafına stimul yaradan
islahatlara start verildi. Ümummilli Lider Heydər
Əliyevin çox böyük səyləri hesabına
1994-cü il sentyabrın 20-də 11
transmilli şirkətin iştirakı ilə "Əsrin
müqaviləsi"nin imzalanması isə müstəqil Azərbaycanın
qarşısında yeni inkişaf perspektivləri
açdı.
Ulu
Öndər Heydər Əliyev yaddaşlarda fədəkarlıq
simvolu kimi əbədi yaşayacaq
Ulu Öndər Heydər Əliyevin portretini tamamlayan
ştrixlərdən biri də Onun müqayisəyəgəlməz
cəsarətidir. Heydər Əliyev yaddaşlarda fədəkarlıq
simvolu kimi əbədi yaşayacaq. Bu dahi
şəxsiyyətin timsalında müdrikliklə cəsarət,
fədəkarlıq müqayisəyəgəlməz bir
harmoniya yaradırdı. Belə demək
mümkündürsə, Heydər Əliyevin uzaqgörənliyi
Onun cəsarətini, fədakarlığı isə
müdrikliyini tamamlayırdı. Onun həyatı
cəsarət nümunələri-ən kritik məqamlarda belə
gözləmə mövqeyi tutmadan xalq, Vətən
üçün zəruri olan addımları atması,
taleyüklü qərarlar qəbul etməsi kimi faktlarla zəngindir.
1990-cı il yanvarın 19-dan 20-ə
keçən gecə Bakıda törədilən qanlı
faciəni xatırlayaq. 20 Yanvar qətliamı
imperiya qüvvələri tərəfindən törədilmişdi.
Hadisələrin birbaşa günahkarları
olan keçmiş İttifaqın rəhbərliyi Bakıda
törədilən qırğın barədə xəbərlərin
imperiyanın özündə və sərhədlərindən
kənara yayılmasını qətiyyən istəmirdi və
bu məqsədlə repressiv tədbirlərə əl
atılırdı. Belə vəziyyətdə
Ulu Öndər Heydər Əliyev heç nədən çəkinməyərək,
Özünün və ailə üzvlərinin həyatını
təhlükə qarşısında qoyaraq, Azərbaycanın
Moskvadakı daimi nümayəndəliyinə gəldi və
Bakıda törədilən qırğını qətiyyətlə
pislədi. Ulu Öndər bu cəsarətli
addımı ilə bir tərəfdən imperiya qüvvələrinə
meydan oxudu, digər tərəfdən isə Azərbaycan ətrafında
informasiya blokadasını yardı və xalqına
böyük təsəlli vermiş oldu.
Naxçıvan
Ali Sovetinin Heydər Əliyevin Sədrliyi ilə keçən
1990-cı il 17 noyabr tarixli sessiyasında
çıxarılan tarixi qərarlar da Ulu Öndərin milli
təəssübkeşliyinin və cəsarətinin növbəti
təzahürü idı. Sessiyada Heydər Əliyevin təşəbbüsü
əsasında Azərbaycan
Xalq Cümhuriyyətinin o vaxtlar çoxlarının
tanımadığı üçrəngli bayrağı
Naxçıvan Ali Məclisində qaldırıldı və
dövlət rəmzi kimi qəbul olundu. Mənim
qənaətimə görə, Azərbaycanın müstəqilliyə
gedən yolu, məhz həmin sessiyadan başladı. Sonradan-1991-ci il
fevralın 5-də Azərbaycan Respublikasının Ali Soveti
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin vəsatətinə
baxaraq üçrəngli bayrağın Azərbaycanın
dövlət bayrağı kimi qəbul edilməsi haqqında
qərar verdi.
Bu gün zamanında Naxçıvan Ali Məclisində
üçrəngli bayrağımızın dövlət rəmzi
kimi qəbul olunmasına qərar verilməsi kimlərəsə
adi görünə bilər. Lakin unutmamalıyıq ki, bu tarixi hadisə
imperiyanın hələ ayaq üstə olduğu, hələ
qılıncının dalının da, qabağının
da kəsdiyi bir dövrdə baş vermişdi.
Ulu Öndər Heydər
Əliyev Azərbaycan Respublikası Ali Sovetinin 1991-ci il 7 mart
tarixli sessiyalarında da böyük cəsarət
nümayiş etdirərək Dağlıq Qarabağla,
respublikamızın müstəqilliyi ilə bağlı
fikirlərini açıq şəkildə dilə gətirdi.
Ulu Öndər təzyiqlərə baxmayaraq,
sonrakı illərdə də müstəqillik
ideyalarının müdafiəsində dayandı. 1991-ci
il martın 17-də keçmiş Sovet
İttifaqının saxlanması ilə bağlı
keçirilən referendumu xatırlayaq. Respublikanın
o vaxtkı rəhbərlərinin loyallığının, qətiyyətsizliyinin,
müstəqillik ideyalarından uzaq olmalarının nəticəsi
idi ki, Azərbaycan da həmin referenduma qoşuldu. Lakin burada da Heydər Əliyev nə qədər qətiyyətli
olduğunu nümayiş etdirdi. Ulu Öndər
Naxşıvanın referendumda iştirak etməməsi ilə
bağlı çağırış etdi və keçmiş
İttifaqın, Azərbaycanın sabiq rəhbərliyinin təkidlərinə,
hədə-qorxularına rəğmən bu
çağırışını geri götürmədi.
