"Qan içində
işıq" Azərbaycan Xalq Cümhüriyyəti - 100
(tarixi sənədli
romandan bir parça)
Məğlubiyyət xəbərləri qanadlı
quş kimi özünü "Prezident Kryuger" gəmisinə
yetirirdi. Son günlər qərargahdan kənara
çıxmaq istəməyən general Denstervil
acıqlı, kinli və pərişan idi. Sanki üzünə, gözünə zillənmiş
baxışların qınağı altında əzilir, hərbi
şərəf və qüruru tapdanır, general içindəki
yanğını kimsəyə bildirmədən qəhr
olurdu.Polkovnik Keyvort generalın arxasınca gəzir, təskinlik
üçün söz axtarır, çaş-baş halda
susurdu. Axı hansı söz döyüş
meydanında məğlub olan, əsgər şərəfi
tapdanan generalı sakitləşdirə, yenidən qələbəyə
ruhlandıra bilərdi?Denstervil
başındakı papağı çıxardı, kreslonun
üstünə atdı və dişlərini qıcayaraq
bağırdı:
-
Bütün günahlar ermənilərdədi. Onlar
qorxaq və acizdirlər. Onlar
döyüşmədilər, fərarilik etdilər.
Keyvort da
onun dediyini təsdiqlədi:
-
"Sentrokaspi"nin hərbi şurası
da çox bacarıqsızdır. Onlar
Bakının müdafiəsini təşkil edə bilmədilər.
Denstervil
qızdırmalı adamlar kimi öz- özünə söyləndi:
-
Bakını tərk etmək lazımdır. Biz
getməliyik. Biz türklərlə bacara
bilmədik. Keyvort başa düşürsən?
Biz Nuri paşaya, Xəlil paşaya uduzduq.
General birdən susdu, sonra da Keyvortdan soruşdu:
- Görəsən Nuri paşanın neçə
yaşı var?
-
İyirmi doqquz,- Keyvort tələsik cavab
verdi.
- Hər
halda zarafat eləmirsən, polkovnik.
- Xeyr,
xeyr.
Generalın gözləri iriləndi, bu gözlərdə
paxıllıq, həsəd hissi bir-birinə
qarışdı. General bir müddət nə deyəcəyini
bilmədi. Lakin içində elə bir zəlzələ
vardı ki, bu səssiz zəlzələ onun içində hər
nə vardısa dağıdır, yandırır,
külünü çıxarırdı.
Keyvort
sanki bu anlarda generalın göynəməkdə olan
yarasına düşmən kimi toxundu :
- Nuri
paşa və Ənvər paşa Xəlil paşanın
qardaşı oğullarıdır. Ənvər
paşa isə Nuri paşanın qardaşıdır.
- Bu məğlubiyyətin
niyə baş verdiyini başa düşdüm, Keyvort. Bu üçlük bizə qarşıdır.
Bizi məhv etməyə
çalışırlar. Biz tezliklə
burdan getməliyik. Bir yığıncaq
keçirməli və qərarımızı bildirməliyik.
Mən ingilis əsgərini ermənilərin istəklərinə
qurban verə bilmərəm.
Səhərisi
gün keçirilən yığıncaqda general Denstervil
üzünü "Sentrokaspi" rəhbərlərinə
tutaraq dedi:
- Yer
üzündə heç bir qüvvə Bakını
türklərdən qoruya bilməz. Şəhərin
müdafiəsinin davam etdirilməsi, təslim
gününü uzatmaqdan başqa bir şeyə yaramır.
İndiyə qədər yalnız ingilis əsgərləri
döyüşdü. Mənim əsgərlərimin
qəhrəmancasına döyüşməsinə baxmayaraq
türklər hər hücumda qalib gəldilər. Yerli hərbi birliklər bizimkilərə kömək
etmədi.
Mən
adamlarımın boş yerə həlak olmasına razı ola bilmərəm. Biz türklərə
qarşı vuruşmaq üçün sizin əsgərlərinizə
köməyə gəlmişdik. Ancaq sizin
əsgərlərinizin yerinə biz vuruşuruq.
Sizlərə - Bakının təslim edilməsi barədə
danışıqlara başlamaq üçün türklərə
bir nümayəndə göndərməyi tövsiyə edirəm. Qadın və
uşaqların şəhərdən
çıxarılmasına imkan verəcək uyğun şərtlərin
əldə edilməsi sizin üçün çətin
olmayacaq. Sizlər bununla da türklərin
şəhəri silah gücünə ələ keçirməsindənsə,
hadisələrin gedişinə daha yaxşı istiqamət
verə bilərsiniz.
Denstervilin söylədikləri "Sentrokaspi" rəhbərlərini
qəzəbləndirdi. Eyni zamanda qorxuya saldı. İngilis hərbi qüvvələri ilə eser,
menşevik, daşnak qüvvələri özlərini daha təhlükəsiz
hiss edirdilər. Zəif bir
işığın sönməsini istəmirdilər.
