Madrid beynəlxalq konfransı
dinlərarası dialoqun təşviqinə, sülh və
qarşılıqlı anlaşmaya mühüm töhfələr
verən səmərəli müzakirə platforması kimi
Müasir beynəlxalq münasibətlər
sistemi olduqca mürəkkəb xarakterə malikdir. Hazırda
xalqlar və milli dövlətlər ayrı-ayrı
çağırışlarla üzləşirlər, meydana
çıxan təhdidlər isə təkcə bir xalqı,
dövləti və regionu əhatə etmir,
bütövlükdə bəşəriyyətə
qarşı yönəlir. Xüsusilə də, müxtəlif
coğrafi məkanlarda - ayrı-ayrı regionlarda və ölkələrdə
dini zəmində qarşıdurmaların baş verməsi
dünya xalqlarını yeni təhlükələrlə
qarşı-qarşıya qoyur. Dünyada dini zəmində
ciddi kataklizmlərin yaşandığı, xaos və anarxiya
mühitinin hökm sürdüyü bir şəraitdə
sivilizasiyalararası dialoqun təmin olunması,
multikulturalizmin, tolerantlığın təbliği
mühüm əhəmiyyətə malikdir. Bunun
üçün isə dinləararası dialoqun təşviq
və təmin olunması strateji zərurət kimi ortaya
çıxır. Doğrudur, müxtəlif mərkəzlərin
radikalizm və terrorizmi təbliğ etməsi, ayrı-ayrı
xalqların, milli dövlətlərin həmin mərkəzlər
tərəfindən hədəfə alınması
bütövlükdə dinc birgəyaşayışa,
tolerantlıq ənənələrinin möhkəmlənməsinə
və multikultural dəyərlərin təbliğinə ciddi əngəllər
yaradır. Ona görə də terrorizm, radikalizm və
ekstremizmə qarşı effektiv mübarizə mexanizminin
formalaşdırılması üçün səmavi dinlərin
sülh fəlsəfəsi və həmrəylik amili müstəsna
önəm kəsb edir. Bunun üçün isə dinlərarası
dialoq platformalarının yaradılması xüsusi əhəmiyyətə
malikdir.
Dinlərarası dialoq sülhü və
qarşılıqlı anlaşmanı təmin edən
mühüm vasitədir
Tolerantlıq nümunəsi, beynəlxalq
dialoq və əməkdaşlıq məkanı olan,
dünyada multikulturalizmin ünvanlarından birinə
çevrilən Azərbaycanın həm müxtəlif tədbirlərə
ev sahibliyi etməsi, həm də dünyanın
ayrı-ayrı ölkələrində keçirilən beynəlxalq
konfransların təşəbbüskarı və təşkilatçısı
kimi çıxış etməsi sivilizasiyalararası dialoqun
genişləndirilməsinə, bu istiqamətlərdə səmərəli
fikir mübadiləsinin aparılması və işbirliyinin
gücləndirilməsinə mühüm töhfələr
verir. Bu gün Azərbaycanda və ölkəmizin
hüdudlarından kənarda keçirilən tədbirlər
sayəsində dinlərarası dialoq ideyası və məsələsi
beynəlxalq miqyasda aktual müzakirə predmetlərindən
birinə çevrilib. Xüsusilə də, Qafqaz Müsəlmanları
İdarəsi və Dini Qurumlarla İş üzrə Dövlət
Komitəsinin birgə təşkil etdiyi tədbirlər beynəlxalq
aləmdə, həmçinin ayrı-ayrı Avropa ölkələrində
böyük rezonans doğurur. Belə tədbirlərdən
biri də artıq ənənə halını almış
İspaniyanın paytaxtı Madrid şəhərində “Dinlərarası
dialoqun sülhə və qarşılıqlı anlaşmaya
töhfəsi” mövzusunda keçirilən beynəlxalq
konfransdır.
Əvvəla qeyd etmək lazımdır ki,
Madrid beynəlxalq konfransına maraq həddindən artıq
böyük idi. Tədbirdə yerli dini və etnik icmaların
nümayəndələri iştirak edirdilər. Konfransda Azərbaycanı hökumət üzvləri,
Milli Məclisin deputatları, tanınmış elm və din
xadimləri, habelə Rus Pravoslav kilsəsinin Bakı və Azərbaycan
Yeparxiyasının Arxiyepiskopu Aleksandr İşein, Dağ yəhudiləri
icmasının başçısı Milix Yevdayev və
Katolik Kilsəsinin Azərbaycandakı yepiskopu Vladimir Fekete və
digərləri təmsil edirdilər. Tədbir Qafqaz
Müsəlmanları İdarəsinin (QMİ), Azərbaycan
Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət
Komitəsinin (DQİDK), İspaniyanın Ədliyyə
Nazirliyinin və Evsen Fondunun birgə təşkilatçılığı
ilə keçirildi.
