Azərbaycan dövlətinin
qazandığı böyük nailiyyətlərdə Yeni Azərbaycan
Partiyası müstəsna rol oynayıb və bu gün də
eyni missiya ilə çıxış edir
“Yeni Azərbaycan” qəzetinin
baş redaktoru, Milli Məclisin deputatı Hikmət Babaoğlu
www.yap.org.az saytına müsahibə verib:
- Hikmət müəllim, məlum olduğu kimi
noyabrın 21-də Yeni Azərbaycan Partiyasının
yaranmasının 26 ili tamam olur. Yeni Azərbaycan Partiyası
ötən dövrdə ölkəmizin avanqard siyasi qüvvəsi
kimi mövqeyini qoruyub saxlayır. Bunu ifadə edən
başlıca səciyyəvi cəhətlər nədən
ibarətdir?
- Yeni Azərbaycan Partiyası artıq 26 ildir
ki, Azərbaycanın siyasi sistemində mövcud olmaqla
sistemdaxili tarazlığı qoruyan əsas təsisatdır.
Bununla bərabər, YAP 26 illik fəaliyyətində həm də
onu göstərdi ki, birləşdirici, qoruyucu, mühafizəedici,
ictimai ahəngdarlığı və milli həmrəyliyi təmin
edici funksiyaları yerinə yetirir. Bir siyasi təşkilat və
eyni zamanda, bütövlükdə cəmiyyətimiz
üçün dediyimiz məsələlər olduqca vacibdir.
Bu gün tam əminliklə deyə bilərik
ki, Yeni Azərbaycan Partiyası təkcə Azərbaycanın
deyil, regionun ən güclü siyasi təşkilatıdır.
Ümummilli liderimiz Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan
Partiyası yarandığı vaxtdan bu günə qədər
göstərdiyi fəaliyyət sayəsində ümumxalq
partiyası adını qazanmağı
bacarmışdır.
Əlbəttə, belə böyük nailiyyəti
qazanmaq heç də asan başa gəlməyib. Təkcə
YAP-ın yarandığı dövrün siyasi, ictimai şərtlərinə
nəzər salsaq, bu partiyanın, əslində, necə
çətin və şərəfli inkişaf yolu
keçdiyi daha aydın görünər. Azərbaycan
Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham
Əliyev də partiyanın 2018-ci il fevral ayının 8-də
keçirilən VI qurultayında çıxışı
zamanı həmin dövrün hadisələrini şərh
edərək məhz belə bir məqamda YAP-ın
yaranmasının tarixi hadisə olduğunu vurğulayıb:
“Azərbaycanda iqtisadi tənəzzül, sənayenin
iflic vəziyyətə düşməsi, siyasi, iqtisadi, ondan
sonra da hərbi böhran demək olar ki, müstəqilliyimizi
şübhə altına alırdı. Belə bir vəziyyətdə
Azərbaycan xalqı öz Liderinə üz tutdu və
partiyamızın yaradılması, əlbəttə ki, burada
həlledici rol oynamışdır. Onu da biz yaxşı
xatırlayırıq və əlbəttə partiya üzvləri
bunu bilir, Azərbaycan ictimaiyyəti də bilir ki, o vaxt hakimiyyəti
qanunsuz şəkildə zəbt etmiş hakimiyyət imkan verməmişdi
ki, partiyamızın qurultayı Bakıda keçirilsin. Fəallar,
vətənpərvər insanlar Naxçıvana gəlmiş
və Heydər Əliyevin sədrliyi ilə partiyamızın
yaradılması haqqında bəyanat verilmişdir. Ondan bir
neçə ay sonra xalqın tələbi ilə Heydər
Əliyev hakimiyyətə gəldi və ölkəmiz
inkişaf yoluna qədəm qoydu”.
- Yeni Azərbaycan Partiyasının yaranması
həm də ölkəmizdə yeni siyasi sistemin və siyasi mədəniyyətin
əsasının qoyulmasını şərtləndirdi. Bu
barədə nə deyə bilərsiniz?