Buna görə də Bakı hökuməti ingilislər
qarşısında şərt qoydu:
-
Bakıda yaşayan əhalinin evakuasiyasından sonra və
ancaq bizim əsgərlərimizlə birlikdə şəhəri
tərk etmənizə icazə verə bilərik.
General bu
şərtdən narazı qalsa da gözlədi...
10 sentyabr
1918- ci il
Qafqaz
İslam Ordusunun Qobuda yerləşmiş qərargahı
Gündüzdən başlayan müşavirə hələ
də davam edir. Bakıya son döyüşün, son
hücumun planı hazırlanır.
Müzakirə
başlamamışdan əvvəl Nuri paşa dedi:
- Aylarla
apardığımız mübarizənin, qanlı
savaşların son mərhələsinə
çatmışıq. Göyçayda
savaşa başlayanda orduda dəyişiklik etdik. Şimal və Cənub qrupları yaradıldı.
15-ci piyada firqəsinin yardıma gəlməsi
ilə yeni dəyişikliyə ehtiyac vardır. Belə hesab edirəm ki, Şərq cəbhəsi
komandanlığı ilə ona tabe olan Şimal qrupu ləğv
edilsin. Döyüşdə iki firqə iştirak edəcəkdir:
5-ci Qafqaz piyada firqəsi. Bu firqəyə
Mürsəl paşa komandanlıq edəcəkdir. Müharibənin əsas ağırlığı
da bu firqənin üzərində olacaq.
İkinci firqə 15-ci Qafqaz piyada firqəsi. Bu firqənin
komandanı yarbay Süleyman İzzət bəydir. Cənub qrupu hərbi birliklərinin də
yaradılmasını düşünürəm. Bu qrupa albay Cəmil Cahid bəy komandanlıq edəcəkdir.
Azərbaycanlılardan yaradılan hərbi birlik
isə yarbay Həlim Pərtəv bəyin
komandanlığı altında olacaqdır.
Xəlil paşa, Nuri paşa, general Şıxlinski,
Almaniyanın Tiflisdəki nümayəndəsi Parakuin, alman
zabitləri, komandirlər planın hazırlanmasına öz təkliflərini
verirlər.
Miralay
Parakuin deyir:
-
Böyük müharibənin təcrübəsindən bilirik
ki, düşmənin mövqeyi səhra topu ilə əzilməsə
oraya süngü döyüşü ilə həmlə etmək
olmaz. Buna görə də əvvəlcə
düşmən səngərlərini darmadağın edək,
sonra hücuma keçək.
Nuri
paşa düşündü, xəritəyə göz yetirdi
və miralaya sərt halda dedi:
- Bu təklifi
bəyənmədim. Kifayət qədər top mərmisi
yoxdur. Ona görə də bu döyüş
planı məğlubiyyətə aparar.
- Sizin
fikriniz necədi, yarbay Bəsri bəy?
Yarbay Bəsri
bəy xəritəyə nəzər saldı və çəkingən
halda astadan dedi:
- Mənim
fikrimlə minbaşı Nazim bəy, minbaşı Səffət
bəy, Tevfiq bəy də razıdır. Yəni
biz eyni fikirdəyik və bunu uğurlu hesab edirik.
- Buyurun,
- Nuri Paşa səbirsiz dedi.
- Biz ilk əvvəl
hücuma qumbara və süngü döyüşü ilə
başlamağı təklif edirik. Süngü
döyüşü sınanmış bir plandır. Gecəyarısı hücum zamanı düşmən
çaşır, güllə atmağa belə fürsət
tapa bilmir. Hissə komandirlərinin bəzisinin
də fikri belədir ki, düşməni hər tərəfdən
şəhərə doğru sıxışdıraq və
burda məhv edək.
- Yox. Yox, bu fikirlə razı deyiləm. Bilirsənmi, onda nə baş verər? Şəhər xarabalığa çevrilər,
insanlara ciddi ziyan dəyər. Ən
başlıcası isə şəhəri yanğınlar
bürüyər. Yalnış atılmış top neft
çənlərinə, buruqlara düşsə görün
nələr olar? Halbuki mən həm şəhərə,
həm də insanlara ziyan dəyməsini istəmirəm.
Ortalığa ağır bir sükut çökdü. Nuri paşa dedi:
- Amma
süngü döyüşü ağlabatandı.
Xəlil paşa cavab vermədi. Nuri paşa üzünü ona tutdu:
- Bu fikri
bəyəndinizmi, komandanım?
- Fikrimi
sonra bildirərəm. Səbr edin, tələsməyin.