Konfransda səsləndirilən fikirlər
müasir dövrdə dinlərarası dialoqun sülhə və
qarşılıqlı anlaşmaya fundamental töhfələrini
bir daha ortaya qoydu. Evsen Fondunun rəhbəri Eli Evsen tədbirdə
çıxış edərək bildirdi ki, bu gün
insanların qarşısında gənclərin sağlam gələcəyinin
təmin edilməsi əsas vəzifə kimi dayanır. O qeyd
etdi ki, bunun üçün bütün dinlərin nümayəndələrinin
birgə fəaliyyət göstərməsi olduqca önəmlidir:
“Biz gənclərə düzgün yol göstərməli, təhsil
almalarını təmin etməliyik. Yalnız savad qazanmaqla, təhsil
almaqla sağlam gələcək təmin edilə bilər. Bu
gün bütün dünyada təriqətlərarası
münaqişələr mövcuddur. Bunu inkar etmək olmaz.
Ancaq biz müqəddəs bir amal - sağlam gələcək
naminə bir olmalıyıq”.
İspaniya Konstitusiyasının 10-cu maddəsində
dini və şəxsiyyət azadlığının təsbit
edildiyini bildirən bu ölkənin ədliyyə nazirinin
müşaviri Manuel Xesus Dols isə diqqətə
çatdırdı ki, dinlərarası əməkdaşlıq
bugünkü dünya üçün olduqca vacibdir. O qeyd
etdi ki, bütün dünyada mövcud dinlərə
qarşılıqlı hörmət göstərilməlidir.
Yalnız qarşılıqlı hörmət və birgə
fəaliyyətlə mövcud problemləri həll edə bilərik.
Allahşükür Paşazadə: İspaniya
dinlərin, sivilizasiyaların qovuşduğu bir məkandır
Azərbaycan Prezidenti İlham
Əliyevin konfrans iştirakçılarına
salamlarını çatdıran Qafqaz Müsəlmanları
İdarəsinin sədri şeyxülislam Allahşükür
Paşazadə Yer üzündə yaşayan insanların
bir-birilərinə qarşılıqlı hörmət və
ehtiram ruhunda yaşamalarının Uca Yaradanın ən
böyük tövsiyəsi olduğunu söylədi. “Bu
barədə müqəddəs Kitabımız “Qurani-Kərim”də
buyurulur: “Yer üzü (iman və ədalətlə) islah
olunduqdan sonra orada fəsad törətməyin”. Dinamik
inkişafda olan, sürətlə dəyişən dünyada
son zamanlar cərəyan edən hadisələr, təəssüf
ki, dini və milli zəmində dözümsüzlük,
qarşıdurma halları və ekstremizmin tüğyan etməsi
ilə müşayiət olunur. Planetimizin
müxtəlif yerlərində törədilən terror
aktları, insan qırğını, maddi və qeyri-maddi mədəni
irsin məhvi, separatizm, ksenofobiya, islamofobiya, antisemitizm təzahürləri,
heç şübhəsiz ki, sivilizasiyalar arasında qütbləşməni
dərinləşdirir, dinlərarası və millətlərarası
dialoqa ciddi zərbə vurur. Yaşanan böhran və
faciələrə baxmayaraq, şükürlər olsun ki,
dünyamızı mehvərindən çıxmağa
qoymayan əbədi mənəvi dəyərlər
mövcuddur. Azərbaycan Prezidenti İlham Əliyevin elan etdiyi
istər “Multikulturalizm İli”, istər “İslam Həmrəyliyi
İli” məhz bu məramlara xidmət edir. Dünyanın bir
sıra ölkələrində həyata keçirdiyimiz beynəlxalq
tədbirlər, o cümlədən bugünkü ənənəvi,
sayca üçüncü beynəlxalq Madrid konfransı da bu
amallara xidmətin nümunəsidir. Tarix boyu
Şərq ilə Qərb arasında körpü rolunu oynayan
Azərbaycan bu gün dövlətimizin
başçısının qlobal missiyası sayəsində
dünyada gedən proseslərə özəl, dəyərli
töhfəsini - multikulturalizmin real modelini təqdim edir”, - deyən
Allahşükür Paşazadə vurğuladı ki,
İspaniya dinlərin, sivilizasiyaların qovuşduğu
bir məkandır.
Madridin
baş yepiskopu Karlos Osoro: Dinlər arasında divarlar hörmək
yox, onları aradan qaldırmaq lazımdırAlbaniyanın
keçmiş kardinalı Ernest Simoni bu gün dünyanın
bir çox bölgələrində münaqişələrin
olduğunu xatırladaraq bütün insanları əhalisi
çətin şəraitdə yaşayan bu bölgələrə
yardıma səslədi. Madridin baş yepiskopu Karlos Osoro
bütün dinlərdə sabitliyin, sülhün əsas
tutulduğunu qeyd edərək insanların heç də hər
zaman bu dəyərlərə sadiq qalmadıqlarını təəssüflə
bildirdi. O diqqətə çatdırdı ki, dinlər
arasında divarlar hörmək yox, onları aradan qaldırmaq
lazımdır. Beynəlxalq Dinlərarası və Mədəniyyətlərarası
Dialoq Mərkəzinin baş katibi Feysəl bin Müəmmər
isə dünyada islamofobiyanın mövcud olduğunu
xatırlatdı. O qeyd etdi ki, bu yanlış yanaşmaya
qarşı sağlam mübarizənin aparılması
vacibdir. Bunun üçün yalnız İslam dininə mənsub
insanlar deyil, digər dinlərin nümayəndələri də
birgə səy göstərməlidirlər.Siyavuş Novruzov:
Dini azadlıq olmadan digər azadlıqlardan
danışmağa dəyməzMilli Məclisin İctimai
birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş
Novruzov dövlət-din münasibətlərində
qanunvericiliyin rolu mövzusunda çıxış edərək
bildirdi ki, dinlərarası dialoq sivilizasiyaların da
inkişafına təkan verir: “Dini azadlıq olmadan digər
azadlıqlardan danışmağa dəyməz. Azərbaycan
Respublikasının Konstitusiyasında dini azadlıq tam təsbit
edilib. Azərbaycan Prezidenti tərəfindən ölkəmizdəki
dini konfessiyalara diqqət, qayğı göstərilir.
