Azərbaycançılıq
məfkurəsinə bağlı böyük sənətkar
Azərbaycan
çağdaş poeziyasının fəlsəfi
fikir tarixində özünəməxsus ideoloji bir xəttə malik müdrik şəxsiyyət,
xalq şairi Bəxtiyar
Vahabzadə əsrlər üçün
əhəmiyyət kəsb edə biləcək əsərlərin
müəllifi kimi yaddaşlarda
iz salıb. Xalq şairi
çoxşaxəli yaradıcılığı ilə Azərbaycan
ədəbiyyatının inkişafına mühüm
töhfələr verən, bu istiqamətdə
müstəsna xidmətləri olan
tanınmış sənətkarlardandır. Onu
haqlı olaraq çağdaş
milli şeirimizin klassiki adlandırırlar. Azərbaycan şeirinin son yarıməsirlik
tarixi təkamül prosesini
Bəxtiyar Vahabzadə yaradıcılığı olmadan təsəvvür etmək mümkün deyil.
Bəxtiyar
Vahabzadə 1925-ci ildə Şəki şəhərində fəhlə
ailəsində anadan olmuşdur.
Kiçik yaşlarında ikən ailəsilə
birlikdə Bakıya köçən Bəxtiyar burada orta məktəbi
bitirdikdən sonra ADU-nun
filologiya fakültəsində təhsil
almışdır. O, universitetin
aspiranturasında saxlanılmış, "Səməd Vurğunun lirikası" mövzusunda
namizədlik dissertasiyasını müdafiə etmişdir.
Çağdaş poeziyamızda milli
hiss, dil, azadlıq və
vətən sevgisi
Sənətkar keçdiyi ömür yolunun hər mərhələsində böyük amalların, məsləklərin gerçəkləşməsində ömrünü şam kimi əritdi. "Şam əgər yanmırsa, yaşamır demək" - deyən şair bir ömrün keşməkeşli, əzablı yollarında yaşayarkən yanmağın kökünü həyat eşqində, vətənə bağlılıqda dərk edirdi. Qətiyyətlə deyə bilərik ki, Bəxtiyar Vahabzadə qələmə güc verdiyi zamandan ideoloji xəttini milli məfkurəsi, vətənə sevgisi, torpağa bağlılığı ilə birləşdirib bu komponentlərin əsasında dünyanın dərk edə biləcəyi əsərlərin müəllifi olur. Zamanın ona diqtə etdiyi mövzuları özündən kənarlaşdırıb, xalqın milli-mənəvi dəyərlərinin çərçivəsində vətəninə xidmət göstərmiş, uzun bir yaradıcılıq yolunda ana dilinin saflığı, vətəninin bütövlüyü uğrunda mübarizə aparmışdır. Onun şeirlərinin fəlsəfəsində böyük bir hikmət dayanır. Bu hikmət Nizami Gəncəvi poeziyasından, Füzuli lirikasından, Şəhriyar şeiriyyətinin dilindən gəlirdi. Yaxın Şərq və Azərbaycan ədəbiyyatını dərindən bilən filosofların fikir dünyasını mənimsəyib, ədəbi cərəyanların əxz etdiyi ideologiyanı öyrənən Bəxtiyar Vahabzadə zamanla baş-başa buraxdığı ruhi dünyasının axarında milyonlarla insanların birləşməsinə nail oldu ki, bu da onun yaradıcılıq irsinə saysız insanların məhəbbət bəsləməsindən irəli gəlirdi. İctimai fəaliyyəti, onun ədəbi fəaliyyətinə heç də təsir göstərməmiş, hər iki tərəfdən məhz Bəxtiyar Vahabzadə olduğunu sübut edə bilmiş, dövrün hadisələri və tələbləri çərçivəsində yaradıcılığında özünə qarşı münasibət oyada bilmişdir. Müdrik bir səsin altında onun Azərbaycana olan sonsuz sevgisi eşidilir. Bu sevgi hissinin belə aşıb-daşması, alovlanması ikiyə bölünmüş vətən torpağının harayından, Qarabağ faciəsindən irəli gəlirdi. Bəxtiyar Vahabzadənin ictimai fəaliyyəti də zəngin və təqdirəlayiq olmuşdur. Azərbaycan Ali Sovetinin və Milli Məclisinin deputatı seçilmiş Bəxtiyar Vahabzadə xalqımızın həyatının ən çətin və mürəkkəb anlarında baş verən taleyüklü hadisələrə münasibətdə əsl vətənpərvər ziyalı mövqeyini nümayiş etdirmişdir. 20 Yanvar faciəsi törədilən zaman Bəxtiyar Vahabzadə faciənin törənməsini aydınlaşdırmaq, onun siyasi qiymətini vermək üçün əqidə dostlarını bir araya toplayıb çıxış edərək, possovet məkanında yaşadığımız dövr ərzində sovet imperiyasına xidmət etmiş insanlara qarşı yürüdülən amansız siyasətin məğzini açmağa, onun hökmünün dərinliklərini xalqa təqdim etməyə cəhd etmişdir. Bəxtiyar Vahabzadə dövrünün şairi olsa da, zamanı qabaqlayan şəxsiyyətlər sırasındadır. Əqli düşüncəsini fəlsəfi görüşlərində əks etdirən şair 20 Yanvar faciəsinin, Qarabağ şəhidlərinin ağır və mübarizəli həyat yolunu, qaçqın-köçkün həyatı yaşayan insanların nisgil və kədərini poeziyasıda əks etdirmişdir. Lirik ovqatlı şairin düşüncəsindən axıb gələn görüşlərin əsasında ilahi eşq dayanır. Bu eşq bəşəri və dünyəvi bir eşqdir.
