Azərbaycanda insan hüquq
və azadlıqlarının müdafiəsi və Avropa Şurası
Azərbaycanın Avropa məkanına daxil olmasının tarixi XX əsrə gedib çıxır və Şərq ölkəsi olan Şərq ənənələrinin hakim olduğu Azərbaycanı XIX əsrdən sonra Rusiya vasitəsilə Qərb-Avropa mədəniyyəti də daxil olmağa başladı. Ulu Öndər Heydər Əliyevin təbirincə desək, "Azərbaycan son onilliklərdə deyil, tarixin son iki əsri ərzində ardıcıl olaraq Avropaya, Qərb mədəniyyətinə, ümumbəşəri dəyərlərə can atmışdır.
Azərbaycanın Avropadan, Qərbdən əxz etdiyi dəyərlər arasında demokratiya, vətəndaş cəmiyyətilə yanaşı, hüquqi dövlət ideyasını da xüsusi qeyd etmək olar. Professor S.Xəlilov düzgün olaraq göstərir ki, Azərbaycanın XXI əsrə, məhz bir Avropa ölkəsi kimi qədəm qoyması siyasi-iqtisadi və kulturoloji aspektlərdə həyata keçən inteqrasiya proseslərinin qanunauyğun nəticəsi idi: "Azərbaycan, həqiqətən də, hüquqi dövlət quruculuğu istiqamətində ciddi addımlar atmış, Avropanın ictimai-siyasi və hüquqi dəyərlər sistemini, əsasən, qəbul etmişdir. Demokratiya, plüralizm, söz və mətbuat azadlığı, insan hüquqlarının qorunması, yeni iqtisadi münasibətlər, azad rəqabət və s. ideyaların Azərbaycanda gerçəkləşməsi bizim Avropa ölkəsi kimi təsbit olunmağımıza əsas verdi. Bizim Avropadan ancaq keçmiş coğrafi təsəvvürlərlə ayrılmağımız bütün bu eyniyyət müqabilində çox cüzi idi.
Avropa Şurası II Dünya müharibəsindən sonra 1949-cu ildə Belçika Krallığı, Danimarka Krallığı, Fransa Respublikası, İrlandiya Respublikası, İtaliya Respublikası, Lüksemburq Böyük Hersoqluğu, Niderlandiya Krallığı, Norveç Krallığı, İsveç Krallığı, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı hökumətlərinin birgə səyləri əsasında yaradılmışdır. Avropa Şurasının 1949-cu il mayın 5-də təsdiqlənmiş nizamnaməsində göstərilir ki, ədalət və beynəlxalq əməkdaşlığa əsaslanan sülhün möhkəmləndirilməsinin insan cəmiyyətinin və sivilizasiyanın saxlanılması üçün həyati zəruriliyinə uyğun gəldiyinə inanaraq, xalqlarının ümumi sərvəti, istənilən həqiqi demokratiyanın əsasını təşkil edən şəxsiyyət azadlığı, siyasi azadlıq və hüququn aliliyi prinsiplərinin əsl qaynağı olan mənəvi və əxlaqi dəyərlərə öz bağlılıqlarını yenidən təsdiq edərək, bu idealları qoruyub-saxlamaq üçün və sosial və iqtisadi tərəqqinin mənafeyi baxımından bu görüşlərə şərik olan bütün Avropa ölkələrinin daha sıx birliyinə tələbatın olduğuna əmin olaraq, öz xalqlarının aydın ifadə olunmuş niyyətlərinə cavab olaraq, Avropa dövlətlərini daha sıx birliyə yaxınlaşdıra biləcək bir təşkilatın təxirə salınmadan yaradılmasını vacib hesab edərək, bunun əsasında, Hökumət Nümayəndələri Komitəsindən və Məsləhətçi Məclisdən ibarət olan Avropa Şurasını təsis etməyi qərara aldılar və bu məqsədlə hazırkı Nizamnaməni qəbul etdilər.