...Xəlil
paşa hərbidə olduğu illər ərzində
döyüş qabağı zehnini, hissini, düşüncəsini
planın hazırlanmasına səfərbər edərdi. Qərargahında tənha qalar, saatlarla xəritənin
önündə dayanar, düşünərdi. Düşmənin istifadə edəcəyi ən
kiçik səhvi belə diqqətdən
qaçırmamağa çalışardı. Bəlkə
elə bu səbəbdən də Kut-əl-Ammaredə ingilisləri
ağır məğlubiyyətə
uğratmışdı...
Ənvər paşa kimi Xəlil paşa da Bakının
azad olunmasını bütün qəlbi, canı ilə istəyirdi. Bu
torpağın taleyi türk torpağının taleyi kimiydi.
Doğu vilayətlərində də müharibə
gedirdi. Onun kimi Kazım Qarabəkir paşa
da türk qanına susamış erməniləri məğlub
edərək Gümrüyə qədər qovmuşdu. Naxçıvanı daşnaklardan təmizləmişdi.
Burda düşmən daha çox, daha qüvvətli,
güclü idi. Bakı neftinə göz dikmiş bu
düşmən yağlı tikəni qamarlamaq istəyən
canavar sürüsündən başqa bir şey deyildi.
İngilis, rus, erməni, alman...
Dərin düşüncələr içində olan Xəlil
paşanın sifətindəki sərtlik dəyişdi. Dolu,
yaraşıqlı çöhrəsi kinayəli bir
gülüşlə işıqlandı. Onun almanlara
yazığı gəldi: "Bu sadəlövh almanlar kiminlə
iş gördüklərini hələ anlamamışlar.
Ordunun qərargah rəisi Parakuin... Sən Xəlil
paşanın mülayim davranışına aldanma. Bu bir. İkinci alman
alayının Bakının işğalında iştirak edəcəyi
vədinə də inanma. Türklər
Bakıya qədər gedən döyüşlərdə
yüzlərlə şəhid vermişlər. Bu torpağın hər qarışına türklərin
və azərbaycanlıların qanı axıb. Onlar vətən yolunda canlarından olmuşlar.
İndi bu həlledici məqamda erməni
zülmündən yetərincə əzab, işgəncə
çəkmiş bu xalqın boğazına bir də alman kəndirinimi
keçirəcəyik? Sizin
iştahınız qılıncdan da itidir. Məni bağışla, cənab Parakuin. Mən əzab çəkmiş bu millətə bir
də bu pisliyi edə bilmərəm. Biz 15-ci firqəni fon Kresslə şərtlər əsasında
Tiflis dəmiryolu ilə Azərbaycana gətirdik. Amma sizin alman
alayının bu torpağa addım atmasını əngəlləyəcəyəm..."
Xəlil paşa iki gün döyüş mövqelərini
Nuri paşa və general Şıxlinski ilə gəzdi. Əsgərlərlə
görüşdü, söhbət etdi, onların
döyüş əhval-ruhiyyəsini qaldırdı. Hər əsgərə bir komandan kimi yox, bir ata
qayğısı ilə yanaşdı. Anadoludan
gəlmiş bu əsgərlər uzun, məşəqqətli
döyüş yolu keçmişdilər. Özlərindən qat- qat üstün olan bir
düşməni məğlub etmişdilər. Bu əsgərlər hər cür qayğıya,
etimada, sevgiyə layiq idi. Onlar Xəlil
paşa üçün vətənin əmanətiydi. Gözləri şövqlə parıldayan, qəlbləri
atəş kimi alovlanan, türk əsgərinin adı, şərəfi,
bayrağı üçün canından keçməyə
hazır olan bu dəliqanlıların hər biri onun
üçün əziz idi. Xəlil paşa sanki
onların səssiz baxışlarından oxuyurdu:
"Komandanım, elə bir döyüş planı
hazırlayın ki, düşməni məğlub edə bilək.
Həm də bizi qoruyun. Çünki
biz vətənə lazımıq".
Xəlil
paşanın səmimiyyətindən, qayğısından
ruhlanmış əsgərlər heyranlıqla komandana
baxır, gözlərində bir ehtiram, bir sevgi alovu
şölələnirdi:
- Demək
adını eşidib üzünü görmədiyimiz
komandan beləymiş...
- Əynindəki paşa uniforması olmasaydı mən
onu sıradan bir əsgərə bənzədərdim.
- Bizimlə
bir masa arxasında oturdu, çörək kəsdi, əfəndim...
- Belə
komandanın yolunda ölümə də gedərəm...
...Xəlil
paşa döyüş mövqelərinə yavəri Səlahəddin
bəylə təkrar baş çəkdi. Müşahidə
durbini ilə qarşıdakı yüksəklikdə mövqe
tutmuş düşmən cəbhəyə diqqətlə
baxdı. Türk ordusu ilə düşmən
ordusu yüksəkliklərdə üz-üzəydi. Qarşı tərəfdə yaxşı yerləşdirilmiş
topların lülələri də aydınca seçilirdi və
bunlar çox idi. Aşağıda
yüksəkliklərin arası ilə dəmiryolu
keçirdi. Xəlil paşa
düşündü. Sonra yavəri ilə
qərargaha tələsdi.
