İnsanların və vətəndaşların siyasi hüquq bərabərliyi

Hakimiyyətin ümumi rifah prinsipinə səmim-qəlbdən sadiq olan və ona nailolma yollarını hamıdan yaxşı bilən mütəxəssislərə (Platon onları "keşikçi" adlandırırdı) verilməsi ideyası həmişə demokratiya ideyasının güclü rəqiblərindən olub. Bu ideyanın müdafiəçiləri demokratiyaya onun ən zəif mövqeyindən hücum edir, yəni adi insanların öz-özlərini idarə etmək qabiliyyətlərini tanımaq istəmirlər. Özü də onlar anadangəlmə bərabərlik ideyasını əvvəlki fəsildə nəzərdən keçirdiyimiz    mənada heç də həmişə inkar etmirlər. Platonun təsvir etdiyi "ideal dövlət"də olduğu kimi, "keşikçilər" ümumi rifah ideyasına sadiq ola bilər və onların təbəələrinin və himayələri altında olanların öz maraqlarını müdafiə etmək və öz mənfəətlərini güdməkdə anadangəlmə bərabər hüquqlara malik olmalarını, dolayısı ilə olsa da qəbul edə bilərlər. Onlar, sadəcə olaraq, qalan adamlardan bir şeydə üstündürlər - onlar daha yaxşı bilirlər ki, məhz nələri ümumi rifah saymaq olar və ona çatmağın ən optimal yolları hansılardır.

Robert Dahl yazır: "Bu cür sistemin üstünlüyü - onu şərti olaraq "siyasi qəyyumluq" adlandıraq - analogiyaların, xüsusən, səriştəlilik və təcrübə ilə bağlı bənzətmələrin, məsələn, həkimin sağlamlıq və xəstəlik haqqında bilgiləri, təyyarəçinin sərnişinləri təyinat yerinə necə təhlükəsiz çatdırmaq haqqında bilgiləri ilə hamını üstələmələri kimi analogiyaların köməyilə sübuta yetirilir. Onda  üçün də, fərz etməyək ki, bəzi adamlar dövlətin "sağlam" olması üçün hansı qərarları qəbul etmək lazım olmasından, hökumətin öz yolundan sapmaması və öz məqsədinə - ümumi rifaha çatması üçün hansı vasitələri seçmək məsələsindən bizdən qat-qat yaxşı baş çıxarırlar?

Əlbəttə, demək olmaz ki, bütün insanlar məhz nələrin onların maraqlarına cavab verməsi haqqında eyni dərəcədə ağıllı düşünməyə qabildirlər. Aydındır ki, bu sıradan uşaqlar istisna edilməlidirlər - öz qayğılarını özləri çəkməyi öyrənənə qədər onları yaşlılar (bir qayda olaraq, valideynlər) himayəyə götürür. Bəzən yaşlıların da öz maraqları barədə yanıldıqlarını və öz məqsədlərinə çatmağın ən sərfəli yollarını düzgün qiymətləndirə bilmədiklərini öz ümumi təcrübəmiz əsasında asanca sübuta yetirə bilərik. Axı, həqiqətən də, elə adam varmı ki, keçmişdə atdığı səhv addımlara görə sonralar peşmançılıq çəkməsin? Yəqin siz özünüz də bunu etiraf edərsiniz. Bundan əlavə, çoxumuz bizi maddi bolluğa, firavanlığa, xoşbəxtliyə, sağlamlığa, təmin olunmuş gələcəyə çatdıra biləcək, ya da heç olmasa sağ qalmağımıza kömək edə biləcək qərarların qəbul edilməsində mütəxəssislərin bilik və bacarıqlarına arxalanırıq, özü də yalnız həkimlərin, yaxud dəniz bələdçilərinin deyil, durmadan mürəkkəbləşən cəmiyyətimizdə günbəgün artan çoxsaylı mütəxəssislərin köməyinə əl atırıq. Sual olunur: "Bir halda ki, bu cür vacib işlərdə onların köməyinə bel bağlayırıq, onda dövlətin idarə olunması məsələsində nə üçün də mütəxəssislərə etibar etməyək?!"

