Qaradağ rayonunda məcburi
köçkün ailələri üçün
yaşayış kompleksinin təməli qoyulub
Azərbaycanın Birinci
vitse-prezidenti Mehriban Əliyeva mərasimdə iştirak edib
Mayın 30-da Bakı şəhərinin
Qaradağ rayonunun Lökbatan qəsəbəsinin
şimal-şərqində Lökbatan-Qobu yolunun 3 kilometr şərq
hissəsində məcburi köçkünlər
üçün salınacaq yeni müasir yaşayış
kompleksinin təməlqoyma mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan
Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban
Əliyeva mərasimdə iştirak edib.
Baş nazirin müavini,
Qaçqınların və Məcburi Köçkünlərin
İşləri üzrə Dövlət Komitəsinin sədri
Əli Həsənov yaşayış kompleksinin baş
planı, burada inşa olunacaq məktəb və uşaq
bağçasının planı ilə tanış olan Azərbaycanın
Birinci vitse-prezidenti Mehriban Əliyevaya məlumat verdi ki,
yaşayış kompleksinin tikinti layihəsi üzrə hər
biri 2 bloklu, 9 mərtəbəli 11 yaşayış
binasının inşası nəzərdə tutulub.
Yaşayış binalarında ümumilikdə 1026 mənzil
olacaq. Binalardakı mənzillərin ümumu sahəsi 73 min
kvadratmetrdir. Mənzillər 1, 2, 3 və 4 otaqdan ibarət
olacaq. Bütün mənzillər təmir edilərək və
mətbəx mebeli ilə təchiz olunaraq istifadəyə
veriləcək. Yeni yaşayış kompleksində hazırda
qəzalı binalarda məskunlaşmış 1026 məcburi
köçkün ailəsi mənzillə təmin olunacaq.
Yaşayış kompleksinə, həmçinin 624 şagird
yerlik üçmərtəbəli məktəb binası və
220 yerlik uşaq bağçası, tibb məntəqəsi
daxildir. Ərazidə istirahət parkı salınacaq, uşaq
meydançaları yaradılacaq.
Prezident İlham Əliyevin Azərbaycanın
ərazi bütövlüyünün təmin olunması
istiqamətində həyata keçirdiyi tədbirlər,
qaçqın və məcburi köçkünlərin həyat
şəraitinin yaxşılaşdırılması
üçün görülən işlər bu kateqoriyadan
olan soydaşlarımızın hər zaman diqqət və
qayğısı ilə əhatə olunduğunu göstərir.
Qaçqın və məcburi
köçkünlərin müvəqqəti
yaşayış yerləri və çadırlardan müasir
tələblər səviyyəsində inşa edilən qəsəbələrə
köçürülməsi dövlətin bu insanlara
göstərdiyi diqqətin təzahürüdür.
Qaçqın və məcburi köçkünlərin maddi
rifahının yaxşılaşdırılması
üçün dövlət proqramları qəbul edilib,
sosial müavinətlərin artırılması istiqamətində
mühüm tədbirlər görülüb.
Bu istiqamətdə atılan
mühüm addımlardan biri də martın 9-da Birinci
vitse-prezident Mehriban Əliyevanın sədrliyi ilə Bakı
və Sumqayıt şəhərlərinin yataqxanalarında
müvəqqəti məskunlaşmış qaçqın və
məcburi köçkün ailələrinin
köçürülməsinə həsr edilən müşavirənin
keçirilməsi oldu. Mehriban Əliyeva
müşavirədəki çıxışında
vurğuladı ki, görülən işlərlə
yanaşı, hələ də ağır vəziyyətdə,
qəzalı və yararsız binalarda kifayət qədər
çox məcburi köçkün ailəsi yaşayır və
bu istiqamətdə işlərin sürətləndirilməsi
üçün təxirəsalınmaz addımlar
atılmalıdır. Birinci vitse-prezident bildirdi ki, Bakı və
Sumqayıt şəhərlərində yararsız, qəzalı
binalarda yaşayan bütün köçkün ailələri
tezliklə yeni mənzillərə köçürülməlidir.
