Azərbaycan Cümhuriyyəti- 100 il
Bu il Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının
99 ili tamam olur. İstiqlal Bəyannaməsinin elan edildiyi 1918-ci ilin 28 may tarixi dövlət
müstəqilliyinin bərpa
edilməsi günü
hazırda Respublika Günü kimi qeyd edilir.
Ölkə Prezidenti
İlham Əliyev bu günlərdə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik
yubileyinin dövlət
səviyyəsində keçirilməsi
ilə bağlı Sərəncam imzalayıb.
Sərəncamda qeyd olunur ki,
1918-ci il may ayının 28-də Azərbaycanın
müstəqilliyini bəyan
edən İstiqlal Bəyannaməsi qəbul edildi: "Yeni qurulan Azərbaycan Xalq Cümhuriyyəti öz üzərinə götürdüyü çətin
tarixi vəzifəni imkanlarının ən son həddində çalışaraq, şərəflə
yerinə yetirdi. Azərbaycanın ilk Parlamenti
və Hökuməti,
Dövlət Aparatı
təşkil edildi, ölkənin sərhədləri
müəyyənləşdirildi, bayrağı, himni və gerbi yaradıldı,
ana dili dövlət dili elan edildi, dövlət
quruculuğu sahəsində
ciddi tədbirlər həyata keçirildi. Ölkənin ərazi bütövlüyü və milli təhlükəsizliyi təmin
edildi, qısa müddətdə yüksək
döyüş qabiliyyətli
hərbi hissələr
yaradıldı, milli tələblərə və
demokratik prinsiplərə
uyğun dövlət
orqanları quruldu, maarifin və mədəniyyətin inkişafına
xüsusi diqqət yetirildi, Azərbaycanın
ilk universiteti təsis olundu, təhsil milliləşdirildi,
xalqın sonrakı illərdə mədəni
yüksəlişi üçün
zəmin hazırlayan,
ictimai fikir tarixi baxımından müstəsna əhəmiyyətli
işlər görüldü".
Sözügedən Sərəncamda vurğulanır
ki, Azərbaycan xalqı ötən dövr ərzində milli dövlətçilik
atributlarının bir
çoxunu qoruyub-saxlaya
bildi: "Ümummilli
Lider Heydər Əliyevin respublikada uğurla gerçəkləşdirdiyi
siyasət xalqımızın
tarixi-mədəni yaddaşını
özünə qaytararaq,
milli mənlik şüurunu inkişaf etdirdi,
azərbaycançılıq məfkurəsi işığında
müstəqillik arzularının
güclənməsi və
yaxın gələcəkdə
yenidən həqiqətə
çevrilməsinə zəmin
yaratdı. 1991-ci ildə
müstəqilliyinin bərpasına
nail olarkən müasir Azərbaycan Respublikası özünün
qədim dövlətçilik
ənənələrinə sadiq qaldığını
göstərdi, Xalq Cümhuriyyətinin siyasi və mənəvi varisi olmaqla onun üçrəngli bayrağını, gerbini
və himnini qəbul etdi. Xalqımız Cümhuriyyətin
istiqlalını dünyaya
yaydığı 28 May
Gününü həmin
vaxtdan Respublika Günü olaraq təntənə ilə qeyd edir".
Müstəqilliyimiz əbədidir, dönməzdir,
sarsılmazdır!
Belə bir
deyim vardır: müstəqilliyi qoruyub-saxlamaq
onu qazanmaqdan daha çətindir. Tarixi gedişat sübut edir ki, bu, həqiqətən,
belədir. XX əsr ərzində Azərbaycan
iki dəfə müstəqillik imkanı
qazandı. 1918-ci il 28
may tarixi ilə qurulan Azərbaycan Xalq Cumhüriyyəti cəmi
23 ay yaşaya bildi. Mövcud şərait, xarici müdaxilə və daxili çəkişmlər
AXC-nin süqutu ilə nəticələndi.
Yalnız bundan 70 il sonra Azərbaycan yeni bir müstəqillik
imkanı qazandı.
1980-ci illərin sonu,
90-cı illərin əvvəllərindən
etibarən SSRİ daxilində
cərəyan edən
hadisələr Azərbaycana
öz milli müstəqilliyini yenidən
bərpa etmək imkanı qazandırdı.
1991-ci il oktyabrın
18-də Azərbaycan
Respublikası Ali Sovetinin sessiyasında
"Azərbaycanın dövlət
müstəqilliyi haqqında
Konstitusiya Aktı"nın
qəbulu ilə Azərbaycan ikinci dəfə öz dövlət müstəqilliyini
elan etdi. Lakin ilk vaxtlar
bu sənəd, sadəcə, kağız
rolunu oynayırdı.
Ömrü qısa
olmasına rəğmən,
23 ay ərzində çox böyük işlər görülmüş
və parlamentdə dövlət quruculuğu ilə bağlı ciddi qərarlar qəbul olunmuşdu.
XX əsrin sonlarında qurulan Azərbaycan Respublikası,
bu baxımdan, dediklərimizə əyani
sübutdur. Əgər
Ulu Öndərimiz Heydər Əliyev xalqın təkidli tələbi ilə
1993-cü il iyun ayının 15-də yenidən
hakimiyyətə qayıtmasaydı,
indi qurduğumuz respublikanın da ömrü uzun olmaya bilərdi. Ümummilli Liderimiz Heydər Əliyev yenidən
hakimiyyətə qayıdışı
ilə Azərbaycanın
müstəqil dövlətçilik
ənənələrinin inkişaf
etdirilməsi, möhkəmləndirilməsi
və onun dünya dövlətləri
sırasında öz
layiqli yerlərindən
birini tutması sahəsində yeni bir mərhələ başlandı, milli ideologiyamızın əks olunduğu dövlətçilik konsepsiyası
hazırlandı. Hansı
ki, bu gün də
Azərbaycan bu konsepsiyanın üzərində
inkişaf edir, yeni-yeni uğurlara imza atır. Ulu Öndərin də qeyd etdiyi
kimi, "Müstəqilliyimiz
dönməzdir, əbədidir,
sarsılmazdır!"
Bu gün biz əminliklə deyə bilərik ki, Ümummilli Liderimizin qurduğu dövləti ölkə başçısı
İlham Əliyev də qoruyub-saxlayır və bunun nəticəsində
dünyanın rəngarəng
siyasi xəritəsində
Azərbaycan xüsusi
yerə sahibidir. İmzalanan Sərəncam
da, məhz bu müstəqilliyimizin bu gün də qorunub-saxlanıldığının,
əbədi, sarsılmaz
olduğunun, Azərbaycanın
dövlətçilik ənənələrinin
indi də yaşadığının göstəricisidir.
RƏFİQƏ KAMALQIZI
Səs.-
2017.- 20 may.- S.7
.