Lakin bu dəlillər nə qədər inandırıcı görünsə də, demokratiya ilə müqayisədə "siyasi qəyyumluğ"un xeyrinə olan arqumentlərdəki ciddi qüsurlar hər cür analogiyanı mənasız edir: İkinci dərəcəli müəyyən qərarlar qəbul etmək hüququnu mütəxəssislərə vermək o deməkdir ki, ən mühüm qərarlar üzərində qəti nəzarət hüququnu da onlara güzəşt etmiş olursan. Necə deyərlər, "hər ekspert öz yerini bilməli, burnunu hər yerə soxmamalıdır" ki, mütəxəssislər bir çox mühüm fəaliyyət sahələrində bizdən daha bilgilidir. Həkim düçar olduğumuz xəstəlikdən bizdən yaxşı baş çıxarar, diaqnoz qoyar, xəstəliyin nə dərəcədə ağır keçəcəyini müəyyənləşdirər, ən təsirli müalicə üsulunu təyin edər, bu xəstəliyin, ümumiyyətlə, müalicəyə gəlib-gəlməyəcəyini deyə bilər. Ancaq, bu o demək deyil ki, müalicə olunub-olunmayacağınız barədə qərarı da həkim verməlidir. Sağlam məntiqə uyğun seçim etmək - həkimin tövsiyyələrinə əməl edib-etməmək ixtiyarı öz əlinizdədir. Dövlət idarəetməsində də vəziyyət təxminən bu cürdür: bir var, xalqın seçdiyi hökumət məmurları məsləhət üçün ekspertlərə müraciət etsin, bir də var ki, siyasi elita sizin əvəzinizə qərar çıxarsın ki, siz hansı qanunlara, onun həyata keçirdiyi hansı siyasətə boyun əyməlisiniz. Bunlar ayrı-ayrı şeylərdir.

Bu və ya digər fərdin şəxsən qəbul etdiyi qərarlar hökumətin qəbul etdiyi və hamı üçün məcburi olan qərarlar ilə bərabər əhəmiyyətli deyildir. "Siyasi qəyyumluq" sistemi və demokratiya haqqında mübahisə heç də bunu aydınlaşdırmaq üçün aparılmır ki, biz vətəndaşlar bu və ya digər hallarda ekspertlərə etibar etməliyik, ya etməməliyik. Əsas fikir ayrılığı ondan ibarətdir ki, hökumət qərarlar qəbul edərkən, son və qəti sözü kim deyir. Sizdə tamamilə təbii və məntiqi bir istək yarana bilər ki, hansısa şəxsi məsələlərin həllini, fikrinizcə, bu məsələlərdən daha yaxşı baş çıxaran müəyyən bir adama - həkimə, konsultanta, vəkilə, pilota, nə bilim, daha kimlərəsə etibar edəsiniz. Lakin bundan heç də, belə nəticə çıxmır ki, hakimiyyətin siyasi elitaya - hökumətin mühüm qərarlarına nəzarət edən elitaya verilməsi bu cür məntiqə uyğun və düzgün hərəkət olacaq. Çünki ola bilsin ki, həmin qərarlar zərurət yarandıqda zorun köməyilə həyata keçiriləcək, bunları icra etməyənləri isə həmin o siyasi elita həbsxana, hətta edam cəzası ilə cəzalandırmaq istəyəcək.

Dövləti idarə etmək üçün məhdud ixtisaslı biliklər kifayət deyil, bunun üçün daha çox şey tələb olunur. İdarəetmə "fizika", "kimya", yaxud "təbabət" anlayışının ifadə etdiyi mənada elm sayıla bilməz. Bunun da bir neçə səbəbi var.