Mehriban Əliyeva Qaradağ rayonunda məcburi
köçkünlər üçün yaşayış
kompleksinin təməlini qoydu.
Azərbaycanın Birinci vitse-prezidenti məcburi
köçkünlər üçün yaşayış
kompleksinin təməlqoyma mərasimində
çıxış etdi.
Birinci
vitse-prezident Mehriban Əliyevanın
çıxışı
-
Xanımlar və cənablar, hörmətli tədbir
iştirakçıları.
Bu gün biz qaçqın və məcburi
köçkünlərin yaşayış şəraitini
yaxşılaşdırmaq məqsədilə Qaradağ
rayonunda yeni yaşayış kompleksinin təməlini qoyduq. Artıq 20 ildən
çoxdur ki, 1 milyondan artıq azərbaycanlı Ermənistanın
hərbi təcavüzü və işğalından əziyyət
çəkir. Soydaşlarımızın
üzləşdiyi problemlər Azərbaycan dövlətinin
diqqət mərkəzindədir. Müstəqilliyimizin
ilk illərindən bu istiqamətdə həyata keçirilən
tədbirlər, atılan addımlar dövlət siyasətinin
əsas istiqamətlərindən biridir. Öz
doğma torpaqlarından didərgin düşmüş
soydaşlarımızın yaşayış şəraitinin
yaxşılaşdırılması, işlə, təhsillə,
tibbi və digər xidmətlə təmin edilməsi
üçün 2004-cü ildə Dövlət Proqramı qəbul
olunmuş, 2007-ci və 2011-ci illərdə bu proqrama əlavələr
təsdiqlənmişdir. Ümumiyyətlə,
bu istiqamətdə həyata keçirilən tədbirlərin
icrası üçün 6 milyard manatdan çox vəsait
ayrılmışdır.
Hələ
2003-cü ildə Azərbaycan Respublikasının Prezidenti cənab
İlham Əliyev seçkiqabağı vədlərində
bildirmişdi ki, Azərbaycanda mövcud olan bütün
çadır şəhərcikləri 5 il ərzində ləğv
ediləcək və biz buna nail olduq, hətta 5 il yox, 4 il ərzində
nail olduq. Son çadır şəhərciyi
2007-ci ildə ləğv olundu və çadır şəhərciklərində
ağır şəraitdə yaşayan insanlar qaçqın
və məcburi köçkün ailələri
üçün inşa olunmuş 100-dək müasir
yaşayış qəsəbəsinə
köçürüldülər. Ümumilikdə,
bu, 50 min ailənin, 250 mindən çox insanın
yaşayış şəraitinin
yaxşılaşdırılması, yeni mənzillə təmin
olunması demək idi.
Son 13 ildə
400 mindən çox qaçqın və məcburi
köçkün yeni iş yeri ilə təmin olunub. Hər bir qəsəbədə məktəblər,
uşaq bağçaları salınıb. Ali və orta
ixtisas təhsili ocaqlarında ödənişli formada təhsil
alan qaçqın və məcburi
köçkünlər təhsil haqqı ödəməkdən
azad olunmuşlar. Bu gün də dövlət tərəfindən
həyata keçirilən bir sıra proqramlar,
özünüməşğulluq, regionlarda ictimai işlərə
aid yerlərin açılması məhz bu məqsədə,
əhalimizin bu təbəqəsinin sosial problemlərinin həllinə
yönəldilib və bir çox sosial problemlər öz həllini
tapmaqdadır.
