Azərbaycan şərqşünaslığının
parlaq siması
Nadir istedada malik
elə şəxsiyyətlər
var ki, onların
elmə gətirdiyi yenilik və çəkdikləri zəhmətin
tam həcmi zaman və elmi
təfəkkür inkişaf
edib zənginləşdikcə
dərk edilir. İstedadlı alim, ictimai xadim, gözəl qadın və ana olan
Aida İmanquliyeva belə alimlərdən, məhz belə şəxsiyyətlərdəndir.
Bu gün
XX əsrdə Azərbaycanın
dünya elminə bəxş etdiyi görkəmli simalardan biri - şərqşünas-alim,
pedaqoq, filologiya elmləri doktoru, professor Aida İmanquliyevanın xatirə
günüdür.
Aida İmanquliyeva
1939-cu il oktyabrın
10-da Bakı şəhərində
ziyalı ailəsində
dünyaya göz açıb. Görkəmli
jurnalist, pedaqoq, əməkdar elm xadimi olan atası
Nəsir İmanquliyev
Azərbaycan mətbuatının
bünövrəsini qoyanlardan
biri olmuş və uzun müddət
“Bakı” və “Baku” qazetlərinin baş redaktoru işləmişdir.
Aida İmanquliyeva Bakıda
132 saylı orta məktəbi qızıl
medalla bitirdikdən sonra 1957-1962-ci illərdə
Azərbaycan Dövlət
Universitetinin Şərqşünaslıq
fakültəsinin ərəb
dili şöbəsində
təhsil alıb.
1966-cı ildə Moskvada
SSRİ Elmlər Akademiyasının
Şərqşünaslıq İnstitutunda ərəb filologiyası üzrə aspiranturanı bitirdikdən sonra Azərbaycan Elmlər Akademiyasının
Yaxın və Orta Şərq Xalqları İnstitutunda kiçik elmi işçi, daha sonra baş elmi işçi
(1966-1976), ərəb filologiyası
şöbəsinin müdiri
(1976-1988), elmi işlər
üzrə direktor müavini (1988-1991) vəzifəsini
icra edən Aida xanım 1991-ci ildən həmin institutda direktor vəzifəsində çalışmışdır. 1976-1988-ci illərdə institutun ərəb filologiyası şöbəsinə rəhbərlik
etdiyi müddətdə
10 nəfər ərəbşünas
namizədlik dissertasiyalarını
müdafiə edərək,
filologiya elmləri namizədi alimlik dərəcəsinə yiyələnib.
Şərqşünaslıq İnstitutunun elmi, ictimai-siyasi həyatında yaxından iştirak
edən Aida İmanquliyeva işgüzar
fəaliyyətinə görə,
1988-ci ildə institutun
elmi işlər üzrə direktor müavini vəzifəsinə
təyin olunmuş, bir il sonra
isə uzun illər üzərində
işlədiyi doktorluq
dissertasiyasını müdafiə
edərək, filologiya
elmləri doktoru adına layiq görülmüşdür.
Beləliklə, Azərbaycanda
ərəb ədəbiyyatı
üzrə ilk elmlər doktoru, ilk professor - qadın olan Aida İmanquliyeva elmi işlərlə yanaşı, pedaqoji fəaliyyətlə də
məşğul olub.
O, Azərbaycan Dövlət
Universitetin şərqşünaslıq
fakültəsində ərəb
ədəbiyyatından dərs
deyirdi. Elə məhz buna görə də SSRİ Nazirlər Soveti yanında fəaliyyət göstərən Ali Attestasiya Komissiyasının
qərarı ilə ona “Xarici Asiya
və Afrika xalqları ədəbiyyatı”
ixtisası üzrə,
1991-ci ilin mart ayında professor elmi rütbəsi verilmişdir.
A.İmanquliyeva 1970-ci illərdə Azərbayca Dövlət Universitetinin Şərqşünaslıq fakültəsində
ərəb dili müəllimi, filologiya elmləri namizədi M.Qarayevlə birlikdə “İnsan və quş” adlı hekayələr məcmuəsini
çap etdirir. Bundan əlavə, “Ərəb filologiyası” şöbəsinin
əməkdaşlarının tərcüməsində İraq
yazıçılarının əsərlərindən ibarət
kiçik bir antalogiyanın tərcüməsində
və çapında
da Aida xanımın
gərgin əməyini
xüsusi qeyd etmək lazımdır.
“Ağ günlərin
sorağında” adlanan
həmin məcmuədə
Aida xanımın tərcüməsində İraq
yazıçısı Mahmud
əz-Zahirin “Boğulmuş
hıçqırıqlar” adlı hekayəsi də öz əksini tapıb. Bunlardan əlavə, Aida xanım müxtəlif illərdə
respublikanın nəşriyyat
orqanları tərəfindən
ərəb ədəbiyyatı
ilə bağlı çap olunmuş bir çox kitaba ön söz yazmış, xeyli sayda kitabın
elmi redaktoru olmuşdur.
