Şərqin ilk demokratik respublikası
Bu gün
Şərqin ilk demokratik respublikası - Azərbaycan Xalq Cümhuriyyətinin yaranma
tarixindən 99 il ötür. Qürur gətirəcək bu hadisə Azərbaycanın
tarixidir. Bu tarixdə Azərbaycan Xalq Cümhuriyyəti istiqlaliyyətimizi elan edərək, xalqımızın
müstəqillik əzmini
nümayiş etdirdi.
Azərbaycan Xalq Cümhuriyyəti gərgin və mürəkkəb ictimai-siyasi
şəraitdə cəmi
23 ay fəaliyyət göstərsə də, sonrakı nəsillərin
yaddaşında xalqımızın
tarixinin ən parlaq səhifələrindən
biri kimi əbədi yer tutub. Belə ki, 1918-ci il mayın 28-də Şərqdə
qurulan ilk demokratik respublika - Azərbaycan Xalq Cümhuriyyəti 23 aylıq
fəaliyyəti ərzində
bir çox sahələrdə həyata
keçirdiyi islahatlarla
Azərbaycan tarixində
mühüm bir mərhələnin əsasını
qoydu. Yeni qurulan Azərbaycan Xalq Cümhuriyyəti üzərinə götürdüyü
çətin tarixi vəzifəni imkanlarının
ən son həddində çalışaraq,
şərəflə yerinə
yetirdi. Azərbaycanın ilk Parlamenti
və Hökuməti,
dövlət aparatı
təşkil edildi, ölkənin sərhədləri
müəyyənləşdirildi, bayrağı, himni və gerbi yaradıldı,
ana dili dövlət dili elan edildi, dövlət
quruculuğu sahəsində
ciddi tədbirlər həyata keçirildi.
XX əsrin əvvəlində
Azərbaycan dövlətinin
xarici siyasət prinsipləri formalaşdı
və bu prinsiplər dostluq və əməkdaşlığa
söykəndi. Bunlar Azərbaycan
Milli Şurasının
qəbul etdiyi İstiqlaliyyət Bəyannaməsində
də əksini tapdı. Azərbaycan Xalq Cümhuriyyəti təcavüzə məruz
qaldığı üçün
qarşıya qoyduğu
məqsədlərə tam
müvəffəq ola
bilmədən süquta
uğrasa da, onun şüurlarda bərqərar etdiyi müstəqillik ideyası unudulmadı. Azərbaycan Xalq Cümhuriyyəti ilk dəfə olaraq Azərbaycan adlı müstəqil dövlətin
əsasını qoydu.
Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yarandığı
bu şərəfli tarix ölkəmizdə 28
May Respublika Günü kimi qeyd edilir.
"...AZƏRBAYCANIN
DÖVLƏT MÜSTƏQİLLİYİNİN
MÖHKƏMLƏNDİRİLMƏSİ MƏNİM
ÜÇÜN VƏ BİLİRƏM Kİ, HƏR BİR
AZƏRBAYCAN VƏTƏNDAŞI ÜÇÜN ƏN
BAŞLICA VƏZİFƏDİR, ƏN BAŞLICA
MƏQSƏDDİR".
XX əsrin
90-cı illərində, Azərbaycanda
da daxil olmaqla, bütün İttifaq respublikalarında
başlanan və Sovet İttifaqının dağılması ilə
nəticələnən milli
azadlıq hərəkatı
ilə Azərbaycan ikinci dəfə öz müstəqilliyinə
qovuşdu. 71 il sonra 1991-ci il oktyabrın 18-də dövlət
müstəqilliyini bərpa
edən Azərbaycanın
müstəqilliyi yenə
təhlükə qarşısında
idi. Yalnız Ümummilli Liderin xalqın təkidli istəyinə səs verərək, hakimiyyətə
qayıdışı Azərbaycanın
müstəqilliyini əbədi
və dönməz etdi. Ulu Öndər
Heydər Əliyevin hakimiyyətə qayıdışı
ilə separatçıların
ölkəni parçalamaq
kimi məkrli niyyətlərinə son qoyuldu. Dövlət çevrilişi cəhdlərinin
və terror aktlarının qarşısı
alındı. Müstəqil
Azərbaycanın Yeni
Konstitusiyası qəbul
olundu. Azad və demokratik şəraitdə prezident,
parlament və bələdiyyə seçkiləri
keçirildi. Ölkədə
demokratik dəyişikliklər
aparıldı. Hüquq-mühafizə
və məhkəmə
sistemi yenidən quruldu.