Beləliklə də, Naxçıvan saxta
referenduma qoşulmadı.
Ümummilli
Lider Heydər Əliyev yox, başqa kim
imperiyanın mövcudluğu şəraitində belə cəsarətli
addımlar ata bilərdi? Sualın cavabı bəllidir:
Heç kim! Bunu ancaq cəsarət və
milli təəssübkeşliyin zirvə nöqtəsində
qərar tutan Heydər Əliyev edə bilərdi və etdi də!
Siyasi
varisliyin təmin olunması Azərbaycanın böyük
xoşbəxtliyidir
Siyasi varisliyin təmin olunması ölkələrin
uzunmüddətli dövrdə davamlı inkişafı
üçün fundamental amillərdən biri qismində
çıxış edir. Hansı ölkədə
ki siyasi kurs tez-tez dəyişir, orada bir qayda olaraq, tərəddüdlər
baş qaldırır, xaos yaşanır, hər seçkidən
sonra ölkə, faktiki olaraq, yenidən geriyə
dönüş etmək məcburiyyətində qalır.
Azərbaycanın isə xoşbəxtliyi
ondadır ki, respublikamızda siyasi varislik yüksək səviyyədə
təmin edilir. Prezident İlham Əliyev hələ
2003-cü ildə dövlət başçısı
statusunda fəaliyyətə başlayarkən, bəyan etdi ki,
Onun üçün bundan sonra əsas vəzifə
Ümummilli Lider Heydər Əliyev siyasətini davam etdirmək
olacaq. Son 13 ildə Prezident İlham
Əliyev verdiyi vədə sadiq qalaraq Ulu Öndərin əsasını
qoyduğu siyasəti həm yüksək səviyyədə
davam etdirib, həm də müasir
çağırışları nəzərə alaraq, yeni
çalarlarla daha da zənginləşdirib.
"Siyasi varisliyin təmin olunması Azərbaycana
nə verib" sualına isə elə respublikamızın
bugünkü reallıqlarına istinadən cavab vermək
mümkündür. Zənnimcə, hazırda bütün
dünyada yaşanan gərginliklərin, siyasi kataklizmlərin
fonunda sabitliyin, iqtidar-xalq həmrəyliyinin təmin
olunması ölkəmizin ən böyük uğurudur. Bu
amil insanlarda sabaha böyük inam yaradır, onları
qurub-yaratmağa sövq edir. Son
13 ildə Ulu Öndər Heydər Əliyevin islahatlar kursunu
davam etdirən Azərbaycan misilsiz inkişafa nail olaraq
iqtisadiyyatını bir neçə dəfə genişləndirib.
Hazırda investisiya cəlbediciliyi kifayət qədər
yüksək olsa da, respublikamız dünyada ən az xarici
borclanmaya məruz qalan ölkələr sırasında yer
alır. Ötən ildən respublikamızda Prezident İlham
Əliyevin siyasi iradəsi əsasında yeni
çağırışlar nəzərə alınmaqla,
aparılan islahatlar milli iqtisadiyyatımızın
müqavimət gücünü daha da artırıb.
Sevindirici haldır ki, hətta indiki çətinliklər
şəraitində belə Azərbaycan özünün
strateji valyuta ehtiyatlarını artırmağa müvəffəq
olur.
İqtisadi müstəqilliyin təmin
olunması isə, öz növbəsində, Azərbaycanı
bütün dünyada söz sahibinə çevirib. Ölkəmizin nüfuzu, cəlbediciliyi
getdikcə artır. Prezident İlham Əliyevin qeyd etdiyi kimi,
bu gün Azərbaycan bütün dünyada böyük
hörmətə layiq dövlətə çevrilib. Qısa
müstəqillik tarixində Azərbaycanın 155 ölkənin
dəstəyini qazanaraq BMT Təhlükəsizlik
Şurasının qeyri-daimi üzvü seçilməsi
qürurverici hadisədir. Hazırda respublikamız Cənubi
Qafqazın lider dövləti statusunu inamla daşıyır.
Bölgədə Azərbaycanın təşəbbüsləri
və iştirakı olmadan hər hansı layihəni
reallaşdırmaq mümkün deyil. Bu gün
Azərbaycan Ulu Öndərin əsasını qoyduğu yeni
neft strategiyasının uğurla reallaşdırılması
sayəsində bölgənin enerji xəritəsini tamamilə
dəyişməyə nail olub, həmçinin, Avropanın
enerji təhlükəsizliyində böyük çəkiyə
malik bir ölkəyə çevrilib.
Ümumiyyətlə, müstəqil Azərbaycanın
qürur doğuran müasir simasını göz önündə
canlandıran statistika kifayət qədər zəngindir.
Perspektiv və gələcək isə daha cəlbedici və
işıqlı görünür. Şübhə yoxdur ki,
Ulu Öndər Heydər Əliyevin parlaq ideyalarına əsaslanan
inkişaf kursunun bundan sonra da davam etdirilmsi Azərbaycanı
yeni zirvələrə yüksəldəcək.
Ülviyyə Abdullayeva,"Milli
Məclis " jurnalının baş redaktoru, filologiya üzrə
fəlsəfə doktoru
Səs.-
2017.- 5 may.- S.8-9