Həyata
keçirilən islahatlar Azərbaycanın regional və beynəlxalq
iqtisadi əməkdaşlıq mərkəzinə çevrilməsini
təmin edib
Azərbaycan
Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi
Vüsal Hüseynov www.yap.org.az saytına müsahibə verib:
-
Vüsal müəllim, məlum olduğu kimi, bu gün Azərbaycan
Respublikası uğurlu daxili və xarici siyasət həyata
keçirir. Bu mənada, dövlətimizin
miqrasiya siyasətinin əsas prioritetləri nədən ibarətdir?
- Şərqlə Qərbin qovşağında yerləşən,
Cənubi Qafqazda təkrarsız təbiətə, çoxəsrlik
mədəniyyətə, qədim tarixə və müasir
sürətli sosial-iqtisadi inkişafa, turizm imkanlarına sahib
olan müasir müstəqil Azərbaycan dövləti sürətlə
inkişaf edir.
Bu inkişafın əsası Azərbaycan
xalqının Ümummilli lideri Heydər Əliyev tərəfindən
qoyulub. Dahi öndərin
düşünülmüş və uzaqgörənliklə
həyata keçirdiyi siyasət bu gün Onun layiqli
davamçısı möhtərəm Prezidentimiz cənab
İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Ölkə Prezidentinin rəhbərliyi ilə həyata
keçirilən sosial-iqtisadi islahatlar, qlobal enerji layihələrinin
uğurlu icrası, qeyri-neft sektorunun sürətli
inkişafı respublikamızın dünya siyasi arenasında
müsbət imiclə tanınmasını, regional və beynəlxalq
iqtisadi əməkdaşlıq mərkəzinə çevrilməsini
təmin edib.
“Əlbəttə ki, bizim inkişafımızın təməlində
həm düşünülmüş siyasət, həm
güclü iradə, eyni zamanda, güclü iqtisadiyyat
dayanır. Biz güclü iqtisadiyyat qura bilmişik, bu gün
heç kimdən asılı deyilik, özümüz öz
taleyimizin sahibiyik və iqtisadi sahədə böyük
uğurlar əldə etmişik” söyləyən Prezident
İlham Əliyevin sözlərini Azərbaycanın
inkişaf modelini başqalarına nümunə göstərən
beynəlxalq təşkilatlar da təsdiqləyir.
Son illər
Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə
ölkəmizin turizm imkanlarının genişləndirilməsi,
biznes mühitinin daha da yaxşılaşdırılması,
sahibkarlığın inkişaf etdirilməsi istiqamətində
yaradılan münbit şərait ölkəmizdə iş
adamlarına səmərəli fəaliyyət
üçün də mühüm imkanlar yaradıb. Azərbaycan
tərəfindən həyata keçirilən irimiqyaslı tədbirlər,
geniş infrastruktur layihələri, Ələt Azad Ticarət
Zonasının yaradılması, Bakı-Tbilisi-Qars dəmir
yolunun və Trans-Anadolu (TANAP) qaz kəmərinin istifadəyə
verilməsi, Beynəlxalq Dəniz Ticarət Limanının
tikintisi, Cənub Qaz Dəhlizi layihəsinin reallaşması
ölkəmizə xarici investisiyanın cəlb edilməsinə
xüsusi təkan verib. Bu da öz növbəsində
çevik miqrasiya idarəçiliyini şərtləndirir.
Bu baxımdan miqrasiya sahəsində təhlükəsizliyin,
şəffaflığın və rahatlığın təmin
edilməsi ilə biznes mühitinin inkişafına dəstək
olmaq Dövlət Miqrasiya Xidmətinin əsas prioritetlərindəndir.