Aida İmanquliyevanın çoxsaylı elmi əsərlərində (3 monoqrafiya
(“Mixail Nuayme və “Qələmlər birliyi”, “Cubran Xəlil Cubran”, “Yeni ərəb ədəbiyyatının korifeyləri”)
və 70-dən artıq
elmi məqalə) Qərb və Şərq mədəni ənənələrinin sintezi,
yaradıcı üslubun
inkişafı və yeni bədii cərəyanların təşəkkül
tapması tədqiq olunur ki, bu
da, nəinki ərəb ədəbiyyatının,
həmçinin, bütün
yeni Şərq ədəbiyyatlarının gələcəkdə
tədqiqi üçün
çox mühüm zəmin yaradır. Aida xanım yalnız yaradıcılığı ilə
deyil, həm də təşkilatçılıq
bacarığı, rəhbərlik
fəaliyyəti ilə
öz həyatının
missiyasına - yaşadığı
mühit və rejim çərçivəsində
Azərbaycan milli özünüdərkinin qorunub-saxlanılması
və inkişafı idealına sadiq qalmışdır. İstedadlı gənc alim 1967-ci ilin martında Moskvada namizədlik dissertasiyasını
uğurla müdafiə
edib filologiya elmləri namizədi alimlik dərəcəsini
aldıqdan sonra elmi fəaliyyətini Azərbaycan EA-nın Yaxın və Orta Şərq Xalqları İnstitutunda davam etdirmişdir.
1964-cü ildə “Mixail Nüaymə və XIX əsr qabaqcıl rus ədəbiyyatı” adlı
ilk mətbu məqaləsi “Azərbaycan”
jurnalında dərc olunmuşdur. O, Livan yazıçısı M.Nüaymənin
bir neçə hekayəsini ərəb dilindən rus dilinə tərcümə
edərək, 1979-cu ildə
Moskvada “Vostoçnı
almanax” jurnalında çap etdirmişdir. Müasir ərəb ədəbiyyatının aktual
problemləri və rus-ərəb ədəbi
əlaqələri haqqında
məqalələri dövri
mətbuatda - toplularda
və elmi-kütləvi
məcmuələrdə müntəzəm
çap olunmuşdur.
Aida İmanquliyeva 1971-1973 və 1979-1981-ci illərdə
Azərbaycan Elmlər
Akademiyasının Şərqşünaslıq
İnstitutunun nəşr
etdirdiyi “Ərəb filologiyası məsələləri”
məcmuəsinin tərtibçisi
və redaktoru vəzifəsində çalışıb.
“Şərq şairləri
Lenin və Sovetlər ölkəsi haqqında”(1970), “Böyük
Oktyabr və Şərq xalqlarının milli azadlıq
mübarizəsi” (1977), “Sovet
Azərbaycanı və
xarici Şərq”
(1980), “Yaxın Şərq
xalqlarının müasir
ədəbiyyatında tərəqqi
və ictimai ədalət uğrunda mübarizə problemi”
(1982), “Yaxın və
Orta Şərqdə milli azadlıq hərəkatı məsələləri”
(1985), “Şərq filologiyası məsələləri” (1986-1987), “Yaxın Şərq xalqları ədəbiyyatı imperializmə
qarşı mübarizədə”
(1987), “Xarici Şərqin
problemləri: tarix və müasirlik” (1988), “Şərq ədəbiyyatında
ənənə və
novatorluq” (1988) məqalələr
məcmuələrinin redaksiya
heyətinin üzvlərindən,
müəlliflərindən və redaktorlarından biri olmuşdur. İctimai işlərdə
fəal çalışmışdır.
A.İmanquliyeva 1987-ci ildə Ümumittifaq Şərqşünaslar Cəmiyyəti
Rəyasət Heyətinin
üzvü və
1983-cü ildən etibarən
sözügedən cəmiyyətin
Azərbaycan bölməsi
sədrinin müavini olmuşdur. Moskva, Bakı, Düşənbə,
Hamburq, Kiyev, Sankt-Peterburq, Poltava, Tbilisi və digər şəhərlərdə
keçirilən Şərq
problemlərinə həsr
olunmuş beynəlxalq
konfranslarda məruzələrlə
çıxış edib.
Bütün elmi fəaliyyətini
Qərb və Şərq mədəni ənənələrinin sintezi,
yaradıcılıq üslubunun
inkişafı və yeni bədii cərəyanların təşəkkül
tapmasının tədqiqinə
həsr edən Aida xanım özündən sonra çağdaş ərəb
ədəbiyyatının
tədqiqində yeni bir səhifə və yeni bir
yol açıb.
Onun elmi
fəaliyyəti, nəinki
ərəb ədəbiyyatının,
həmçinin, bütün
yeni Şərq ədəbiyyatının gələcəkdə
tədqiqisi üçün
çox mühüm zəmin yaradır.
Aida xanımda
Azərbaycan qadınlarına
xas olan ən nəcib keyfiyyətlər təcəssüm
edirlidi. Onun ömür yolu həyatın, varlığın
əsasında duran mənəvi bağları
qurmağa, tamlığa
və vəhdətə
can atan bir insan idrakının,
bir ana, bir qadın ruhunun təcəssümü
olub. Onun bütün elmi-bədii yaradıcılığı, ictimai
fəaliyyəti də
bütövlüyə və
vəhdətə can atan xarakterin ifadəsi olub. Xalqımızın tarixində ilk
azərbaycanlı qadın
- ərəbşünas - elmlər
doktoru olan bu böyük alim öz həyatını
xalqının tarixinin,
ənənələrinin minillik
dərin köklərlə
bağlı olduğu
Şərq mədəniyyətini
və ədəbiyyatını
öyrənməyə sərf
edib və özünün şəxsiyyəti və
yaradıcılığı timsalında dünənimizlə
bugünümüz arasındakı
əlaqə bağlarını
bərpa etməyə
çalışıb.
Görkəmli ədəbiyyatşünas xanım
A.İmanquliyeva 1992-ci il
sentyabrın 19-da Bakıda
vəfat edib.
ZÜMRÜD
Səs.-
2017.- 19 sentyabr.- S.- 4.