Müasir
Naxçıvanın inkişafı ulu öndər Heydər
Əliyevin adı ilə bağlıdır
Ümummilli lider Heydər Əliyev böyük
mütəfəkkirlərin, sərkərdələrin, dahilərin
yurdu olan Naxçıvanın yetişdirdiyi şəxsiyyətlərin
fövqündə dayanan əvəzolunmaz liderdir. O, bütün həyatı boyunca Vətəninə,
xalqına bağlılıq nümunəsi göstərib,
ölkəmizin, o cümlədən doğulub boya-başa
çatdığı Naxçıvanın inkişafı,
yüksəlişi, təhlükəsizliyinin təminatı
üçün əlindən gələni əsirgəməyib.
Ümummilli Liderin ən böyük arzusu doğma
Naxçıvanı bugünkü kimi hərtərəfli
inkişaf etmiş abad bir diyar kimi görmək idi.
Dahi şəxsiyyət düşmən hədəfində
olan Naxçıvana bütün dövrlərdə
böyük diqqət göstərib
Qədim diyarda dünyaya göz açan,
boya-başa çatan gələcəyin böyük dahisi ilk
təhsilini də Naxçıvanda aldı, 1939-cu ildə
pedaqoji məktəbi uğurla bitirdi. Ulu Öndər təhsilinin
bu mərhələsini yüksək qiymətləndirərək
deyib: “Mən həmişə Naxçıvanda təhsil
aldığım illəri xatırlayıram. Bu illər mənim
yaddaşımdan heç vaxt silinməyəcək... Mən
burada mükəmməl təhsil almışam, özü də
elə həvəs və aludəçiliklə oxumuşam
ki, sonralar digər ali təhsil müəssisələrində
oxumaq mənim üçün çətin olmayıb”.
Ulu Öndər yüksək vəzifələrdə
çalışdığı illərdə də heç
vaxt Naxçıvanı unutmadı, qədim diyarı daim diqqət
mərkəzində saxladı. Azərbaycanda ilk dəfə
hakimiyyətə gəldiyi 1969-cu il iyul ayının 14-dən
sonrakı dövrdə ölkəmizin, o cümlədən
Naxçıvanın inkişafı, gələcəyi
ilə bağlı çox mühüm qərarlar qəbul
etdi. Belə ki, 1970-ci illərə qədər
Naxçıvan Azərbaycanın digər bölgələrinə,
xüsusən Dağlıq Qarabağ Muxtar Vilayətinə
nisbətən xeyli geridə idi və sənaye məhsulunun artım
sürətinə görə keçmiş SSRİ-nin muxtar
respublikaları arasında axırıncı yerlərdə
qərarlaşırdı. Bu geriliyin aradan
qaldırılmasında və Naxçıvanın inkişaf
yoluna çıxmasında Ümummilli Liderin birbaşa
göstərişi və rəhbərliyi ilə
hazırlanmış Azərbaycan KP MK və Azərbaycan SSR
Nazirlər Sovetinin “Naxçıvan MSSR-in xalq təsərrüfatının
daha da inkişaf etdirilməsi tədbirləri
haqqında” 1974-cü il 8 yanvar tarixli birgə qərarının
mühüm rolu oldu. Sənəddə muxtar respublikanın
sosial-iqtisadi, mədəni inkişafının təmin edilməsi
üçün müvafiq orqanlar qarşısında konkret vəzifələr
qoyulmuş, onların icra müddəti müəyyənləşdirilmişdi.
Qərarda nəzərdə tutulmuş bütün vəzifələr
vaxtında yerinə yetirildi.
Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev həmin dövrü belə dəyərləndirib:
“Naxçıvanın inkişafı ulu öndər Heydər
Əliyevin adı ilə sıx bağlıdır. İlk
növbədə, ona görə ki, Naxçıvan Azərbaycan
xalqına böyük şəxsiyyət ulu öndər Heydər
Əliyevi bəxş etmişdir. Ulu Öndər bütün
dövrlərdə Naxçıvana böyük diqqət
göstərmişdir. 1970-1980-ci illərin əvvəllərində
respublikanın sosial-iqtisadi inkişafı üçün
çox böyük işlər görmüşdür. O
vaxt Azərbaycanın hər bir yerində olduğu kimi,
Naxçıvanda da sürətli inkişaf dövrü
müşahidə edilirdi. Ulu Öndərin rəhbərliyi
ilə Azərbaycan 1980-ci illərin əvvəllərində
sovet məkanında ən qabaqcıl yerlərdə idi, o
cümlədən Naxçıvanda da böyük sosial
quruculuq işləri aparılırdı.
Naxçıvanın sənaye potensialı
formalaşırdı. Bir sözlə, muxtar respublika öz
inkişaf dövrünü yaşayırdı”.
Böyük tarixi şəxsiyyət muxtar
respublikada aparılan quruculuq-abadlıq işlərinin vəziyyəti
ilə tanış olmaq üçün 1970-1982-ci illərdə
4 dəfə qədim diyarda səfərdə olub. İlk səfər
1974-cü il fevralın 22-də reallaşıb. Naxçıvan şəhərindəki Heydər
Əliyev Muzeyində saxlanılan Azərbaycan Kommunist
Partiyası Naxçıvan Vilayət Komitəsinin büro
iclaslarının protokollarından da aydın olur ki, daha sonra
1978-ci il oktyabrın 15-də, 1980-ci il mayın 24-də, 1982-ci
il oktyabrın 2-də reallaşan səfərlərin hər
birində Naxçıvanın gələcəyi
üçün mühüm qərarlar qəbul edilib, gələcək
perspektivə hesablanmış addımlar atılıb.
Aparılan kompleks tədbirlər sayəsində
1970-1982-ci illərdə muxtar respublikanın sənaye
potensialı, təxminən üç dəfə yüksəlib.
Həmin illərdə Araz çayı üzərində iri
su anbarı və elektrik stansiyası, habelə 16 iri sənaye
müəssisəsi tikilib istifadəyə verilib. Bütün
bu genişmiqyaslı quruculuq fəaliyyəti nəticəsində
Naxçıvan Muxtar Respublikasında sənaye məhsulunun
ümumi həcmi 1985-ci ildə 1970-ci ilə nisbətən 4,6
dəfə artıb.
SSRİ kimi nəhəng dövlətin
rəhbərlərindən biri olan xalqımızın
böyük oğlu Heydər Əliyev Moskvada, necə deyərlər,
ucu-bucağı görünməyən bir ölkənin
problemlərinin həlli ilə məşğul olsa da, bir an
belə doğma Azərbaycanı, Naxçıvanı
unutmurdu. O, ölkəmizdə, o cümlədən
muxtar respublikada görülən quruculuq işlərini həmişə
yaxından izləyir, tövsiyə və
tapşırıqlarını əsirgəmir, ermənilərin
Naxçıvana və Dağlıq Qarabağa iddialarına
qarşı ciddi mübarizə aparırdı. Təsadüfi
deyil ki, Ulu Öndər 1987-ci ilin noyabr
ayında rəhbər vəzifədən
uzaqlaşdırılandan dərhal sonra Azərbaycanın
ağrı-acılarla dolu dövrü başladı,
meydanı boş görən ermənilər çirkin
iddialarını daha yüksək tribunalardan səsləndirməyə
başladılar.
Naxçıvan həmişə olduğu kimi,
bu dəfə də dahi rəhbəri səbirsizliklə
gözləyirdi
Dahi şəxsiyyət Moskvada rahat yaşaya bilərdi.
Ancaq o, sakitliyi və rahatlığı deyil, Vətəninin
taleyini düşünürdü. Buna görə də Ulu
Öndər Vətənə qayıtmaq istəyirdi.
