Azərbaycan ədəbiyyatı
Ulu Öndər Heydər Əliyev ömrünün
anlarında... (akkordlarında...)
Tarixən məlumdur
ki, bütün ictimai-siyasi fəaliyyətində Ümummilli
Liderimiz Heydər Əliyev Azərbaycan ədəbiyyatının
inkişafına xüsusi diqqət yetirib. Çünki ədəbiyyat
hər bir xalqın varlığını təsdiq edən
başlıca amildir. Milli ədəbiyyat hər bir xalqın
milli sərvəti, həmin xalqın varlığının
təsdiqidir. Azərbaycan ədəbiyyatı Azərbaycan
xalqının milli sərvətidir və xalqımız tarix
durduqca bu sərvətin qayğısına qalmalı və ədəbi
irsimizi gələcək nəsillərə ötürməlidir.
Bu cəhətdən Ulu Öndər Heydər
Əliyevin müstəsna xidmətləri vardır. Və milli təfəkkürümüzdə ilk dəfə
Ulu Öndər Heydər Əliyev “Ədəbiyyatımız
və mədəniyyətimiz milli varlığımız və
mənəvi sərvətimizdir” möhtəşəm elmi-nəzəri,
dərin ictimai-siyasi mahiyyəti olan konsepsiyasını irəli
sürmüşdür... Bu konsepsiya Onun təfəkküründə
və baxışlarında birdən-birə
yaranmamışdır. Faktlar göstərir ki,
Ulu Öndər uşaqlıq illərindən xalq mənəviyyatının
qoruyucusu olan folklorumuzu, bayatı və
nağıllarımızı, dastanlarımızı,
sonrakı təhsil dövrlərində ədəbiyyatımızın
alüdəçisi olmuş, həvəslə öyrənmişdir.
Yaxınlarının və
doğmalarının xatirələrində bilinir ki, Heydər
Əliyevin nənəsi və anası nağıl və
dastanlarımızın, bayatılarımızın sinədəftəri
olmuşlar və bu əvəzsiz xəzinəni kiçik Heydər
onların dillərindən saatlarla dinlər, yoruldum deməzimiş...
Bütün bunlar onun kövrək
və həssas qəlbində dərin izlər
buraxmış, ədəbiyyatın vurğunu olmuş,
sevmiş, dərindən öyrənmiş, hələ gənclik
illərində kitabxanalardan əlinə keçən
dünya və Azərbaycan ədəbiyyatını
böyük və sonsuz həvəslə mütailəçisi
olmuşdur... Hətta deyilənə
görə, Dahi Öndər Heydər Əliyev gənclik illərində
teatra, aktyorluğa meyilli olmuş, orta məktəb dərnəklərində
rollar ifa etmiş, Naxçıvanda gedən bir tamaşanı
da buraxmazımış. Səməd Vurğunun “Vaqif” mənzum
dramını başdan-ayağa əzbər bilirmiş...
Məktəb müsabiqələrində Azərbaycan şairlərinin
şeirlərinin ən mahir ifaçısı və
deklamatoru kimi yüksək rəğbət qazanmış,
müəllimlərinin və Onu tanıyanların sevimlisinə
çevrilibmiş...
Müasirləri onun “Vaqif” pyesində, “Qaralar
ölkəsində” adlı dram əsərində əsas
rolları ifa etdiyini xatırlayırlar. Hətta Ulu Öndər
Heydər Əliyevin teatr həvəskarı olmasına dair
nadir fotoşəkillər də görkəmli dövlət
xadiminin Naxçıvan səhnəsindəki muzeyində
qorunub saxlanmaqdadır.
