Oktay Səmədov: Bilik Fondu
fəaliyyətini daha da təkmilləşdirmək əzmindədir
Azərbaycan Respublikasının
Prezidenti yanında Bilik Fondu Prezident İlham Əliyevin 2014-cü
il 7 may tarixli Fərmanı ilə yaradılıb. Ötən
illər ərzində fond əhəmiyyətli uğurlara imza
atıb, onun həyata keçirdiyi ölkədaxili və beynəlxalq
layihələr böyük maraqla qarşılanıb.
Bilik Fondunun icraçı direktoru Oktay Səmədovun
AZƏRTAC-a məxsusi müsahibəsində bu qurumun fəaliyyətindən,
gördüyü işlərdən bəhs olunur. Həmin
müsahibəni təqdim edirik:
- Oktay müəllim, ötən ilin
yekunlarına nəzər salanda ölkədə qazanılan
nailiyyətləri necə dəyərləndirərdiniz? Yola
saldığımız 2017-ci il yaddaşınızda
hansı uğurlarla qaldı?
-2017-ci il Azərbaycanın
ictimai-siyasi və sosial-iqtisadi həyatında özünəməxsusluğu
və rəngarəngliyi ilə yadda qaldı. Uğurla həyata
keçirilən düşünülmüş iqtisadi siyasət,
qeyri-neft sektorunun inkişafı istiqamətində atılan
ciddi addımlar, ölkə daxilində ictimai-siyasi sabitliyin
qorunması və digər amillər iqtisadiyyatımızı
müasir dünyada mövcud olan və hər bir dövlət
üçün təhlükə yaradan qlobal risklərdən
qorumağa imkan verdi.
İqtisadi sahədə əldə
olunan uğurların təməlində Prezident İlham
Əliyevin yürütdüyü müdrik siyasət nəticəsində
ölkədə ötən ilin əvvəlindən həyata
keçirilməyə başlayan iqtisadi islahatlar dayanır.
2017-ci ilin ilk günlərindən iqtisadiyyatın əsas 11
sektorunu əhatə edən Strateji Yol xəritələrinin
həyata keçirilməsinə başlanılıb, ölkəmiz
dinamik və davamlı inkişaf yoluna qədəm qoyub.
“Cənub Qaz Dəhlizi”nin tərkib
hissələri - TANAP və TAP qaz boru kəmərlərinin
inşası layihəsinin uğurla davam etdirilməsi, “Azəri-Çıraq-Günəşli”
neft yataqlar blokunun işlənilməsinin 2050-ci ilədək
uzadılması, Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin
istismara verilməsi, iki milyard ton neft hasilatına nail
olunması və müxtəlif bölgələrdə iri sənaye
müəssisələrinin fəaliyyətə
başlaması ölkəmizin iqtisadi həyatında
yaşanmış ən əlamətdar hadisələrdir.
Azərbaycanın Dünya
İqtisadi Forumunun “2017-2018 Qlobal Rəqabətlilik
Hesabatı”nda reytinqdə iki pillə irəliləyərək
35-ci yerdə, “Dünya Bankı” tərəfindən
hazırlanmış hesabatda 190 ölkə arasında 57-ci
mövqedə qərarlaşması, həmçinin Avropa və
Mərkəzi Asiya regionunda ən islahatçı üç
ölkədən biri kimi qəbul olunması ölkəmizin
iqtisadi uğurlarının dünya miqyasında
tanınmasının parlaq göstəricisidir.
Bu gün Azərbaycanın beynəlxalq
nüfuzu kifayət qədər yüksəkdir. Ölkəmizin
müasir dünyanın aktual problemlərinin müzakirə
olunduğu məkana çevrilməsi, mötəbər beynəlxalq
tədbirlərə ev sahibliyi etməsi Azərbaycanın
dünya ölkələri sırasında geosiyasi əhəmiyyətinin
durmadan artığını göstərir. Azərbaycan
və Avropa İttifaqı arasında strateji tərəfdaşlıq
sazişi üzrə danışıqlara
başlanılması, IV Ümumdünya Mədəniyyətlərarası
Dialoq Forumu, dövlətimizin başçısının
BMT-nin Baş Assambleyasının 72-ci sessiyasının
açılışında dərin məzmunlu nitqi ötən
ilin yaddaqalan hadisələrindəndir.
