Professor Nərgiz
Paşayevanın Oksford Universitetinin Bodleyn Kitabxanasının
direktoru Riçard Ovendenlə görüşü olub
M.V.Lomonosov
adına Moskva Dövlət Universitetinin Bakı
filialının rektoru, AMEA-nın həqiqi üzvü,
professor Nərgiz Paşayeva aprelin 23-də dünyanın ən
qədim və zəngin kitab məbədlərindən
sayılan Oksford Universitetinin Bodleyn Kitabxanasının
(https://www.bodleian.ox.ac.uk) direktoru, Amerika Filosoflar Cəmiyyətinin
üzvü, Londonun Antik Kitab və Nadir Əşyaların
Qorunması Cəmiyyətinin üzvü Riçard Ovenden və
Bodleyn Kitabxanasının inkişaf departamentinin rəhbəri
Eleyn Gallagher ilə işgüzar görüş keçirib.
AZƏRTAC xəbər verir ki, Bodleyn Kitabxanasının
rəhbəri Riçard Ovenden
(https://www.bodleian.ox.ac.uk/about/management/biographies/richard-ovenden)
2015-ci ilin yazında Amerika Filosoflar Cəmiyyətinin illik
yığıncağında bu quruma üzv seçilmiş
27 görkəmli elm, təhsil, mədəniyyət və
ictimai xadimdən biridir. Corc Vaşinqton, Tomas Cefferson, XX əsrdə
isə Albert Eynşteyn və Robert Frost kimi tanınmış
şəxsiyyətlər bu Cəmiyyətin üzvləri
olublar. Xatırladaq ki, Amerika Filosoflar Cəmiyyəti
1743-cü ildə Benjamin Franklin tərəfindən
“faydalı məlumatları təbliğ etmək” məqsədilə
yaradılıb və ABŞ-da ən qədim elmi cəmiyyətlərdəndir.
Riçard
Ovenden Darem Universitetinin, Lordlar Palatasının, Edinburq
Universitetinin kitabxanalarında və Şotlandiyanın Milli
Kitabxanasında müxtəlif vəzifələrdə
çalışıb. O, 2003-cü ildən Oksford
Universitetinin Bodleyn Kitabxanasında fəaliyyətə
başlayıb. 2011-2014-cü illərdə direktor müavini,
2014-cü ildən isə Bodleyn Kitabxanasının rəhbəri
vəzifəsini tutur.Qeyd edək ki, Oksfordda yerləşən
və dünyanın ən böyük kitab məbədlərindən
olan məşhur Bodleyn Kitabxanası beş böyük binada
yerləşir və onun bir çox müxtəlif şöbələri
var. Bodleyn Kitabxanası sahəsinə və ölçülərinə
görə İngilis Kitab Depozitariyasından sonra ikincidir. Vatikan Kitabxanası ilə yanaşı, Oksford
Universitetinin bu kitabxanası Avropanın ən qədim
kitabxanasıdır. Maraqlıdır ki,
Oksfordun məşhur Bodleyn Kitabxanasının əsası
Tomas Bodli tərəfindən deyil, XIV əsrdə yepiskop Tomas
Kobhem tərəfindən qoyulub. 1327-ci ildə
Vuster yepiskopu Tomas Kobhem Oksford Universitetinin Müqəddəs Məryəm
Kilsəsində kitabxana yaradıb. Buradakı
ilk kitab kolleksiyası zəngin deyildi, lakin o zaman kitablar
çox qiymətli olduğundan, tələbələr
onları özləri ilə aparmağa
çalışırdılar. Kobhem o
dövr üçün adi hesab olunan bir təcrübəni tətbiq
etməyi, yəni, kitabların rəflərə zəncirlənməsini
təklif etdi. XV əsrin ortalarında Kral
V Henrinin qardaşı Gloster hersoqu Hamfri kitabxanaya təxminən
300-ə yaxın qədim yazı və əlyazma hədiyyə
etdi. Bundan sonra aydın oldu ki, kilsənin
artıq bütün kitab kolleksiyalarını yerləşdirməyə
imkanı çatmır və bu fondu yerləşdirmək
üçün 1488-ci ildə yeni bir bina ayrıldı.