Naxçıvanlılar da qədim diyarın yetişdirdiyi
böyük dövlət xadiminin gəlişini səbirsizliklə
gözləyirdilər. Onun 1990-cı il iyulun
22-də möhtəşəm qayıdışını
doğulub boya-başa çatdığı Naxçıvan
torpağı, əhali hədsiz sevgi, məhəbbət və
inamla qarşıladı. Xəyanətə yol vermiş mərkəzi
hakimiyyətin bütün cəhdlərinə baxmayaraq,
naxçıvanlılar qısa müddətdə dahi şəxsiyyəti
özlərinə rəhbər seçdilər, onun ətrafında
sıx birləşdilər.
Ulu öndər Heydər
Əliyev doğma torpağa gəlişi ilə
naxçıvanlıların sabaha inamını özlərinə
qaytardı, ağır blokada şəraitində olmasına
baxmayaraq, bu qədim diyarı dirçəltməyə
başladı. Burada muxtar respublika üçün deyil,
bütün Azərbaycan üçün həyati əhəmiyyət
kəsb edən, dövlət quruculuğu prosesində
mayak rolunu oynayan qərarların qəbul edilməsinə nail
oldu.
Ümummilli Liderin
Naxçıvana gəlişi, xalqın təkidli tələbi
və istəyi ilə muxtar respublikanın rəhbəri
seçilərək son dərəcə ağır vəziyyətdə
olan bu qədim diyarı mətanətlə qoruması, əsl
nicat yoluna çıxararaq hərtərəfli yüksəlişə
qovuşdurması böyük əhəmiyyət
daşımaqla, bütövlükdə, ölkəmiz
üçün mühüm bir hadisəyə çevrildi.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin
sözləri ilə ifadə etsək, “Azərbaycanın bu qədim
torpağını xilas edən Heydər Əliyev özünə
Naxçıvan boyda əbədi, həmişəyaşar
abidə ucaltdı”.
Böyük dövlət xadiminin
Naxçıvandakı idarəetmə uğurlarını
görən xalqımız ölkədəki xaos və
anarxiyanı aradan qaldırmaq, Azərbaycan dövlətçiliyini
xilas etmək naminə Ulu Öndərin ölkə rəhbərliyinə
gətirilməsini tələb etməyə başladı.
Ancaq görkəmli dövlət xadimi Heydər Əliyev
canı qədər sevdiyi doğma Naxçıvandan
ayrılmaq istəmirdi. Digər tərəfdən
xalqının görkəmli oğlu ölkəmizdə
baş verən hadisələrə laqeyd də qala bilməzdi.
Necə ki, qalmadı.
1993-2003-cü illər: inkişafın yeni mərhələsi
Respublikamıza ikinci dəfə rəhbərliyi
illərində Ümummilli Lider Naxçıvan Muxtar
Respublikasından diqqət və qayğısını əsirgəmədi.
1969-cu ildən başlanan quruculuq və inkişaf xətti
Naxçıvanda fəal, yaradıcı surətdə davam
etdirildi. Bu quruculuq və inkişaf
konsepsiyası sonrakı illərdə özünü tam
doğruldaraq bir idarəetmə modeli kimi tarixə
düşdü. Fəaliyyətini dayandırmış sənaye
müəssisələrinin yenidən işə
salınması və yeni müəssisələrin
yaradılması sayəsində 1993-2003-cü illərdə
muxtar respublikada sənaye məhsulu 3,4 dəfə artdı. Həmin dövrdə 15 inzibati bina, 60 elm və
təhsil müəssisəsi, o cümlədən 16 min 38
şagird yerlik 55 ümumtəhsil məktəbi, 43 mədəniyyət
obyekti, 28 səhiyyə müəssisəsi, 5 idman obyekti, 24
nasos stansiyası, 135 subartezian quyusu, 34 körpü, 6 ticarət
mərkəzi, əlil, məcburi
köçkün, qaçqın, şəhid ailələri,
təbii fəlakətdən zərərçəkənlər
və digər bu kimi kateqoriyalardan olan şəxslər
üçün 47 fərdi ev, 123 istehsal və xidmət
obyekti tikilərək istifadəyə verildi. Ümumi daxili məhsulun
həcmi 6,8 dəfə, əhalinin gəlirləri
isə 10,5 dəfə artdı. Bütün bu misilsiz nailiyyətlərin
hamısı böyük dövlət xadimi Heydər
Əliyev siyasi kursunun yüksək səviyyədə,
ardıcıl və dönmədən davam etdirilməsi nəticəsində
qazanıldı. Bu möhtəşəm təlim
sabahkı uğurlarımızın da etibarlı
qarantıdır. Azərbaycanın özü kimi əbədi
olan Heydər Əliyev ideyaları yolumuzu
işıqlandıran sönməz məşəldir.