Köksündə
azərbaycançılıq məfkurəsi kök
salan şair
Bəxtiyar Vahabzadə tədqiqatçı-alim kimi Azərbaycan elmi qarşısında xidmətlər göstərmişdir. Şifahi ədəbi irsimizin, klassik və müasir Azərbaycan ədəbiyyatının öyrənilməsi sahəsində axtarışlarının bəhrəsi olan əsərlərini elmi ictimaiyyət həmişə dərin maraqla qarşılamışdır. Azərbaycan dilinin saflığı, təmizliyi və zənginləşməsi uğrunda mübarizə Bəxtiyar Vahabzadə yaradıcılığının mühüm istiqamətlərindən birini təşkil edir. Xalqının gücü ilə yazıb-yaratmış Bəxtiyar Vahabzadə Azərbaycan dilinə qarşı soyuq münasibət gördüyü zaman qələmini bu istiqamətdə kökləyib "Mənim ana dilim" şeirini yazaraq, bu şeirin arxasında bir şəxsiyyət kimi çıxış edib, ana dilinin qorunması, onun saflığının saxlanılması üçün bütün insanları - azərbaycanlıları anasına hörmət etdiyi tək, ana dilinə də belə məhəbbət və ehtiramla yanaşmağa səsləyirdi. Müasir Azərbaycan ədəbiyyatının ən parlaq simalarından olan Bəxtiyar Vahabzadə öz yaradıcılığı ilə bədii fikrimizin zənginləşməsində mühüm rol oynamışdır. Böyük söz ustası xalqımızın yüzillər boyu təşəkkül tapmış yüksək milli-mənəvi dəyərlərinin qorunması, adət-ənənələrimizin yaşadılması naminə altmış ildən artıq bir müddət ərzində yorulmadan yazıb-yaratmışdır. O, azərbaycançılıq məfkurəsi ilə dərindən bağlı olan və milli özünüdərkə çağıran çoxsaylı əsərləri ilə ədəbiyyatımızın inkişafına dəyərli töhfələr vermişdir. Azərbaycan xalqının tarixinin qədim dövrlərdən bəri müxtəlif mərhələlərində baş vermiş hadisələr, böyük şəxsiyyətlərin parlaq simaları ustad sənətkarın diqqət mərkəzində dayanırdı. Onun hələ ötən əsrin 60-cı illərinin əvvəllərində qələmə aldığı "Gülüstan" poemasının həyat və fəaliyyətinə çox böyük maneələr yaradacağını bildiyi halda, bu əsəri qələmə almışdır. Azərbaycan dövlətçiliyinə, müstəqilliyinə daim can atan, ömrü boyu müstəmləkə əleyhinə çıxış edən şair tarixi materiallara söykənib milli qəhrəmanlıq ənənələrini yaşadan əsərlərlə mütəmadi çıxış etmişdir. Babəkin ölümü, ona qarşı olan xəyanət tarixi materiallar əsasında Bəxtiyar Vahabzadəyə tam dəqiqliyi ilə məlum olduğundan, o, Səhl Sumbat kimilərin vətən eşqi ilə yaşayan insanlara qarşı olan münasibətini birmənalı qarşılayaraq, onlara qəti şəkildə etiraz və nifrətini bildirirdi.