Ötən ilin fevralında Heydər
Əliyev Fondunun prezidenti, UNESCO-nun və ISESCO-nun xoşməramlı
səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın Azərbaycanın
Birinci vitse-prezidenti təyin edilməsi dövlətçiliyin
möhkəmlənməsi, idarəetmə mexanizminin təkmilləşdirilməsi
istiqamətində atılan mühüm addım oldu.
Prezident İlham Əliyevin erməni
işğalından azad edilmiş Cəbrayıl rayonunun Cocuq
Mərcanlı kəndinin bərpası ilə bağlı Sərəncamına
əsasən kəndə qayıdan əhali üçün
yaşayış evlərinin, məktəb binasının,
Şuşa məscidinə bənzər dini məbədin
inşası, müvafiq infrastrukturun yaradılması
ötən ilin doğma torpaqlarımıza “Böyük
qayıdış”ın başlanğıcından xəbər
verən mühüm tarixi hadisəsinə çevrildi.
“İslam Həmrəyliyi İli”ndə
xalqımızın milli mənəvi və dini dəyərlərinə
yüksək qiymət verdiyi, ölkəmizin dini
tolerantlığın nümunəsi olduğu bir daha
bütün bəşər əhlinə bəlli oldu. Dünyanın 54 ölkəsini təmsil edən 3
mindən çox idmançını bir araya gətirmiş,
1 milyarddan artıq tamaşaçı tərəfindən izlənilmiş
IV İslam Həmrəyliyi Oyunları istər bütün
regionda, istərsə də beynəlxalq miqyasda Azərbaycanın
mövqelərini daha da möhkəmləndirdi.
Azərbaycanın ötən ildə əldə
etdiyi nailiyyətlər 2018-ci ilin ölkəmiz
üçün daha da uğurlu olacağını deməyə
əsas verir.
-“İslam Həmrəyliyi İli”ndə Azərbaycan
Respublikasının Prezidenti yanında Bilik Fondunun fəaliyyəti
nədən ibarət oldu?
-“İslam Həmrəyliyi
İli”ndə Bilik Fondu ölkə əhalisinin elmi-texniki,
siyasi-ictimai, sosial-iqtisadi, ekoloji və humanitar biliklərinin
artırılması, milli mənəvi dəyərlərin təbliği,
dövlətin daxili və xarici siyasətinin mahiyyətinin
ictimaiyyətə çatdırılması istiqamətində
fəaliyyət göstərib. Fondun 76
şəhər və rayon nümayəndəsi yerli əhalinin
maarifləndirilməsi ilə bağlı bir sıra tədbirlərin
təşəbbüskarları və təşkilatçıları
olub, mühazirə və təlimlərin müasir tələblərə
uyğun keçirilməsini təmin ediblər. Fondun dəstəyi ilə Qax, Oğuz, Şəmkir,
İsmayıllı rayonlarında və Bakı şəhərinin
Nardaran qəsəbəsində fəaliyyət göstərən
bilik evlərində aktual mövzularda mühazirə, təlim,
müzakirə və təqdimatlar, tanınmış elm
adamları, mədəniyyət xadimləri ilə
görüşlər, “dəyirmi masa”lar, ödənişsiz
təlim kursları təşkil edilib, dərnəklər
yaradılıb. 2017-ci ildə Tərtər, Astara,
Ağdaş və Ağstafa rayonlarında bilik evləri fəaliyyətə
başlayıb. Hazırda bilik evlərində “Kompüter
texnologiyaları və kargüzarlıq işi”, “İngilis
dili”, “Rus dili”, “Ədəbi yaradıcılıq”, “Toxuculuq”,
“Rəssamlıq” və “Bələdçilik” üzrə təlim
kursları və dərnəklər fəaliyyət göstərir.
Bilik Fondu “İslam Həmrəyliyi İli” ilə
əlaqədar respublika və beynəlxalq səviyyəli 9
elmi-praktik konfransın təşkilatçısı olub,
ölkənin müxtəlif bölgələrində və
xaricdə 200-dək mühazirə təşkil edib.