Bütün bunlarla bərabər, bu tarixi şəxsiyyət
bədii ədəbiyyatın şəxsi taleyindəki
böyük rolunu özü də parlaq bir şəkildə
nəzərə çarpdırmışdır. O, 1997-ci ildə, Azərbaycan
yazıçılarının 10-cu qurultayındakı nitqində
bu gerçəkliyi aşağıdakı kimi etiraf
etmişdir: “Şəxsən mən ədəbiyyatı
çox sevən adamam və gənc vaxtlarımdan, hətta
uşaqlıqdan, məktəbdə ilk ədəbiyyat
nümunələrini oxuyandan ədəbiyyatı sevmişəm...
Mənim bir insan kimi formalaşmağımda, təhsilimdə,
əxlaqımda, mənəviyyatımda ədəbiyyatın,
mədəniyyətin çox böyük rolu olmuşdur. Mən
orta məktəbdə oxuyarkən Azərbaycan şairlərinin,
yazıçılarının bütün əsərlərini
sevə-sevə oxumuşdum... O illərdə, o uşaqlıq
və gənclik illərində onlar mənə o qədər
təsir edib ki, mən onları unutmamışam. Bu,
“oxumuşam, unutmamışam” sözləri sadəcə bir
fikir deyil. Yəni onlar mənə təsir edib, mən onlardan
bəhrələnmişəm, mənəvi qida
almışam”.
Göründüyü kimi, Ulu Öndər Heydər
Əliyevin dünyabaxışının
formalaşmasında, görkəmli dövlət xadimi taleyində
və siyasi fəaliyyətində ədəbiyyat faktorunun
yeri, ədəbiyyat amili xüsusi yer tutmuşdur. Siyasi-tarixi baxımdan möhtəşəm xəzinə
kimi Dahi Öndər Heydər Əliyevin bənzərsiz,
fenomenal ədəbiyyat yaddaşına və məhəbbətinə
malik olması Onun görkəmli dövlət xadimi kimi
möhtəşəm obrazını əlavə cizgilərlə
tamamlamış və zənginləşdirmişdir.
Elə bu keyfiyyətlərinə
görə, Ulu Öndər ömrünün sonuna qədər
Azərbaycan ədəbiyyatının və mədəniyyətin
ən mahir bilicisi kimi onun yorulmaz təəssübkeşi
olmuş, ədəbi-bədii fikrimizin inkişafına
yorulmadan xidmət etmiş, Azərbaycan ədəbiyyatını
və onu yaradan sənətkarların daima
qayğısını çəkmiş, yüksək dərəcədə
dövlətçilik miqyasında onları həm qorumuş,
həm də qiymətləndirmişdir...
Xatırladaq ki, XX əsrin son otuz ili və XXI əsrin
başlanğıcında Azərbaycana rəhbərlik
bilavasitə görkəmli dövlət və siyasi xadim Heydər
Əlirza oğlu Əliyevin adı ilə bağlıdır.
O, kiçik fasilələrlə XX əsrin son otuz ilində
Azərbaycan Sovet Sosialist Respublikasına rəhbərlik
etmiş, ötən əsrin 1993-cü ilin iyunundan etibarən
müstəqil Azərbaycan Respublikasının dövlət
başçısı - Prezidenti olmuşdur. Tarixdə nadir
hadisələrdəndir ki, Ulu Öndər Heydər Əliyev
iki ictimai-siyasi quruluşda Azərbaycana rəhbərlik
etmişdir. Hər iki sistemdə görkəmli
dövlət və siyasi xadim kimi Azərbaycanın
iqtisadiyyatını, mədəniyyətini möhkəmlətmiş,
onun şöhrətini, nüfuzunu yüksəklərə
qaldırmış, milli mənafeyini, milli mentalitetini, mədəniyyət
və mənəviyyatını qorumuş və inkişaf
etdirmişdir.
Ümummilli Lider Heydər Əliyev
üçün azərbaycançılıq ideologiyası
milli-mənəvi inkişafın əsas zəmini olmuşdur.
Ulu Öndər yaxşı bilirdi ki, azərbaycançılıq
ideologiyasının əsas istiqamətləri, canı, ruhu
özünü ədəbiyyat və mədəniyyətdə
daha parlaq şəkildə göstərir.