1953-cü ildə İnsan Hüquqları və Əsas Azadlıqları haqqında Avropa Konvensiyası qəbul edildi. Bu konvensiya əsasında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi və İnsan Hüquqları üzrə Avropa Komissiyası yaradıldı.
Avropa Şurasının məqsədi ümumi sərvətləri olan idealların və prinsiplərin qorunması və həyata keçirilməsi naminə üzv dövlətlər arasında böyük birliyə nail olmaq, onların iqtisadi və sosial tərəqqisinə kömək etməkdir.
Avropa Şurası orqanlarının səyləri nəticəsində ümumi maraq doğuran məsələləri müzakirə etməklə, sazişlər bağlamaqla və iqtisadi, sosial, mədəni, elmi, hüquqi və inzibati sahələrdə birlikdə hərəkət etməklə, həmçinin, insan hüquqlarını və əsas azadlıqları müdafiə etmək və sonra da həyata keçirmək yolu ilə bu məqsədə nail olunacaqdır.
Avropa dövlətləri yeni Avropa qurulması, burada sülhün, əmin-amanlığın bərqərar olması yeni keyfiyyətli inteqrasiya uğrunda səylərini birləşdirdilər.
Azərbaycanın Avropa Şurasına üzv olunmasında Ulu Öndər Heydər Əliyev və Onun layiqli varisi ölkə Prezidenti İlham Əliyevin əvəzsiz rolu olmuşdur.
Hələ AŞPA sədrinin müavini və büro üzvü olduğu illərdə İlham Əliyev öz diplomatik məharəti ilə ölkəmizin milli mənafeyini qətiyyətlə müdafiə edərək dəfələrlə terrorçuluq, narkotik alış-veriş məskəni, nəzarətsiz, qanunsuz Dağlıq Qarabağ rejimini "bütün region üçün təhlükə", "Avropaya qara ləkə" kimi səciyyələndirərək, ikili standartları daim kəskin tənqid edirdi. İndi ölkə Prezidenti vəzifəsində Onun mövqeyi daha da qətiləşmişdir.
Avropa Şurası Azərbaycana islam ölkəsi, türk xalqı kimi yanaşsa da, özünü müasir, Qərb dəyərlərinin daşıyıcısı, insan hüquqları və plüralist demokratiyanın müdafiəçisi, demokratik islahatları, qanunun aliliyini, həyata keçirən kimi Avropa Şurasına üzv seçildi.
Avropa Şurasının üzvü kimi Azərbaycan Respublikası Onun bütün sərt tələblərini, götürdüyü öhdəlikləri ləyaqətlə yerinə yetirir. Belə ki, ölkədə hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu uğurla inkişaf edir, insan hüquqları müdafiə olunur, müstəqil məhkəmələr fəaliyyət göstərir, Prezident konstitusiya, arbitraj nəzarəti həyata keçirilir, İnsan Hüquqları üzrə Ombudsman yaradılmışdır və s.
Azərbaycanın Avropa Şurasına tamhüquqlu üzv olması istiqamətində mühüm işlər görülmüşdür. Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin 1996-cı il iyulun 8-də "Avropa Şurası ilə Azərbaycan Respublikası arasında əməkdaşlıq proqramının həyata keçirilməsi tədbirləri haqqında", 1998-ci il yanvarın 20-də "Avropa Şurası ilə Azərbaycan Respublikası arasında əməkdaşlığın dərinləşdirilməsi sahəsində tədbirlər haqqında", 1999-cu il may ayının 14-də "Azərbaycan Respublikası ilə Avropa Şurası arasında əməkdaşlığın dərinləşdirilməsi və Azərbaycan Respublikasının Avropada mənafelərinin müdafiə edilməsi sahəsində tədbirlər haqqında" imzaladığı sərəncamlar ölkəmizin Avropa Şurasına qəbul edilməsi üçün səylərin artırılmasına və məqsədyönlü fəaliyyətə zəmin yaratmışdır.