Bu günə qədər bura hersoq Hamfri
kitabxanası adlandırılır. Hersoq
Hamfri Kitabxanası Bodleyn Kitabxanasının ən qədim oxu
zallarından biridir. XVI əsrin sonunda
kitabxana tamamilə bağlanmaq təhlükəsi ilə
üzləşdi. Kral VI Edvard kitab
kolleksiyalarını və hətta kitabxananın mebelini belə
satmışdı. Kolleksiyada yalnız bir
zamanlar Tomas Kobhem tərəfindən bağışlanan 3
cild qalmışdı. 1598-ci ildə
kitabxananın dirçəlişi başlandı. Məhz o zaman Merton Kollecində yunan dilindən dərs
demiş, Britaniya parlamentinin keçmiş üzvü,
İngiltərənin sabiq Dövlət katibi Tomas Bodli
kitabxananın inkişafına dəstək vermək təklifi
ilə universitetin vitse-kanslerinə məktub yazdı. Ser Bodli kitab saxlanan binanı tamamilə yenidən
qurdu, şəxsən bir neçə cildlik kitabları buraya
hədiyyə etdi və 1602-ci ildə Bodleyn Kitabxanası
Oksfordda rəsmən açıldı.Bu gün Bodleyn
Kitabxanasında təxminən 11 milyon kitab və yazı
nüsxələri yer alıb (kitab rəflərinin ümumi
uzunluğu 200 kilometrdən artıqdır). Oxu zallarında 400-dən çox kitabxanaçı
oxuculara xidmət göstərir. Nadir və
qədim nüsxələrin əksəriyyəti rəqəmsal
elektron vasitələrində yerləşdirilib.
Oksford
Universitetinin Bodleyn Kitabxanasının əsas binasında
professor Nərgiz Paşayeva və kitabxananın direktoru
Riçard Ovenden arasında keçirilən görüş
zamanı akademik Nərgiz Paşayevanın təşəbbüsü
ilə 2013-cü ildə Oksford Universitetinin bir struktur hissəsi
kimi yaradılmış Nizami Gəncəvi adına
Azərbaycanşünaslıq və Qafqazşünaslıq
Elmi Mərkəzinin
(https://www.orinst.ox.ac.uk/nizami-ganjavi-programme-study-languages-and-cultures-azerbaijan-and-caucasus)
fəaliyyəti geniş müzakirə olunub. Mərkəzin
elmi-akademik fəaliyyətinin əhəmiyyətindən
söz açılıb, fundamental elmi araşdırmalar sahəsində
görülmüş işlər və Nizami Gəncəvi
Elmi Mərkəzinin gələcək planlarına dair fikirlər
səslənib. Maraqlı və olduqca əhəmiyyətli
keçən görüşün əsas məqsədi
akademik Nərgiz Paşayeva tərəfindən irəli
sürülmüş Oksford Universitetinin Şərqşünaslıq
İnstitutunun kitabxanasına Nizami Gəncəvinin
adının verilməsi təklifinin müzakirəsi idi.