Ümumiyyətlə, Azərbaycan dövlətinin bu sahədə
təcrübəsi - həm çadır şəhərciklərinin
ləğvi, həm də demək olar ki, humanitar faciənin
qarşısının alınması çox nadir bir təcrübədir. Bu təcrübə
bütün beynəlxalq təşkilatlar tərəfindən
çox yüksək qiymətləndirilir. Bu sahədə hələ də öz həllini
tapmayan problemlər mövcuddur. Bakı və
Sumqayıt şəhərlərində yararsız, qəzalı
vəziyyətdə olan binalarda hələ də minlərlə
insan yaşayır. Qaçqın və məcburi
köçkün ailələrinin əksəriyyəti
müvəqqəti məskunlaşdıqları bu ictimai
binalarda, uşaq bağçalarında, pansionatlarda, tikintisi
bitməmiş binalarda çox ağır vəziyyətdə
yaşayırlar. Bu ilin mart ayında məhz
bu problemə - qaçqın və məcburi
köçkün ailələrinin Bakı və Sumqayıt
şəhərlərində qəzalı binalardan
köçürülməsinə həsr olunmuş
müşavirə keçirilmiş, bütün lazımi
tapşırıqlar verilmişdir. Birinci mərhələdə
ən qəzalı binalarda yaşayan 4 min ailənin
köçürülməsi üçün tədbirlər
planı hazırlanmışdır. Hazırda
bu plana uyğun olaraq Abşeron rayonunun Masazır qəsəbəsində
3 bina, Sabunçu rayonunun Ramana qəsəbəsində 1 bina
inşa olunur. Sumqayıt şəhərində
qaçqın və məcburi köçkün ailələri
üçün artıq 5 binanın tikintisi başlayıb və
digər 5 binanın inşası üçün yer
ayrılıb, yaxın zamanda tikinti işləri başlayacaq.
Bununla yanaşı, həm Bakı şəhərində,
həm də Sumqayıtda artıq tikilmiş hazır binalarda
həmin məqsəd üçün dövlət tərəfindən
mənzillər alınır.
Bu gün təqdim etdiyimiz layihə, təməlini
qoyduğumuz müasir yaşayış kompleksi ölkəmizin
özəl sektorunun bu nəcib işə töhfəsidir. Burada, Qaradağ rayonunda 6
hektardan çox ərazidə yeni yaşayış kompleksi
yaradılacaq, ümumilikdə, 1026 ailə üçün
onbirmərtəbəli 9 bina inşa olunacaq. Qəsəbənin
bütün lazımi infrastrukturu olacaq, 220 nəfərlik
uşaq bağçası, 624 şagird yerlik orta məktəb
binası tikiləcək. Əminəm ki, çox
yaxın gələcəkdə - 1 il ərzində
insanların rahat yaşaması üçün burada yeni bir
qəsəbə salınacaq.
Hesab edirəm, çox gözəl haldır ki, dövlətlə
yanaşı, biznes strukturları da, sahibkarlar da ölkəmiz
üçün çox vacib olan bu məsələyə,
soydaşlarımızın yaşayış şəraitinin
yaxşılaşmasına biganə yanaşmayıblar və
öz dəstəyini verməyə hazırdırlar. Mən
çox şadam ki, bu təşəbbüsə artıq bir
sıra şirkətlər qoşulub. Mən bu şirkətlərin
adlarını sadalamaq istərdim – “Kristal Abşeron” 5 mənzil
təmin edib, “Azercell Telekom” - 2 mənzil, “Kontakt Home”
mağazalar şəbəkəsi - 1 mənzil, “Sədərək”
ticarət mərkəzi - 1 mənzil, “Retro Holdinq” - 164 mənzil,
“Askorp” - 1 mənzil, “Azinşaat N” - 3 mənzil, “Dərhal” MTK
- 50 mənzil, “Xəzər” MTK - 2 mənzil, “Araz-2011 A” - 3 mənzil,
“Vesta Konstrakşn” - 2 mənzil, “Paşa İnşaat” şirkəti
təməlini qoyduğumuz yaşayış kompleksində
inşa olunan - 1022 mənzil. Mən
soydaşlarımızın problemlərinə biganə
qalmayan, dəstək verən bu şirkətlərin rəhbərlərinə
dərin minnətdarlığımı
çatdırıram. Hesab edirəm ki, bu,
çox yüksək qiymətə layiq olan təşəbbüsdür
və fürsətdən istifadə edərək Azərbaycanda
fəaliyyət göstərən digər şirkətləri,
digər sahibkarları bu təşəbbüsü dəstəkləməyə
və ona qatılmağa dəvət edirəm. Bu, şübhəsiz ki, Azərbaycan xalqına xas
olan xeyriyyəçilik ənənələrinin
davamıdır, eyni zamanda, bu, xalqımızın həmrəyliyinin,
dövlətimizin gücünün və
inkişafının təzahürüdür. Bizim bütün işlərimizin mərkəzində,
təməlində Azərbaycan vətəndaşı durur.
