Bakıda “2030 Gündəliyinin
ətraf mühit aspektləri” mövzusunda Milli Gənclər
Forumu keçirilib
İyunun 5-də
Bakı Konqres Mərkəzində “2030 Gündəliyinin ətraf
mühit aspektləri” mövzusunda Milli Gənclər Forumu
keçirilib. AZƏRTAC xəbər verir ki, Heydər
Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi
və rəhbəri, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı
Təşkilatının (FAO) xoşməramlı səfiri
Leyla Əliyeva Forumda iştirak edib.
Dünya Ətraf Mühit
Günündə təşkil edilən tədbirin məqsədi
gənclər arasında Dayanıqlı İnkişaf Məqsədləri
(DİM), xüsusən onların ekoloji aspektləri
haqqında maarifləndirmənin artırılması, eləcə
də gəncləri DİM səfirləri olmağa
sövq etməklə onların 2030 Gündəliyinin həyata
keçirilməsində rolunu gücləndirməkdir. IDEA İctimai Birliyinin Heyvanlara Qayğı Mərkəzinin
direktoru Surxay Şükürov dünya liderləri tərəfindən
Dayanıqlı İnkişaf üzrə 2030 Gündəliyinin
qəbul edilməsi ilə nəticələnən BMT-nin Dayanıqlı
İnkişaf Sammitinin sentyabr ayında üç illiyinin
tamam olacağını xatırladaraq, bu sənədin
insanlar, planet və rifah naminə fəaliyyət
planı olduğunu vurğulayıb.
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA
İctimai birliyinin təsisçisi, FAO-nun xoşməramlı
səfiri Leyla Əliyeva Forumun açılış mərasimində
çıxış edib. Leyla Əliyeva
planetimizin və onun təbii ehtiyatlarının mühafizəsi
məqsədilə maarifləndirmə və fəaliyyətin
təşviqi üçün ən mühüm gün olan
Dünya Ətraf Mühit Gününü qeyd etmək
üçün Forum iştirakçıları ilə
birlikdə olmaqdan məmnunluğunu bildirib. “Bizim tədbirimiz bu günü qeyd etmək və ətraf
mühitlə bağlı aktual məsələlər və
dayanıqlı inkişaf barədə danışmaq
üçün böyük imkandır”, - deyən
IDEA-nın təsisçisi vurğulayıb ki, biz vaxtın
ötüb getdiyini və hərəkətə keçmək
üçün yeganə zamanın indiki zaman olduğunu yadda
saxlamalıyıq.
“2015-ci ildə dünya liderləri bəşəriyyətin
bütün mövcud çağırışlarının
həllində irəli aparan ümumbəşəri yol olan
Dayanıqlı İnkişaf üzrə 2030 Gündəliyini
təsdiqlədilər. Gündəlikdə 2030-cu ilədək
nail olunması üçün 17 ümumbəşəri
dayanıqlı inkişaf məqsədi və 196 hədəf
müəyyənləşdirilib. Azərbaycanda
dayanıqlı inkişaf hədəflərinin həyata
keçirilməsini əlaqələndirmək məqsədilə
2016-cı ilin oktyabrında dayanıqlı inkişaf üzrə
Milli Əlaqələndirmə Şurası yaradılarkən
ölkəmiz 2030-cu il Gündəliyinə nail olmaq öhdəliyini
ən yüksək səviyyədə nümayiş etdirdi.
Bu gün BMT-nin 18 rezident və qeyri-rezident qurumu Azərbaycanın
bu 17 məqsədə nail olmaq üçün göstərdiyi
səyləri dəstəkləyir. Sevinc hissilə qeyd edirəm
ki, Azərbaycanda Dayanıqlı İnkişaf Məqsədlərinin
təşviqinə yönəlmiş bir sıra layihələrdə
bizim IDEA təşkilatımız BMT ilə uğurlu əməkdaşlıq
edir. Bir çox birgə təşviqat tədbirləri,
o cümlədən BMT İnkişaf Proqramı, BMT-nin
Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı
-FAO və UNICEF-lə tədbirlərin həyata keçirilməsi
2018-ci ilə planlaşdırılır. Əlbəttə ki,
bu böyük forum bizim əməkdaşlığımızın nəticəsidir. Ümidvaram ki, bu, ətraf
mühitə dair məsələlərlə bağlı məlumatlılığı
artıracaq, qlobal məqsədlərə nail olmaq
üçün gənclərin səylərini birləşdirməsinə
kömək edəcək. 2030-cu il Gündəliyi əslində
gənclər gündəliyidir. Çünki onun
inkişaf etdirilməsi üçün əsas
iştirakçılar gənclərdir”, - deyə Leyla
Əliyeva bildirib.