Çünki turizmin və biznes mühitinin
inkişafı miqrasiya məsələləri ilə
birbaşa əlaqəlidir. Dövlət
başçısının müəyyənləşdirdiyi
strategiyaya uyğun olaraq, Dövlət Miqrasiya Xidməti də
bu sahə ilə bağlı mərkəzi icra hakimiyyəti
orqanı kimi qanunla müəyyən edilmiş səlahiyyətləri
çərçivəsində işəgötürənlərin
iş icazəsi ilə bağlı müraciətlərinə
tam şəffaf şəkildə baxılmasını təmin
edir. Xidmət tərəfindən hər zaman
özəl sektora diqqət göstərilir, işəgötürənlərlə
mütəmadi görüşlər keçirilir.
İş icazələrinin verilməsi prosesini təkmilləşdirmək,
şəffaflığı artırmaq və sahibkarların
müraciətlərinə operativ baxılmanı təmin etmək
məqsədi ilə DMX-də iş icazələrinə
baxılma üzrə birbaşa Dövlət Miqrasiya Xidmətinin
rəhbərinə müraciət imkanı təmin edən
qaynar xətt yaradılıb. İşəgötürən
DMX ilə bağlı hər hansı problemlə
qarşılaşsa və yaxud iş icazələrinin verilməsi
ilə əlaqədar sualı yaranarsa, dərhal həmin qaynar
xətt vasitəsi ilə Xidmətin rəhbərinə
müraciət edə bilər. Xidmətin rəsmi
saytında xüsusi pəncərədə qaynar xətt
nömrəsi və elektron ünvan yerləşdirilib.
Qeyd edək ki, daxili əmək bazarının
qorunması da Xidmətin üzərinə düşən vəzifələrdəndir. Miqrasiya Məcəlləsinə
əsasən, əcnəbilərin və vətəndaşlığı
olmayan şəxslərin Azərbaycanda haqqı ödənilən
əmək fəaliyyəti ilə məşğul
olmaları üçün əsas şərtlər iş
yerinin tələblərinə cavab verən peşə
hazırlığına və ya ixtisasa malik Azərbaycan vətəndaşının
iddia etmədiyi boş iş yerlərinin mövcudluğundan,
məşğulluq xidməti orqanları tərəfindən
işəgötürənlərin işçi qüvvəsinə
olan ehtiyaclarını yerli əmək ehtiyatları
hesabına təmin etmək imkanının olmamasından ibarətdir.
Ölkəmizdə
biznes və investisiya mühitinin
yaxşılaşdırılması üçün
islahatların aparılması məqsədilə biznes sektoru
nümayəndələri - sahibkarlarla, iş adamları ilə
mütəmadi olaraq görüşlər, biznes forumları
keçirilir, səmərəli müzakirələr
aparılır, onların təklifləri ətraflı təhlil
olunur və nəticəsindən asılı olaraq nəzərə
alınır. Çünki DMX-nin fəaliyyəti
ilə bağlı təklif və iradları bilmək, Xidmətin
fəaliyyətinin günün tələblərinə
uyğun qurulması və ölkəmizə xarici
investisiyanın cəlb olunması üçün
işgüzar dairələr ilə əməkdaşlıq əlaqələrini
genişləndirmək önəmli məsələdir.
DMX-nin təşəbbüsü ilə iş icazələri
ilə bağlı şəffaflığın təmin edilməsi,
işəgötürənlərin rastlaşdıqları
çətinliklərin təhlili məqsədilə ölkəmizdə
fəaliyyət göstərən yerli və xarici sahibkarlar
konfederasiyalarının, iş icazələri
üçün müraciət edən iri şirkətlərin
nümayəndələrinin təmsilçiliyi ilə
Dövlət Miqrasiya Xidməti yanında Məşvərət
Şurası yaradılmışdır.
Bundan başqa, “ASAN Viza” sistemi vasitəsilə elektron əmək
vizasının alınması təmin edilib. “ASAN Viza” sistemində viza
növlərinin siyahısına əmək vizasının
daxil edilməsi, bu prosesin sadələşdirilməsi və
asanlaşdırılması Azərbaycan Respublikasına
haqqı ödənilən əmək fəaliyyəti ilə
məşğul olmaq məqsədilə səfər edən əcnəbi
və vətəndaşlığı olmayan şəxslərin,
həmçinin Dövlət Miqrasiya Xidmətinə iş
icazəsi almaq üçün müraciət edən işəgötürənlərin
məmnunluqlarının təmin olunmasına xidmət edir.