Keçək əlahəzrət faktların
dilinə... Fakt elə bir məhəkdir ki, yeganə olaraq
danılmaz və təkzibedilməzdir... Bu mənada, Ulu
Öndərin ədəbiyyata və mədəniyyətə
münasibətinin bəzi məqamlarını yenidən
xatırlatmaq istərdik.
Bütövlükdə isə,
Ulu Öndər Heydər Əliyev ədəbiyyata xalqın
milli-tarixi varlığının, mənəviyyatının
üzvi tərkib hissəsi kimi baxmış, mənsub
olduğu xalqı ədəbiyyatı ilə bir yerdə
bütöv bir tamın ayrılmaz hissəsi kimi dəyərləndirmişdir.
Yəni Heydər Əliyevin ədəbiyyat sevgisi Vətən
və xalq sevgisinin əsas göstəricilərindən, zəruri
amillərindən birini təşkil edir. Görkəmli
dövlət xadimi hələ 1972-ci ildə Azərbaycan
yazıçılarının beşinci qurultayındakı
tarixi nitqində məsələnin bu cəhətini ön
mövqeyə çəkərək demişdi: “Azərbaycan ədəbiyyatı
həmişə öz xalqının həyatının
ön sıralarında irəliləmişdir. Bu ədəbiyyat
xalqımızın qəhrəmanlıq tarixini ədəbiləşdirib
bizə çatdırmış, bizim qarşımızda
bütün əzəməti ilə
açmışdır”.
Dahi Öndər Heydər Əliyevin ədəbiyyat
təlimindəki millilik anlayışı özündə
bütün dolğunluğu ilə azərbaycançılıq
məfkurəsini əks etdirir. Və yaxud da azərbaycançılıq
Ulu Öndər Heydər Əliyevin apardığı milli
siyasətin lokomotividir. Ədəbiyyat siyasəti görkəmli
dövlət xadiminin bu istiqamətdə apardığı
geniş siyasi-ideoloji və təşkilati işin
özülünü təşkil edir. Azərbaycan
ədəbiyyatı klassiklərindən Nizami Gəncəvinin,
Məhəmməd Füzulinin, Cəlil Məmmədquluzadənin,
Nəriman Nərimanovun, Hüseyn Cavidin, həmçinin yeni
dövr bədii fikrimizin Səməd Vurğun, Rəsul Rza,
Mirzə İbrahimov, İlyas Əfəndiyev, Süleyman
Rüstəm, Anar, Qabil, Məmməd Araz,
Mirvarid Dilbazi və başqaları kimi onlarla nümayəndələrinin
dövlət səviyyəsində yubileylərinin
keçirilməsi, aparılan tədqiqat-təbliğat
işləri həmin sənətkarların xalqa daha
yaxından tanıdılması ilə bir sırada, həm də
Azərbaycançılıq ideyasının geniş
miqyasda yayılmasına və dərindən mənimsədilməsinə
uğurla xidmət etmişdir.
Ulu Öndər Heydər
Əliyev keçmiş İttifaq səviyyəsində ən
yüksək siyasi dairələrdə böyük cəsarətlə
bəyan edirdi ki, “Nizami Gəncəvi elə bir şəxsiyyətdir,
tarixdə, dünya mədəniyyətində elə bir iz
qoyub getmişdir ki, onun yubileyi hər il keçirilə bilər”.
Nizami Gəncəvinin yubileyi bu böyük sənətkarın
timsalında Azərbaycanın əvvəlcə
keçmiş Sovetlər İttifaqında, daha sonra isə
bütün mədəni dünyada tanıma missiyasına xidmət
etmişdir”.