“Siz sübut etdiniz ki, öz
torpağınıza, xalqınıza, millətinizə,
müqəddəs, müstəqil Azərbaycana sədaqətlisiniz
və mənim də həm Azərbaycan xalqına, həm də
Azərbaycan torpağına, o cümlədən öz
doğma yurdum Naxçıvana sədaqətimin şahidi
oldunuz”, – deyən Ulu Öndər Azərbaycanda ikinci
hakimiyyəti dövründə Naxçıvan Muxtar
Respublikasında görülən genişmiqyaslı işləri
daim dəstəklədi. Burada aparılan kompleks quruculuq
işləri ilə yaxından tanış olmaq, bir sıra
sosial, ictimai obyektlərin açılışında
iştirak etmək üçün 4 dəfə muxtar
respublikaya səfər etdi.
Heydər Əliyev və Naxçıvanın
muxtariyyət məsələsi
Ulu Öndərin
Naxçıvanın bu günü və gələcəyi
üçün gördüyü ən böyük işlərdən
biri də qədim diyarın muxtariyyətinin qorunub
saxlanılması oldu. 1995-ci il noyabrın 12-də referendumla qəbul
edilmiş, müəllifi olduğu müstəqil Azərbaycan
Respublikasının ilk Konstitusiyası
Naxçıvanın muxtariyyət statusunu hüquqi cəhətdən
möhkəmləndirdi. Həmin Konstitusiyanın VIII fəsli
Naxçıvan Muxtar Respublikası ilə əlaqədardır.
Konstitusiyanın 134-cü maddəsində deyilir:
“Naxçıvan Muxtar Respublikası Azərbaycan
Respublikasının tərkibində muxtar dövlətdir.
Naxçıvan Muxtar Respublikasının statusu bu Konstitusiya
ilə müəyyən edilir. Naxçıvan Muxtar
Respublikası Azərbaycan Respublikasının ayrılmaz tərkib
hissəsidir”.
Ümummilli lider Heydər Əliyevin ölkə
Prezidenti kimi “Naxçıvan Muxtar Respublikasının 75 illik
yubileyinin keçirilməsi haqqında” imzaladığı
1999-cu il 4 fevral tarixli Fərmanında Naxçıvanın
muxtariyyətini şərtləndirən başlıca
tarixi-coğrafi amillər belə ifadə olunub: “Azərbaycan Xalq Cümhuriyyəti dövrünədək
sərhədlər alt-üst edilməyə başlandı.
İlk olaraq Azərbaycan torpağı Zəngəzur
mahalı Ermənistan SSR-in tərkibinə qatıldı.
Əslində isə ermənilərin planları daha geniş
idi və onların torpaq iddialarının əsas hədəfi
məhz Naxçıvan idi. Onlar Zəngəzurun Ermənistana
ilhaq edilməsini bu yolda atılmış mühüm
addım hesab edirdilər. Beləliklə də,
Naxçıvanı Azərbaycandan ayıran Azərbaycan
torpaqlarının – Zəngəzur mahalının Ermənistana
verilməsi Naxçıvanın muxtariyyət məsələsini
zəruri etdi”.