Bu təklif Bodleyn Kitabxanasının rəhbərliyi
tərəfindən müsbət qarşılandı və
yaxın gələcəkdə onun həyata keçiriləcəyi
qeyd olundu. Görüşdə bir daha vurğulandı
ki, dahi Azərbaycan şairi Nizami Gəncəvinin
adının Oksford Universitetinin Şərqşünaslıq
İnstitutunun kitabxanasına verilməsi böyük və
dahi şəxsiyyətin humanizm, ümumbəşəri,
insani ideyalarına, onun dərin fəlsəfəsi və
yaradıcılığına verilən layiqli qiymətdir. Bu
tarixi hadisə Nizami Gəncəvi Elmi Mərkəzinin son
beş ildə Oksford Universitetinin bir hissəsi olaraq
elmi-akademik, təhsil, arxeologiya və digər sahələrdəki
gərgin əməyinin nəticəsi və təsdiqidir.Görüşdə
iştirak edən Oksford Universitetinin inkişaf departamentinin
direktor vəzifəsini icra edən professor Entoni Qrin və
Nizami Gəncəvi Mərkəzinin Böyük Britaniya tərəfdən
rəhbəri, Oksford Universitetinin professoru Edmund Hertsiq Mərkəzin
fəaliyyətini olduqca yüksək qiymətləndirərək
qeyd etdilər ki, 2013-cü ildə akademik Nərgiz
Paşayevanın təşəbbüsü və səyləri
nəticəsində Oksford Universitetində yaradılan Nizami Gəncəvi
adına Azərbaycanşünaslıq və
Qafqazşünaslıq Elmi Mərkəzi dünya elmi ictimaiyyəti
tərəfindən qəbul edilmiş qaydalara uyğun olaraq
artıq beş ildir ki, uğurla fəaliyyət göstərir.Görüşdən
sonra professor N.Paşayeva Oksford Universitetinin alimləri ilə
birgə Bodleyn Kitabxanasının XV əsrdə ilk
yaradılan hissələrindən olan İlahiyyat Məktəbində
(Divinity School) oldular. Buradan başlanan və
Bodleyndə saxlanan ən qədim əlyazmaların
kolleksiyası və onların qorunması mərkəzində
başa çatan bu gəzinti olduqca maraqlı keçib.
Qeyd edək ki, İlahiyyat Məktəbi
1427-1483-cü illər ərzində yaradılmış bir
zaldır, burada xüsusi olaraq mühazirələr, teologiya
haqqında müxtəlif müzakirələr və imtahanlar
keçirilirdi. İlahiyyat Məktəbində
mühüm tədbirlər və hətta kralların da
görüşləri təşkil edilirdi. 1625-ci ildə Londonda vəba xəstəliyi
tüğyan edən zaman burada hətta İcmalar
Palatasının iclasları da keçirilirdi.
İlahiyyat Məktəbinin tavanı Avropa qotik
arxitekturasının ən böyük nailiyyətlərindən
biri hesab olunur.Bodleyn Kitabxanasının inkişaf departamentinin
rəhbəri Eleyn Gallagher professor N.Paşayevanı, həmçinin
Bodleyn Kitabxanasının xüsusi kolleksiyalar (Special Collection)
bölməsi və Dyuk Hamfri Kitabxanası (Duke Humfrey’s Library)
adlandırılan oxu zalı ilə də tanış edib.