Bizim məqsədimiz güclü və
inkişaf etmiş dövlət qurmaq, hər bir Azərbaycan vətəndaşının
rahat yaşamasına nail olmaqdır.
Şübhəsiz ki, hər bir azərbaycanlının ən
böyük arzusu ölkəmizin ərazi
bütövlüyünün bərpa olunması,
torpaqlarımızın işğaldan azad edilməsidir. Mən
inanıram ki, Ermənistan-Azərbaycan, Dağlıq
Qarabağ münaqişəsi öz ədalətli həllini
tapacaq və soydaşlarımız doğma torpaqlarına
qayıdacaqlar. İşğaldan azad olunan
torpaqlarda Azərbaycan dövləti bütün lazımi
infrastrukturu quracaq, şəhərlərimizi, qəsəbələrimizi
bərpa edəcək. Bir daha deyirəm ki,
bizim əziz soydaşlarımız öz doğma
torpaqlarına qayıdacaqlar. Buna heç bir şübhə
ola bilməz.
Çox gözəl haldır ki, bu gün dövlət
qurumları ilə bərabər, özəl sektor, biznes
strukturları da bu təşəbbüsə qoşulur. Bir daha qeyd
edirəm ki, Azərbaycan dövləti bu sahədə
böyük uğurlar əldə edib. Bir
çox beynəlxalq təşkilatlar Azərbaycanı
nümunə göstərir. Baxmayaraq ki,
müstəqilliyimiz bərpa olunandan sonra ölkəmiz ilk illəri
çox ağır vəziyyətdə yaşayırdı.
Amma biz bu humanitar faciənin qarşısını
ardıcıl surətdə almağa nail olduq. İndi
qarşımızda duran əsas məqsəd ilk mərhələdə
4 min ailəni yeni mənzillərlə təmin etmək, qəzalı,
yararsız binalardan köçürməkdir. Əminəm ki, biz buna birlikdə nail
olacağıq.
Mən sizin hər birinizi mübarək Ramazan
ayının başlanması münasibətilə təbrik
edirəm, Azərbaycan xalqına sülh və əmin-amanlıq
arzulayıram.
Çox sağ olun.
X X X
Baş
nazirin müavini, Qaçqınların və Məcburi
Köçkünlərin İşləri üzrə
Dövlət Komitəsinin sədri Əli HƏSƏNOV
çıxış edərək dedi:
-Xanım Birinci vitse-prezident.
Hörmətli tədbir iştirakçıları.
İcazə
verin, Azərbaycan Respublikasının Prezidenti möhtərəm
cənab İlham Əliyevin rəhbərliyi ilə və
çox hörmətli Mehriban xanım, şəxsən Sizin
mükəmməl təşkilatçılıq və idarəçiliyiniz
sayəsində mütəşəkkil səviyyədə
keçirilən, Azərbaycanın idman tarixinə yeni qələbələr
bəxş edən, hazırkı təlatümlü zamanda
bütün İslam ölkələri üçün həmrəylik
kimi qəbul edilən IV İslam Həmrəyliyi
Oyunlarının uğurla başa çatması münasibətilə
Sizi səmimi qəlbdən təbrik edim.
