Tarixdə 100 illik yubileylərlə yadda qalan 2018-ci il

 

    Artıq 2018-ci ilin son ayını yaşamaqdayıq. Hər ötən il ayrı-ayrı fikirlərdə fərqli şəkildə yadda qalır, desək yanılmarıq. Lakin bu ilin ötən müddəti ərzində baş verən hadisələrə nəzər salsaq, cari ilin Azərbaycan tarixində mühüm izlər buraxdığını açıq şəkildə görərik. 2018-ci ildə Azərbaycan bütün sahələrdə əldə etdiyi nailiyyətlərlə yanaşı, 100 il bundan öncəki dövrə yenidən baxış edərək tarixin səhifələrinə mühüm məqamları yazdı. Cari ildə ölkəmizdə 100 illiklərlə bağlı keçirilən möhtəşəm tədbirlər, atılan addımlar bunu deməyə əsas verir.2018-ci ilin tarixi il kimi yadda qalması ilə bağlı ilk addım Azərbaycan Prezident İlham Əliyev tərəfindən bu ilin yanvarın 10-da imzalanan “2018-ci ilin Azərbaycan Respublikasında “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi haqqında Sərəncam oldu. Sərəncamda Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100-cü ildönümünün dövlət səviyyəsində layiqincə qeyd edilməsi məqsədilə Nazirlər Kabinetinə müvafiq tədbirlər planının hazırlanıb həyata keçirilməsi tapşırılmaqla yanaşı, Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100-cü ildönümü ilə əlaqədar ölkədə və ölkə xaricində silsilə tədbirlərin həyata keçirilməsi nəzərdə tutulmuşdu.

Sərəncamdan irəli gələn məsələləri icrası ilə əlaqədar olaraq, AXC-nin 100 illiyi ilə bağlı həm Azərbaycanda, həm də ölkə xaricində yüksək səviyyəli tədbirlər keçirilib, bu tarixin Müasir Azərbaycan üçün önəmi daim önə çəkilib.

AXC - 100

100 illik tarixə malik olan Azərbaycan Xalq Cümhuriyyəti – 1991-ci ildə öz müstəqilliyini bərpa edən müasir Azərbaycan Respublikası 1918-1920-ci illərdə 23 ay ərzində mövcud olan və müsəlman Şərqində ilk dünyəvi, demokratik dövlət kimi tarixə düşən Azərbaycan Xalq Cümhuriyyətinin siyasi varisidir.

Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın qədim dövlətçilik ənənələrini yaşadaraq, həmin dövr üçün mütərəqqi hesab edilən dövlət təsisatlarının yaradılmasına nail olmuşdur. Gərgin və mürəkkəb ictimai-siyasi şəraitdə fəaliyyət göstərmiş Azərbaycan Xalq Cümhuriyyətinin demokratik dövlət quruculuğu, iqtisadiyyat, mədəniyyət, təhsil, hərbi quruculuq və sair sahələrdə həyata keçirdiyi işlər Azərbaycan xalqının tarixinin parlaq səhifəsidir. İstiqlal Bəyannaməsinin elan edildiyi 1918-ci ilin 28 may tarixi hazırda dövlət müstəqilliyinin bərpa edilməsi günü - Respublika Günü kimi qeyd edilir.

Cari ilin mayın 28-də Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə rəsmi qəbul da təşkil olunub.

Azərbaycan Parlamenti - 100

Cari ildə 100 illik yubileylər sırasına Azərbaycan Parlamenti də daxil olub. 1918-ci il may ayının 28-də Zaqafqaziya seymində Müsəlman fraksiyası özünü Azərbaycan Milli Şurası elan edib. Bununla da Azərbaycanın ilk Parlamenti yarandı və ilk parlamentli respublikanın əsası qoyulub. İlk Parlamentimiz ölkənin idarə olunmasını öz üzərinə götürüb və tarixi istiqlal bəyannaməsini qəbul edib.  Şərəfli tarixə malik olan Azərbaycan Parlamenti öz 100 yaşını bu ilin sentyabrın 21-də Milli Məclisdə beynəlxalq səviyyədə qeyd etdi. Prezident İlham Əliyevin də iştirak etdiyi yüksək səviyyəli mərasimdə 150 ölkənin parlamentinin nümayəndə heyəti iştirak edib.