Qərargaha qayıdanda artıq günəş
qüruba doğru əyilirdi. Şubanı
dağının arxasında batan günəşin son,
gözqamaşdıran işığı qaldı. Bu işıqdan göylərin bir tərəfi əvvəl
çəhrayı rəngə büründü, sonra
yavaş-yavaş göylər qaraldı. Qobuya
sentyabr ayının sərinliyinə bükülmüş
qaranlıq düşdü.
Qərargahın yerləşdiyi birmərtəbəli
evin həyətindən aşağıda görünən dəniz
də qaranlıq içində gömgöy rəngini itirdi.
Xəlil
paşa yalnız indi yorulduğunu hiss etdi. Ev
sahibi əl-ayağa düşüb həyətə
qoyulmuş masanı ağacların altına çəkdi.
Stulları dövrəsinə yığdı.
Ağacların altında qaynayan samovarın
köz ətri Xəlil paşanı vurdu. Xoşhallıqla
gülümsündü və masanın arxasına keçdi.
Həmzət
bəy samovardan süzdüyü çayları masanın
üstünə qoydu:
- Nuri
paşa burdadımı, çağırım.
-
Burdadı. General Şıxlinski də
burdadı. Çağır gəlsinlər.
Samovar çayını bir də harda içə
bilərik ki? Bu yerlərin
çayını çox bəyəndim.
Həmzət
əlini sinəsinə qoydu:
-
Paşam, hər vaxt qulluğunuzda hazırıq.
Bu anda ağacların arxasından bir sürü qoyun
çıxdı. Paşanı həyətdə
görüb yeniyetmə oğlan qoyunları geriyə
qaytardı.
- Burda
qoyun saxlayırsız, Həmzət bəy?
- Paşam,
bunlar qurbanlıq qoyunlardır. Bütün Qobu, Güzdək
camaatı sizə dualar edir, buraya qurbanlıq gətirirlər.
İnşallah, qələbə xəbərini
eşidən kimi sizin şərəfinizə qurbanlar kəsəcəyik.
Allah bütün əsgərlərimizi qorusun.
Bizim analarımızın duası düşmən
gülləsinə qalxan olsun, qorusun onları, inşallah.
Bu anda Həmzət
bəyin evinin arxasından bir dəstə adam
çıxdı. İki- üç qoyunu
haylayaraq onlara tərəf gəldilər.
Başına
qara yaylıq örtmüş, ağ
birçəyi qara yaylığının altından
işıq saçan, lakin qəmli gözlərində kədəri
gizlədib sevinci biruzə verən nurani qadın adamlardan
ayrılıb, Xəlil paşaya yaxınlaşdı. Dinməz-söyləməz, nəmli ala gözləri
ilə Xəlil paşanın üzünə baxdı, sonra
qara yaylığının altından köhnə
"Quran" kitabını çıxardı. Xəlil paşa şaşqın halda qadına
baxırdı, birdən-birə öz doğma
ocağını, o ocağın ətrini, qoxusunu
almış kimi doluxsundu, doğmalarını, əzizlərini
xatırladı. Qadının əlindən
tutub öpdü və alnına qoydu. Qadın
da onun boynunu qucaqladı. Göz
yaşlarını saxlamağa çalışırdı.
Amma elə bil qaynar bir çeşmənin
gözü açılmışdı, qadın bu
çeşməni qara yaylığının ucu ilə
quruda bilmirdi. Ürək kirimədiyinə
görə gözlər də kirimirdi.
Paşa
qarşısında olduğunu xatırladı: hüznlü,
titrək səslə dedi:
- Allah
sizi də, Nuri paşanı da qorusun. Siz göylərdən
yenmiş mələksiz. Allah əsgərlərimizi
qorusun, - qadın "Quran" kitabını paşanın
başı üstündə tutdu və onu kitabın
altından keçirdi, səssizcə dualar oxudu, - paşam, dedi,
- biz gecə-gündüz yatmadan, dincəlmədən sizə
dualar edəcəyik. Bizim dualarımız daim
sizinlədir. Düşmənin topuna,
gülləsinə qalxan olar, inşallah. Bizim
qisasımızı, balalarımızın qisasını
alın və Qobuya dönün. Allah
qurbanlarımızı qəbul etsin.
Xəlil
paşa kövrəldi: "Bizim bu savaşda məğlub
olmağa haqqımız yoxdur. Heç
haqqımız yoxdur. Yoxsa analar bizi
bağışlamaz..."
...Və
Xəlil paşa döyüş planına öz təklifini verdi:
- Əsgərlər gecəyarısı döyüşə
süngü hücumu ilə başlayacaqlar.