15 sentyabr – Bilik günündə
ölkənin bütün bölgələri əhatə
olunmaqla 61 orta, 33 orta ixtisas, 15 ali təhsil müəssisəsində,
Heydər Əliyev mərkəzləri, mədəniyyət və
gənclər evlərində alim, tədqiqatçı və
mütəxəssislərin, Milli Məclisin deputatlarının
iştirakı ilə 120 mühazirə keçirilib. Tədbirlərdən
14.000-dən çox dinləyici faydalanıb.
Bir çox təhsil müəssisələrində
IV İslam Həmrəyliyi Oyunları ilə bağlı təqdimatlar
keçirilib, könüllülər hazırlığı
məqsədilə ərəb dili üzrə təlimlər
təşkil edilib. Fondun Rus Pravoslav kilsəsində
Azərbaycan dili üzrə ödənişsiz təlim
kursları da “İslam Həmrəyliyi İli”ndə ölkəmizdə
tolerantlıq ənənələrinin möhkəmlənməsi
və multikultural mühitin zənginləşməsinə
xidmət göstərən addım kimi dəyərləndirilə
bilər. Hazırda Bakı şəhərindəki kilsələrdə,
“Sodrujestvo” İctimai Birliyində, Qəbələ rayonunun Nic
qəsəbəsindəki “Cotari” Alban-Udi kilsəsində etnik
qrupların 100-dən çox nümayəndəsinə
dövlət dili tədris olunur.
-Bu gün ictimaiyyətin məlumatlandırılması
üzrə məqsədyönlü proses kimi anlaşılan
maarifləndirmə Bilik Fondunun başlıca
missiyasıdır. Əhalinin hansı sahələr üzrə
maarifləndirilməsinə xüsusi diqqət yetirilib və
bu növ fəaliyyətin statistik təsviri barədə nə
deyərdiniz?
-Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin “Milli iqtisadiyyat və
iqtisadiyyatın əsas sektorları üzrə Strateji Yol Xəritəsinin
başlıca istiqamətləri”nin təsdiqi və bundan irəli
gələn məsələlər haqqında 2016-cı il 16
mart tarixli Sərəncamının şərhi, bu sahədə
görülmüş işlərin təbliği ilə
əlaqədar əhali arasında maarifləndirmə
işinin gücləndirilməsi məqsədilə ölkənin
müxtəlif bölgələrində mühazirələr
təşkil edilib. Milli Məclisin deputatları
və Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) alimləri
şəhər və rayonların Heydər Əliyev mərkəzlərində,
kənd təsərrüfatı və sənaye müəssisələrində
müvafiq mövzularda mühazirələrlə
çıxış ediblər.
Dövlətin daxili və xarici
siyasətinin mahiyyətinin əhaliyə
çatdırılması, ideoloji işin təkmilləşdirilməsinə
dəstək verilməsi məqsədilə Bilik Fondu ötən
ilin təkcə iyun ayında respublikanın 23 şəhər
və rayonu əhatə olunmaqla 22 Heydər Əliyev Mərkəzində,
18 ali və orta təhsil müəssisəsində, 4 elm
və mədəniyyət ocağında “Heydər Əliyev və
Azərbaycanda dövlət quruculuğu” və “İlham
Əliyev və dövlət siyasətinin prioritet istiqamətləri”
mövzularında silsilə mühazirələr təşkil
edib. Tədbirlərin nəticəsi olaraq, “Azərbaycan
Respublikasının Prezidenti yanında Bilik Fondunun
lektoriyası” silsiləsindən ilk mühazirələr
toplusu nəşr edilib və növbəti
buraxılış çapa hazırlanıb.
2017-ci ildə Bilik Fondu tərəfindən
respublikanın müxtəlif bölgələrində
ümumilikdə 417 mühazirə və 46 təlim təşkil
edilib. Geniş coğrafi ərazidə əhalinin
müxtəlif təbəqələrini və sosial
qrupları əhatə edən mühazirələr şəhər
və rayonlarda fəaliyyət göstərən dövlət
idarə və təşkilatlarında, elm və mədəniyyət,
orta və ali təhsil müəssisələrində dinlənilib.
AMEA-nın institutları və
müvafiq qurumlarının əməkdaşları tərəfindən
100, ali məktəblərin müəllimləri tərəfindən
72, Milli Məclisin deputatları tərəfindən 27, digər
təşkilat və müəssisələrdə
çalışan mütəxəssislər tərəfindən
188, xarici ölkə alimləri və tədqiqatçıları
tərəfindən 30 mühazirə keçirilib.
