Turizmin
inkişafı makroiqtisadi sabitliyə təsir
göstərir
Azərbaycan milli iqtisadiyyatının strateji istiqaməti sayılan turizm özünün yeni inkişaf mərhələsini yaşayır. Ölkədə dövlət başçısı tərəfindən bu sahəyə ayrılan diqqət turizmin bazasını möhkəmlədib. Bunun nəticəsidir ki, müasir dövrdə Azərbaycan turizmi dünya turizm məkanı ilə açıq rəqabətə hazırdır. Ölkənin artan iqtisadiyyatı, infrastrukturun qurulması, abadlaşma və quruculuq işlər ilə yanaşı, turizm sənayesi üçün rəqabətə dözümlü mütəxəssislərin hazırlanması istiqamətində də əhəmiyyətli addımlar atılıb.
Bununla yanaşı, Azərbaycanın bənzərsiz gözəlliklərə malik məkanları onu turizm ölkəsi olaraq dünyada tanıdıb. Dünyanın müxtəlif ölkələrindən Azərbaycana gələn qonaqlar yüksək səviyyədə qurulmuş turizm obyektlərində istirahət edərək, buranın təbiətinə valeh olurlar. Bu turizm-istirahət mərkəzləri dağ, çay və meşə zolaqları ilə əhatə olunur. Hər bir obyektdə istirahət üçün gözəl şərait yaradılıb. Geniş ərazilərdə atla gəzinti, meşə gəzintisi, balıq ovu, göldə qayıqla gəzinti, üzgüçülük hovuzları, buz üstdə konki meydançası, alpinizm məşğələləri və s. hər bir turisti maraqlandırır. Ölkəmizə səfər edən turistlər buranın adət-ənənələri, milli mətbəxi, mədəniyyət və tarixi, təbiəti ilə bağlı məlumat əldə edir və istirahətləri yüksək səviyyədə təşkil olunur. Son illərin statistikası göstərir ki, öz məzuniyyətini Azərbaycanda keçirmək istəyində olan turistlərin sayında ilbəil artım müşahidə olunur. Onlar ölkəmiz haqqında eşitdikləri ən xoş duyğuları yaşamaq və təsdiqləmək üçün bu gözəl məkana gəlməyə can atırlar.
Təkcə bu ilin yanvar-may ayları ərzində Azərbaycana dünyanın 184 ölkəsindən 1 milyon 55,6 min və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə 10 faiz çox əcnəbi və vətəndaşlığı olmayan şəxsin gəlməsi əsas göstəricidir. Qeyd edək ki, əgər 2014-cü ilə qədər Azərbaycana gələn turistlər, əsasən, MDB ölkələrindən, Türkiyə və Avropadan idisə, bu gün onun coğrafiyası genişlənib. Rusiya Federasiyası, Gürcüstan, İran, Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri, Ukrayna, İraq, Küveyt və digər ölkələrin vətəndaşları ölkəmizə gəlib. Qeyd olunan müddətdə Körfəz ölkələrindən gələnlərin sayında daha çox artım müşahidə edilib. Statistik rəqəmlərə nəzər salsaq, görərik ki, ötən ilin yanvar-may ayları ilə müqayisədə ölkəmizə gələn Küveyt vətəndaşlarının sayı 6 dəfə, Bəhreyn vətəndaşlarının sayı 2,4 dəfə, Qətər və Səudiyyə Ərəbistanı vətəndaşlarının sayı 1,9 dəfə, İraq vətəndaşlarının sayı 1,5 dəfə, Oman vətəndaşlarının sayı 32,4 faiz, Birləşmiş Ərəb Əmirlikləri vətəndaşlarının sayı 6,8 faiz artıb. Beş ayda Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 12,6 faiz artaraq, 42,6 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 7,4 faiz artaraq, 367,4 min nəfər olub. Ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 59,9 faizi dəmir yolu və avtomobil, 39,2 faizi hava, 0,9 faizi isə su nəqliyyatından istifadə edib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında dövlət başçısının, qeyd etdiyi kimi, turistlərin sayı 2016-cı ildə 22 faiz, 2017-ci ildə 20 faiz, bu ilin 6 ayında isə 10 faiz artdı: "Mən bunu demişəm, bir daha demək istəyirəm ki, turizm ixrac sahəsidir. Çünki bu, ölkəmizə valyuta gətirir. Bu ilin 6 ayında xarici vətəndaşlar Azərbaycanda, ancaq bank kartları ilə 513 milyon manat pul xərcləmişlər. Bu, ancaq bank kartları ilə xərclənən pullardır və keçən illə müqayisədə 21 faiz çoxdur. Bu pullar xidmət sektoruna, iş yerlərinin yaradılmasına, ictimai obyektlərin fəaliyyətinə, ölkəmizin iqtisadiyyatına gedir və bizim makroiqtisadi sabitliyimizə müsbət təsir göstərir".
Turizmin qloballaşması müasir dövrün reallığıdır. Turizmin təşkilinə üstünlük verən ölkələr dünyanı tam şəkildə qəbul edir, onun hər yerində sülhün və əmin-amanlığın qorunmasına çalışırlar. Çünki müharibələr, münaqişələr və terror hadisələri turizmin inkişafına mane olan ən başlıca amillərdir. Bu gün ölkəmizdəki sabitlik və əmin-amanlıq turizmin də inkişafında önəmli faktorlardan biridir.
Coğrafi mövqeyinə görə əlverişli bir ərazidə yerləşən Azərbaycanda turizm ən perspektivli və yüksək potensiallı sahə hesab edilir. Dövlətin turizmə yaxından diqqəti və qayğısı bu sahənin gələcək inkişafına zəmin yaradır. Dövlət büdcəsinin 2025-2030-cu illərə kimi turizm sektorunun inkişafı hesabına genişləndirilməsi nəzərdə tutulur. Təbii ki, Azərbaycanda turizm sahəsində dövlət siyasəti turizmin gələcək inkişafı üçün onun əsas prioritetlərini müəyyən edir.
Azərbaycanda ötən 15 il ərzində turizm sektorunun inkişafına yönəlmiş dövlət proqramları, bu sahəyə yatırılan investisiyalar, xidmət sektorunun inkişafı və regionlarda yol-nəqliyyat infrastrukturunun yenidən qurulması nəticəsində, ölkəyə gələn xarici turistlərin sayında hər il artım qeydə alınır. Görülən tədbirlər çoxşaxəli və fərqlidir. Bu gün Azərbaycanda turizm bazarı açıq və rəqabətə davamlıdır. Bu sahənin inkişafı və turizm sektorunun ölkə iqtisadiyyatının aparıcı sahələrindən birinə çevrilməsi Azərbaycanda ən mühüm vəzifə olaraq qarşıda durur.
ZÜMRÜD BAYRAMOVA
Səs.-2018.- 24 iyul.- S.7.