Ekologiya və təbii sərvətlər
naziri Muxtar Babayev 2016-cı ildə Azərbaycan
Respublikasının Dayanıqlı İnkişaf üzrə
Milli Əlaqələndirmə Şurasının
yaradılmasını xatırladaraq, həmin vaxtdan bəri
ölkə üçün əhəmiyyət kəsb edən,
qlobal məqsəd və hədəflərə uyğun
milli prioritetlərin və onlara dair göstəricilərin
müəyyən edildiyini, eyni zamanda, dövlət
proqramları və strategiyalarının bu məqsədlərlə
uzlaşdırılmasının həyata keçirildiyini
söyləyib. Qeyd edib ki, ötən il Azərbaycanda
“Dünyamızın transformasiyası: 2030-cu ilədək
Dayanıqlı İnkişaf Gündəliyi”nin icrası ilə
əlaqədar ilkin addımlar haqqında Könüllü
Milli Hesabat hazırlanaraq Yüksək Səviyyəli Siyasi
Foruma təqdim edilib. “Dayanıqlı
inkişaf - gələcək nəsillərin
imkanlarını təhlükə altına qoymadan indiki
dövrün ehtiyaclarını təmin edən inkişafdır”,
- deyən Muxtar Babayev bildirib ki, bu inkişafın ekoloji aspektləri
okean və dəniz ehtiyatları, iqlim dəyişmələri,
ətraf mühit, tullantıların idarə edilməsi,
ekosistemlər və biomüxtəliflik sahələrindəki
məqsədləri əhatə edir. Buna nail olunması
baxımından insan və təbiət arasında münasibətlərdə
balansın təmin edilməsi xüsusi əhəmiyyət
daşıyır. Burada dövlət və qeyri-hökumət
təşkilatlarının, biznes qurumlarının,
xüsusilə də gənclərin üzərinə
böyük vəzifələr düşür. Ekologiya və
təbii sərvətlər naziri bu məqsədlərin həyata
keçirilməsində gənclərin rolunu
vurğulayıb.
“Hər bir gənc potensial milli sərvətdir”,
- deyən BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisinin
vəzifələrini icra edən Edvard Karvardin iqlim dəyişikliklərinin
aradan qaldırılmasında gənclərin rolundan, ətraf
mühitin qorunmasının təşviq edilməsinin
vacibliyindən danışıb. Bu istiqamətdə
Leyla Əliyevanın təsisçisi olduğu IDEA İctimai
Birliyinin fəaliyyətini xüsusi qeyd edib. Diqqətə
çatdırıb ki, IDEA-nın gördüyü işlərin
sırasına iyunun 9-da daha biri əlavə olunacaq. Belə
ki, İctimai Birliyin təşəbbüsü ilə Bakı
çimərliyində ənənəvi təmizlik
aksiyası keçiriləcək. Ekosistemin
gücləndirilməsində, “yaşıl təşəbbüs”lərin
təşviqində, ətraf mühitin qorunmasında kollektiv
və fərdi iştirakın dəstəklənməsi məsələlərinə
toxunan Edvard Karvardin birgə səylər nəticəsində
bir çox məsələlərin həllinin
mümkünlüyünü söyləyib.
Sonra BMT baş katibinin Dünya Ətraf
Mühit Günü münasibətilə videomüraciəti
nümayiş olunub. Panel iclaslarla davam edən forumda “İqlim dəyişikliyi:
adaptasiya və təsirlərin azaldılmasında gənclərin
rolu” mövzusu ətrafında müzakirələr
aparılıb. FAO-nun iqlim və ətraf mühit bölməsinin
təbii ehtiyatlar üzrə mütəxəssisi Alaşiya
Qordes “Dayanıqlı inkişaf nəsli: dəyişən
iqlim şəraitində ərzaq təhlükəsizliyinin
qorunması” mövzusu ilə bağlı fikirlərini
bildirib. O, aclıqdan əziyyət çəkənlərin
sayının artdığını təəssüflə
qeyd edərək, bunun səbəblərini müharibə və
iqlim dəyişikliyi ilə əlaqələndirib.
Vurğulayıb ki, gənclər ərzaq təhlükəsizliyi
məsələlərinin həllində daha fəal
olmalıdırlar.