Ulu Öndər Heydər
Əliyevin şah əsəri olan müasir müstəqil Azərbaycan dövləti
sürətli inkişaf
yoluna qədəm qoydu. Ümummilli Lider Heydər Əliyev müstəqilliyi
ən böyük sərvət, ən böyük dəyər kimi qiymətləndirirdi:
"Müstəqilliyi əldə
etmək onu qoruyub-saxlamaqdan və möhkəmləndirməkdən daha asandır. Bu gün Azərbaycan,
sözün əsl mənasında, müstəqil
ölkədir, biz həm daxildə, həm də xaricdə müstəqil siyasət aparırıq.
...Bizim siyasətimiz Azərbaycan xalqının
maraqlarına xidmət
göstərir. Azərbaycan xalqının
maraqlarının qorunması,
Azərbaycan dövlətinin
möhkəmləndirilməsi, Azərbaycanın dövlət
müstəqilliyinin möhkəmləndirilməsi
mənim üçün
və bilirəm ki, hər bir
Azərbaycan vətəndaşı
üçün ən
başlıca vəzifədir,
ən başlıca
məqsəddir".
AZƏRBAYCAN RESPUBLİKASINDA DEMOKRATİK,
HÜQUQİ, DÜNYƏVİ DÖVLƏT,
VƏTƏNDAŞ CƏMİYYƏTİ QURUCULUĞU
PROSESİ UĞURLA DAVAM ETDİRİLİR
Ulu Öndər Heydər
Əliyevin siyasətini
uğurla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycanın
beynəlxalq nüfuzunun
möhkəmləndirilməsinə, beynəlxalq təşkilatlarda
səmərəli fəaliyyətə,
dünya ölkələri
ilə ikitərəfli
və çoxtərəfli
platformada əməkdaşlıq
əlaqələrini
qurulmasına nail oldu. Azərbaycan Prezidenti İlham Əliyev milli mənafelərlə bağlı
problemlərin həllində
həssas və fəal yanaşma nümayiş etdirdi. Azərbaycan dünyanın
maraq dairəsinə əbədi daxil oldu və geosiyasi
platformada ölkəmiz
güc və nüfuz sahibinə çevrildi.
Bu gün
möhtərəm Prezidentimiz
İlham Əliyevin rəhbərliyi altında
Azərbaycan Respublikasında
demokratik, hüquqi, dünyəvi dövlət,
vətəndaş cəmiyyəti
quruculuğu prosesi uğurla davam etdirilir. Bu sahədə
qazanılmış nailiyyətlər
qürur doğurur. Respublikamızda siyasi, iqtisadi və sosial islahatlar uğurla həyata keçirilir, ölkə iqtisadiyyatı inkişaf etdirilir, əhalinin sosial müdafiəsinin gücləndirilməsi üçün
təsirli tədbirlər
görülür. Bu gün
Azərbaycan, yerləşdiyi
bölgədə əsas
inkişaf məkanı
olmaqla, nəhəng infrastruktur layihələrini
icra edir, heç bir regional layihə Azərbaycanın iştirakı
olmadan reallaşmır,
ölkəmiz Avropanın
enerji təhlükəsizliyində
son dərəcə vacib faktora çevrilib.
Beləliklə, Azərbaycanda
bütün istiqamətlərdə
böyük inkişafın
müşahidə olunması,
ölkəmizin bölgədə
və dünyada mövqelərini gücləndirməsi
ilə müşayiət
olunur. Müstəqilliyimizin və ideoloji
dayaqlarımızın daha
da möhkəmləndirilməsinin,
vətəndaş həmrəyliyinin
bərqərar olmasının
təməlində isə
Azərbaycan dövlətinin
milli maraqlarının
qorunması, tarixi irsə bağlılıq
kimi müqəddəs prinsip dayanır.