 

Təntənəli iclasa ATƏT Parlament Assambleyasının, Türkdilli Ölkələrin Parlament Assambleyasının (Türk PA), Qaradəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasının (QDİƏT PA), Müstəqil Dövlətlər Birliyinin Parlament Assambleyasının (MDB PA), Avropa Parlamenti, GUAM (Gürcüstan-Ukrayna-Azərbaycan-Moldova) Parlament Assambleyasının nümayəndələri də qatılıb.

Azərbaycan Ədliyyəsinin 100 illik yubileyi

Prezident İlham Əliyevin Sərəncamı ilə 2018-ci ildə 100 illik yubileyi təntənəli şəkildə qeyd olunan sahələrdən biri Azərbaycan ədliyyəsi oldu. Bir əsr inkişaf yolu keçən Azərbaycan ədliyyəsinin şanlı tarixi 1918-ci il may ayının 28-də Azərbaycan Xalq Cümhuriyyətinin elan edildiyi gündə Ədliyyə Nazirliyinin təsis edilməsi ilə başlayıb. 1918-ci ilin noyabr ayının 22-də isə Ədliyyə Nazirliyinin funksiyalarını, fəaliyyət istiqamətlərini və səlahiyyətlərini müəyyən edən mühüm akt-nazirliyin Əsasnaməsi təsdiq olunub. Beləliklə, Azərbaycan Xalq Cümhuriyyətinin qoyduğu təməl əsasında müasir dövlətçilik ənənələrinə və konsepsiyasına söykənən Azərbaycan ədliyyəsinin tarixi yazılmağa başlandı. Azərbaycan ədliyyəsinin yenidən və əsaslı surətdə formalaşdırılması və inkişafı Ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndər Heydər Əliyevin siyasi xəttini uğurla davam etdirən ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ədliyyəsinin inkişafı yolunda yeni nailiyyətlər əldə edilmiş, həyata keçirilən ardıcıl və məqsədyönlü islahatlar nəticəsində nazirliyin cəmiyyətin idarə olunmasında yeri və rolu daha da artmış, nüfuzu və mövqeyi möhkəmlənib.

100 yaşlı Azərbaycan Ordusu

 

1918-ci ilin iyunun 26-da yaradılan Azərbaycanın milli ordusu da bu il 100 yaşını qeyd etməklə, nə qədərgüclü olduğunu dünyaya sübut etmiş oldu. 100 il əvvəl yaradılan Azərbaycan Silahlı Qüvvələri əminliklə söyləmək olar ki, bu gün ən güclü dövrünü yaşayır. Təməli Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş və Ali Baş Komandan İlham Əliyevin davam etdirdiyi müasir ordu quruculuğu sayəsində bu gün Azərbaycan Silahlı Qüvvələri dünyanın ən güclü 50 ordusu sırasında dayanır, regionda isə ən güclü ordudur. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda bir çox sahələrdə aparılan islahatlar ordu quruculuğundan da yan ötməyib. Belə ki, ölkənin müdafiəsinin təşkil edilməsi üçün Azərbaycan Ordusunun döyüşə hazırlığı sahəsində müvafiq tədbirlər görülüb, qoşunlar müasir döyüşün aparılması tələblərinə cavab verən silah, hərbi texnika və digər vasitələrlə hərtərəfli təmin olunub. Ordumuzun 100 illiyi olaraq cari ilin iyunun 26-da Bakının Azadlıq meydanında keçirilən təntənəli hərbi paradla yadda qaldı.

Azərbaycan Polisi - 100 il

Azərbaycan Polisi 2018-ci ilin 2 iyul tarixində peşə bayramı ilə yanaşı, yaranmasının 100 illik yubileyini də qeyd etdi. 1918-ci il iyulun 2-də Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin qərarı ilə yaradılan Azərbaycan polisi dövlətçiliyin qorunmasında əsas dövlət təsisatıdır. Ulu öndər Heydər Əliyevin respublikamıza rəhbərlik etdiyi dövrlərdə daxili işlər orqanlarının fəaliyyətinin təşkili, peşəkar kadr özəyinin yaradılması, son 15 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə isə hüquq mühafizə, o cümlədən daxili işlər orqanlarında bir sıra islahatlar, struktur dəyişiklikləri, maddi-texniki bazanın möhkəmləndirilməsi, iş şəraitinin yaxşılaşdırılması istiqamətində mühüm addımlar atılıb. Qeyd edək ki, Ulu Öndər Heydər Əliyevin 1998-ci il 24 may tarixli fərmanı ilə hər il iyulun 2-si Azərbaycanda Polis Günü kimi qeyd olunur.