- Hazırda Azərbaycan dünyanın dinamik inkişaf
edən ölkələri sırasındadır. Sosial-iqtisadi
nailiyyətlər ölkəmizi əcnəbilər
üçün də əlverişli dövlətə
çevirib və bu gün Azərbaycan dünya ölkələrinin
vətəndaşları üçün böyük maraq kəsb
edir. Bu amil miqrantların ölkəmizə
gəlişində əsas rol oynayır. Miqrasiya
məsələlərinin tənzimlənməsi ilə əlaqədar
qanunvericilik bazası hansı səviyyədədir?
- Dövlət Miqrasiya Xidməti Azərbaycan
Respublikasının miqrasiya sahəsində vahid dövlət
siyasətini həyata keçirən dövlət
orqanıdır. Qurum əcnəbilərin və vətəndaşlığı
olmayan şəxslərin olduğu yer üzrə
qeydiyyatını, müvəqqəti olma müddətlərinin
uzadılmasını, müvəqqəti və daimi
yaşamaq üçün icazələrin
alınmasını, vətəndaşlığa qəbul, bərpa,
xitamla bağlı müraciətlərin qəbulunu, eləcə
də vətəndaşlıq mənsubiyyətinin və
qaçqın statusunun müəyyənləşdirilməsini,
həmçinin əmək fəaliyyətinin həyata
keçirilməsi üçün iş icazələrinin
alınması və mövcud iş icazələrinin müddətlərinin
uzadılmasını və qeyri-qanuni miqrasiyaya qarşı
mübarizə tədbirlərini həyata keçirir. Miqrasiya proseslərinin idarə olunması və tənzimlənməsi
məqsədilə həm qanunvericilik, həm də onun tətbiqi
sahəsində bir sıra ciddi addımlar atılıb, əsaslı
tədbirlər həyata keçirilib.
Əcnəbilərin
ölkədə olma və yaşamaları, həmçinin
iş icazələri ilə bağlı məsələlər
qanunvericilik baxımından kifayət qədər sadələşdirilib.
Bununla bağlı Miqrasiya Məcəlləsinə
və İnzibati Xətalar Məcəlləsinə müvafiq
dəyişikliklər edilib.
Məsələn, qanunvericiliyə edilən dəyişikliyə
əsasən, Azərbaycana daxil olan əcnəbilər və
ya vətəndaşlığı olmayan şəxslərin
olduğu yer üzrə qeydiyyatı ilə bağlı
müddət artırılıb. Miqrasiya Məcəlləsinin
21-ci maddəsinə edilmiş dəyişikliyə əsasən
əcnəbilərin və ya vətəndaşlığı
olmayan şəxslərin ölkədə olduqları yer
üzrə qeydiyyatı 10 gündən 15 günədək
uzadılıb. Bu da, şübhəsiz ki,
ölkəmizə turist kimi və yaxud işgüzar qaydada
qısamüddətli səfərə gələn şəxslərin
məmnunluğunun artırılmasına xidmət edir.
Bundan əlavə, olduğu yer üzrə qeydiyyatla
bağlı müraciət imkanları genişləndirilib və
“ASAN xidmət” mərkəzlərində də qeydiyyata
düşmək imkanı yaradılıb. Bununla bağlı bu ilin may
ayında Dövlət Miqrasiya Xidməti ilə Azərbaycan
Respublikasının Prezidenti yanında Vətəndaşlara
Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət
Agentliyi arasında Anlaşma Memorandumu imzalanıb. Məqsəd olduğu yer üzrə qeydiyyat prosesində
şəffaflığı, rahatlığı təmin etməklə
mümkün növbələrin qarşısını almaq,
xidmətdən istifadə məmnunluğunu artırmaq və
şəxslərin müraciət imkanlarını genişləndirməkdir.