BU GÜN ÖLKƏMİZ ÇAĞDAŞ
DÜNYAMIZI NARAHAT EDƏN HUMANİTAR
MƏSƏLƏLƏRİN MÜZAKİRƏ OLUNDUĞU,
SİVİLİZASİYALARARASI DİALOQUN
KEÇİRİLDİYİ MƏKANA ÇEVRİLİB
Xalqımız 28 May Respublika Gününü hər il təntənə ilə qeyd edir.
Təsadüfi deyil ki, ölkə başçısı,
möhtərəm Prezidentimiz
Cənab İlham Əliyev 16 may 2017-ci il tarixdə imzaladığı Sərəncamla
Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının
100 illik yubileyinin dövlət səviyyəsində
geniş qeyd edilməsini qərara almışdır.
Bu gün Prezident
İlham Əliyevin rəhbərliyi altında
ölkəmizin dinamik
inkişafı, sürətli
tərəqqisi, həyata
keçirilən əzəmətli
layihələr, Azərbaycanın
hərtərəfli yeniləşməsi,
modernləşməsi, vətənimizi
dünyaya yeni formada təqdim etməyə imkan yaradan müsbət dəyişikliklər
hər birimizi sevindirir və qürurlandırır.
Azərbaycan həm də Olimpiya hərəkatının
geniş vüsət aldığı idman ölkəsidir. Təqdirəlayiq
haldır ki, respublikamızın davamlı
inkişafı idmanı
da əhatə edib və ötən
illər ərzində
ölkəmizin idman infrastrukturu tamamilə yenidən qurulub. Bunun nəticəsi olaraq, son illərdə ölkəmizdə idmanın
əksər növləri
üzrə dünya və Avropa çempionatları, "Bakı-2015" I Avropa Oyunları keçirilib. 2017-ci il may ayının 12-22 tarixlərində isə Azərbaycan daha bir mötəbər beynəlxalq idman tədbirinə - "Bakı-2017" IV İslam Həmrəyliyi
Oynlarına yüksək səviyyədə
ev sahibliyi edərək, tarix yazdı. İslamiadanın
yarışları, sözün
həqiqi mənasında,
əsl idman və həmrəylik bayramına çevrildi, maraqlı və parlaq qələbələrlə
yadda qaldı.
"Bakı-2017"də iştirak edən ölkələr arasında Azərbaycan
75 qızıl medalla birinci oldu.
"BU GÜN AZƏRBAYCANIN HƏR BİR
YERİNDƏ DÖVLƏT BAYRAĞI DALĞALANIR"
Böyük çətinliklə əldə
olunan azadlığı
və müstəqilliyi
qoruyub- saxlamaqda hər bir Azərbaycan
vətəndaşı məsuliyyətlidir.
Azərbaycan dövlətinin
bayrağı daim dalğalanmalıdır. Azərbaycan
Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bizim
bayrağımız qürur
mənbəyimizdir, canımızdır,
ürəyimizdir: "Bu
gün Azərbaycanın
hər bir yerində dövlət bayrağı dalğalanır...
Bizim bayrağımız
Dağlıq Qarabağda,
Xankəndində, Şuşada
dalğalanacaq. O günü
biz hər an öz işimizlə
yaxınlaşdırmalıyıq və yaxınlaşdırırıq.
Eşq olsun Azərbaycan bayrağına!
Yaşasın Azərbaycan!"
Azərbaycanın müstəqilliyi əbədidir
və üçrəngli
bayrağımız bir
daha enməyəcək,
daim uca zirvələrdə dalğalanacaqdır.
Artıq 26 ildir
ki, müstəqilliyimizin
bəhrələrini görürük.
28 May Azərbaycan Respublikasının müstəqillik
arzularının gerçəkləşdiyi
gün olaraq hər zaman xatırlanır və dövlət bayramı kimi qeyd olunur.
Nəzakət ƏLƏDDİNQIZI
Səs.-
2017.- 27 may.- S.6