Bugünkü konfransda Azərbaycanda yaşayan bütün dini
icmaların nümayəndələrinin iştirakı bir
nümunədir”.
Abel Məhərrəmov: Bəşəriyyət
nə qazanıbsa, sülhün hesabına qazanıb. Münaqişə, müharibə cəmiyyətə
yalnız zərər verirBakı Dövlət Universitetinin
rektoru, akademik Abel Məhərrəmov çıxış edərək
bildirdi ki, bu gün bütün cəmiyyətlər
üçün ən vacib məsələlərdən biri
tolerantlığı qorumaqdır. Bəşəriyyət
nə qazanıbsa, sülhün hesabına qazanıb.
Münaqişə, müharibə cəmiyyətə
yalnız zərər verir. Dünyada iki yüz dövlət,
beş min etnos var. Bu xalqlar hamısı bir yerdə, bir
dünyada mehriban yaşamalıdırlar. Akademik dini elmi əsaslarda
öyrənmək və dərk etməyin məhz
tolerantlıq ənənələrini möhkəmləndirdiyini
vurğulayaraq ölkəmizdə ali təhsil müəssisələrində
də tolerantlığın təbliğ və tədris
edildiyini bildirdi.
Əli Ərbaş: İslamofobiya sosial ədalətsizlikdir
Bu gün dünyada bir çox sosial ədalətsizliklərin
olduğunu bildirən Türkiyə Respublikasının Diyanət
İşləri Başqanı Əli Ərbaş isə “bu
gün dünyada mövcud olan sosial ədalətsizliklərdən
biri də aclıqdır. Hər 3 saniyədə bir insan
aclıqdan ölür. Sosial ədalətsizliklərdən digəri
isə islamofobiyadır. Bu, çox qorxulu problemdir. Ona əsasən
Avropa ölkələrində rast gəlinir.
İslamofobiyanı dəstəkləyən qüvvələr
terror təşkilatları yaradır, müsəlman ölkələrində
insanları öldürür, faciələr törədirlər”,
- deyə vurğuladı.
Moskva şəhəri və “Moskovskiy
Muftıyat” Mərkəzi Regionu müsəlmanlarının
Ruhani İdarəsinin müftisi Albir Krqanov: Dünyada İslam
dininə qarşı mövcud olan ikili standartlar aradan
qaldırılmalıdır
Moskva şəhəri və “Moskovskiy
Muftıyat” Mərkəzi Regionu müsəlmanlarının
Ruhani İdarəsinin müftisi Albir Krqanov dünyada İslam
dininə qarşı mövcud olan ikili standartlardan
danışdı. O bildirdi ki, belə yanaşmaları aradan
qaldırmaq üçün İslam dininə mənsub
insanlar bir olmalıdırlar.
Azərbaycan tərəfindən irəli
sürülən təşəbbüslər
sivilizasiyalararası dialoqun inkişafı, multikulturalizm və
tolerantlığın təbliği kontekstində strateji əhəmiyyətə
malikdir
Konfransda bütün dinlərin
mahiyyətində və fəlsəfəsində sülh,
tolerantlıq və qarşılıqlı anlaşmanın
olduğu xüsusi olaraq diqqətə
çatdırıldı. Dini zəmində zərərli
çağırışların və radikal-ekstremist hərəkətlərin
yolverilməz olduğu, bu cür neqativ halların aradan
qaldırılması üçün dinlərarası
dialoqun xüsusi önəminin vurğulandığı tədbirdə
birgə - koordinasiyalı fəaliyyətin mühüm əhəmiyyətə
malik olduğu qeyd edildi.
Minə yaxın nümayəndənin
iştirak etdiyi tədbirin ikinci hissəsi bədii proqramla
başladı və bədii hissədə Azərbaycanın
xalq mahnısı “Sarı gəlin” ifa edildi.
Əli Evsen: Bu gün insanların
qarşısında duran əsas vəzifə gələcək
nəsillər üçün daha etibarlı, daha parlaq gələcək
qurmaqdır
Evsen Fondunun rəhbəri Əli Evsen tədbirdə
çıxış edərək bildirdi ki, bu gün
insanların qarşısında duran əsas vəzifə gələcək
nəsillər üçün daha etibarlı, daha parlaq gələcək
qurmaqdır. Bunun üçün isə dinlərarası və
sivilizasiyalararası dialoqu inkişaf etdirmək
lazımdır. Gənclərimizin ziyanlı təsirlərə
düşməsinin qarşısını almalı,
onları doğru yola yönəltməliyik. İspaniya
Ədliyyə Nazirliyinin nümayəndəsi Pablo Kasado dialoq və
qarşılıqlı anlaşmanın dünyamızdakı
problemlərin həlli baxımından çox önəmli
olduğunu bildirdi. O, din xadimlərinin bu işdə daha
yaxından iştirakının vacibliyini vurğuladı.