Dahi Məhəmməd
Füzulinin anadan olmasının 500 illiyi münasibətilə
Heydər Əlıyevin yubiley nitqində səslənən
aşağıdakı mülahizələr də Azərbaycanın,
xalqımızın tanıdılmasının
qayğılarını əhatə edir: “Bu
yubileyi keçirərkən biz xalqımızın
özünü tanımasını təmin edəcəyik və
etməliyik. ...Şübhəsiz ki, bu yubileyin keçirilməsi
hər bir azərbaycanlıda, ilk növbədə, gənc nəsildə
milli iftixar, vətənpərvərlik hisslərini daha da
yüksəldəcəkdir.” Deməli, ədəbiyyat
vasitəsilə milli-mənəvi özünüdərk
prinsiplərinin daha da dərinləşdirilməsi, azərbaycançılıq
məfkurəsinin mənimsədilməsi Ulu Öndər Heydər
Əliyevin ədəbiyyat siyasətinin əsas prinsiplərindəndir.
Məhəmməd Füzulinin, İmadəddin Nəsiminin,
Şah İsmayıl Xətainin, Molla Pənah Vaqifin, Nəriman
Nərimanovun, Üzeyir Hacıbəyovun, Hüseyn Cavidin, Cəfər
Cabbarlının abidələrinin ucaldılması,
onların ev muzeylərinin təşkili, Süleyman Rəhimovun,
Süleyman Rüstəmin Sosialist Əməyi Qəhrəmanı
fəxri ada layiq görülməsi, yubileylərinin təşkili
Heydər Əliyev ömrünün qızıl hərflərlə
yazılan anları və ədəbiyyata böyük məhəbbətinin
ifadəsidir...
Yaşlısından tutmuş cavanlarına qədər
istedadlı yazıçılara, şairlərə verilən
fəxri adlar, mükafatlar, onların adlarının əbədiləşdirilməsi,
tarixiləşdirilməsi, bütün bunlar, Ulu Öndərin
ədəbiyyat sevdasından bəhrələnirdi... Bununla yanaşı, hələ sovetlər dövründə
milli mücadiləyə könül vermiş, ömür həsr
etmiş yazıçılar isə deputat seçilmək, fəxri
adlar və dövlət mükafatları almaqla həm rəğbətləndirilmiş,
həm də müdafiə olunmuşlar. Əslində, bu yolla
Ulu Öndər Heydər Əliyev həm də
onların fəaliyyətinə dəstək verdiyini
sezdirmiş, O, yazıçıların
toxunulmazlığına təminat vermişdir.
Yaxud əslən cənublu olan,
lakin taleyin hökmü ilə Azərbaycanın
şimalında yaşayıb-yaradan Balaş Azəroğlu, Mədinə
Gülgün, Hökümə Bülluri, Söhrab Tahir,
Əli Tudə və başqaları kimi görkəmli söz
ustalarına böyük qayğı və fəxri adlar,
onların əsərlərinin nəşri,
Məmmədhüseyn Şəhriyara məhəbbət
hissinin aşılanması da, Yazıçılar Birliyində
Cənubi Azərbaycan katibliyinin və Akademiyada Cənubi Azərbaycan
ədəbiyyatı şöbəsinin açılması
da, ədəbiyyat tarixçiliyimizdə böyük hadisə,
Heydər Əliyev ömrünün ədəbi
fütuhatı idi... Bu fütuhatlardan ən möhtəşəmi
isə Hüseyn Cavid nəşinin uzaq Sibirdən Azərbaycana
gətirilməsi idi...
Həmçinin, yeni dövr bədii
fikrimizin Səməd Vurğun, Süleyman Rüstəm, Rəsul
Rza, Məmməd Rahim, Mirzə İbrahimov, İlyas Əfəndiyev,
Anar, Qabil, Məmməd Araz, Mirvarid Dilbazi və
başqaları kimi onlarla nümayəndələrinin dövlət
səviyyəsində yubileylərinin keçirilməsi,
aparılan tədqiqat-təbliğat işləri
həmin sənətkarların xalqa daha yaxından tanıdılması
ilə bir sırada, həm də azərbaycançılıq
ideyasının geniş miqyasda yayılmasına və dərindən
mənimsədilməsinə uğurla xidmət etmişdir.