Dahi şəxsiyyətin arzularındakı
Naxçıvan
Ulu Öndər həmişə
Naxçıvanın inkişaf etməsini,
abadlaşmasını istəyirdi. Dahi şəxsiyyət
deyirdi: “Mən istəyirəm ki, mənim arzum, istəklərim,
Azərbaycan dövləti haqqında, müstəqil Azərbaycanın
gələcəyi haqqında və Azərbaycanın ayrılmaz
hissəsi olan Naxçıvan haqqında planlarım yerinə
yetirilsin”.
Bu gün dahi rəhbərin yolunu
uğurla davam etdirənlər görkəmli şəxsiyyətin
arzularını inamla həyata keçirirlər. Ötən
illər ərzində muxtar respublikanın
inkişafını təmin etmək məqsədilə
icrası uğurla başa çatan dövlət
proqramları və hazırda icrası davam etdirilən “Naxçıvan Muxtar
Respublikasının 2014-2018-ci illərdə sosial-iqtisadi
inkişafı Dövlət Proqramı”, həmçinin
“2016-2020-ci illərdə Naxçıvan Muxtar
Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin
inkişafı üzrə Dövlət Proqramı” ümumi
inkişafa təkan verib, yeni istehsal və xidmət sahələri
fəaliyyətə başlayıb. Bu
gün muxtar respublikada avtomobil və tikinti materialları, ərzaq
və məişət əşyaları istehsalı ilə məşğul
olan çoxsaylı müəssisələr fəaliyyət
göstərir. 1996-cı ildə Naxçıvanda,
ümumilikdə, 40 sənaye müəssisəsi vardısa, bu
gün onların sayı 11 dəfə artırılaraq 442-yə
çatdırılıb. Yeni fəaliyyətə
başlayan müəssisələr öz fəaliyyətlərini,
əsasən, yerli xammaldan istifadə əsasında qurublar ki,
bu da hazır məhsulun daha ucuz qiymətə
istehlakçılara çatdırılmasına imkan
yaradır. Hazırda muxtar respublikada mövcud olan 442 istehsal
müəssisəsindən 311-i və ya 70 faizi tamamilə
yerli xammaldan istifadə edərək fəaliyyət göstərir.
Bu hesaba bir tərəfdən digər sahələr də
inkişaf edir, ikinci tərəfdən isə daxili bazar etibarlı
şəkildə qorunur.
Tarixin heç bir dövründə muxtar
respublikada bu miqyasda abadlıq-quruculuq işləri
görülməyib, bugünkü qədər məhsul
istehsal edilməyib. Təsəvvür edin ki, 1996-cı ildə
muxtar respublikada cəmi 10 adda məhsul istehsal edilirdisə, bu
gün 366 adda məhsul istehsal olunur. Bunların 121 növü
ərzaq, 246 növü qeyri-ərzaq məhsullarıdır.
Qürurverici haldır ki, 107-si ərzaq, 237-si qeyri-ərzaq
olmaqla, 344 növdə məhsula olan tələbat tamamilə
daxili imkanlar hesabına ödənilir. Muxtar
respublikada ümumi daxili məhsul istehsalının həcmi də
1995-ci illə müqayisədə 59,1 dəfə artıb.
İqtisadiyyatın aparıcı sahələrindən olan kənd
təsərrüfatının və sənayenin
inkişafında əldə edilən nailiyyətlər daha
böyük uğurlara zəmin yaradır. Belə ki,
ötən dövr ərzində sənaye məhsulunun həcmi
103,2 dəfə, kənd təsərrüfatı məhsulunun
həcmi 11,1 dəfə artıb. Yerli istehsalın artması
daxili bazarda məhsul bolluğu yaratmaqla bərabər, muxtar
respublikanın ixrac potensialını gücləndirib,
idxalın həcminin isə azalmasına səbəb olub.