Qafqaz Müsəlmanları
İdarəsinin sədri şeyxülislam Allahşükür
Paşazadə qeyd etdi ki, tarix boyu Şərq ilə Qərb
arasında İslam dünyasının əsas mədəni,
dini, sivilizasiya mərkəzlərindən olan Azərbaycan
multikulturalizmə, mədəniyyətlərarası və
sivilizasiyalararası dialoqa, İslam mədəniyyətinin dünyada
təbliğinə böyük töhfələr verib. Bu
gün də multikultural Azərbaycanda müsəlmanlar,
pravoslavlar, katoliklər, yəhudilər və digər din mənsubları
dostluq, qardaşlıq şəraitində yaşayır,
dövlətimizin diqqət və himayəsindən
yararlanırlar.
“Dünyada dini və milli zəmində
ekstremizm, ksenofobiya, islamofobiya, antisemitizm, radikalizm təzahürlərinin
tüğyan etdiyi, miqrant böhranı
yaşandığı müasir dövrdə Azərbaycan
Prezidenti İlham Əliyev qlobal miqyasda ümumbəşəri
ideyaların ətrafında birləşməyə
çağırır, multikulturalizm və İslam həmrəyliyi
ideyalarının dövlət siyasətinin prioritet
istiqamətləri olmasını bəyan edir. Bütün
dünyaya çağırış olaraq ölkəmizdə
“Multikulturalizm” və “İslam Həmrəyliyi” illərinin
elan olunması Azərbaycan Prezidentinin XXI əsrdə həyata
keçirdiyi müdrik təşəbbüslərdir. Bu
gün Azərbaycan öz üzərinə tarixi missiya
götürərək müxtəlif beynəlxalq forumlara,
qlobal hərəkata çevrilmiş “Bakı Prosesi”nə rəhbərlik
edir. Qafqaz Müsəlmanları İdarəsinin yanında
“Dialoqdan həmrəyliyə: dinlər və sivilizasiyalararası
əməkdaşlıq” mərkəzinin təsis edilməsi
bu ənənənin davamı kimi dəyərləndirilməlidir.
Yeri gəlmişkən, Azərbaycan dövləti
İspaniyanın həmtəşəbbüsçüsü
olduğu Sivilizasiyaların Alyansı ideyasına da
böyük önəm verir və bunun bariz nümunəsi
BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumuna ev sahibliyi
etməyimiz oldu. Biz bunu mədəniyyətlərarası
dialoq və multikulturalizm dəyərlərinin təşviqi
sahəsində fəaliyyətimizin yüksək qiymətləndirilməsi
əlaməti kimi qəbul edirik. Biz din xadimləri dünyada
baş verən hadisələrə ilahi ədalət və
insani dəyərlər baxımından qiymət veririk. Bu
günlərdə Amerika Birləşmiş
Ştatlarının Pitsburq şəhərindəki sinaqoqda və
Misirdə qibti zəvvarlara qarşı törədilmiş
terror aktları din xadimləri tərəfindən ilahi dəyərlərin
pozulması kimi səciyyələnir. Bu
siyahıya Azərbaycan ərazisinin bir hissəsinin uzun illərdir
davam edən işğalını, Xocalı şəhərində
soyqırımı törədilməsini, bir milyondan çox
soydaşımızın qaçqın və məcburi
köçkünə çevrilməsini, zəbt olunmuş ərazilərimizdə
məscid, kilsə, sinaqoq və qəbiristanlıqların
məhv edilməsini əlavə etmək istəyirəm. Bu
gün dünya belə cinayətlərə göz yumarsa, gələcəyini
də itirə bilər. Halbuki Allah-Təala bizə
xeyir əməllərdə, savab işlərdə bərabər
olmağı, birgə fəaliyyət göstərməyi əmr
edib”, - deyə şeyxülislam Allahşükür Paşazadə
bildirdi. Şeyxülislam bu konfransın nəticələrinin
hamı üçün - hər iki tərəf və hər
iki sivilizasiya üçün olduqca mühüm və
yaxşı olduğunu diqqətə çatdırdı.
QMİ sədri sivilizasiyalararası dialoqa əməli töhfələr
verən İspaniya dövlətinə və hökumətinə
bu tədbirə verdiyi dəyərə görə təşəkkür
etdi.
İsrailin keçmiş naziri Dalia İtzik:
Dünyada sülhün təmin edilməsi hər birimizin
borcudur
İsrailin keçmiş naziri Dalia İtzik isə
bildirdi ki, dünyada sülhün təmin edilməsi hər birimizin
borcudur. Bu baxımdan, bütün insanlar əl-ələ verməli,
birgə çalışmalıdırlar.
Tədbirdə Azərbaycan Prezidenti İlham
Əliyevin konfrans iştirakçılarına məktubu
oxundu. Məktubu Milli Məclisin İctimai birliklər və
dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov oxudu. Məktubda
deyilir ki, mədəniyyətlər və dinlər arasında
dialoq dünyada sülhün və təhlükəsizliyin təmin
olunmasında mühüm əhəmiyyətə malikdir.