Birincisi, siyasi kursa aid bütün qərarlar, istər şəxsi məsələlərin, istərsə də kollektiv məsələlərin həlli olsun, əxlaqi qiymətləndirmə tələb edir. Hökumətin siyasətinin yönəldiyi məqsədlərin (ədalət, bərabərlik, ədalət mühakiməsi, sağlamlıq, xoşbəxtlik, yaşayıb sağ qalmaq, təhlükəsizlik, firavanlıq və sair və ılaxir) əldə olunması barədə qərarlar qəbul etmək - əxlaqi nəticə çıxarmaq deməkdir. Ümumi mənada, götürdükdə, bu, elm sayıla bilməz.

İkincisi, xoş niyyətlər çox vaxt bir-biri ilə ziddiyyətə girir, resurslar isə sonsuz deyil. Demək, siyasətə aid qərarlar onların bir insan və ya hökumət tərəfindən qəbul edilməsindən asılı olmayaraq, demək olar ki, həmişə kompromisin tarazlaşdırılmış son məqsədlərin əldə olunması barədə nəticə çıxarılmasını tələb edir. Məsələn, iqtisadi bərabərlik iqtisadi stimullara fəlakətli təsir göstərir, qocaların pensiya təminatı gənclərin boynuna düşür, hazırkı nəslin tələbatlarının ödənilməsinə sərf olunan xərclər gələcək nəsillərin vəziyyətini pisləşdirə bilər, təbii qoruqların mühafizəsi şaxtaçılar və ağac emalı sənayesi işçiləri üçün yerlərinin azaldılmasına gətirib çıxara bilər. Müxtəlif məqsədlər arasında bərabərliyin zəruriliyi haqqında fikirlər "elmi" mülahizələr sırasına aid oluna bilməz. Təcrübi sübutlar isə, vacib və zəruri olsa da, tam kifayət deyil. Bir yerdə qazanc əldə etmək üçün başqa yerdə nə qədər itki vermək lazım gəldiyini hesablayarkən biz lazım gələndə, sırf elmi biliklərin hüdudları xaricində olan kateqoriyalarla düşünməli oluruq.

Siyasi məsələlərə aid qərarların sırf "elmi" olmayan mülahizələrə ehtiyacının daha bir səbəbi var. Əgər siyasi qərarlarda prinsipcə "birtəhər ötüşmək" mümkün olduğu halda, bu qərarların həyata keçirilməsinin vasitə və üsulları məsələsində, demək olar ki, həmişə qeyri-müəyyənlik və ziddiyyətlər ortaya çıxır. Bundan əlavə, bu və ya digər üsulun məqbulluğu, mümkünlüyü, həyata keçirilməsi vasitələri və ehtimal olunan nəticələri ilə bağlı bəzi mürəkkəb məsələlər ortaya çıxa bilər. Yoxsulluq, işsizlik, evsizlik kimi bəlalarla mübarizənin ən yaxşı vasitə və üsulları hansılardır? Uşaqların mənafelərini daha təsirli şəkildə necə müdafiə etmək və ön plana gətirmək olar? Ölkənin müdafiə qabiliyyətinin təmin edilməsi üçün zəruri büdcə necə olmalıdır? Məncə, elə bir ekspertlər qrupu yoxdur ki (və onu yaratmaq mümkün deyil), indicə sadaladığım kimi sualları konkret cavablandırmaq imkanı verən "elmi" informasiyaya malik olsun.

Dövləti yaxşı idarə edə bilmək üçün təkcə biliklərin olması kifayət deyil. Bunun üçün həm də namuslu olmaq, hakimiyyətin saysız-hesabsız tamahlarına duruş gətirmək bacarığı və qətiyyəti, öz şəxsi və ya dar dəstə maraqlarına deyil, ictimai mənafeyə daimi və təmənnasız sədaqət tələb olunur.