Azərbaycan Demokratik Qərbin bir hissəsi kimi, demokratik və hüquqi dövlət quruculuğunda, insan hüquq və azadlıqlarının adi həyat normasına çevrilməsində çox işlər görmüşdür. Ölkəmizdə çoxpartiyalı plüralist cəmiyyət formalaşmış, azad söz və mətbuat azadlığı gündəlik mühitimizin ayrılmaz hissəsinə çevrilmişdir. 1995-ci il Konstitusiyası ilə təsbit edilmiş hakimiyyətin üç qolunun müstəqil fəaliyyəti daha da möhkəmlənmişdir. Cəmiyyətin bütün sahələrinin fəaliyyətinin hüquqi tənzimlənməsi üçün parlament tərəfindən Avropa Şurası qarşısında götürülmüş öhdəliklərə uyğun olaraq, çoxsaylı qanunlar qəbul edilmiş, bir sıra vacib beynəlxalq konvensiya və sazişlərə qoşulmuşdur. Bir çox qanunverici aktların beynəlxalq normalara uyğunlaşdırılması üçün gərgin iş aparılmışdır.
Ölkəmiz açıq cəmiyyət olduğunu siyasi sahə ilə yanaşı, iqtisadi sahədə də sübuta yetirmişdir. Sahibkarlığın inkişafı üçün bütün maneələr aradan götürülmüş, vergi və gömrük normaları xeyli liberallaşmışdır. Xarici investisiyaların ölkə iqtisadiyyatına cəlb edilməsi üçün hüquqi təminat sistemi yaradılmışdır.
İnsan hüquq və azadlıqlarının təmin edilməsi sahəsində də çox işlər görülmüşdür. Azərbaycan Avropa İnsan Hüquqları Konvensiyasına qoşulmuş, hər bir vətəndaş lazım bildiyi halda, Avropa Məhkəməsinə müraciət etmək hüququ əldə etmişdir.
Bir amnistiya qanunu 10 min nəfəri əhatə etmiş, 40-a yaxın əfv fərmanları ilə beş minə qədər məhbus azadlığa buraxılmışdır. Mətbuat isə öz azadlıq göstəricilərinə görə bir çox Avropa ölkələrindən fərqlənmir.
Ölkədə 600-ə qədər qəzet, 100-ə yaxın jurnal, 30-dan çox müstəqil teleradio şirkəti fəaliyyət göstərir. Bu günədək Azərbaycan Avropa Şurasının bir çox sənədinə (konvensiyalar, onların protokolları və digər sənədlər) qoşulmuş, bu da ölkəmizin Avropa hüquq məkanına inteqrasiyası üçün əsas yaratmışdır.
İnsan hüquqlarının müdafiəsində
Avropa sisteminin tədqiqatçısı
A.Robertson konvensiyanın Avropa
Şurasının mühüm nailiyyətini özündə əks etdirməklə, beynəlxalq hüququn
inkişafında mühüm mərhələ
olması fikrini əsaslandırmaq
üçün onun
aşağıdakı xüsusiyyətini
qeyd edirdi: "Konvensiyanın müddəalarına
müvafiq olaraq,
iştirakçı dövlətlər onları
yurisdiksiyasında olan şəxslərin İnsan
Hüquqlarının Ümumi Bəyannaməsində elan
edilmiş bir sıra hüquq və
azadlıqlarını təmin
etməyi öhdəsinə götürür.
Həmin
konvensiyanın iştirakçısı olan
dövlətlərin üzərinə götürdükləri öhdəliklərə riayət
edilməsini təmin etmək üçün
Avropa Komissiyası və Avropa İnsan Hüquqları Məhkəməsi
yaradılmışdır. İnsan
hüquqlarının pozulmasına görə şikayətlə komissiyaya
təkcə dövlətlər müraciət
etmir, həm
də
ayrı-ayrı şəxslər özlərinin hökumətlərindən
bu cür şikayətlər vermək
hüququna malikdirlər.
Bir şərtlə ki, sonuncular bu yeni proseduru
qəbul
etmiş olsunlar".