“Dünya elmi Azərbaycanda” layihəsi çərçivəsində
Portuqaliya, Litva, İndoneziya, Misir alimlərinin mühazirələrini
yerli tədqiqatçılar və gənclər xüsusi
maraqla qarşılayıblar. Rusiyalı tarixçi və
siyasi analitik Oleq Kuznetsovun Şəmkir, Mingəçevir, Gəncə
və Naftalan şəhərlərində mühazirələri,
“XX əsrdə transmilli erməni terrorizmi. Tarixi-kriminoloji tədqiqat”
kitabının, Xocalı soyqırımının Rusiya
Dumasında tanınması məqsədilə
hazırladığı petisiyanın təqdimatları təşkil
olunub.
Fondun təşkil etdiyi mühazirələrə
ümumilikdə 300-dən çox alim və tədqiqatçı,
təhsil, mədəniyyət və səhiyyə
işçisi, tanınmış ziyalılar cəlb olunublar.
-Bilik Fondu yarandığı gündən
maraqlı bir layihəyə - “Qardaşlaşmış məktəblər”
layihəsinə imza atıb. Fondun bu layihəsi
davamlıdırmı?
-Prezident İlham Əliyevin yeniyetmə və gənclərin
yüksək vətənpərvərlik ruhunda tərbiyə
olunmasına xüsusi diqqət və qayğı ilə
yanaşması ölkədə bir çox layihələrin
gerçəkləşməsinə böyük təkan
verir. Dövlət başçısının təşəbbüsü
ilə həyata keçirilən “Ölkəmizi tanıyaq”
layihəsi Bilik Fondunun maarifləndirici fəaliyyətinin daha
geniş təşkilinə şərait yaradıb. Fondun
“Qardaşlaşmış məktəblər” layihəsi
çərçivəsində il ərzində
respublikanın 11 və xarici ölkələrin 3 orta təhsil
müəssisəsi arasında əlaqələr qurulub.
Ümummilli lider Heydər
Əliyevin anadan olmasının 94-cü ildönümünə
və “İslam Həmrəyliyi İli”nə həsr
edilmiş “Bir günəşin zərrəsiyik” II Beynəlxalq
Şagird Konfransı çərçivəsində 4 ölkənin
7 təhsil ocağı arasında “Qardaşlaşma sazişi”
imzalanıb. Layihədə iştirak edən məktəblərin
sayı 60-a çatıb. Hazırda orta-ixtisas və peşə
təhsili müəssisələrində, eləcə də
ali məktəblərdə təhsil alan gənclər
arasında “bilik körpüsü”nün
yaradılmasını nəzərdə tutan eyniadlı layihə
üzərində işləyirik.
-Gənclərin elmi biliklərinin
artırılmasında mütaliənin rolu danılmazdır.
Kitabın təbliği istiqamətində fondun
gördüyü işlər barədə nə deyərdiniz?
-Bilik Fondu uşaq, yeniyetmə və
gənclərdə mütaliəyə “Kitab – bilik mənbəyidir”
anlamına uyğun münasibətin formalaşmasını
vacib hesab edir. İnformasiya əldə edilməsində yeni
texnologiyalara meyillilik heç də intellektin çap məhsulu
olan kitaba ənənəvi münasibəti dəyişməməlidir.
Bilikli insan kapitalının formalaşdığı cəmiyyətdə
elmi və bədii ədəbiyyatla ünsiyyət xüsusi əhəmiyyətə
malikdir. Bilik Fondunun bütün proqram və layihələrində
kitab həm maarifləndirmə vasitəsi, həm də
birbaşa iştirakçıdır. Fond həyata
keçirdiyi tədbirlər çərçivəsində
minlərlə kitabı müəssisə və təşkilatlara
hədiyyə edib, bilik yarışmaları və intellektual
müsabiqə qaliblərini kitablarla mükafatlandırıb.
Bilik günü ərəfəsində 1000
nüsxədən çox kitab Cocuq Mərcanlı kənd məktəbinə
hədiyyə edilib. Elmi və bədii ədəbiyyat
nümunələrindən ibarət hədiyyə dəsti
Tbilisidə fəaliyyət göstərən Mirzə Fətəli
Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyinə təqdim
edilib.