Burada qədim əlyazmalar və arxiv materialları, nadir
kitablar, tarixi əhəmiyyətli xəritələr, qədim
musiqi nümunələri və rəqəmsal nüsxələr
saxlanılır.Qeyd edək ki, Nizami Gəncəvi adına
Elmi Mərkəz Oksford Universitetinin rəsmən qəbul
edilmiş və tanınmış struktur bölməsidir və
həmin Universitetin təkcə Şərqşünaslıq
fakültəsi ilə bağlı məsələləri
deyil, ümumiyyətlə, Oksford Universitetində digər sahələrdə
elm və təhsillə bağlı olan bütün məsələlərdə
Azərbaycan üzrə koordinator səlahiyyətlərinə
malikdir. Mərkəz Azərbaycanın, Qafqazın və Orta
Asiyanın zəngin tarixi-mədəni irsinin öyrənilməsi
və Qərbin elmi-akademik dairələrinə
tanıdılması məqsədilə Oksford Universitetinin bir
hissəsi olaraq yaradılmış ilk akademik elmi-tədqiqat
ocağıdır.Elmi Mərkəz yarandığı
gündən bir sıra mühüm elmi-akademik layihələr
həyata keçirib. Onlardan 2015-ci ilin iyunun 6-da Oksford
Universitetinin Nizami Gəncəvi adına Mərkəzinin təşkil
etdiyi və Oksford Universitetinin Şərqşünaslıq
İnstitutu, həmçinin Qədim Antik Dövr Mərkəzi
ilə birgə keçirdiyi ilk elmi tədbiri olan “Şərqi
Qafqaz son antik dövrdən erkən İslam dövrünə
qədər” adlı elmi-praktik konfransı qeyd etmək olar. Oksford Universitetinin tarixində ilk dəfə olaraq
konfransda Azərbaycanın qədim tarixi və mədəniyyəti
məhz antik dövrdən İslam dövrünə qədərki
müddətdə müzakirə edilib və gələcək
tədqiqat işləri üçün atılacaq addımlar
müəyyənləşdirilib. Tədbirdə Mərkəzin
Azərbaycan tərəfdən rəhbəri akademik Nərgiz
Paşayeva, Mərkəzin İngiltərə tərəfdən
rəhbəri professor Edmund Hertsiq, Böyük Britaniyanın
Bizans imperiyasının tarixi üzrə ən
tanınmış mütəxəssislərindən
sayılan, Oksford Universitetinin Korpus Kristi Kollecinin fəxri
üzvü professor Ceyms Hovard-Conston, Şotlandiyanın Edinburq
Universitetinin Roma arxeologiyası üzrə professoru, Oksford və
Tübingen universitetlərinin mühazirəçisi, eyni
zamanda, Böyük Britaniyanın Farsşünaslıq
İnstitutunun və Romaşünaslığın Təbliği
Cəmiyyətinin şura üzvü Eberhard Zaur, İngiltərənin
Durham Universitetinin arxeologiya üzrə doktoru Dan Lourens,
Almaniyanın Fridrix Şiller Universitetinin professoru Annaqret
Plöntke Lüninq və başqaları iştirak ediblər.2016-cı
il iyunun 11-də Oksford Universitetinin ən qədim təhsil
müəssisələrindən biri olan “Brasenose” kollecində
Oksford Universitetinin Nizami Gəncəvi Mərkəzinin növbəti
beynəlxalq elmi konfransı keçirilib. “Trans-Xəzər əlaqələri
(V-XIII əsrlər)” mövzusuna həsr olunmuş konfransda
Oksford Universitetinin alimləri ilə yanaşı, Rusiya Elmlər
Akademiyasının ipək və kətan üzrə
aparıcı arxeoloqu və tarixçisi professor Zvezdana Dode,
Rusiya Elmlər Akademiyasının Dağıstan Elmi Mərkəzində
arxeologiya departamentinin rəhbəri professor Murtazəli
Hacıyev, Harvard Universitetinin aparıcı arxeoloqu doktor Kərim
Əlizadə, Oksford Universitetinin tarixi antropologiya üzrə
mütəxəssisi doktor İrina Şingiray, ABŞ-ın
Pensilvaniya Universitetinin arxeologiya üzrə aparıcı
mütəxəssisi doktor Lara Fabian, Kanadanın
Saskatçevan və İngiltərənin Durham universitetlərinin
doktoru Kristen Hopper və Oksford şəhərində yerləşən
Ətraf Mühitin İdarə Olunması Təşkilatının
aparıcı arxeoloqu Çarlz de Kesne də iştirak ediblər.2017-ci
il iyunun 5-də Londonda XIX əsr Kraliça Viktoriya
dövründə təsviri incəsənətin əsasını
qoyan məşhur rəssam Lord Leytonun (1830-1896) ev muzeyində
Oksford Universitetinin Nizami Gəncəvi Elmi Mərkəzinin
şərqşünas-alim Yevgeniy Bertelsin (1890-1957)
“Böyük Azərbaycan şairi Nizami” (The Great Azerbaijani Poet
Nizami) kitabının ingilis dilində ilk akademik tərcüməsinin
təqdimat mərasimi keçirilib. Bu kitab ilk dəfə
1940-cı ildə rus dilində çapdan çıxıb.