Ümummilli Lider Heydər Əliyev bu tarixi vəzifələri
həm ölkə daxilində, həm də Azərbaycandan kənarda
böyük bacarıqla həyata keçirmişdir.
Böyük ədəbiyyat Heydər Əliyevin Azərbaycanı
dünyada tanıtdırması baxımından da
mühüm vasitələrdən birinə
çevrilmişdir. Nizami Gəncəvi, Məhəmməd
Füzuli kimi qüdrətli sənətkarların yubileylərinin,
“Kitabi-Dədə Qorqud” dastanlarının yaranmasının
1300 illiyinin beynəlxalq səviyyədə keçirilməsi
buna bariz nümunədir. Bunlar Ulu Öndərin bu sahədə
gördüyü yüzlərlə möhtəşəm
işlərinin ən möhtəşəm nümunələrindəndir...
Heydər Əliyevin ədəbiyyata münasibəti
əsl profesionallığa əsaslanır. Görkəmli
dövlət xadiminin ayrı-ayrı sənətkarlar, konkret bədii
əsərlər, teatr tamaşaları haqqındakı
baxışları və mülahizələri ədəbiyyatşünaslıq
və sənətşünaslıq elmlərinin ən
yüksək tələbləri və prinsiplərindən
ucada dayanır... Heydər Əliyev ədəbiyyat
haqqında elmdə də professionallıq siyasətinin
böyük müdafiəçisidir. Bədii ədəbiyyatla
bir sırada ədəbiyyatşünaslıq, sənətşünaslıq,
dilşünaslıq kimi elmlər də Dahi Öndər Heydər
Əliyevin ədəbiyyat siyasətinin zəminində yeni
inkişaf səviyyəsinə yüksələ bilmişdir.
Bütövlükdə isə,
Heydər Əliyev ədəbiyyata xalqın milli-tarixi
varlığının, mənəviyyatının üzvi tərkib
hissəsi kimi baxmış, mənsub olduğu xalqı ədəbiyyatı
ilə bir yerdə bütöv bir tamın ayrılmaz hissəsi
kimi dəyərləndirmişdir. Yəni Heydər
Əliyevin ədəbiyyat sevgisi Vətən və xalq
sevgisinin əsas göstəricilərindən, zəruri amillərindən
birini təşkil edir.
Azərbaycan ədəbiyyatının
inkişafı və dünya miqyasında tanınması Ulu
Öndər Heydər Əliyevin mənalı, azərbaycançılıq
məşəlinə çevrilən ömrünün
bütün anlarında öz parlaq əksini tapmışdır.
Göründüyü kimi, yeni dövr Azərbaycan
ədəbiyyatının son yarım əsrdəki
inkişafında Ümummilli Lider Heydər Əliyevin ədəbiyyat
siyasətinin böyük rolu və təsiri olmuşdur.
Əslində, Azərbaycanın son qırx ildəki ədəbiyyatı
Ulu Öndər Heydər Əliyev epoxasının ədəbiyyatıdır...
Təsadüfi deyildir ki, son on beş ildə
Ulu Öndərin Azərbaycan ədəbiyyatına məhəbbət
məşəlinin daşıyıcısı Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin əlindədir
və bu məşəl daha da gur yanmaqdadır... Cənab İlham Əliyevin Prezidentliyə
başlaması dövründən bu günümüzə qədər
ədəbiyyat və mədəniyyətə tükənməz
qayğısı da, Ulu Öndər Heydər Əliyevin bu sahədəki
ənənələrindən qidalanır və mənbəyini
buradan götürərək nəhəng bir nəhrə
çevrilir..
Tərlan Novruzov, doktor-professor
Səs.-
2018.- 2 may.- S.3.