Hörmətli Mehriban xanım, Birinci vitse-prezident kimi Siz
ilk müşavirəni Bakı və Sumqayıt şəhərlərində
qəzalı binalarda ağır şəraitdə yaşayan
4 min məcburi köçkün ailəsinin mənzil şəraitinin
yaxşılaşdırılmasına həsr etdiniz. Verdiyiniz
tapşırıqlara əsasən, müşavirədən dərhal
sonra bu istiqamətdə genişmiqyaslı işlərə
başlanıldı. Bu gün 1026 məcburi
köçkün ailəsi üçün yaşayış
kompleksinin təməlinin qoyulması da bu işlərin
davamıdır.
Bundan əlavə, Heydər Əliyev Fondunun müraciətinə
əsasən özəl təşkilatlardan 210 mənzil
ayrılıb və hazırda onlarda son tamamlama işləri həyata
keçirilir.
Həmçinin Qaçqınların və Məcburi
Köçkünlərin İşləri üzrə
Dövlət Komitəsi tərəfindən 260 ailəlik
dörd yaşayış binasının tikintisi sürətlə
davam etdirilir və cari ilin iyul ayında başa
çatdırılacaq.
İlk müşavirədən sonra minlərlə məcburi
köçkün bizə müraciət edərək
onların minnətdarlığını Sizə çatdırmağı
xahiş etdilər. Bu gün fürsətdən istifadə edərək,
bu xoş missiyanı yerinə yetirir, onların dərin
hörmət və ehtiramını Sizə bildirirəm.
Hörmətli Mehriban xanım,
yaşadığımız dövr çox çətin,
kritik, təlatümlü hadisələrlə zəngindir. Bir faktı nəzərinizə
çatdırım ki, əgər 30 il əvvəl dünyada
30 milyon qaçqın və məcburi köçkün, 25
münaqişə zonası var idisə, bu gün dünyada
qaçqın, məcburi köçkünlərin sayı 65
milyonu keçib və münaqişəli zonaların sayı
isə 70-ə qədərdir.
Hesab edirik ki, bu münaqişələr hegemon dövlətlər
tərəfindən öz siyasi və iqtisadi məqsədlərinə
nail olmaq üçün müxtəlif bölgələrdə
bilərəkdən yaradılır. Bu dövlətlərin
məqsədi yeni coğrafi ərazilərə, təbii sərvətlərə,
xüsusən enerji resurslarına sahib çıxmaq,
regionların idarəçiliyinə nəzarət etməkdir.
Nəticədə kiçik dövlətlər,
xalqlar və günahsız insanlar əziyyət çəkir.
Bu problemləri yaradanlar isə dünyaya
demokratiya dərsi keçir və insan hüquqlarının
qorunmasından danışırlar.
Azərbaycan Prezidenti və Siz daim sülhsevər siyasət
yeridir, ölkələri həmişə həmrəyliyə
dəvət edir, öz xalqına xidmətlə bütün
dünyaya nümunə göstərirsiniz.
Dünyanın super dövləti olan ABŞ-ın yeni
seçilmiş Prezidenti Donald Trampın Azərbaycan Prezidenti
İlham Əliyevə Respublika Günü münasibətilə
bu günlərdə ünvanladığı təbrik məktubundan
bir cümləni vurğulamaq yerinə düşərdi. O qeyd edib ki, “həm ölkələrimiz,
həm də dünya üçün daha gözəl gələcək
naminə Sizinlə fəal tərəfdaşımız kimi
işləməyi səbirsizliklə gözləyirəm”. Bu,
məhz ölkə Prezidentinin və Sizin
xalq üçün gördüyünüz işlərə
beynəlxalq ictimaiyyət tərəfindən verilən ən
yüksək qiymətdir. Ancaq ən layiqli qiyməti
Azərbaycan xalqı verib.