Müasir dövrün çağırışları bəşəriyyət
qarşısında bu sahədə ciddi vəzifələr
qoyur. Təsadüfi deyil ki, etnik və dini
müxtəlifliyin milli sərvət kimi qorunduğu,
bütün konfessiyaların azad fəaliyyətinə bərabər
şəraitin yaradıldığı Azərbaycan
Respublikasında multikulturalizm və tolerantlıq dövlət
siyasətinin prioritet istiqamətləri sırasında yer
tutur. Azərbaycan tarixən fərqli
sivilizasiyaların qovuşuğunda oynadığı mənəvi
körpü rolunu bu gün də uğurla həyata
keçirir. Ölkəmiz müxtəlif mədəniyyətlərin
ahəngdar münasibətlərinə və humanitar əməkdaşlıq
ideyalarına hərtərəfli dəstək verir,
bununla bağlı çoxsaylı qlobal təşəbbüslər
irəli sürür, müntəzəm olaraq Mədəniyyətlərarası
Dialoq və Beynəlxalq Humanitar forumlar təşkil edir.
BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun və
Dünya Dinləri Liderlərinin Zirvə
görüşünün Bakıda keçirilməsi beynəlxalq
birliyin Azərbaycanın bu sahədəki fəaliyyətini
yüksək qiymətləndirdiyini göstərir. Dövlətimizin başçısı əmin
olduğunu bildirir ki, ənənəvi xarakter almış
Madrid beynəlxalq konfransında aparılan müzakirələr
və irəli sürülən səmərəli təkliflər
dünyada dinlərarası dialoqun təşviqinə, sülhə
və qarşılıqlı anlaşmaya dəyərli
töhfələr verəcək.
Sonra İspaniyanın Kralı VI Felipenin konfrans
iştirakçılarına məktubu oxundu, konfransın
yekun Bəyannaməsi qəbul edildi.
İslam Həmrəyliyi ideyası bütün
dinlər arasında dialoqun təşviqinə xidmət edir
Şübhəsiz ki, dinlərarası dialoq
sülh və qarşılıqlı anlaşmanı təmin
edən mühüm vasitədir. Qeyd etdiyimiz kimi, Azərbaycan
bu istiqamətdə çox mühüm təşəbbüslər
irəli sürür. Prezident İlham Əliyev tərəfindən
Azərbaycanda 2017-ci ilin “İslam Həmrəyliyi İli” elan
olunması ölkəmizin dinlərarası dialoqun təşviq
və təmin olunmasına xidmət edən belə təşəbbüslərindən
biridir. Bu həm ölkəmizin daxili
auditoriyasına, həm də dünya ictimaiyyətinə ciddi
bir çağırışdır. İslam Həmrəyliyi
təkcə müsəlman ölkələri
üçün deyil, həm də beynəlxalq münasibətlər
sistemində gərginliyin azaldılması üçün
vacibdir. Çünki İslam Həmrəyliyi ideyası
özündə sülh, sabitlik və tərəqqi
kimi mütərəqqi dəyərləri ehtiva edir. İslam
həmrəyliyi təşəbbüsü fərqli dini
icmalar tərəfindən rəğbətlə
qarşılanmaqla sivilizasiyaların dialoqunu təmin edən
vasitə kimi qəbul edilir. İslam həmrəyliyi təşəbbüsünün
əsasında heç bir dini və məzhəb
ayrı-seçkiliyinə yol verilməməsi, fərqli dini
icmaların sülh, sabitlik, tərəqqi və həmrəyliyə
xidmət edən mövqedən çıxış etmələrinin
zəruriliyi kimi müsbət dəyərlər dayanır.
Mühüm məqamlardan biri budur ki, Azərbaycanda
2017-ci ilin “İslam Həmrəyliyi İli” elan edilməsi təsadüfi
xarakter daşımayıb. Çünki bu gün ölkəmizdə
İslam həmrəyliyi tam bərqərar olub. Prezident
İlham Əliyev cari il oktyabrın 25-26-da Bakıda “Yeni
dünya və yeni insan formalaşdıraq: kreativlik və insan
inkişafı” mövzusunda keçirilən VI Bakı Beynəlxalq
Humanitar Forumunda bu məqamlara toxunaraq deyib: “2017-ci ili isə
biz “İslam Həmrəyliyi İli” elan etdik. Yenə də
ona görə ki, Azərbaycanda İslam həmrəyliyi tam bərqərar
olub. Onu da bildirməliyəm ki, Azərbaycan müsəlmanları
vəhdət namazı qılırlar. Hesab edirəm ki, Azərbaycan
bu sahədə müsəlman aləmində çox önəmli
rol oynayır. Eyni zamanda, biz müsəlman aləminin diqqətini
də bu sahəyə cəlb etməyə
çalışdıq. Çünki əfsuslar olsun ki, biz
müsəlman aləmində həmrəyliklə
bağlı istədiyimizə nail ola bilməmişik. Qarşıdurmalar, müharibələr,
anlaşılmazlıq, toqquşmalar və digər təhlükəli
meyillər ölkələr üçün böyük
problemə, faciəyə çevrilir, milyonlarla insan həlak
olur, evsiz-eşiksiz qalır, qaçqın,
köçkün vəziyyətinə düşür.