Həmin vaxtdan etibarən kitab nəinki ingilis
dilində, ümumiyyətlə, təkrar nəşr
olunmayıb. Kitab üçün
illüstrasiyaların orijinalları dünyanın ən zəngin
və tanınmış kitabxanalarından olan Britaniya
Kitabxanasından götürülüb və nəfis şəkildə
Britaniyanın “Gilgamesh” nəşriyyat evində çap
edilib.
Nizami Gəncəvi Elmi Mərkəzinin tədris sahəsindəki
fəaliyyətini əks etdirən layihələrdən biri
kimi Mərkəzin dəstəyi ilə Oksford Universitetinin
Şərqşünaslıq fakültəsində altı tələbənin
təhsil almasını qeyd etmək olar. Bu tələbələr
(Ceymz Uayt, Keyti Kempbel, Robert Vilyams, Conatan Lorens – Böyük
Britaniya, Eliz Maus Pyu – ABŞ, Ufuk Özturk - Almaniya) Oksfordda
artıq Nizami Gəncəvi tələbələri
adlandırılır və onların elmi işləri
haqqında Mərkəz qısa zamanda hesabat hazırlayacaq.Qafqaz
Albaniyasının tarixinin düzgün istiqamətdə
öyrənilməsi üçün Nizami Gəncəvi Elmi
Mərkəzinin Azərbaycan tərəfdən rəhbəri
akademik Nərgiz Paşayevanın və Oksford Universitetinin
professoru Robert Hoylandın təşəbbüsü ilə
Oksford Universitetinin arxeoloqları 4 il bundan öncə ilk dəfə
olaraq Bərdədə qazıntı işləri aparmaq
üçün Azərbaycana səfər ediblər. Layihənin rəhbəri qədim İslam tarixi
üzrə dünyanın tanınmış alimlərindən
sayılan professor Robert Hoylanddır. Oksford
Universitetinin “Brasenose” kollecinin doktoru Paul Vordvorsun rəhbərlik
etdiyi 10 nəfərlik Britaniyalı Arxeoloji Ekspedisiya Heyəti
2015-ci ildən başlayaraq Bərdənin mərkəzində
yerləşən Torpaqqala ərazisində
qazıntıları XI-XIII əsrlərin dərinliyinə
çatdırıb. Bu alimlər arxeoloji
qazıntılar nəticəsində Bərdənin kifayət
qədər inkişaf etmiş şəhər olduğunu
aşkara çıxarıblar. Bərdənin
kənarında, Qaratəpə adlanan yerdə IV-V əsrlərə
aid olan yaşayış məskəni aşkar edilib. Qazıntıların nəticəsi beynəlxalq elmi
ictimaiyyətə məhz Azərbaycanın qədim tarixi kimi
təqdim ediləcək. Məqsəd Bərdə
və Qafqaz Albaniyasının başqa şəhərlərinin
qədim irsi və zəngin tarixi haqqında dünyanın
elmi ictimaiyyətinə daha zəngin məlumat
çatdırmaqdan ibarətdir. Onu da qeyd
edək ki, Oksford Universitetinin Nizami Gəncəvi Mərkəzinin
arxeoloqlarından ibarət ekspedisiya heyəti Azərbaycan Tarix
Muzeyi ilə əməkdaşlıq edir və muzeydə
ekspedisiya üzvləri ilə Azərbaycan alimlərinin bir
neçə görüşü də keçirilib. Həmçinin arxeoloji qazıntılar nəticəsində
tapılan eksponatlar qorunması və saxlanması
üçün Tarix Muzeyinə təqdim olunub.