Qeyd edim ki, əcnəbilərin və vətəndaşlığı
olmayan şəxslərin olduğu yer üzrə qeydiyyata
alınması üçün dövlət rüsumu ödənilmir.
Qanuna edilən
digər dəyişikliklərdən biri də əcnəbinin
və vətəndaşlığı olmayan şəxsin
ölkədə olma, yaşama və ya iş icazəsinin ləğv
edilməsinə səbəb olmuş əsaslar aradan
qalxdıqda onların ölkəyə gəlməsinə
qoyulmuş məhdudiyyətin götürülməsidir.
Digər məsələ miqrasiya qanunvericiliyini
pozduğuna görə barəsində inzibati cərimə
növündə inzibati tənbeh tədbiri tətbiq
edilmiş əcnəbi və ya vətəndaşlığı
olmayan şəxslərin ölkə ərazisini tərk etməsi
və yenidən ölkəyə gəlməsi ilə
bağlıdır.
Ümumiyyətlə,
miqrasiya ilə bağlı qanunvericiliyə edilmiş dəyişikliklərin
məqsədi vətəndaşların, əcnəbilərin
və vətəndaşlığı olmayan şəxslərin,
əməkçi miqrantların vəziyyətlərinin
yaxşılaşdırılmasına, məmnunluqlarının
artırılmasına, rahatlıqlarının təmin edilməsinə,
şəffaflığa, ölkə ərazisində ailə
bağlılığı və işgüzar əlaqələri
olan əcnəbilərin öz hüquqlarından sərbəst
istifadəsinə xidmət edir.
- Nəzərə
alaq ki, bu gün qeyri-qanuni miqrasiya problemlərinə başqa
dövlətlərdə olduğu kimi, Azərbaycanda da rast gəlinir.
Bu problemin qarşısının
alınması üçün hansı əsaslı
addımlar atılır?
- Bu
gün təhlükəsiz, nizamlı və qanuni
miqrasiyanın təmin edilməsi bütün dünyanın
qarşısında duran prioritetlərdən biridir. Ölkəmizdə də qeyri-qanuni miqrasiyaya
qarşı mübarizə diqqət mərkəzdə
saxlanılır. Ölkəmizin bir
sıra dövlətlərlə vizasız gediş-gəliş
rejiminin mövcud olması respublikamızın ərazisindən
tranzit qaydada keçən, qısa müddətə gələn,
həmçinin qanuni əsaslar olmadan ölkə ərazisində
yaşamaq istəyən əcnəbilərin sayının
artmasına səbəb olub. Qeyri-qanuni
miqrasiyanın qarşısının alınması Azərbaycan
Respublikasının təhlükəsizliyinin təmin edilməsinin
və Azərbaycan vətəndaşlarının
maraqlarının müdafiəsinin vacib şərtlərindən
biridir.
Ölkənin milli təhlükəsizliyini və milli
maraqlarını qorumaqla miqrasiya axınlarının tənzimlənməsi,
nəzarətsiz miqrasiya proseslərinin neqativ nəticələrinin
qarşısının alınması, miqrantların öz
hüquqlarını həyata keçirməsi
üçün Dövlət Miqrasiya Xidməti tərəfindən
kompleks tədbirlər həyata keçirilir.
Ötən
müddət ərzində DMX tərəfindən həyata
keçirilən tədbirlər nəticəsində bir
sıra qanunsuz miqrasiya kanalı aşkar edilib, əcnəbilərin
müxtəlif vədlərlə aldadılaraq Azərbaycan
Respublikasına gətirilməsində, qanunsuz miqrasiyanın təşkili
və dələduzluqda təqsirləndirilən şəxslər
məsuliyyətə cəlb olunublar.