- Doğrudur, YAP-ın
yaranması Azərbaycanda yeni siyasi münasibətlərin,
yeni siyasi sistemin də yaradılmasını şərtləndirdi.
Çünki o vaxta qədər ölkədə fəaliyyət
göstərən müxtəlif siyasi qruplaşmalar siyasi
mübarizəni faktiki olaraq çox primitiv səviyyədə
aparmağa cəhd etmişlər. Dövlətimizin
başçısının vurğuladığı kimi,
Yeni Azərbaycan Partiyasının yaradılması siyasi
sistemin yaradılması deməkdir. Təbii ki,
partiyamızın Sədrinin bu fikirləri ölkənin siyasi
sisteminin təhlili baxımından olduqca vacib bir arqumentdir.
Çünki, doğrudan da, 1990-cı illərin əvvəllərində
Azərbaycanın siyasi sistemi kortəbii şəraitdə
formalaşırdı. Siyasi sistemin gələcəyini,
perspektivlərini müəyyənləşdirəcək və
siyasi sistemin monolitliyini təmin edəcək ideya və
ideologiyalar yox idi. Bununla bərabər, siyasi mədəniyyət
nümunəsi də yox idi. Çoxpartiyalı sistemdə hər
hansı bir partiyanın cəmiyyətin, ölkənin,
dövlətin həyatında oynayacağı rolu ilə
bağlı insanlarda tərəddüdlər var idi, dəqiq,
aydın fikir yox idi. Çünki Azərbaycan cəmiyyəti
total, monoideoloji bir sistemin varisi idi. Məhz belə
bir şəraitdə Yeni Azərbaycan Partiyasının Azərbaycan
siyasi sisteminə daxil olması normal siyasi partiya və
demokratik siyasi sistem haqqında təsəvvür
formalaşdırmağa başladı. YAP lokomotiv siyasi güc
olmaqla bərabər, sürətlə inkişaf etməyə
başladı. Qısa müddətdən sonra hakimiyyətə
gələn YAP ölkənin siyasi sisteminin
formalaşmasında da güclü təsir göstərdi. Başqa sözlə, YAP Azərbaycanda normal,
demokratik siyasi sistemin formalaşmasına şərait
yaratdı. Əlbəttə ki, bütün bunları təhlil
edərkən qarşımıza çıxan başqa bir məsələ
Yeni Azərbaycan Partiyasının Azərbaycan siyasi sisteminə
yeni mədəniyyət gətirməsi idi. Çünki əksər
hallarda siyasi mədəniyyət mənəvi mədəniyyətin
tərkib hissəsi hesab edilməklə, bəzi hallarda siyasi mədəniyyət
mənəvi mədəniyyətlə eyniləşdirilir.
Demokratik ölkələrdə hər bir halda hər hansı
bir fərdin sosial-siyasi münasibətlərdə
davranışları məhz mənimsədiyi siyasi mədəniyyətə
söykənərək sərgilənir. Ona
görə də, ölkədə tarixi keçmişimizə,
milli mentalitetimizə uyğun olaraq normal siyasi mədəniyyətin
formalaşması vacib məsələlərdən biri idi.
Çünki məhz bu mədəniyyət Azərbaycan siyasi
sisteminin gələcəyini və keyfiyyətini, yəni necəliyini
müəyyənləşdirəcək əsas
komponentlərdən biridir. Ona görə də YAP üzərinə
düşən bu tarixi missiyanı da uğurla həyata
keçirdi.
- Yeni Azərbaycan Partiyasının milli
maraqları təmsil edən monolit siyasi güc və avanqard
siyasi institut olması aşkar reallıqdır. Bu
reallığı əks etdirən xarakterik xüsusiyyətlər
nədən ibarətdir?
-Yeni Azərbaycan Partiyası 25 ildir ki, hakimiyyətdədir.
Partiyamızın 25 il hakimiyyətdə
olması və hər keçən gün daha da güclənməsi
partologiya tarixində az rast gəlinən nümunələrdəndir.