Əlbəttə, biz çalışmalıyıq ki, bu
sahədə də öz təkliflərimizi verək,
öz nümunəmizi göstərək ki, əgər
İslam həmrəyliyi və multikulturalizm
anlayışları vəhdət təşkil edərsə və
dövlət siyasəti düzgün aparılarsa, bu, xalq tərəfindən
də qəbul edilərsə, onda ölkələrdə
problem olmayacaq. Müasir Azərbaycan bunun əyani, bariz
sübutudur. Təsadüfi deyil ki, biz humanitar əməkdaşlıqla,
multikulturalizmlə bağlı bir çox tədbirlərə
ev sahibliyi edirik”.
Bunlarla yanaşı, Azərbaycanda dini etiqad və
vicdan azadlığı Konstitusiya normasıdır, ölkədə
çoxlu sayda dini təşkilat fəaliyyət göstərir.
Azərbaycan hazırda beynəlxalq arenada həm dini
azadlığın yüksək səviyyədə təmin
edildiyi, həm də tolerant ölkə kimi tanınır.
Sivilizasiyalararası dialoqa mühüm töhfələr verən
Azərbaycanda bütün azadlıqlar, o cümlədən
vicdan azadlığı təmin edilib. Dini dəyərlərin
qorunub saxlanması və inkişaf etdirilməsi istiqamətində
məqsədyönlü siyasət həyata keçirilir,
İslam həmrəyliyinin gücləndirilməsi, İslam dəyərlərinin
müdafiəsi üçün beynəlxalq səviyyədə
fəal iş aparılır. İslamofobiya meyillərinə
qarşı qətiyyətli mövqeyi və mübarizəsi
ilə seçilən Azərbaycan İslam həmrəyliyinin
təbliğ və təşviq olunmasında mühüm rol
oynayır.
Bütövlükdə, ölkəmiz dini zəmində
sabitliyin hökm sürməsi, fərqli dini
dünyagörüşünə sahib olan qrupların əmin-amanlıq
və sülh şəraitində yaşaması ilə fərqlənir.
Azərbaycanda müxtəlif dinlərin və
xalqların nümayəndələri əsrlər boyu
sülh, əmin-amanlıq və mehribanlıq şəraitində
yaşayıblar və bu gün də bu reallıq
müşahidə edilir. İslam Həmrəyliyi ideyası da
bu reallıqlara söykənir, bütün dinlər
arasında dialoqun təşviqinə xidmət edir.
Qədim mədəniyyət mərkəzi Əndəlüs
bu gün də sivilizasiyaların mirasını layiqincə
qoruyur
“Ey Əndəlüs sakinləri! Nə xoş
sizə ki, belə sulara, çaylara, ağaclara və
füsunkar çalarlara sahibsiniz. Ölkənizin cənnət
bağlarından heç bir fərqi yoxdur. Əgər
seçim etmək imkanım olsaydı, bu diyarda qalmağı
seçərdim. Sabah cəhənnəmə düşməkdən
qorxmayın, çünki bu cənnət nemətlərinin
dadını bilənlər oda meyilli olmamışlar”. Təbiət
şairi və filosof İbn Haface Əndəlüs vilayətinin
parlaq günləri haqqında bu fikirləri öz Divanında
qeyd edib.
İspaniyaya səfərimiz çərçivəsində
bu ölkənin cənub-qərbində yerləşən Kordoba
şəhərinə ziyarət də nəzərdə
tutulmuşdu. Səfər təəssüratına keçmədən
öncə xatırladım ki, Kordoba tarixi İslam
sivilizasiyasının beşiyi olan Əndəlüs vilayətinin
ən inkişaf etmiş şəhərlərindən biri
olub. Eyni zamanda, Əndəlüs müsəlman mədəniyyətinin
paytaxtı kimi tanınır. Filosofların, elm
adamlarının və sənətkarların sayəsində
Avropanın ən önəmli mədəniyyət mərkəzlərindən
birinə çevrilən Kordoba İberiya yarımadasında
yerləşir. Romalılar tərəfindən əsası
qoyulan Kordoba 1984-cü ildə UNESCO-nun Dünya İrs
Siyahısına daxil edilib.
Madriddən Kürütbəyə qədər
olan 400 km-lik məsafəni qət edərkən yol boyu
gördüklərim insanda İspaniyanın coğrafiyası
və mədəniyyəti haqqında zəngin təəssüratlar
yaradır. Yolun birinci 200 km-lik hissəsi gözoxşayan
üzüm bağlarından, sonrakı 200 km-lik hissəsi isə
ucsuz-bucaqsız zeytun bağlarından ibarətdir. Zeytun
bağları, az qala, üfüqə qədər uzanır. Bu ölkədə zeytun istehsalı və
emalının kütləvi xarakter daşıdığı
və nə qədər əhəmiyyətli olduğu diqqəti
cəlb edir. İspaniyada istehsal olunan zeytun yağları Azərbaycanda
da keyfiyyətli qida vasitəsi kimi olduqca məşhurdur.
İspaniya həm də böyük kənd təsərrüfatı
ölkəsi hesab edilə bilər. Çünki həm də
şərabçılıq məhsulları ilə məşhur
olan bu ölkə ən müasir üzümçülük
texnologiyasına və sənayesinə malikdir.
