Tanınmış fransız
yazıçısı Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində olub
Ölkəmizdə səfərdə olan fransız yazıçısı, "Beynəlxalq Reyn Dərnəyi"nin prezidenti Jerar Kardon Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində olub.
Azərbaycan Respublikasının Millətlərarası, Multikulturalizm və Dini Məsələlər üzrə Dövlət müşaviri, BBMM-in Himayəçilik Şurasının sədri, akademik Kamal Abdullayev, mərkəzin icraçı direktoru Azad Məmmədov və qurumun aparat rəhbəri Aytən Qəhrəmanın iştirakı ilə keçirilən görüşdə Dövlət müşaviri Azərbaycan multikulturalizmi modeli, ölkəmizdə əsrlərdir mövcud olan multikultural dəyərlər və tolerantlıq ənənələrindən, Prezident İlham Əliyevin Fərmanı ilə 2014-cü ildə təsis edilən BBMM-in fəaliyyəti dövründə və "Multikulturalizm İli"ndə həyata keçirdiyi layihələrdən söz açıb.
Səmimi görüş üçün minnətdarlığını ifadə edən Jerar Kardon Azərbaycan və Fransanın multikultural dəyərlərini müqayisə edib: "Azərbaycanda multikulturalizm əsrlərdir mövcud olan həyat tərzidir, oturuşmuş dəyərlər sistemidir. Azərbaycanın dövlət siyasətində multikulturalizm aparıcı xətt kimi gözə çarpır və bu, çox təqdirəlayiqdir. Fransada multikulturalizm ənənələrinin yaşı gəncdir: son 50 ili əhatə edir. Bizdə multikulturalizm anlayışı, sadəcə olaraq, "birgəyaşayış", yaxud da "birgə yanaşı yaşama" şəklində ifadə olunur."
Jerar Kardon görüş əsnasında qeyd edib ki, ölkəmizə səfərinin məqsədi buranın mədəniyyəti, adət-ənənələri ilə tanış olmaqla yanaşı, Azərbaycan qadınları haqqında kitab yazmaq arzusudur. Qonaq bildirib ki, qadınlarla bağlı belə bir layihəni dünyanın bir sıra ölkələrində gerçəkləşdirib. Bu layihədə məqsəd hər hansı bir ölkəni qadınlar vasitəsilə təqdim etməkdir.
Dövlət müşaviri Jerar Kardonun Azərbaycan qadınları haqqında kitab yazmaq məqsədi ilə ölkəmizə səfər etməsini yüksək dəyərləndirib və qeyd edib ki, müasir Azərbaycan qadınları ailə dəyərlərinə, adət və ənənələrə böyük önəm verir, ictimai-siyasi həyatda fəal iştirak edir, mühüm dövlət vəzifələrində təmsil olunurlar. Görüş zamanı Jerar Kardon Kamal Abdullanın dünyanın bir çox aparıcı dilləri ilə yanaşı, fransız dilinə də tərcümə olunmuş bədii yaradıcılığı ilə tanış olduğunu diqqətə çatdırıb. Yazıçı Kamal Abdulla Jerar Kardonun istəyi ilə onun üçün fransız dilində nəşr edilmiş "Yarımçıq əlyazma" kitabını imzalayıb.
Sonda qonağa
BBMM-in nəşrləri və mərkəzin
hədiyyələri təqdim
olunub.
Nəzakət
Səs.- 2017.- 19 yanvar.- S.13