Hesab edirəm ki, qeyri-qanuni miqrasiyaya qarşı ən
effektli mübarizə qanuni miqrasiyanın təbliği və
təşviqidir. Dövlət Miqrasiya Xidməti tərəfindən
ölkə ictimaiyyətinin, əcnəbilərin və vətəndaşlığı
olmayan şəxslərin müxtəlif dillərdə məlumatlandırılması
məqsədilə mütəmadi olaraq iş aparılır. Belə ki, olduğu yer üzrə qeydiyyatla bağlı
Dövlət Miqrasiya Xidmətinin Azərbaycan, rus və ingilis
dillərində yeni dizaynda hazırladığı
bildirişlər ölkəyə daxil olan əcnəbilərə
və vətəndaşlığı olmayan şəxslərə
dövlət sərhədinin buraxılış məntəqələrində
təqdim edilir. Həmçinin əcnəbilərin
və ya vətəndaşlığı olmayan şəxslərin
ölkədə olduqları yer üzrə qeydiyyatı ilə
bağlı məlumatlandırılmaları məqsədilə
3 dildə yeni videoçarx hazırlanıb, Xidmətin qəbul
şöbələrində, hava limanında və digər
müvafiq yerlərdə yerləşdirilib.
Bundan başqa, Dövlət Miqrasiya Xidməti sosial şəbəkələrin
imkanlarından istifadəyə önəm verir. Xidmətin rəsmi
Tvitter, Facebook səhifələri, Youtube kanalı fəaliyyət
göstərir. Məqsəd sosial şəbəkələrin
imkanlarından istifadə etməklə DMX-nin fəaliyyəti
barədə məlumatlandırma və maarifləndirilmə
işini təşkil etmək, hər kəsin miqrasiya
orqanlarının fəaliyyəti ilə əlaqədar istədiyi
məlumatın sərbəst, maneəsiz və hamı
üçün bərabər şərtlərlə qanunla
müəyyən edilmiş qaydada əldə olunmasını
təmin etmək, vətəndaşların, əcnəbilərin
və vətəndaşlığı olmayan şəxslərin
suallarını operativ, çevik cavablandırmaq və
müraciətlərini qəbul etməkdir. Eləcə
də Xidmətin rəsmi saytının fəaliyyəti məzmun,
texniki, vizual və əlçatanlıq baxımından təkmilləşdirilib.
Yeni bölmələr və altbölmələr
yaradılıb. İstifadə imkanları
rahatlaşdırılıb. Səhifədə
Xidmətin fəaliyyəti barədə operativ məlumatlar,
yeniliklər, miqrasiya qanunvericiliyi, normativ-hüquqi sənədlər,
keçirilən görüşlər, tədbirlər,
statistika, təşkil edilən səyyar xidmətlər, foto
və video materialların yayımı hər zaman diqqətdə
saxlanılır.
- Dövlət Miqrasiya Xidməti miqrasiya məsələlərinin
tənzimlənməsi istiqamətində gələcəkdə
nə kimi tədbirlərin həyata keçirilməsini nəzərdə
tutur?
- Xidmətdə
müasir innovasiyaların tətbiqinə önəm verilir,
miqrasiya ilə bağlı elektron xidmətlərin
imkanları genişləndirilir. Bu gün DMX tərəfindən
11 elektron xidmətin “Elektron hökumət” portalına
inteqrasiyası təmin edilib və bu da öz növbəsində
vətəndaşlara göstərilən xidmətlərin
operativliyini, rahatlığını, habelə şəffaflığını
təmin edir.
Həmçinin Xidmətin fəaliyyət imkanları
genişləndirilir. Bu yaxınlarda “Samur” və
“Şıxlı” dövlət sərhəd
buraxılış məntəqələrində Dövlət
Miqrasiya Xidmətinin 24 saat xidmət göstərən xidməti
bölmələri fəaliyyətə başlayıb.