Azərbaycan Prezidenti dəfələrlə qeyd edib ki,
bizim əsas vəzifəmiz, məqsədimiz xalqımıza
xidmət etməkdir. Son 13 ildə öz tarixi yurdlarından didərgin
düşmüş soydaşlarımız üçün
95 qəsəbənin tikilməsi, 250 min nəfərin mənzillə
təmin edilməsi bu xidmətin əyani sübutudur.
Ulu
öndər Heydər Əliyev tərəfindən əsası
qoyulan, möhtərəm Prezidentimiz İlham Əliyev və
Sizin tərəfinizdən uğurla davam etdirilən bu siyasətin
dünyada analoqu yoxdur və dünyanın heç bir
münaqişə zonasında, həmçinin bütün
Avropa ölkələrində qaçqın və məcburi
köçkünlərə belə qayğı yoxdur. Məhz buna görə də qaçqın və məcburi
köçkünlərimizin ölkə
başçısına və Sizə olan tükənməz
inamlarının da dünyada analoqu yoxdur.
Kaş belə münasibəti qaçqın və məcburi
köçkün problemi ilə guya məşğul olan
dövlətlərdə, beynəlxalq qurumlarda və təşkilatlarda
görə biləydik. Buna görə də əminliklə
deyirik ki, Azərbaycan xalqının, o cümlədən
bütün qaçqın və məcburi
köçkünlərin inam və ümid yeri yalnız
möhtərəm Prezidentimiz İlham Əliyevdir və
Sizsiniz. Hesab edirəm ki, Prezidentimizin və
Sizin öz xalqına, qaçqın və məcburi
köçkünlərə xidmətiniz, qayğınız
biz məmurlar üçün ən yaxşı nümunədir.
Hörmətli
Mehriban xanım, bugünkü tədbirdə ölkəmizdəki
iş adamlarını bu məsələyə cəlb etməklə
yeni ənənənin əsasını qoyursunuz. Necə ki, cənab Prezident dünyanı iqtisadi
böhran bürüyən, neftin qiyməti sürətlə
aşağı düşən zaman vəziyyətdən
çıxış yolu üçün Ulu Öndərin
1970-ci illərdəki təcrübəsinə müraciət
edərək kənd təsərrüfatının, qeyri-neft
sektorunun inkişafını ön plana çəkdi. Bütün bunlar onu göstərir ki, ölkəmizdə
ehtiyat potensial hələ çoxdur və mövcud problemlərin
həllində belə imkanlardan səmərəli istifadə
etmək olar.
Hesab
edirik ki, burada iştirak edən və digər imkanlı
iş adamlarımız bu çağırışa
qoşularaq, məcburi köçkünlərin vəziyyətini
yaxşılaşdırmaq üçün öz
imkanlarını əsirgəməyəcəklər.
Məlumat
üçün bildirim ki, bu il Tərtər
rayonunda 1170 məcburi köçkün ailəsi
üçün bütün zəruri sosial infrastruktura malik
yeni qəsəbə tikilir. 2016-cı ilin aprel
döyüşləri zamanı Ali Baş Komandan İlham
Əliyevin rəhbərliyi ilə ordumuz tərəfindən Lələtəpə
yüksəkliyinin azad edilməsindən sonra Cəbrayıl
rayonunun işğaldan azad olunmuş Cocuq Mərcanlı kəndində
yaşayışın bərpa edilməsi üçün
imkan yarandı. Prezident İlham Əliyev tərəfindən
kənddə birinci mərhələdə 50 fərdi
yaşayış evinin, məktəb binasının,
müvafiq infrastrukturun tikintisi, yolun çəkilişi ilə
bağlı sərəncamlar imzalandı. Eyni zamanda, Şuşa məscidinin oxşarı olan məscidin
tikintisi ilə bağlı tapşırıq verildi.