Kordobaya çatanda, ilk növbədə, şəhərin
qədimliyi bizi valeh etdi. Məlumat üçün bildirim ki,
ilkin dövrlərdə Kordoba Roma imperiyasının
mühafizə qalalarının yerləşdiyi şəhər
olub. Sonrakı mərhələdə 313-cü ildə Romada
xristianlıq qəbul edildikdən sonra xristianlıq yeni mədəniyyət
gətirib. 711-ci ildə isə müsəlmanlar tərəfindən
fəth edilərək 5 əsrə yaxın müsəlmanların
idarəçiliyində olub. Bu mərhələdə
inkişaf edərək dövrünün ən böyük
şəhərlərindən birinə çevrilib.
1236-cı ildə isə yenidən xristianlar tərəfindən
işğal edilib. Füsunkar memarlıq abidələri, qədim
tarixi və dar küçələri ilə nağıllar
diyarını xatırladan bu məkan vaxtilə yəhudilərin,
xristianların, müsəlmanların sülh və vəhdət
içində yaşadığı bir şəhər olub. Müsəlmanların bu qədim şəhəri tərk
etməsindən 700 ilə qədər bir müddətin
keçməsinə baxmayaraq, bu tarixi vilayətdə hələ
də müsəlman mədəniyyətinin dərin izlərini
görmək mümkündür. İslam mədəniyyətinin
inkişaf etdiyi dövrdə bu şəhərin əhalisi
250 min nəfərdən ibarət olub, aradan 700 il keçməsinə
baxmayaraq, bu say hələ də 300 mindən artıq deyil. Belə
demoqrafik vəziyyət isə şəhərin tarixi
görünüşünün və qədimliyinin qorunub
saxlanılmasına çox böyük töhfə verib.
Tarixə nəzər salanda aydın olur ki,
Əndəlüs iqtisadi mərkəz olmaqla yanaşı, həm
də mədəni mərkəz olub. Kordoba kitabxanası və
universiteti isə bu şəhəri daha da məşhurlaşdırmışdı.
Burada təbabət, riyaziyyat, coğrafiya və fəlsəfə
elmləri xeyli inkişaf etmişdi. Avropa ölkələri məhz
Əndəlüs mədəniyyətinin sayəsində ərəb,
yunan və latın mütəfəkkirlərinin bir çox əsərləri
ilə tanış olmuşdular. Yüksək təbəqəyə
məxsus ziyalıları ilə tanınan məşhur Kordoba
vaxtilə Xilafətin elm və mədəniyyət mərkəzi
sayılan Bağdad şəhəri ilə rəqabət
aparmışdı. Onun şöhrəti bütün Avropaya
yayılmışdı, XII əsrdə Kordobanın ən
görkəmli filosofu isə İbn Rüşd idi.
İbn Rüşd Avropada ən nüfuzlu filosoflar
sırasında öz yerini almışdı. XVI əsrin
sonuna qədər də onun əsərlərinə əsas
qaynaq kimi müraciət edilirdi. Görkəmli filosofun
davamçıları sırasında əndəlüslü
filosof yəhudi Musa Meymun və İbn Bace mühüm yer
tuturdular. Bununla yanaşı, onun əsərlərindən
ilham alanlar sırasında Albert Maqnus, Duns Skottus, Spinoza və
İmanuel Kant, Kastilya Leon Kralı X.Alfonso, Dante və Frensis
Bekon kimi şəxsiyyətlər də var idi.
Səfər zamanı diqqətimizi cəlb edən
məqamlardan biri küçələr boyunca sadəcə
dekorativ ağacların deyil, portağal ağaclarının
da əkilməsi idi. Bu, şəhər bələdiyyəsi
üçün ciddi maliyyə qaynaqlarından biri olmaqla
yanaşı, şəhərə xüsusi gözəllik də
verir. Şəhərin dar, uzun, ancaq tarixi küçələri
bir növ bizim İçərişəhərin küçələrinə
bənzərliyi ilə diqqəti çəkirdi. Xüsusilə də, yol kənarlarında, parklarda,
bağlarda əkilən çinar ağacları diqqəti
çəkməklə bizə Gəncənin Xan
çinarlarını xatırlatdı. Çox
maraqlıdır ki, Kordobanı ikiyə bölən Guadalquivir
çayı bəzi müasir paytaxtlarda olduğu kimi daş
hasarlarla əhatələnməyib. Çayın geniş
yatağı və onun ətrafında olan geniş zolaq
qorunub, sağı və solu ilə yollar salınıb,
körpü inşa edilib. Bu isə Kordoba şəhərinin
gözəlliyinə başqa bir gözəllik qatıb. Buranı seyr edərkən sanki şəhərin
ortasında birdən-birə toxunulmamış “bakirə təbiət”in
qoynuna düşürsən. Çayın üzərində
2 min il öncə romalılar tərəfindən inşa edilən
möhtəşəm körpü bu gün də Kordobanı
birləşdirməklə bərabər, mühüm bir
tarixi abidə kimi yaşamaqdadır.