Miralay
Parakuin qızğınlıqla etirazını bildirdi:
- Siz məğlubiyyətin
əsasını qoyursuz, komandan.
- Türk
əsgəri süngü döyüşlərində
sınaqdan çıxmış və daim zəfərlər
qazanmışdır.
- Siz bizi
dinləmədiniz, siz səhv etdiniz, komandan.
-
Savaş bir başlasın, kimin haqlı olduğunu görəcəyik,
miralay Parakuin.
Alman zabitləri narazılıqla otağı tərk
etdilər.
Xəlil paşa qımışdı və birdən-birə
ruh yüksəkliyi ilə xəritənin qarşısına
keçdi.
Üzünü Nuri paşaya və general Şıxlinskiyə
tutdu:
- Mənim
planım belədir: biz düşmənə kələk gələcəyik.
Belə ki, sabah sübhdən başlayaraq
qüvvələrimizi Yanardağ tərəfə -
Bakının şimal tərəfinə cəmləşdiririk.
Söz yox ki, düşmən kəşfiyyatı
bizim hər addımımızı izləyir. Onlar bunu həmən fərq edəcəklər.
Arası kəsilmədən buraya qüvvə
daşındığının görüntüsünü
verəcəyik. Düşmən kəşfiyyat
dayanmadan məlumatları orduya çatdıracaq və ordu
bunu dəyərləndirəcəkdir. "Türklər
şimaldan hücum edəcəklər" - deyə onlar da bu
istiqamətdə qüvvələrini toplamağa,
döyüşə hazırlıq görməyə
başlayacaqlar.
- Biz isə
hücumu qərb tərəfdən başlayırıq, eləmi,
komandanım?- Nuri paşanın
üzündə təbəssüm göründü.
- Bu
çox incə düşünülmüş plandır,
paşam,- general da hücum planını bəyəndi.
Xəlil
paşa şövqə gəldi:
- Beləliklə,
hücumun bütün ağırlığı 5-ci Qafqaz firqəsinin
üzərinə düşəcəkdir. Firqə
şəhərin qərb tərəfində dayanıb
hücum əmri gözləyəcək. 15- ci Qafqaz firqəsi isə yalnız şimal tərəfdə
görüntüsü ilə düşməni aldadacaq. 5-ci Qafqaz firqəsi gecəyarısı düşmən
yuxuda ikən qumbara və süngü ilə döyüşə
başlayacaq.
Dan yeri ağarana qədər əsgərlərimiz
süngü döyüşü ilə Hacı Həsən kəndinin
şərq tərəfindən Sarıxaçlı Kilsəsi
kəndinə girəcək və buranı işğal edəcəkdir. Dan yeri
ağaranda isə artıq bizimkilər düşmənin
birinci və ikinci müdafiə xəttini işğal
etmiş olacaqlar. Süngü
döyüşü dayandırılacaq. Bu
zaman 35 topçunun açdığı atəş əsgərlərimizin
köməyinə gələcək, onları qoruyacaq və
döyüşün davam etməsi üçün şərait
yaradacaqdır.
- Yəqin
ki, topçularımız 5- ci firqənin sağ
cinahını qoruyacaqlar,- Nuri paşa
soruşdu.
- Sağ
cinah şübhəsiz qorunmalıdır. Yoxsa bu zəif
halqadan düşmən istifadə edə bilər, - Xəlil
paşa həyəcandan və istidən pörtmüş sifətini
quruladı, - Heybət stansiyasında bir zirehli qatarımız
var...
- Mən
sizi başa düşdüm, paşam,-
general dedi,- bu zirehli qatar firqənin sağ cinahını
qoruyacaq.
- Burda da
yenə düşmənə qarşı hiylə işlədəcəyik.
Belə ki, zirehli qatar dayanmadan Qurd
qapısı yüksəkliklərini atəşə tutmaqla
onların diqqətini özünə çəkəcək.
Düşmən bu zaman əsas hədəfdən
yayınacaq, qüvvəsini zirehli qatara
yönəldəcək və onu sıradan
çıxarmağa çalışacaq. Beləliklə,
firqənin sağ cinahı təhlükədən uzaq olacaq.
Onu deyim ki, 106- cı və 107-ci Qafqaz
alayları firqənin ehtiyatında olacaq və
döyüşə qatılmaq əmrini gözləyəcəklər.
Salyan dəstəsi isə Ələt-Buta stansiyasında
dayanacaq.
- Bəs
15-ci piyada firqəsi döyüşə haradan qatılacaq? -
Nuri paşa səbirsizliklə soruşdu.