Xarici ticarət dövriyyəsi
ümumi inkişafı əks etdirən mühüm
makroiqtisadi göstəricilərdən biri olmaqla
yanaşı, eyni zamanda, ixracın və idxalın cəmidir.
2009-cu ildən muxtar respublikanın xarici ticarət dövriyyəsində
müsbət saldo qeydə alınıb, ixracın həcmi
idxalı üstələyib. Həmin dövrdə xarici
ticarət dövriyyəsinin 51 faizini ixrac, 49 faizini isə
idxal təşkil edib.
Ötən illər ərzində muxtar
respublikada tikinti-quruculuq işləri geniş vüsət
alıb, nəhəng istehsal müəssisələri,
çoxsaylı yaşayış binaları, səhiyyə, mədəniyyət,
təhsil obyektləri tikilib istifadəyə verilib.
Tikinti-quruculuq işləri aparılarkən müasirliklə
milliliyin vəhdəti əsas götürülüb. Bütün bunların nəticəsidir ki,
Naxçıvan şəhərində, rayon mərkəzlərində
və kəndlərdə aparılan geniş tikinti-quruculuq,
abadlaşdırma işləri, yolların və körpülərin
tikintisi yaşayış məntəqələrinin
simasını tamamilə dəyişib, gözəlləşdirib.
Təkcə ötən il 13 kənd və 14 xidmət mərkəzi
tikilərək və ya yenidən qurularaq istifadəyə
verilib.
Cari ildə də bu işlər davam etdirilib. Belə ki, quruculuq tədbirləri
çərçivəsində 2017-ci ilin yanvar-mart
aylarında bütün maliyyə mənbələrindən əsas
kapitala 192 milyon 60 min 900 manat həcmində investisiya yönəldilib.
İnvestisiya qoyuluşlarının 178 milyon 160 min manatı və
ya 92,8 faizi tikinti-quraşdırma işlərində
istifadə edilib.
Dövlət
başçısı İlham Əliyev bu il
yanvarın 11-də Naxçıvana sayca 13-cü səfərində
muxtar respublikada aparılan quruculuq işlərini yüksək
qiymətləndirib. Azərbaycan Prezidenti deyib: “Çox
şadam ki, Naxçıvan uğurla, sürətlə
inkişaf edir, böyük quruculuq, abadlıq işləri
aparılır. Son illər ərzində
Naxçıvan böyük inkişaf yolu keçmişdir.
Naxçıvan şəhərinin
abadlaşdırılması, gözəlləşdirilməsi,
infrastruktur layihələrinin icrası, bütün şəhər
və kəndlərin abadlaşması prosesi onu göstərir
ki, respublika möhkəm ayaqda dayanıb. Hesab
edirəm ki, bu gün Naxçıvan Muxtar
Respublikasının çiçəklənmə
dövrüdür. Çünki
bütün istiqamətlər üzrə işlər
uğurla gedir və gözəl nəticələr var”.
Bəli, bu gün Naxçıvan Muxtar Respublikası
çiçəklənmə dövrünü
yaşayır. Qazanılan nəticələr bir daha deməyə
əsas verir ki, muxtar respublikada ulu öndər Heydər
Əliyevin siyasi xətti uğurla, sədaqətlə, inamla
davam etdirilir. Bugünkü Naxçıvan məhz dahi şəxsiyyətin
arzularındakı Naxçıvandır. Gündən-günə
çiçəklənən, inkişaf edən,
abadlaşan, dosta qürur, fəxarət bəxş edən,
düşmənə gözdağı olan Naxçıvan.
Bunu reallaşdıranlar isə ümummilli lider Heydər
Əliyevin nurlu yoluna, dövlətçilik ideyalarına sədaqətli
olan, xalqa, doğma Vətənə xidməti həyat idealına
çevirən vətənpərvər, fədakar
naxçıvanlılardır.
Rauf Kəgərli
Səs.-
2017.- 13 may.- S.7