Ənənəvi olaraq əksər cəmiyyətlərdə
iqtidar partiyaları bir neçə ildən sonra səs itirməyə
başlayırlar. Azərbaycanda isə bu baş vermədi.
Hesab edirik ki, bunun əsas səbəbi ilk növbədə,
YAP-ın qurucu liderinin və sonrakı illərdə isə
hazırkı Sədrinin liderlik keyfiyyətləri ilə
bağlıdır. Bir siyasi partiya üçün onun
liderinin kim olması ən əsas məsələlərdən
biridir. Çünki bildiyimiz kimi partiya bir liderin ətrafında
birləşən üzvlərin cəmidir. Burada hər bir
partiya üzvünün maraqları mövcuddur. Bu maraqlar bəzi
hallarda ümumi, bir çox hallarda isə fərdi olurlar.
Partiyanın siyasi sistemdə rolu isə ondan ibarətdir ki,
bütün bu fərdi və kollektiv maraqları təmin edə
bilsin. Amma Yeni Azərbaycan Partiyası təkcə bununla
işini başa vurmuş hesab etmədi. YAP təkcə
fərdi və ümumi maraqları deyil, eyni zamanda, Azərbaycan
xalqının maraqlarını da təmin etməklə ildən-ilə
öz üzvlərinin sayını artırmağa nail oldu və
keçirilən bütün seçkilərdə əhalinin
daha çox faizinin səsini qazanmağı bacardı. Hesab
edirik ki, məhz bu, partiyaların fəaliyyəti
baxımından qiymətləndirilməsi vacib olan əsas məqamlardan
biridir və bu, siyasi partiyalar tarixində yeni keyfiyyət dəyişikliyi
kimi də qiymətləndirilə bilər. Yəni bu partiya təkcə
üzvlərin, qrupların, ona simpatiyası olan və yaxud
onun üzvü olan kollektiv marağı deyil,
bütövlükdə xalqın marağını ifadə
edir. Məhz YAP-ın hər seçkidə daha çox səs
toplamasının əsas səbəbi də bundan ibarətdir.
Bu gün Azərbaycan siyasi palitrasında YAP-la rəqabət
aparacaq qüvvə yoxdur.
YAP Azərbaycan cəmiyyətinin, siyasi
sisteminin, daxili sosial, etnik, mədəni və dini
strukturlarının hamısını təmsil edəcək
siyasi, mədəni keyfiyyətlərə sahibdir. Belə
olmasa idi, zəngin daxili sosial-siyasi və milli-etnik struktura
malik olan bir ölkədə bu qədər güclənmək
olmazdı. Ona görə YAP milli maraqları təmsil edən
monolit siyasi gücdür desək, yanılmarıq. Prezident
İlham Əliyevin qeyd etdiyi kimi, Yeni Azərbaycan Partiyası
siyasi sistemimizin ən əsas sütunudur və ən
böyük təsirə malik olan partiyadır.
Yeni Azərbaycan
Partiyasının Azərbaycan siyasi palitrasında yer alan digər
siyasi təşkilatlardan əsas fərqli cəhətlərindən
biri də partiyamızın zaman-zaman Proqram və Nizamnaməsinə
uyğun olaraq bir sıra struktur dəyişikliklərinə
üz tutmasıdır. Bu dəyişikliklər, təkcə
partiyanın həyatında baş verən dəyişikliklər
deyil. Bu dəyişikliklər ilk növbədə, ölkənin
siyasi sisteminin dəyişiklikləridir, sonra isə
aldığı qərarlarla Azərbaycan xalqının
müqəddəratına, taleyinə təsir edən
addımlardır.