Fondun “İmzalı görüş” layihəsi
çərçivəsində gənc oxucuların bir
çox tanınmış yazıçılarla
görüşləri təşkil olunub.
İlin sonunda bir sıra təhsil
müəssisələrində yeniyetmə və gənclərin
kitaba və mütaliəyə maraq dərəcəsinin,
onlara oxu mədəniyyətinin aşılanması
yollarının müəyyənləşdirilməsi məqsədilə
sosioloji anket sorğusuna başlanılıb. Sorğuda
5.000-dək məktəbli və tələbənin
iştirakı nəzərdə tutulub.
-Bilik Fondu maarifləndirici proqram və layihələrin
icrasında hansı qurumlarla sıx əməkdaşlıq
edir?
-Əhalinin tibbi maarifləndirilməsi və
sağlam həyat tərzinin təbliği istiqamətində
həyata keçirilən tədbirlər Səhiyyə
Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi
ilə birgə təşkil olunur. “Hüquqi maarifləndirmə”
proqramının icrasında AMEA-nın hüquqşünas
alimlərinin, Milli Məclisin hüquq siyasəti və
dövlət quruculuğu komitəsi üzvlərinin,
Konstitusiya Məhkəməsi əməkdaşlarının
köməyindən istifadə edirik. “Sabahın
alimləri” VI Respublika müsabiqəsinin təşkilində
Təhsil Nazirliyi, orta məktəb müəllimləri və
təhsil işçiləri arasında “Ən yaxşı
yazı” müsabiqəsinin keçirilməsində “Azərbaycan
müəllimi” qəzeti ilə əməkdaşlıq
etmişik.
Fondun “Ekran və efirdə ədəbi
dil normaları” layihəsinin icrasında Milli Televiziya və
Radio Şurası kömək göstərib, “Xəzər TV”
MMC, “Lider TV” MMC, “ARB” Media Qrupunun “ARB 24” (Tovuz) və “Kəpəz
TV” yayım şirkətlərində AMEA-nın Dilçilik
İnstitutu, Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət
Mədəniyyət və İncəsənət Universitetinin
alim və müəllimlərinin, eləcə də praktik
jurnalistlərin təlimləri üçün şərait
yaradıb.
Bu günlərdə Bakı Dövlət
Universiteti ilə əməkdaşlıq haqqında saziş
imzaladıq. Bu nüfuzlu elm və təhsil ocağının
100 illiyi ərəfəsində birgə tədbirlər təşkil
etmək niyyətindəyik.
-Bilik Fondunun beynəlxalq əlaqələrinin
möhkəmlənməsində nə kimi irəliləyişlər
var?
-Müxtəlif mövzularda beynəlxalq
elmi konfransların, yerli alimlərin ölkə xaricində
mühazirələrinin təşkili, xarici ölkələrdən
alim və tədqiqatçıların lektoriyalara cəlb
olunması, Azərbaycan tarixinin, elm və mədəniyyətinin
xaricdə, dünya elminin Azərbaycanda təbliği istiqamətində
bir sıra tədbirlər həyata keçirilib.
Cənubi Koreya, Sudan, Misir Ərəb
Respublikası, Ukrayna, Latviya, Hindistan və İndoneziyanın
Azərbaycandakı səfirləri fondun qonağı olub, təmsil
etdikləri ölkələrin tanınmış alim və tədqiqatçılarının
fondun layihələrində iştirakı, elm və təhsil
mərkəzləri ilə əlaqələrin qurulması məsələlərini
müzakirə ediblər.
İordaniyanın Kral
Akademiyasının direktoru Rim Masiri, Litva Universitetinin professoru
Vidas Kavaliauskas, İraq Respublikasının uşaq yazarı
Casim Muhammed Salih, Türkiyənin 29 Mayis Universitetinin professoru
Tayyar Altıkulaç, Misir Milli Kitabxanası və Arxivlərinin
müdiri Əhməd Seyyid Muhəmməd Şövki Bilik
Fondunda kollektivlə görüşüb, əməkdaşlıq
məsələləri ətrafında fikir mübadiləsi
aparıblar.
