İnsan hüquqlarının pozulmasına dair
şikayətlərə baxılması
Müvəkkil Azərbaycan Respublikası vətəndaşlarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, hüquqi şəxslərin (bundan sonra "ərizəçi" adlandırılacaq) insan hüquqlarının pozulmasına dair şikayətlərinə baxır.
Şikayəti insan hüquqları pozulmuş şəxsin razılığı ilə üçüncü şəxslər, o cümlədən, qeyri-hökumət təşkilatları verə bilərlər. İnsan hüquqları pozulmuş şəxsin razılığını almaq mümkün olmadıqda (həmin şəxs vəfat etdikdə, fəaliyyət qabiliyyətini itırdikdə və s.), şikayəti üçüncü şəxslər və ya qeyri-hökumət təşkilatları razılıq almadan da verə bilərlər.
Dövlət orqanları müvəkkilə şikayət verə bilməzlər. Şikayət ərizəçinin hüquqlarının pozulduğu və ya ona bu barədə məlum olduğu gündən bir il müddətində verilə bilər.
Cəzaçəkmə müəssisələrində, istintaq təcridxanalarında, müvəqqəti saxlanılma yerlərində saxlanılan şəxslər tərəfindən ünvanlanmış şikayətlər senzuradan keçirilmədən 24 saat müddətində müvəkkilə göndərilməlidir.
İnsan hüquqlarının pozulmasına dair şikayətdə ərizəçinin adı, atasının adı, soyadı, ünvanı göstərilməli, eləcə də, ərizəçinin hüquqlarını pozmuş qərar və ya hərəkətin (hərəkətsizliyin) mahiyyəti, şikayətin tərtibedilmə yeri, vaxtı və ərizəçinin imzası olmalıdır. Şikayətlə bağlı başqa materiallar və ya məhkəmə tərəfindən çıxarılmış qərar olduqda, şikayətə əlavə edilə bilər.
Şikayətdə ərizəçinin adı, atasının adı, soyadı, ünvanı göstərilmədikdə müraciət anonim hesab edilir və həmin şikayətlərə, bu qanunun 9.3-cü maddəsində göstərilən hallar istisna olmaqla, baxılmır.
Anonim şikayətdə göstərilən hallar kifayət qədər sübutlu və əsaslı faktlarla təsdiq edilirsə, həmin şikayətlər müvəkkil tərəfindən baxılmaq üçün qəbul edilə bilər:
Şikayət şifahi verildikdə müvəkkil aparatının işçisi şikayətin məzmununu xüsusi blankda qeyd edir və ərizəçi həmin vərəqi imzalayır.
Ərizəçinin xahişi ilə müvəkkil onun barəsində məlumatları gizli saxlamalıdır.
Ərizəçi tərəfindən insan hüquqlarının pozulmasına dair şikayət daxil olduqda, müvəkkil aşağıdakı qərarlardan birini qəbul edə bilər.
şikayət baxılmaq üçün qəbul edilsın;
şikayətə baxılmasından imtina edilsin.
- Müvəkkil, şikayətə baxılmasından imtina etdiyi halda, ərizəçiyə 10 gün müddətində yazılı şəkildə əsaslandırılmış cavab verir.
Müvəkkil aşağıdakı hallarda şikayətə baxmır:
bu qanunun 8.4-cü maddəsinin tələbləri pozulduqda;
şikayət müvəkkilin səlahiyyətlərinə aid olmadıqda;
bu qanunun 9.3-cü maddəsində göstərilən hallar istisna olmaqla, şikayət anonim olduqda;
şikayətlə bağlı məhkəmə icraatı getdikdə;
təkrar təqdim edilmiş şikayətdə yeni məlumatlar, faktlar və sübutlar olmadıqda.
Müvəkkil insan hüquqlarının pozulmasına dair şikayətdə əks etdirilmiş halların araşdırılması zamanı barəsində şikayət verilən orqanın və ya vəzifəli şəxsin həmin şikayətlə bağlı mülahizələrini öyrənməlidir. 10 gün müddətində mülahizə müvəkkilə təqdim edilməlidir.
İnsan hüquqlarının pozulmasına dair şikayətdə əks etdirilmiş halların araşdırılması zamanı müvəkkilin aşağıdakı hüquqları vardır:
maneəsiz və əvvəlcədən xəbərdarlıq etmədən dövlət hakimiyyəti və yerli özünüidarə orqanlarına, hərbi hissələrə, cəzaçəkmə müəssisələrinə, istintaq təcridxanalarına, müvəqqəti saxlanılma yerlərinə daxil olmaq; cəzaçəkmə müəssisələrində, istintaq təcridxanalarında, müvəqqəti saxlanılma yerlərində saxlanılan şəxslərlə görüşmək və təkbətək söhbət etmək; onların həmin yerlərdə saxlanılmasının qanuniliyini təsdiq edən sənədlərlə tanış olmaq;
dövlət hakimiyyəti və yerli özünüidarə orqanlarından, vəzifəli şəxslərdən zəruri məlumat, sənəd və materialları 10 gün müddətində almaq;
cinayət, mülki və inzibati işlərə dair qanuni qüvvəyə minmiş qərarlarla, həmçinin, cinayət işlərinin başlanmasının rədd edilməsi barədə materiallarla tanış olmaq,
şikayətin araşdırılması zamanı vəzifəli şəxslərdən yazılı arayışlar almaq;
şikayətdə əks etdirilmiş halların yoxlanılması üçün müvafıq orqanlara tapşırıq vermək (yoxlama, qərarından və ya hərəkətindən (hərəkətsizliyindən) şikayət edilən orqana və ya vəzifəli şəxsə tapşırıla bilməz);
müvafiq dövlət orqanları və təşkilatlarına ekspert rəyinin hazırlanmasını tapşırmaq;
dövlət və yerli özünüidarə orqanlarının rəhbərləri və digər vəzifəli şəxsləri, hərbi hissələrin komandirləri, cəzaçəkmə müəssisələrinin, istintaq təcridxanalarının və müvəqqəti saxlanılma yerlərinin rəhbərliyi tərəfındən təxirəsalınmadan qəbul edilmək.