- Hikmət müəllim, Yeni Azərbaycan
Partiyası ideoloji prinsiplərinə və fəaliyyət
mexanizminə görə neokonservativ partiya kimi xarakterizə
olunur. Bununla bağlı fikirlərinizi bilmək istərdik…
- Biz bilirik ki, hər hansı partiyanın
ümumxalq partiyası kimi səciyyələndirilməsinin
özünəməxsus şərtləri var. Bu şərtlər
yerinə yetirilməyənə qədər heç bir siyasi
təşkilat haqqında bu sözü demək mümkün
deyil. YAP-ın ümumxalq partiyasına çevrilməsi,
heç şübhəsiz ki, ilk növbədə, onun
qurucusu, Ulu öndər Heydər Əliyevin adı ilə
bağlıdır. Çünki partiyamız yaranan zaman onun
Proqram və Nizamnaməsini Ulu öndərimizin Özü
yazmışdı. Əslində, bu Proqram və Nizamnamə
Azərbaycan xalqının siyasi, iqtisadi maraqlarını, mədəni,
milli-mənəvi dəyərlərini, bütövlükdə
dövlətçilik maraqlarını qorumağı
özündə ehtiva edən sənədlərdir. Məhz bu
sənədlərdən irəli gələn tələblərin
yerinə yetirilməsi zaman-zaman YAP-ı ümumxalq
partiyası kimi səciyyələndirməyə gətirib
çıxardı.
YAP elə bir siyasi təşkilatdır ki,
burada Azərbaycan cəmiyyətinin bütün
sferalarını təmsil edən üzvləri tapmaq olar.
Azərbaycanın sosial iyerarxiyasının
bütün təbəqələrinin nümayəndələrini
YAP-da görmək mümkündür. Bu, partologiya tarixində
mühüm bir hadisədir. Çünki müxtəlif
partiyalar, əslində, müxtəlif ideologiyaların ətrafında
cəmləşən insanların birliyidir. Amma məsələ
ondadır ki, YAP-ın rəqiblərinin heç biri onun
üzvlərini birləşdirəcək ideologiyaya sahib deyil.
YAP isə bu mənada istisnadır, çünki siyasi terminlə
onun səciyyəvi xüsusiyyətini izah etməyə
çalışsaq, biz YAP-ı neokonservativ partiya kimi səciyyələndirə
bilərik. Yəni, yeni mühafizəkar partiyadır.
Çünki yenilikçi ideyalar partiyanın Proqram və
Nizamnaməsindən partiyamızın Sədri, möhtərəm
Prezidentimiz İlham Əliyevin çıxışlarında
irəli sürülən tezislərdən irəli gəlir.
Mühafizəkarlıq isə onun xalqa, millətə
bağlılığından qaynaqlanır. Azərbaycan
xalqının mədəniyyətinin, mənəviyyatının
qorunmasından, onlara sahib çıxmasından, eyni zamanda, Azərbaycanda
tarixən formalaşmış milli mədəni mühitin
qorunmasından irəli gəlir. Ona görə də YAP-ı
siyasi partiya kimi təsnifatlandırmağa
çalışsaq, onu Azərbaycanda neokonservatizmin təmsilçisi
kimi xarakterizə edə bilərik.
Beləliklə, sadalanan faktlar və
YAP-ın ötən 26 ildə etdiyi böyük nailiyyətlər
fonunda tam qətiyyətlə deyə bilərik ki, müstəqil
Azərbaycan dövləti ilə birgə addımlayan,
dövlətimizin qazandığı uğurlarda böyük
pay sahibi olan Yeni Azərbaycan Partiyası öz fəaliyyəti
ilə Azərbaycan xalqının etimadını
doğruldub. Yeni Azərbaycan Partiyası bu gün Azərbaycan
siyasi sisteminin sütunu olmaqla, həm də müstəqil Azərbaycan
dövlətçiliyinin dayağıdır. Heç də təsadüfi
deyil ki, Azərbaycan dövlətinin ötən 26 ildə
qazandığı böyük nailiyyətlərdə YAP
müstəsna rol oynayıb və hakim partiya olaraq bu gün də
eyni missiya ilə çıxış edir. Ona görə də
tam məsuliyyətlə deyə bilərik ki, partiyamız
1992-ci ildə yaradılarkən xalqımızın ondan
gözləntilərini doğruldub.
Səs.-
2018.- 21 noyabr.- S.11.