Bilik Fonduna Rusiya Federasiyası Təhsil və
Elm Nazirliyinin A.Puşkin adına Dövlət Rus Dili
İnstitutunun “Puşkin İnstitutu” Tərəfdaşlıq
Şəbəkəsinin həqiqi üzvlüyünü təsdiqləyən
sertifikatı təqdim edilib.
-Elmi bilikləri təbliğ edən Bilik
Fondunun əsas hədəfi gənclərdir. Onların
intellektual səviyyəsinin yüksəldilməsi, məşğulluğunun
təmin edilməsinə dəstək göstərilməsi,
asudə vaxtlarının səmərəli təşkili
yönümündə hansı işlər
görülür?
-Bilik Fondu gənclərin elmi biliklərinin
artırılması, vətənpərvərlik və
dövlətçilik ruhunda tərbiyə olunması işinə
xüsusi diqqətlə yanaşır. Mühazirə və təlimlər,
film nümayişləri, kitab təqdimatları, ziyalılarla
görüşlər keçirilən auditoriyalarda gənclərimiz
böyük üstünlük təşkil edirlər. Bu gün Bilik Fondunda tələbə gəncləri
bir araya gətirən “Tariximizi öyrənək və öyrədək”
Gənclər Klubu, “Gənc jurnalistlər” və “Diplomatlar”
klubları fəaliyyət göstərir, bilik evlərində
yerli gənclər üçün müxtəlif ixtisas və
peşələr üzrə təlim kursları, dərnəklər
təşkil olunur, istedadlı və yaradıcı gənclərin
üzə çıxarılması məqsədilə bilik
müsabiqələri keçirilir, tələbələr
fondda istehsalat təcrübəsinə göndərilirlər.
-Yeni təqvim ilində Bilik Fondunun fəaliyyətində
hansı yeniliklər gözlənilir?
-Bilik Fondu əhalinin maarifləndirilməsi ilə
bağlı qarşısına qoyulmuş vəzifələrin
icrası istiqamətində fəaliyyətini daha da təkmilləşdirmək
əzmindədir. Mühazirə və təlimlərin
coğrafiyasının yerlərdən daxil olan müraciətlər
və keçirilən sosioloji sorğular əsasında
genişləndirilməsi, mövzu rəngarəngliyinin təmin
edilməsi, dövlətin daxili və xarici siyasətinin,
ölkədə aparılan sosial-iqtisadi, mədəni quruculuq
proseslərinin mahiyyətinin ictimaiyyətə
çatdırılması məqsədilə keçirilən
maarifləndirici tədbirlərin keyfiyyətinin yüksəldilməsi,
Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi, 1918-ci il azərbaycanlıların
soyqırımının 100 illiyi, Azərbaycan Ordusunun
yaradılmasının 100 illiyi, Ümummilli lider Heydər
Əliyevin anadan olmasının 95-ci
ildönümü ilə əlaqədar ölkənin
bütün bölgələri əhatə olunmaqla silsilə
mühazirələrin, “dəyirmi masa” və seminarların,
kitab təqdimatları, sərgi, müsabiqə və bilik
yarışmalarının təşkili, bilik evləri şəbəkəsinin
genişləndirilməsi, Azərbaycan həqiqətlərini əks etdirən nəşrlərin,
elmi-kütləvi ədəbiyyat nümunələrinin
hazırlanması işinə, müvafiq mövzularda sənədli
filmlərin və sosialyönümlü videoçarxların
çəkilişinə yaxından dəstək göstərilməsi,
maarifləndirici fəaliyyətin sosial sifariş əsasında
daha da təkmilləşdirilməsi məqsədilə
Sosioloji Sorğu Mərkəzinin yaradılması gündəmdə
duran məsələlərdir.
Ölkə Prezidentinin əhalinin
maarifləndirilməsi, müxtəlif elm sahələri
üzrə biliklərinin artırılması, azərbaycançılıq
məfkurəsi zəminində milli mənəvi dəyərlərin
təbliği, dövlətin daxili və xarici siyasətinin
mahiyyətinin ictimaiyyətə çatdırılması ilə
bağlı verdiyi tapşırıqları layiqincə
yerinə yetirmək Bilik Fondu əməkdaşlarının və
fondun ətrafında toplaşan elm adamlarının,
maarifçi ziyalıların həm vəzifə, həm də
vətəndaşlıq borcudur.
Səs.-
2018.- 3 fevral.- S.8-9.