Nizami Gəncəvi Elmi Mərkəzi tərəfindən
Azərbaycanda mədəni irsin qorunması məqsədilə
ilk dəfə olaraq Britaniyanın “Sərhədsiz İrs”
(Heritage Without Borders) təşkilatı Bərdə Arxeoloji
Ekspedisiyasının işinə cəlb edilib. Bu
təşkilat dünyanın müxtəlif bölgələrində
bəşəriyyətin mədəni irsinin qorunması
üçün aparıcı mütəxəssisləri bir
araya gətirir və işlədiyi ölkələrdə
aparılan arxeoloji qazıntılar zamanı aşkar edilən
maddi-mədəniyyət nümunələrinin qorunması
və mühafizəsini təşkil edərək, gələcək
nəsillərə ötürülməsini təmin edir. Məhz bu məqsədlə Oksford Universitetinin Nizami
Gəncəvi Mərkəzinin Bərdə Arxeoloji
Ekspedisiyası çərçivəsində Britaniyanın
“Sərhədsiz İrs” təşkilatının rəhbəri,
arxeologiya üzrə mütəxəssis doktor Dominika Darkangelo
Bakıda və Bərdədə olub və Azərbaycan Tarix
Muzeyinin əməkdaşlarına arxeoloji
tapıntıların qorunması və mühafizəsi,
aşkar edilən maddi-mədəniyyət nümunələrinin
konservasiyası və saxlanma üsulları ilə
bağlı tövsiyələrini verib.Bu ilin sonuna qədər
Oksford Universitetinin Nizami Gəncəvi adına Elmi Mərkəzi
tərəfindən Bərdədə aparılan
qazıntı işləri ilə bağlı elmi-akademik təqdimatın
keçirilməsi nəzərdə tutulur. Onu
da qeyd edək ki, Oksford Universitetinin Nizami Gəncəvi Mərkəzinin
Azərbaycan tərəfdən rəhbəri akademik Nərgiz
Paşayevanın təklifi ilə Mərkəzin arxeoloji
ekspedisiyası 2017-ci ildən Bakı Dövlət
Universitetinin tarix fakültəsinin arxeologiya bölməsinin
bir aspirantını (Aslan Qasımov) və
iki tələbəsini (Elşən Salayev, Mircavid Ağalarov)
arxeologiya sahəsində elmi və praktiki biliklərinin
artırılması üçün Bərdədə
aparılan işlərə cəlb edib.Beləliklə,
dünyanın ən qədim və zəngin
kitabxanalarından olan Bodleyn Kitabxanasında M.V.Lomonosov
adına MDU-nun Bakı filialının
rektoru, Oksford Universitetinin Nizami Gəncəvi Elmi Mərkəzinin
Azərbaycan tərəfdən rəhbəri akademik Nərgiz
Paşayeva və Oksford Universitetinin Bodleyn Kitabxanasının
direktoru, dünya kitabxanaşünaslıq elminin nüfuzlu
nümayəndələrindən olan Riçard Ovenden
arasında keçirilən bu mühüm
görüş çox əhəmiyyətli və səmərəli
olub. Böyük Azərbaycan şairi, dahi Nizami
Gəncəvinin adının dünyanın ən qədim elm
və təhsil ocaqlarından olan Oksford Universitetinin Şərqşünaslıq
İnstitutunun kitabxanasına verilməsi ilə bağlı
razılığın əldə olunması tarixi hadisədir
və son beş ildə Oksford Universitetinin Nizami Gəncəvi
Elmi Mərkəzinin böyük əməyinin nəticəsidir.Görüşün
sonunda akademik Nərgiz Paşayeva Oksford Universitetinin Bodleyn
Kitabxanasının Fəxri qonaqlar kitabına xoş təəssüratlarını
yazıb.
Səs.-
2018.- 2 may.- S.8-9.