İnsan hüquqları pozulmuş şəxsin razılığı ilə xüsusi ictimai əhəmiyyət kəsb edən hallarda və ya öz hüquqlarını müstəqil şəkildə müdafiə etmək qabiliyyəti olmayan şəxslərin maraqlarına toxunulduğu hallarda müvəkkil öz təşəbbüsü ilə araşdırma apara bilər.
Araşdırma zamanı şikayətdə qeyd olunmayan digər hallar aşkar edilərsə, araşdırma müvəkkilin səlahiyyətlərinə aid olduqda, onun tərəfindən aparılır. Onun səlahiyyətlərinə aid olmadıqda isə, materiallar digər səlahiyyətli dövlət orqanlarına göndərilir.
Şikayətə 30 gün müddətində baxılır. Şikayətə baxmaq üçün əlavə yoxlama aparmaq və ya material tələb etmək zərurəti yarandıqda, müraciətə baxılma müddəti 30 gün də uzadıla bilər. Ərizəçinin yazılı razılığı ilə əlavə yoxlama aparmaq lazım gəldiyi halda, müraciətin baxılma müddəti yenidən uzadıla bilər.
Müvəkkil şikayətə baxılması ilə bağlı görülmüş tədbirlər və nəticələr barədə 5 gün müddətində ərizəçiyə yazılı surətdə məlumat verir.
Müvəkkil şikayətin araşdırılması zamanı insan hüquqlarının pozulması hallarını aşkar etdikdə, aşağıdakı tədbirləri həyata keçirə bilər:
qərar və ya hərəkəti (hərəkətsizliyi) nəticəsində insan hüquqlarını pozmuş dövlət və yerli özünüidarə orqanlarından, vəzifəli şəxslərdən həmin hüquqların bərpasını tələb etmək (müvafıq orqanlar, vəzifəli şəxslər 10 gün müddətində müvəkkilə görülən tədbirlər barədə yazılı surətdə məlumat verməlidirlər. Məlumat verilmədiyi və ya müvəkkilin tələbləri həyata keçirilmədiyi hallarda, müvəkkil həmin təşkilatın yuxarı orqanına və ya digər dövlət orqanlarına müraciət edə bilər.
cinayət əlamətləri aşkar edildikdə, müvafiq orqanlara cinayət işinin başlanması barədə müraciət etmək;
əlavə kassasiya qaydasında şikayət etmək hüququna malik olan subyektlərə müraciət etmək;
qərar və ya hərəkəti (hərəkətsizliyi) nəticəsində insan hüquqlarını pozmuş vəzifəli şəxslərin intizam məsuliyyətinə cəlb edilməsi barədə müvafiq orqanlara təkliflər vermək;
İnsan hüquqlarının pozulması ilə əlaqədar aparılmış yoxlamaların nəticələri ilə kütləvi informasiya vasitələrini tanış etmək;
İnsan hüquqlarının pozulması xüsusi ictimai əhəmiyyət kəsb edən hallarda onların bərpası üçün müvəkkilin səlahiyyətlərində olan təsir imkanları kifayət etmədikdə, Azərbaycan Respublikasının Prezidentinə müraciət etmək, Azərbaycan Respublikasının Milli Məclisi qarşısında məruzə ilə çıxış etmək;
Dövlət və ya yerli özünüidarə orqanının, vəzifəli şəxsin qərarı və ya hərəkəti (hərəkətsizliyi) nəticəsində pozulmuş hüquqların bərpası üçün məhkəməyə müraciət etmək;
Şəxin hüquqları qüvvədə olan normativ aktlarla pozulduqda, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə sorğu ilə müraciət etmək.
Cari il bitdikdən sonra, 2 aydan gec olmayaraq, müvəkkil ölkədə insan hüquqlarının qorunması haqqında Azərbaycan Respublikası Prezidentinə illik məruzə təqdim edir və həmin məruzə ilə Azərbaycan Respublikası Milli Məcilsi qarşısında çıxış edir.
İllik məruzədə insan hüquqlarını pozan müvəkkilin tələbləri ilə hesablaşmayan dövlət və yerli özünüidarə orqanlarının, vəzifəli şəxslərin adları çəkilir və bununla əlaqədvr görülmüş tədbirlər barədə məlumat verilir. Müvəkkilin illik məruzəsində insan hüquqlarının təmin edilməsi ilə əlaqədar ümumi fikir, rəy və tövsiyələr öz əksini tapmalıdır.
İllik məruzə Azərbaycan Respublikasının Nazirlər Kabinetində, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə, Azərbaycan Respublikasının Ali Məhkəməsinə və Azərbaycan Respublikasının baş prokuroruna göndərilir. Məruzə "Azərbaycan" qəzetində və "Azərbaycan Respublikasının qanunvericilik toplusu"nda dərc olunur.
Vahid Ömərov,
fəlsəfə üzrə fəlsəfə doktoru
Səs.-
2017.- 20 yanvar.- S.15