Mütəxəssislər sizin tapşırıqları və qarşıya qoyduğunuz vəzifələri yerinə yetirmək üçün yetərincə hazırlıqlı ola bilərlər, lakin bu, o demək deyil ki, sizi idarə etmək üçün onların yetərincə səriştəsi var. "Siyasi qəyyumluq" ideyasının tərəfdarları bir deyil, iki tezis irəli sürürlər. Onların fikrincə, elə siyasi elita yaratmaq olar ki, onun üzvləri həm yaxşı dövlətin güddüyü məqsədləri, həm də bu məqsədlərə çatmağın ən yaxşı üsullarını bilməkdə başqalarını üstələyirlər.

Bundan əlavə, ictimai rifah ideallarına təmənnasız sədaqətli olduqları üçün dövlətdə ali hakimiyyəti və ölkəni idarə etmək ixtiyarını rahatca onlara etibar etmək olar.

Biz indicə əmin olduq ki, birinci müddəa heç bir inam doğurmur. Hətta onun ədalətli olmasını sübut edə bilsək belə, bununla ikinci müddəanın düzgünlüyünü əsaslandıra bilməyəcəyik. Savad və hakimiyyət ayrı-ayrı şeylərdir. Hakimiyyətin ona nail olmuş insanlara göstərdiyi təsirin mümkün nəticələrini 1887- ci ildə lord Akton aforizm şəklində ifadə etmişdir: "Hakimiyyət insanı pozur, mütləq hakimiyyət isə insanı tamamilə pozur". Bu məşhur deyimdən yüz il öncə, tanınmış ingilis siyasi xadimi, böyük siyasi təcrübəsi olan Uilyam Pitt parlamentdə çıxış edərkən, oxşar fikir söyləmişdi: "Hüdudsuz hakimiyyət ona sahib olanların ruhunu pozmağa qadirdir".

Amerika Konstitusiya Konventinin üzvlərinin - bu cür məsələlərdə kifayət qədər təcrübəsi olan insanların da ümumi rəyi buna oxşar idi. Konventin qocaman nümayəndəsi Bencamin Franklin demişdi: "İnsanın əməllərinə iki ehtiras güclü I təsir edir. Bunlardan biri - şöhrətpərəstlik, digəri isə tamahdır - hakimiyyət və pul şövqüdür". "Bəli, insanlar pulu sevir", - deyə ən gənc nümayəndələrdən biri - Aleksandr Hamilton onun sözünə qüvvət vermişdi. "İnsan təbiəti elədir ki, hakimiyyəti  ələ keçirən kimi hökmən onun hüdudlarını genişləndirmək istəyir"- deyə ən təcrübəli və nüfuzlu nümayəndələrdən olan Corc Meyson da bu fikri dəstəkləmişdir.

Dövləti idarə etmək səlahiyyətinin verildiyi hakim elitanın üzvləri ilk illərdə nə qədər müdrik və ləyaqətli olsalar da, bir müddətdən, yaxud bir neçə nəsildən sonra onlarda bu hakimiyyətdən sui-istifadə etmək meyili oyanır. Əgər bəşər tarixi nəyisə öyrətməyə qadirdirsə, ondan heç olmasa bir ibrət dərsi götürmək faydalı olardı: korrupsiya və klançılıq vasitəsilə, şəxsi və qrup maraqlarına yolvermə vasitəsilə, sayəsində dövlətin hər cür tənqidi boğa biləcəyi məcburiyyət hüququndan sui-istifadə etmək yolu ilə, öz vətəndaşlarının hesabına varlanmaq və zor tətbiq etməklə, onların itaətkarlığına nail olmaq - son nəticədə, bütün bunlar "qəyyumların" despota çevrilməsinə gətirib çıxara bilə.

 

Vahid Ömərov, fəlsəfə üzrə fəlsəfə doktoru

Səs.- 2017.- 28 yanvar.S.12