UNDP GEF Kür II Layihəsində baş texniki
məsləhətçi və regional layihə koordinatoru Meri
Mətyus “Su, iqlim dəyişikliyi və gələcəyimiz”
mövzusunda məruzə ilə çıxış edib.
Bildirib ki, əslində bu Forum vasitəsilə gənclərə
suallar ünvanlanır və məqsəd onları həmin
suallara cavab tapmağa yönəltməkdir. Meri Mətyus
içməli su qıtlığı, suya qənaət
olunması ilə bağlı fikirlərini
bölüşüb. O, su ehtiyatları ilə
bağlı böyük çağırışlar
olduğunu qeyd edərək, gəncləri bu problemlərdən
çıxış yolu tapmağa çağırıb.Gənclər
Fondunun icraçı direktoru Fərid Cəfərov Azərbaycan
gənclərinin iqlim dəyişikliyi ilə mübarizədə
potensial rolundan danışıb. Gənclərin
ölkəmizdə çoxluq təşkil etdiyini qeyd edən
Fərid Cəfərov onların ətraf mühitin qorunması
istiqamətində görə biləcəyi işlərə
nəzər salıb, Gənclər Fondunun ekoloji layihələrin
dəstəklənməsi ilə bağlı tədbirlərini
diqqətə çatdırıb. Bildirib ki, fond bu sahədə
iki istiqamət üzrə - gənclərin ekoloji maarifləndirilməsi
və onların iştirakı ilə ekoloji problemlərin
aradan qaldırılması istiqamətlərində fəaliyyət
göstərir.
Forumda iştirakçıları
maraqlandıran suallar cavablandırılıb.
Qeyd olunub ki, davamlı inkişaf bir-birinə
bağlı üç təməl elementini - iqtisadiyyat, cəmiyyət
və ətraf mühiti əhatə edir. 2030 Gündəliyi gənclərin
gündəliyidir. Belə ki, dayanıqlı inkişaf
anlayışı gələcək nəsillərin sərvətlərinə
xələl gətirmədən hazırkı nəslin
rifahının yaxşılaşdırılmasını nəzərdə
tutur. Eyni zamanda, bu Gündəlik gəncləri
inkişafın əsas aparıcı qüvvəsi kimi müəyyənləşdirib.
Lakin bunun üçün onlara öz potensialını
reallaşdırmaq imkanı yaradılmalıdır.
“Biomüxtəlifliyin qorunması: Azərbaycan üçün əhəmiyyəti nədir?”
mövzusunda panel iclasın iştirakçıları flora və
fauna növlərinin mühafizəsi üzrə səylərin
vacibliyi və Azərbaycanda məhvolma təhlükəsi ilə
qarşılaşan növlərlə bağlı vəziyyət
haqqında danışıblar. Dünya Vəhşi Təbiət
Fondunun (WWF) Azərbaycan nümayəndəliyinin direktoru
Elşad Əsgərov “Təbii dəyərlər. Azərbaycanda təbiəti mühafizənin tarixi və
WWF-in töhfəsi”, Ekologiya və Təbii Sərvətlər
Nazirliyinin biomüxtəliflik departamentinin baş məsləhətçisi
Rəşad Allahverdiyev “Azərbaycanda xüsusi mühafizə
edilən təbiət əraziləri şəbəkəsinin
inkişaf etdirilməsi üzrə səylər”, IDEA
İctimai Birliyinin baş layihə koordinatoru Afaq Rizayeva
“IDEA-nın Qafqaz regionunda biomüxtəlifliyin qorunması
üzrə səyləri” mövzularında məruzələrlə
çıxış ediblər.
“Davamlı enerji: insanları,
iqtisadiyyatı və planeti transformasiya edərkən”
mövzusunda panel iclasda Dünya Resurslar İnstitutunun (WRI)
Dayanıqlı şəhərlər üzrə Türkiyə
ofisinin səmərəli şəhər və iqlim bölməsinin
rəhbəri Məltəm Bayraktarın “Enerji, cəmiyyət
və davamlılıq”, Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət
Agentliyinin texniki tənzimləmə şöbəsinin
müdiri Sənan Abbasovun “Azərbaycanda bərpa olunan enerji mənbələri:
nailiyyətlər və perspektivlər”, UNDP Azərbaycan, NAMA
layihəsinin rəhbəri Nazim Məmmədovun “Binalarda enerji
səmərəliliyi” mövzularında məruzələri
dinlənilib.
Səs.-
2018.- 6 iyun.- S.7