Avropa dövlətləri ümum-Avropa
dəyərlərinə,
hüququn aliliyinə, ədalət və
demokratiyaya əsaslanan demokratik
məkanda
insan və vətəndaşların hüquqlarının təmin olunmasını öz qarşılarına başlıca
vəzifə kimi qoymuşlar.
Azərbaycan Avropa Şurasının demokratik tələblərinə uyğun olaraq, "Milli Məclisə seçkilər
haqqında", "Prezident
seçkiləri
haqqında", "Referendum haqqında", "Bələdiyyələrə seçkilər haqqında", "Mərkəzi Seçki
Komissiyası haqqında"
qanunlar qəbul etmiş,
Beynəlxalq
Qırmızı Xaç
Komitəsi
və
Azərbaycan
Respublikası hökuməti arasında saziş bağlanmış, məhbuslara münasibətdə öhdəliklər yerinə
yetirilmiş, ölüm
cəzası
ləğv
edilmiş, cəza siyasətinin
humanistləşməsilə Avropa ailəsinə inteqrasiya daha da gücləndirilmiş, minlərlə məhbus əfv fərmanları
ilə
cəza
çəkməkdən azad edilmiş, amnistiyalar tətbiq
edilmişdir. "Kütləvi informasiya vasitələri
haqqında", "Qeyri-hökumət təşkilatları
haqqında" qanunlar
qəbul
etməklə hüquqi dövlət və
vətəndaş cəmiyyəti quruculuğu sahəsində irəliləyişlərə nail olmuşdur.
Vaxtilə
Ulu Öndər Heydər
Əliyevin dediyi müdrik sözlər bu gün də
öz əhəmiyyətini qoruyub-saxlamaqdadır:
"Biz Azərbaycanda
bu gün əsl vətəndaş cəmiyyəti qururuq. Çoxsaylı ictimai təşkilatlar, partiyalar, müxtəlif fondlar və
cəmiyyətlər vətəndaş cəmiyyətinin strukturunu təşkil edərək, Azərbaycanın bir çox mühüm məsələlərinin həllində dövlətlə uğurlu əməkdaşlıq
edirlər".
Avropa Şurasının öhdəliklərini yerinə
yetirən
Azərbaycanın
uğurlu demokratik inkişafı haqqında Ulu Öndər Heydər Əliyev Azərbaycanın Avropa Şurasına üzv qəbul
edilməsi
mərasimindəki nitqində
demişdir: "Biz bundan
sonra da Azərbaycan
xalqının və dövlətinin
humanizm, insanpərvərlik ideallarına
və
prinsiplərinə, demokratiyaya, qanunun aliliyinə,
insan hüquqlarına
və
əsas azadlıqlara hörmət bəslənməsinə
əsaslanan dəyərlərə
sadiqliyini nümayiş
etdirəcəyik".
20 il ərzində müasir Azərbaycan Respublikası Prezident İlham Əliyevin rəhbərliyi ilə Avropa standartlarına uyğun şəkildə inkişaf edir və Avropa ailəsinin tamhüquqlu üzvü kimi hüquqi dövlət quruculuğu, insan hüquqlarının qorunması yolunda inamla irəliləyir. Azərbaycanın demokratik - hüquqi dövlət quruculuğu sahəsində Avropa Şurası qarşısında götürdüyü öhdəliklərin vəziyyəti haqqında ölkə Prezidenti İlham Əliyev demişdir: "Ölkəmiz siyasi islahatlar sahəsində də mühüm nailiyyətlər əldə etmişdir. Avropa Şurasına üzv olduğumuz illər ərzində Azərbaycanın demokratiya yolu ilə irəliləməsində həlledici rol oynamışdır. Avropa Şurasının tövsiyələri ilə yeni-yeni qanunlar qəbul edilmişdir. Təşkilata üzv qəbul olunarkən, ölkənin üzərinə götürdüyü öhdəliklər və onların yerinə yetirilməsi də bu sahədə yardımçı olmuşdur".
Vahid Ömərov, fəlsəfə üzrə fəlsəfə doktoru
Səs.-
2017.- 28 yanvar.- S.13