- 15-ci
Qafqaz piyada firqəsinin əsgərləri şimal tərəfdən
hücuma başlayan zaman düşmən də Biləcəri,
Balaxanı, Suraxanı , Əhmədli
istiqamətində toplardan atəş açacaq. Bununla da düşmənin diqqətini şərq cəbhəsinə
yönəldəcək və düşmən qərb cəbhəsindən
qüvvələrini çəkmiş olacaq. Biz də elə buradan şəhərə daxil
olacağıq.
Nuri
paşa razılıqla gülümsündü və
komandanın əlini sıxdı:
-
Çox ağıllı bir plan
düşünmüsünüz, komandanım,-
dedi, - Uğurlu olacağına inanıram.
- Mən
də təbrik edirəm, paşam- general da Xəlil
paşanın əlini sıxdı və soruşdu:
-
Maştağa dəstəsi harada yerləşəcək?
- Tofiq bəyin
azərbaycanlılardan ibarət könüllü dəstəsi
Maştağa, Zihni bəyin süvari dəstəsi isə
Əhmədli tərəfdən hücum edəcək.
- Hər
kəsə uğurlar olsun.
Lakin kimsə, yatmağa, dincəlməyə tələsmədi.
Döyüşqabağı yuxular ərşə çəkilirdi...
***
...Üzü ağ tənziflə sarınmış əsgər Mələyin
yuxularına gəlirdi. Əllərini uzadıb Mələyin əllərindən
tutmaq, nəsə demək, danışmaq istəyirdi... Yuxuda yaralı əsgəri hərdən ağappaq
duman içində də görürdü. Mələk əllərini onun əllərinə,
üzünə, gözlərinə toxundurmaq istəyirdi.
Amma çən-duman içində olan əsgər
yaxın gələ bilmirdi. Ağ duman sanki əsgəri
ağ mələfəyə büküb
qeybə çəkilirdi. Mələyin ürəyi
qüssədən, kədərdən sıxıntı
içində çırpınırdı. Gözlərindən
yaş süzə-süzə əllərini ağzına
tutub dağı-daşı lərzəyə salan bir səslə
qışqırmaq istəyirdi:
- Ey, əsgər,
sən kimsən?
Əsgərin
səsi qalın dumanın arxasından yağış səsinə
bənzər həzin bir səda ilə gəlirdi:
"- Kimliyimi neynirsən? Əsgərəm.
- Hər
halda bir adın, soyadın vardır...
-
Unutmuşam. Amma əsgər olmağım
yadımdadı.
- Bəlkə
sən Əlisən?
- Bəlkə
də.
- Əli olduğuna... şübhən var?
- Onu da
bilmirəm.
- Mən
Mələyəm. Bu ad tanış gəlir
sənə?
- Bu
dünya mələklərlə doludu.
- Amma
Əlinin bir Mələyi vardı.
- Mən
o Əli deyiləm. Əgər olsaydım sənin
adını, səsini eşidən kimi qəlbimin
çırpıntısından duyardım.
-
Əli...
- Gözlə onu, Mələk. Harda olsa gəlib tapacaq səni".
Amma yaralı əsgər Mələyin yuxularının
içindən çıxıb getmirdi. Bəlkə də ona
görə ki, bütün günü gözü yoldaydı,
fikri, ağlı, düşüncəsi, qəlbi yaralı əsgərdən
əl çəkmirdi...
Mələk palatadan çıxdı. Yaralılar
çox idi. Hələ üstəlik
yüngül yaralıları ətraf kəndlərdə evlərdə
də yerləşdirmişdilər. Camaat
onlara öz övladı kimi qayğı, məhəbbət
göstərirdi.
Xəstəxananın olduğu Güzdək kəndi
Bakının yaxınlığındaydı. Toplardan atəş
açılanda xəstəxananın köhnə divarları
silkələnirdi. Top qəlpələri həyətdəki
ağacları yaralamışdı. Bəzisi
kökündən çıxıb böyrüüstə
düşmüşdü, yerində dərin çuxur
yaranmışdı. Bəzilərinin isə
qol-budaqlarını qarsalayıb yandırmışdı.
Sanki bu ağaclar da savaşdan
çıxmışdılar. Savaşın
ilk qoxusunu, ilk zərbəsini bu qollu-budaqlı ağaclar
almışdı.
Mələk
yorğun halda top mərmisinin ikiyə böldüyü
ağac kötüyünün üstündə oturdu. Dirsəklərini dizlərinə söykəyib
üzünü ovuclarının içinə aldı. Kələ-kötür kənd yollarına baxdı.
Yollar kimsəsiz və sakit idi. Bu yollar ancaq gecələr qələbəlik olurdu.
Çünki silah-sursat, ərzaq və su
daşıyan arabalar ancaq gecələr yola çıxa
bilirdi. Ona görə ki, düşmən
kəşfiyyat təyyarələri gündüzlər
göz açmağa aman vermirdi. Və
araba təkərlərinin cırıltısı gecələrin
sükutunu pozaraq buraya bir savaş havası gətirirdi.