Bütün bu tikinti işləri son 2 ay müddətində
başa çatdırılıb və yaxın günlərdə
qəsəbənin açılış mərasimindən
sonra Cocuq Mərcanlı sakinlərinin öz evlərinə
qayıdışı təmin ediləcək. Bu,
Böyük Qayıdışın
başlanğıcıdır. Aprel zəfəri
isə Azərbaycan Ordusunun hərb tarixində şanlı səhifədir.
Bu gün daha bir yeni yaşayış kompleksinin təməli
qoyulur. Məcburi köçkünlər yaxşı bilirlər
və bunu dəfələrlə xarici qonaqlara da qətiyyətlə
bildiriblər ki, inşa edilən bu yeni qəsəbələr
onların müvəqqəti məskunlaşma yerləridir.
Məcburi köçkünlər yaxşı
şəraitdə yaşamağa layiqdirlər. Çünki onlar həmişə bütün
ictimai-siyasi proseslərdə dövlətçilik
mövqeyindən çıxış edib, ulu öndər
Heydər Əliyevə, cənab Prezidentə və Sizə
öz sadiqliyini daim nümayiş etdiriblər.
Ölkə Prezidenti cənab İlham Əliyevi və
şəxsən Sizi tam əmin edirəm ki, bundan sonra da verəcəyiniz
hər bir tapşırıq, o cümlədən məcburi
köçkünlərlə bağlı göstərişləriniz
vaxtında, sürətlə və keyfiyyətlə icra
olunacaq.
Diqqətinizə görə təşəkkür edirəm.
X X X
Sonra
“Paşa İnşaat” şirkətinin layihə rəhbəri
Kamil ƏLİYEV çıxış edərək dedi:
- Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsi nəticəsində
doğma yurdlarından qovularaq qaçqın və məcburi
köçkünə çevrilən
soydaşlarımıza dövlətimiz tərəfindən
daim diqqət göstərilir. Bu istiqamətdə
həyata keçirilən dövlət siyasəti, müvafiq
proqramların qəbulu və onların icrası göz
qabağındadır.
Azərbaycan dövləti məcburi köçkünlərin
yaşayış səviyyəsinin
yaxşılaşdırılması və onların məşğulluğunun
artırılması üçün çox böyük
işlər görür. Son 13 ildə 400 min
qaçqın və məcburi köçkün işlə
təmin edilib. Ödənişli formada təhsil alan məcburi köçkünlər təhsil
haqqını ödəməkdən azad olunublar. Qaçqın və məcburi köçkünlər
üçün 100-dək müasir yaşayış kompleksi
salınıb, 250 min məcburi köçkün yeni mənzillə
təmin olunub. Bütün bunlar dövlətimizin
və şəxsən Azərbaycan Respublikasının
Prezidenti cənab İlham Əliyevin qaçqın və məcburi
köçkünlərə olan diqqət və
qayğısının əyani göstəricisidir.
Hörmətli
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım
Mehriban Əliyeva, bu ilin mart ayında Sizin sədrliyinizlə
keçirilmiş müşavirə Bakı və Sumqayıt
şəhərlərinin yataqxanalarında müvəqqəti
məskunlaşmış qaçqın və məcburi
köçkün ailələrinin köçürülməsinə
həsr olunmuşdu. Azərbaycan xalqının xeyriyyəçilik
ənənələrinin davam etdirilməsi ilə bağlı
Sizin fikirlərinizi rəhbər tutaraq “Paşa İnşaat”
şirkəti dövlətimiz tərəfindən
qaçqın və məcburi köçkünlərin
yaşayış şəraitinin
yaxşılaşdırılması istiqamətində
görülən işlərə öz töhfəsini verməyi
qərara aldı.