Şəhərə çatar-çatmaz bələdçimizin
də köməkliyi ilə tarixi obyektlər ilə
tanış olduq. Roma körpüsünün şəhər
tərəfində olan qurtaracağında Kordoba tarixini əks
etdirən çox böyük bir muzey yerləşir. Əks
tərəfdə isə Kordoba Kafedral Kilsəsi öz möhtəşəmliyi
ilə diqqəti cəlb edir. Bələdçimizin verdiyi məlumata
görə, kilsə əvvəlcə müdafiə qalası
olub. Xristianlıq Avropada qəbul olunduqdan sonra bura kilsəyə
çevrilib. Qeyd etdiyimiz kimi, müsəlmanların
Kordobanı fəthindən sonra həmin kilsə məscid kimi
fəaliyyət göstərib. Belə ki, 785-ci
ildə Əndəlüs islam dövlətinin qurucusu xəlifə
İ.Əbdürrəhmanın göstərişi ilə
ehtişamlı tikili halına gətirilib. 10 metr
hündürlüyündə və 1419 ədəd sütunun
üzərində bu gün də ərəb
memarlarının imzası qalmaqdadır. Hətta onlar
xüsusi kolleksiya kimi nümayiş etdirilir. Çox
maraqlıdır ki, müsəlmanların məğlubiyyətindən
sonra kilsə halına gətirilsə də, bu izlər hələ
də qalır. Bu günə qədər canlı qalan
naxışlar Şərq memarlıq üslubuna uyğun olan
nümunələr və Qurani-Kərimdən yazılar, o
cümlədən vaxtilə Qurani-Kərimin
saxlanıldığı xüsusi hücrələr belə
qorunaraq saxlanılıb. Burada tikilən tağlar və
sütunlar Mədinədə olan “Məscidul-Nəbi”ni
xatırladır. Müsəlmanlar Avropanı tərk etdikdən
sonra abidə yenidən kilsəyə çevrilsə də,
oraya daxil olarkən bələdçinin köməyi olmadan
belə kilsənin dörd tarixi mərhələni
keçdiyini görmək mümkündür. Kilsənin
sütunları və divarları xristian və islam mədəniyyətinin
və inancının gətirdiyi ornamentlərlə bəzədilibdir.
Bəlkə də, Kordoba Kafedral Kilsəsi dünyada məscidin
və kilsənin bir yerdə olduğu yeganə tikilidir. Səfərimizin
başlıca məqsədi də elə multikulturalizm, dinlərarası
dialoqun inkişaf etdirilməsinə töhfə verməkdən
ibarət idi.
Bu tarixi tikili onu göstərir ki, nəinki bir
dinin müxtəlif məzhəbləri bir yerdə ibadət
edə bilər, hətta fərqli dinlərin mənsubları
da eyni bina altında ibadət edə bilərlər. Bu gün
Avropada, eləcə də İspaniyada da dərk edirlər ki,
dinlər fərqli olsa da, Allah birdir və dinlərarası
dialoqa insanların çox böyük ehtiyacı var. Xüsusilə də, Avropada Azərbaycanın təşəbbüsü
ilə keçirilən bu cür tədbirlərdən sonra
islamofobiya meyillərinin dinlərarası dialoq və
tolerantlıq kontekstində nə qədər lüzumsuz
olduğunu görmək mümkündür. 1990-cı illərin
sonu və 2000-ci illərin əvvəllərində
Avropanı bürüməyə başlayan islamofobiya nə
Avropaya, nə də digər sivilizasiyaya xeyir gətirdi. Bu
gün Avropa siyasətçiləri dərk edirlər ki, nicat
yalnız əməkdaşlıq, tərəfdaşlıq və
dialoqdadır. Azərbaycanın məhz bu istiqamətdə hazır
model təklif etməsi təkcə Avropa siyasiləri tərəfindən
deyil, eyni zamanda, Avropanın ictimaiyyətinin ayrı-ayrı fərdləri
tərəfindən də rəğbətlə
qarşılanmaqdadır.
Azərbaycan nümayəndə
heyətinin tərkibində həm Rus Pravoslav kilsəsinin
Bakı və Azərbaycan Yeparxiyasının Arxiyepiskopunun, həm
Dağ yəhudiləri icmasının
başçısının, həm də Katolik Kilsəsinin
Azərbaycandakı yepiskopunun olması ölkəmizdəki
dialoq mühitinin Avropaya tanıdılması baxımından
da əhəmiyyətli idi. Bütün icma nümayəndələrinin
bir arada qardaşcasına, bərabərcəsinə İslam
və Xristian mədəniyyətinin bu böyük abidəsini
ziyarət etməsi ətrafdakılarda həm təəccüb,
həm də heyranlıq doğururdu.
Kordobadan ayrılarkən Dağ yəhudiləri
icmasının başçısı Milix Yevdayev Azərbaycanın
çox məşhur bir bayatısını xatırlatdı:
Əzizim Vətən yaxşı,
Geyməyə kətan yaxşı.
Gəzməyə qərib ölkə,
Ölməyə Vətən yaxşı.
Milix Yevdayevin ürəyindən qopan, Vətən
həsrətini ifadə edən bu səmimi misralar, əslində,
etnik kimliyindən asılı olmayaraq bütün azərbaycanlıların
Vətən sevgisinin ümumi ifadəsi kimi səsləndi.
Hikmət BABAOĞLU
Səa.-
2018.- 15 noyabr.- S.-8-9.