Mələyin içinə düşmüş qordan
sanki ocaq alışdı. savaş
qurtaracaq. O, da Əlisiz Gəncəyə qayıdacaq. Sevgisiz, duyğusuz
bir həyata başlayacaq... Bu hissin təsirindənmi,
qəm-kədərin sıxıntısındanmı,
içində qəflətən baş qaldıran
burulğanın şiddətindənmi sanki qeybdən
qulağına səs gəldi. Bircə
anlıq ona elə gəldi ki, Əlinin səsini eşidir.
Çətinliklə ayağa qalxdı. Səs gələn tərəfə qaçmaq,
yüyürmək istədi. Amma
ayaqları bir-birinə dolaşdı. Ürəyi
elə hövlə çırpındı ki, bu
çırpıntının zərbindən dizləri əsdi.
- Mələk,
ay Mələk... Hardasan?
Şəfqət bacısıydı.
- Nə
olub, Nubar? Hava almağa çıxdım.
Ürəyim sıxılırdı.
Nübarın
gözlərinin içi gülürdü:
- Ay
qız, səhərdən hamı səni axtarır. Palataları bir- birinə vurmuşuq. Elə bil quş olub göyə uçdun.
- Ürəyimi
partlatma, de görək.
- Bir əsgər
gəlmişdi. Ucaboy, yaraşıqlı bir
türk zabiti idi. Səni soruşdu. Çox həyəcanlıydı.
- Getdi?
- Getdi.
Mələk divara söykəndi, gözlərini yumdu. Ürəyinin
çırpıntısı söz soruşmağa imkan vermədi.
- Ay
qız, ürəyin gedər birdən. Qaçım dərman
gətirim,- Nubar onun avazımış sifətini
görüb əl- ayağa düşdü.
-
Lazım deyil. Keçəcək. Niyə gözləmədi?
-
Komandandan yarım saatlığına icazə
almışdı. Qaçaraq getdi.
-
Heç olmasa məktub qoyardı...
Nubar Mələyin
ağaran, qızaran sifətini, yaşla dolan gözlərini,
titrəyən əllərini süzüb çəkinə-
çəkinə dedi:
- Deyirsən
yəni, Əlidi?
- Əlidi.
- Amma onun
yaralı olduğunu özüm gördüm .
Bombardman zamanı da şəhid oldu. Bu gözlərimlə gördüm. Mən onun üçün nə qədər
göz yaşı tökdüm. Başa
düşürsən?
-
Müharibədə belə şeylər çox olur. Əli sağdı. O, gəlib sağ
olduğunu çatdırdı, getdi. İnşallah,
savaş qurtarar, görüşərsiz, Mələk.
Sonra Nubar Mələyin başını sinəsinə
sıxdı.
Sevincdən gözlərindən axan İsti göz
yaşı sanki yağış kimi içinə dolmuş
qara buludları dağıtdı...
General Denstervilin qərargahı dənizdə “Prezident
Kryuger” gəmisində yerləşsə də o, şəhərdəki
qərargahda idi. Qərargah qaynaşırdı.
İngilislər təşviş içindəydi: Bakıya
türklərin hücumu gözlənilirdi. Lakin
haradan? Qərb cəbhəsindənmi, yoxsa
Şimal cəbhəsindən? İngilis kəşfiyyatı
bir-birinə zidd olan məlumatlar gətirirdi.
General Denstervil daha əvvəlki kimi hökmüran
olduğunu gözə çapdırmırdı. Türklər bu
özündən müştəbeh generalın qürurunu
sındırmış, onun içinə biruzə vermək
istəmədiyi qorxu və vahimə salmışdılar...
General əndişə və təşviş
içindəydi. Bir an da olsa bu yerlərdə
dayanmaq istəməzdi...
General saatlarla otağına qapılır, divar boyu
vurulmuş Bakı şəhərinin xəritəsi
önündə dayanır, düşünürdü. Amma bu dəfə Balaxanıdakı, Bibiheybətdəki
neft buruqlarına doyumsuz iştahla baxa bilmirdi. Lakin bu
döyumsuz iştah ac canavarın ağzı yağlı tikəyə
çatmayan iştahı kimi təhlükəliydi: "Son
anda neft dolu çənləri, buruqları, mədənləri
yandırmaq, Bakını gur bir məşələ
çevirmək lazımdır. Qoy Bakı
yanıb kül olsun. Təki türklərə heç
nə qalmasın..." General qəflətən əlini xəritədən
çəkdi: ona elə gəldi ki, bu anda neft səltənəti
tərəfdən üstünə saysız- hesabsız
güllələr yağdı, toplar od
püskürdü.
General ruhdan düşmüş halda xəritədən
aralandı, masanın arxasına keçdi. Qəzəb, kin xəncər
kimi içini doğradı, sanki daxildən gələn bir səs
onun əsəblərini yerindən oynatdı: türklərin
bu savaşda cəmi üç min əsgəri var, sizin - cənab
Denstervil , on min əsgəriniz...