X X X
Şuşa rayonundan məcburi köçkün Vəsilə
XƏLİLOVA çıxış edərək bildirdi ki,
qaçqın və məcburi köçkünlərin
sosial problemlərinin həlli hər zaman dövlətin sosial
siyasətinin əsas prioritetlərindən olub. Prezident İlham Əliyevlə
yanaşı, Heydər Əliyev Fondunun prezidenti Mehriban
Əliyevanın da bu kateqoriyadan olan insanların sosial problemlərini
hər zaman diqqət mərkəzində
saxladığını vurğulayan Vəsilə Xəlilova
dedi:
-Sizin rəhbərliyinizlə
Heydər Əliyev Fondunun “Təhsilə dəstək” layihəsi
çərçivəsində məcburi köçkünlərimiz
üçün müasir tipli məktəblərin tikilməsində,
təmir olunmasında, orada təhsil alacaq şagirdlər
üçün kompüter otaqlarının, zəngin fənn
kabinetlərinin, məktəb ləvazimatları ilə təmin
olunmasında misilsiz xidmətləriniz var. Bütün bu
xeyirxah işlərlə bərabər, münaqişənin
dünya ictimaiyyətinə çatdırılmasında Heydər
Əliyev Fondunun, şəxsən Sizin, Fondun vitse-prezidenti
Leyla xanım Əliyevanın zəhməti danılmazdır. Leyla xanımın rəhbərlik etdiyi “Xocalıya ədalət!”
kampaniyası Qarabağ həqiqətlərinin beynəlxalq
ictimaiyyətə çatdırılmasında mühüm
rol oynayıb.
Dövlətimizin
başçısı İlham Əliyevin Prezident kimi ilk
imzaladığı sərəncamlardan birinin qaçqın və
məcburi köçkünlərin həyat şəraitinin
yaxşılaşdırılmasına, məşğulluğunun
artırılmasına həsr olunduğunu, Birinci vitse-prezident
kimi Mehriban Əliyevanın ilk müşavirəsini məhz məcburi
köçkünlərin sosial problemlərinin həllinə
yönəltdiyini deyən Vəsilə Xəlilova bunun minlərlə
insanın mənzillərlə təmin edilməsinə,
onların ağrı-acılarına bir məlhəm
olduğunu diqqətə çatdırdı. “Dünyanın
heç bir yerində məcburi köçkünlər
üçün bu qədər yeni mənzillər tikilib
istifadəyə verilməyib”, - deyən Vəsilə Xəlilova
hər zaman dövlət qayğısı ilə əhatə
edilən iş adamlarını bu xeyirxah təşəbbüsə
qoşulmağa dəvət edərək bildirdi:
- Biz həyatın
ağrı-acısını görmüş,
doğmalarını, əzizlərini itirmiş həssas təbəqəyik.
Bu illər ərzində daim dövlətimizin göstərdiyi
diqqət və qayğı bizi hər an
ruhlandırıb, gələcəyə nikbin baxmaq
üçün qüvvət verib. Bunun təzahürüdür
ki, mən də dövlətimizin bu diqqət və
qayğısından ruhlanaraq öz dissertasiya işimin tədqiqat
obyekti kimi məhz məcburi köçkünlərin məşğulluq
imkanlarının yaxşılaşdırılması istiqamətini
seçmişəm. Hər dəfə bu
sahəni tədqiq etdikcə məcburi köçkünlərin
arxasında güclü dövlət dəstəyi olduğunun
bir daha şahidi oluram. Son 13 ildə 400 mindən çox
məcburi köçkünün yeni iş yerləri ilə
təmin olunması da buna bariz nümunədir.
Vəsilə Xəlilova görülən xeyirxah işlərə
görə bütün məcburi köçkünlər
adından Prezident İlham Əliyevə və birinci xanım
Mehriban Əliyevaya minnətdarlığını bildirdi.
Səs.-
2017.- 31 may.- S.3-4.