Xalqın say-seçmə ziyalılarını zaman özü tarixləşdirir

Bu gün şərqşunas alim , pedaqoq , filologiya elmləri doktoru, professor Aida İmanquliyevanın doğum günüdür.

 

 Oktyabrın 10-da dünya şərqşünaslığı tarixində xüsusi yeri olan görkəmli alim, professor Aida İmanquliyevanın anadan olmasının 78-ci ildönümü tamam olur.

Aida İmanquliyeva çağdaş ərəb ədəbiyyatının tədqiqində yeni bir səhifə, yeni bir yol açıb. O, ərəb məhcər ədəbiyyatının beynəlxalq miqyasda ən görkəmli, ən sanballı tədqiqatçısı kimi tanınır. Bunu nəinki Azərbaycan və keçmiş sovet ərəbşünasları, hətta Avropa şərqşünasları belə etiraf edirlər.

1962-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU-nun) şərqşünaslıq fakültəsini bitirən Aida İmanquliyeva 1966-cı ildə namizədlik, 1989-cu ildə doktorluq dissertasiyası müdafiə edib. Sonralar Azərbaycan Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunda kiçik elmi işçi vəzifəsindən bu elm ocağının direktoru vəzifəsinədək yüksəlib. O, keçmiş SSRİ-də Şərqşünaslıq Cəmiyyəti rəyasət heyətinin, Şərq Ədəbiyyatının Tədqiqi üzrə Əlaqələndirmə Şurasının üzvü idi. Uzun illər pedaqoji fəaliyyətlə də məşğul olan Aida xanım Sovet İttifaqında və Azərbaycanda yeni ərəb ədəbiyyatı kursunun əsas yaradıcılarından biri olub, yüksəkixtisaslı ərəbşünas kadrların hazırlanmasına mühüm töhfələr verib.

Akademik Ziya Bünyadov görkəmli şərqşünasın elmi-pedaqoji fəaliyyətinin bu cəhətini xüsusi vurğulayaraq qeyd edirdi ki, Aida xanım həmişə öz dərin elmi biliyini gənc alimaspirantlarla bölüşür, onlardan öz köməyini heç vaxt əsirgəmirdi. Aida İmanquliyevanı tanıyanlar onun son dərəcə zəhmətkeş və özünə qarşı həddindən artıq tələbkar bir alim olduğunu yaxşı bilirdilər. Aida xanımın qələmindən çıxan hər bir əsər gərgin, böyük bir zəhmətin nəticəsidir. Bütün bu deyilənlərin arxasında yüksək insani keyfiyyətlərə malik, təvazökar, mehriban, xeyirxah, gözəl, xanım-xatın bir Azərbaycan qadını və ana obrazı dururdu. Bu keyfiyyətləri ona bütün həmkarlarının ehtiramını və məhəbbətini qazandırmışdı.

Aida xanımın elmi fəaliyyətinin əhatə dairəsi geniş və çoxşaxəli idi. Onun əsərlərində Qərb və Şərq mədəni ənənələrinin sintezi, yaradıcılıq üslubunun inkişafı və yeni bədii cərəyanların təşəkkül tapması tədqiq olunub. Bu da nəinki ərəb ədəbiyyatının, həmçinin bütün yeni Şərq ədəbiyyatının gələcəkdə tədqiqi üçün çox mühüm zəmin yaradır.

Bu gün ərəb Şərqi ilə geniş əlaqələr yarandığı bir vaxtda, bu ölkələrin həyatının hər bir sahəsi ilə daha yaxından tanış olmaq zərurəti yaranır və bu baxımdan Aida İmanquliyevanın elmi əsərlərinin özünəməxsus yeri və əhəmiyyəti var.

Üç monoqrafiya (“Mixail Nuaymə və “Qələmlər birliyi”, Moskva, 1975; “Cübran Xəlil Cübran”, Bakı, 1975; “Yeni ərəb ədəbiyyatının korifeyləri”, Bakı, 1991) və 70-dən artıq elmi məqalənin müəllifi olan Aida İmanquliyeva Şərq filologiyası sahəsində yazılmış bir çox elmi əsərlərin redaktoru olub.

Aida xanımın doğulduğu, böyüdüyü və gəlin gəldiyi hər iki ailənin Azərbaycan xalqının ədəbi-mədəni fikrində öz yeri var. Belə bir mühit onun ədəbi-elmi yaradıcılıqla dərindən məşğul olması üçün mənəvi zəmin yaradıb. Belə ki, atası Nəsir İmanquliyev Azərbaycanın çox məşhur mətbuat nümayəndələrindən biri idi. Nəsir müəllim uzun illər “Bakı” və “Bakuaxşam qəzetlərinin redaktoru işləmişdi. Aida xanım görkəmli Azərbaycan yazıçısı, alimpedaqoq Mir Cəlal Paşayevin ocağına gəlin köçmüşdü.

Boya-başa çatdığı mötəbər ziyalı mühitinin təsirinin nəticəsidir ki, akademik Cəmil Quliyevin dediyi kimi, Aida xanımın həyat və yaradıcılığı milli ziyalı qadınlar içərisində bənzərsizliyi, yüksək dəyərli xüsusiyyətləri ilə seçilirdi. Azərbaycanın XX yüzillikdə ən mühüm nailiyyətlərindən biri ictimai-siyasi, mədəni həyatın bütün sahələrində öz sözünü deyə bilən müasir Azərbaycan qadınının formalaşmasıdır. Əgər xalqımızın XX əsrdə yetişdirdiyi ən layiqli qadınların siyahısı tərtib edilsə, yəqin ki, bu siyahıda yer alanlardan biri Aida xanım İmanquliyeva olardı.

Bu gün Aida xanım aramızda olmasa da, xatirəsi ürəklərdə yaşayır, əsərləri ərəbşünaslıqda dəyərli mənbə olaraq qalır.

 

Zümrüd

Səs.- 2017.- 10 oktyabr.- S.6.