Polkovnik Keyvort gəldi. O, da qaşqabaqlı, ruhən
düşgün və pərişandı. General onu gözaltı süzdü və
könülsüz halda soruşdu;
- Təzə
məlumat varmı, polkovnik?
- Məlumatlar
var, general. Amma mən bilmirəm, bu məlumatların
hansına inanaq. Biz türklərin şəhərin
hansı səmtindən hücum edəcəyini müəyyənləşdirə
bilmirik.
- Türk
ordusundan qaçmış bir ərəb dedi ki, türklər
qərb cəbhəsindən hücum edəcəklər.
- Bizim kəşfiyyat
isə bu hücumun şimal cəbhəsindən
olacağı fikrindədir. Çünki kəşfiyyatın
məlumatına görə buraya gecə-gündüz
canlı qüvvə, silah-sursat daşınır.
General yenidən xəritənin qarşısına
keçdi. Şəhəri mühasirədə
saxlayan ingilis qoşunlarının mövqeləri işarələrlə
qeyd olunmuşdu. General çubuğu
bu işarələrin üzərində gəzdirərək
dedi:
-
Gördüyün kimi, polkovnik, biz şəhəri mühasirədə
saxlamışıq. Yalnız şəhərin
üzünə dəniz yolu açıqdır. Türklər isə gəmiləri
olmadığına görə dənizdən istifadə edə
bilmirlər. Şəhərə girmək
üçün iki yol var: qərb və şimal. Mən düşmənin şimal cəbhəsindən
hücum edəcəyini təxmin edirəm. Buna görə də əsas qüvvələrimizi
Heybət-Biləcəri-Balaxanı tərəfdə cəmləşdirməyi
və düşməni burada qarşılamağı
düşünürəm.
Süvarilər Zığda toplansınlar və
döyüş əmri gözləsinlər.
Denstervilin səsində bir inamsızlıq və
ümidsizlik vardı. Bakı "Sentrokaspi" hökuməti
və ingilislər tərəfindən möhkəm qorunurdu.
Birlikdə müdafiə planı hazırlanmışdı:
ordunun sol cinahına Veqsurab, sağ cinahına Kazarov
komandanlıq edəcəkdi. Məntəqələr
ingilis və erməni qoşunları arasında
bölünmüşdü. Hacı Həsən
kəndindən Biləcəriyə qədər olan məsafə
kazakların nəzarəti altındaydı. İngilislər isə Biləcəridən Dərnəgülə
qədər olan cəbhə xəttində yerləşmişdi.
Müdafiə mövqelərində ingilis və erməni
qoşunları döyüş vəziyyətinə gətirilmişdi. General
Dokuçayev "Sentrokaspi" ordusunun, polkovnik Keyvort isə
ingilis ordusunun başındaydı.
Denstervil bütün hazırlıqlara baxmayaraq mütləq
məğlubiyyətin ağrısını indidən
yaşayırdı və bu ağrı, ruh
düşgünlüyü sanki onun bütün
hissiyatını, qürur və şərəfini iflic
etmişdi.
Gözlərini
key-key Keyvorta zillədi və birdən yuxudan
ayılmış kimi oldu: "Bakının sərvətini
daşımaq lazımdır. Banklar, zənginlərin
yaşadıqları möhtəşəm evlər,
qızıl mağazaları. Onların
hamısını talan etmək və dayanmadan gəmilərə
daşımaq lazımdır. Üstəlik
neft mədənləri....Yox, yox nefti daşımağa
qüvvəmiz çatmaz. Amma fabriklərin,
zavodların qiymətli avadanlıqlarını söküb
aparmaq lazımdır. Elə bu saat Keyvorta
tapşırıq verim..."
Amma
Denstervil polkovnikə başqa söz dedi:
- Keyvort, əhalidən
əsgər yığımına başlayın.
- Bəlkə
türklər bu gecə hücum etdi, general? Bu
qısa müddətdə əsgərmi yığılar?
-
Küçələrdə, məhəllələrdə, kəndlərdə
xəstə, əlil, əlsiz, ayaqsız- rastınıza kim çıxsa acımadan maşınlara
doldurun və cəbhəyə yola salın.
- Əlil adamlar bizim nəyimizə lazımdı, general?
- İrəlidə onlar düzlənəcək. Əsgərlərimizi
güllədən qoruyacaqlar. Əmri yerinə
yetir.
- Baş
üstə, general.
Denstervil Keyvortla bərabər özü də qərargahdan
çıxdı. Nədənsə, şəhərin talan
edilməsini daha inanılmış adamlarına
tapşırmaq istəyirdi.
Güllü MƏMMƏDOVA
Səs.-
2018.- 25 aprel.- S.10