Miqrasiya bölmələri əcnəbi və vətəndaşlığı
olmayan şəxslərin ölkə ərazisinə daha rahat
giriş-çıxış etmələrinin təmin
olunması, onlara operativ və yerində xidmətlərin
göstərilməsi, miqrasiya sahəsində göstərilən
xidmətlərin regionlara səfər edən və orada
yaşayan əcnəbilər, habelə vətəndaşlar
üçün daha əlçatan olmasının təmin
edilməsi, onların miqrasiya qanunvericiliyi ilə bağlı
məlumatlandırılması və məmnunluğunun
artırılmasına xidmət edir. Tezliklə
“Astara” dövlət sərhədindən buraxılış məntəqəsində
də Dövlət Miqrasiya Xidmətinin yeni xidmət bölməsinin
fəaliyyətə başlaması nəzərdə tutulur.
Bir sözlə deyim ki, ölkəyə gələn əcnəbilərin
və vətəndaşlığı olmayan şəxslərin
müraciət etdiyi ilk dövlət qurumlarından biri də
Dövlət Miqrasiya Xidmətidir. Xidmət həm də
ölkəmiz haqda əcnəbidə təəssürat
yaradan, imic formalaşdıran orqandır. Çalışırıq
ki, əcnəbilərə ölkəmizin sahib olduğu milli
dəyərlərimiz - yüksək qonaqpərvərliyimiz,
humanizm və insapərvərliyimiz, eyni zamanda,
qanunlarımıza hörmət prinsipi barədə doğru və
düzgün məlumatlar verək. Xidmət
istifadəçilərinin rahatlığını və məmnunluğunu
təmin etmək üçün üzərimizə
düşən vəzifələri layiqincə yerinə
yetirməyə çalışırıq.
Möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının
tələblərini rəhbər tutaraq qarşıya
qoyulmuş vəzifələrin vaxtında və yüksək
peşəkarlıqla yerinə yetirilməsi üçün
hər bir miqrasiya əməkdaşının fəaliyyətini
ciddi tələbkarlıq şəraitində və
günün tələbləri səviyyəsində
qurması önəmlidir. Ölkəmizdə
miqrasiya ilə bağlı məsələlərin operativ
şəkildə həlli işinə, xidmət istifadəçilərinin
məmnunluğunun və şəffaflığın təmin
edilməsinə, xidmətin keyfiyyətinin yüksəldilməsinə
diqqət günbəgün daha da artırılır. Odur ki, hər bir miqrasiya orqanı əməkdaşı
üzərinə düşən vəzifə borcunu
böyük məsuliyyət hissi ilə yerinə yetirməli,
neqativ hallara yol aça biləcək nüanslara fürsət
verməməlidir.
DMX-yə müraciət edənlərin məmnunluğunun
təmin edilməsi, miqrasiya proseslərinin tənzimlənməsi,
daxili əmək bazarının qorunması kimi vəzifə
və tapşırıqların müvəffəqiyyətlə
yerinə yetirilməsi üçün miqrasiya orqanlarında
xidmət aparan əməkdaşlar daha böyük səylə
çalışmalıdırlar.
Onu da qeyd
edim ki, 2017-2018-ci illərdə “ASAN xidmət indeksi” üzrə
mərkəzi icra hakimiyyəti orqanları sırasında ən
yüksək nəticəni Dövlət Miqrasiya Xidməti (68,98 %) göstərib. Uğurlu bir nəticəyə
nail ola bilmişiksə, buna görə
sevinmək olar. Miqrasiya Xidmətinin işinə
verilən bu yüksək qiymətdə hər bir əməkdaşın
xidməti var. Əməkdaşlarımızın bilik və
bacarıqlarını cəmləyərək Xidmətin
keyfiyyətinin daha da yüksəldilməsi, müasir tələblər
səviyyəsində qurulması məqsədilə səylə,
əzmlə çalışmalıyıq. Bizim amalımız dövlətə və dövlətçiliyə,
möhtərəm Prezidentimiz cənab İlham Əliyevin həyata
keçirdiyi müdrik siyasətə sadiq qalaraq yüksək
peşəkarlıqla Vətənimizə, xalqımıza, azərbaycançılıq
ideologiyasına xidmət göstərməkdir.
Hüseynov
Vüsal
Səs.-
2018.- 26 dekabr.- S.8-9