Ədəbi fikrin görkəmli nümayəndəsi
Azərbaycan ədəbiyyatının, bütövlükdə XX əsr Azərbaycan ədəbi fikrinin görkəmli nümayəndəsi olan Bəxtiyar Vahabzadənin adı təkcə respublikamızda deyil, onun hüdudlarından çox-çox uzaqlarda tanınır. Şairin əsərləri - şeir kitabları, dramları və publisistik yazıları dünyanın bir çox dillərinə, o cümlədən, ingilis, fransız, alman, fars, polyak, ispan, macar, keçmiş sovetlər birliyi xalqlarının dillərinə tərcümə edilib. Bəxtiyar Vahabzadə respublikamızın hüdudlarından uzaqlarda ölkəmizi layiqincə təmsil edərək, milli mədəniyyətimizin təbliği və ədəbi irsimizin dünyada tanıdılması naminə qüvvə və bacarığını əsirgəməmişdir. O, 70-dən artıq şeir kitabının, 2 monoqrafiyanın, 11 elmi-publisist kitabın və yüzlərlə məqalənin müəllifidir. Bəxtiyar Vahabzadənin tariximizin bir çox hadisələrini canlandıran dram əsərlərinin gənc nəslin tərbiyəsində böyük rolu olmuşdur. Müasir həyatdakı ziddiyyətlərin, qarşıdurmaların və mənəvi sarsıntıların təsviri ilə yanaşı, yüksək, pak və ülvi hisslərin tərənnümü Vahabzadə dramaturgiyasında böyük məharətlə təcəssümünü tapmışdır. Onun pyesləri Azərbaycan və eləcə də xarici ölkə teatrlarının səhnələrində uğurla tamaşaya qoyulmuş, müəllifinə geniş şöhrət gətirmişdir. Azərbaycan Akademik Dövlət Dram Teatrının səhnəsində onun "Vicdan", "İkinci səs", "Yağışdan sonra", "Yollara iz düşür", "Fəryad", "Hara gedir bu dünya?", "Özümüzü kəsən qılınc", "Cəzasız günah", "Dar ağacı" pyesləri tamaşaya qoyulub. O, tarixi və müasir mövzuda 20-dən artıq iri həcmli poemanın müəllifidir. Azərbaycan poeziyasında vətəndaşlıq ruhunun qüvvətlənməsində və sənətkarlıq imkanlarının genişlənməsində Bəxtiyar Vahabzadənin müstəsna xidmətləri vardır. Dilimizin poetik imkanlarından məharətlə bəhrələnən şair fəlsəfi məzmunlu lirikanın gözəl nümunələrini yaratmağa müvəffəq olmuşdur. Mənəvi ucalıq, dünya və zaman, təbiət və insan həyatının mənası haqqında düşüncələrlə zəngin poeziyası ədəbi ictimaiyyət tərəfindən daim rəğbətlə qarşılanmışdır. Şairin dərin lirizmi ilə səciyyələnən sözlərinə çoxsaylı mahnılar bəstələnmişdir.
Türk dünyasına töhfələr
verən ziyalı
Bədii, elmi-publisistik yaradıcılığını ictimai-siyasi fəaliyyətilə üzvi surətdə əlaqələndirən şair türk dünyasına töhfələr vermiş ziyalı olaraq salnamələrə izini saldı. Bu fikirlərin hər biri onun xalqına, türk dünyasına olan sevgisinin aliliyindən irəli gəlir. Bəxtiyar Vahabzadə istər şeirlərində, istərsə də dram əsərlərində və poemalarında bir vətəndaş mövqeyini ortaya qoyub, hadisələrə obyektiv münasibət bəsləyərək zamanın ixtiyarına verirdi. Məhz zamanla baş-başa qoyduğu fikir dünyasında insanlar onun kimliyini görə bildilər.
Qeyd edim ki, Bəxtiyar Vahabzadə 1950-ci ildən etibarən Azərbaycan Dövlət Universitetində müəllim, dosent və professor vəzifələrində çalışaraq, ömrünün yarım əsrdən artıq bir dövrünü ölkəmizdə təhsilin inkişafına həsr etmişdi. Bəxtiyar Vahabzadə ədəbi və elmi yaradıcılığı pedaqoji fəaliyyətlə uğurla əlaqələndirərək, uzun illər Bakı Dövlət Universitetinin professoru kimi Azərbaycanda yüksək ixtisaslı kadrların hazırlanmasına töhfələr vermişdir.
Bəxtiyar Vahabzadənin ədəbi-elmi və ictimai fəaliyyəti yüksək qiymətləndirilmişdir. 1974-cü ildə əməkdar incəsənət xadimi adına, 1975-ci ildə respublika, 1984-cü ildə isə SSRİ Dövlət Mükafatlarına layiq görülüb. 1985-ci ildə ona Azərbaycanın xalq şairi fəxri adı verilib, 1995-ci ildə Azərbaycan xalqının milli azadlıq mübarizəsində xüsusi xidmətlərinə görə "İstiqlal" ordeni ilə təltif edilib. O, bir sıra orden və medallara, o cümlədən, Azərbaycan Respublikasının ali dövlət təltifi olan "İstiqlal" ordeninə layiq görülmüşdür.
Görkəmli şair, dramaturq və ədəbiyyatşünas, SSRİ və Azərbaycan Dövlət mükafatları laureatı, xalq şairi, əməkdar incəsənət xadimi, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, filologiya elmləri doktoru, professor, Prezidentin fərdi təqaüdçüsü Bəxtiyar Vahabzadə ömrünün 84-cü ilində dünyasını dəyişib.
Görkəmli ədib, mahir pedaqoq, tanınmış ictimai xadim və səmimi insan Bəxtiyar Vahabzadə dünyası, onun işıqlı xatirəsi xalqımızın qəlbində daim yaşayacaq.
ZÜMRÜD
Səs.- 2018.- 16 avqust.- S.10.