 

Bakının işğaldan azad edilməsindən 100 il ötür

Sentyabrın 15-də Azərbaycan paytaxtında təntənəli yubiley mərasimi-hərbi parad keçirildi. Türkiyə və Azərbaycan Bakının yadelli qüvvələrdən azad edilməsinin 100 illiyini birgə qeyd etdi. 100 il öncə Azərbaycan Milli Ordusu və Nuru Paşanın komandanlıq etdiyi Qafqaz İslam Ordusu ağır döyüşlərdən sonra Bakı şəhərini erməni daşnak və bolşevik qüvvələrinin əsarətindən azad etdi. Bu hadisə keçən əsrin ikinci onilliyində baş verdi. O zaman dünya qarışıq idi. Birinci dünya müharibəsi gedirdi. O müharibədə Osmanlı imperiyası məğlublar sırasında idi. Buna baxmayaraq, İstanbul hərbi yardım əlini qardaş Azərbaycana uzatdı. Qısa müddətdə minlərlə şəhid verməklə Qafqaz İslam Ordusu Bakını işğalçılardan təmizlədi.

100 illik tarixə malik olan Üçrəngli bayrağımız

2018-ci ildə müstəqil dövlətimizin qürur mənbəyi olan üçrəngli bayrağımızın qəbul olunmasından da 100 il ötür. 1918-ci ilin noyabrın 9-da Fətəli xan Xoyskinin hesabatı əsasında Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı haqqında qərar qəbul edilib. 23 aydan sonra - aprelin 28-də milli bayrağımız sovet bayrağı ilə əvəz edildi. Ancaq 70 ildən sonra üçrəngli bayrağımız yenidən Ulu öndər Heydər Əliyev tərəfindən Naxçıvanda qəbul olundu. Baxmayaraq ki, o zaman SSRİ tam süqut etməmişdi, amma Ümummilli lider Heydər Əliyev sovet siyasi sistemindən imtina edərək üçrəngli bayrağımızı qəbul etdi. 2009-cu ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə 9 noyabr Dövlət Bayrağı Günü kimi qəbul olundu”.

Avtomobil yolları təsərrüfatının yaradılmasının 100 illiyi

2018-ci ildə Avtomobil yolları təsərrüfatının yaradılmasının da 100 illiyi geniş şəkildə qeyd edildi. 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin elan olunması yol təsərrüfatında yeni mərhələ kimi xarakterizə oluna bilər. Azərbaycan Xalq Cümhuriyyəti dövründə yol təsərrüfatının inkişafı ilə bağlı əsaslı tədbirlər görülüb, avtomobil yollarının sayı artıb, yol tikintisində yeni metodlar tətbiq olunub. Yol təsərrüfatında daha ciddi uğurların əldə olunması isə Ulu öndər Heydər Əliyevin 1969-cu ildə respublika rəhbərliyinə gəlməsindən sonraya təsadüf edir. Yol təsərrüfatında görülən işlər müstəqilliyimizi yenidən qazandıqdan sonra da davam etdirildi. Ümummilli lider Heydər Əliyev “Tarixi İpək yolu”nun bərpası ideyasını xəyaldan reallığa çevirdi. Bu nəhəng layihənin gerçəkləşdirilməsi nəticəsində ölkəmizin geostrateji və geosiyasi əhəmiyyəti daha da artdı, Azərbaycan Şərqlə-Qərb arasında strateji körpü rolunu oynayan əlverişli tranzit məkanına çevrildi. Ölkədə yol infrastrukturunun daha da təkmilləşdirilməsi, mövcud yolların yenidən qurulması Prezident İlham Əliyevin iqtisadi siyasətində də diqqət mərkəzində saxlanıldı. Son 15 ildə ölkə üzrə 15 min kilometr uzunluğunda yol çəkilib. Təkcə bu ilin 9 ayında 30-a yaxın rayonda və paytaxtda təqribən 1 milyon nəfər əhalinin yaşadığı 500-dən çox yaşayış məntəqəsini əhatə edən layihələr üzrə tikinti və yenidənqurma işləri başa çatdırılıb.

 

Nailə Məhərrəmova

Səs.- 2018.- 8 dekabr.- S.- 8-9