Qarabağ problemi Azərbaycan
dövlətinin və xalqının ümummili
məsələsidir
Siyasi mənfəətlərini güdərək, spekulyasiya edənlər bu reallığı dərk etməlidirlər
Dağlıq Qarabağ
münaqişəsinin nizamlanması və bu
istiqamətdə danışıqların aparılması,
ümumiyyətlə, Ermənistanın
işğalçılıq siyasətinə qarşı qətiyyətli
mövqenin ortaya
qoyulması bilavasitə Azərbaycan dövlətinin yeritdiyi siyasətin prioritet
istiqamətidir. Məhz həmin faktoru
nəzərə alaraq, belə nəticəyə
gəlmək olar ki, eyni zamanda ümummilli
məsələ olduğuna görə, siyasi baxışlarından asılı olmayaraq, istənilən təşkilat dövlətin
apardığı siyasətə yaxından dəstək
olmalıdır.
Lakin
təəssüflər olsun ki, Qarabağ probleminin ətrafında
bəzi siyasi dairələr və onların rəhbərləri
açıq-aşkar spekulyasiyalara yol verərək, şəxsi
maraqları baxışından istifadə etməyə cəhdlər
göstərirlər. Ümumiyyətlə,
Azərbaycan dövlətinin və xalqının bir nömrəli problemi
olan bu kimi
həssas məsələdə sözdə müxalifətyönlü
qüvvələrin ətraflarında süni
ajiotajlar yaratmaq səyləri
heç bir məntiqə
sığmır. Buna misal
kimi, hələ ötən həftə
“Məhsul” stadionunda uzağı 1500 nəfərin
toplaşdığı bir aksiyanı və
orada edilən
çıxışları göstərmək olar. Eyni zamanda, sosial
şəbəkədə aksiyaya az insanın toplaşdığını etiraf edənlərin də fikirləri bu cür deməyə əsas
verir ki, Ermənistanın
işğalçılıq siyasətinə qarşı belə
bir mitinqin təşkili
sadəcə, düşmən dəyirmanına su tökməkdən başqa
bir şey deyil. Daha dəqiq desək,
bənzər manipulyasiyalar
işğalçıların Azərbaycanın ədalətli
və haqlı mövqeyinə qarşı necə deyərlər,
“aqrument” qoymalarına şərait
yaradır.
Siyavuş Novruzov: “Stadionda
keçirilən bir mitinqlə Dağlıq Qarabağ problemi
ilə bağlı münasibət formalaşdırmaq olmaz”
Başqa tərəfdən, onu da qeyd edə bilərik ki, əgər Qarabağa
azadlıq şüarı ilə Azərbaycan dövləti ümumxalq mitinqi
keçirmək qərarını verərsə, həmin
mitinqə yüz minlərlə insanın
toplaşacağını indinə proqnozlaşdırmaq olar. Çünki bu problemin bilavasitə həlli
yönündə məhz Azərbaycan dövləti
dayanır!
Bu
arada, Yeni Azərbaycan Partiyasının İcra katibinin
müavini, millət vəkili Siyavuş Novruzovun fikirləri də
kifayət qədər maraqlı və məntiqlidir. Belə
ki, YAP rəsmisinin bildirdiyinə görə,
Dağlıq Qarabağ münaqişəsinin
nizamlanması ilə bütövlükdə Azərbaycan
iqtidarı, Azərbaycan xalqı məşğul olur. Belə ki, stadionda keçirilən bir
mitinqlə Dağlıq Qarabağ problemi ilə bağlı münasibət
formalaşdırmaq olmaz: “Bu
gün Azərbaycan Prezidenti,
Ali Baş Komandan İlham Əliyev
Dağlıq Qarabağ münaqişəsinin
həlli ilə bağlı zəruri addımları atır.
Həm danışıqlarda, həm də ordunun
gücləndirilməsində, yeni silahlarla təchiz olunmasında lazımi
işlər görülür. Elə
Bakıda keçirilən son iki hərbi parad buna daha bir
nümunədir. O cümlədən
qaçqın və məcburi köçkünlərin
problemlərinin həlli, mənzil-məişət şəraitinin
yaxşılaşdırılması, müharibə
veteranlarına, şəhid ailələrinə diqqət və
qayğı bilavasitə Dağlıq Qarabağ
münaqişəsinə olan bir münasibətdir”.
“Son
dövrlərdə bir qrup insanın Bakıda Dağlıq
Qarabağ adı altında müxtəlif kütləvi
aksiyalar keçirməsinin Qarabağla heç bir
bağlılığı yoxdur”, deyə qeyd edən
Siyavuş Novruzov digər bir mühüm amilə də diqqət
çəkərək bildirib ki,
Azərbaycan Prezident İlham Əliyev Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bütün danışıqlarda bu məsələni əsas şərt kimi qoyur: “Azərbaycanın ərazi bütövlüyü əsas şərt kimi gündəmdədir. Azərbaycan cəmiyyəti də bu məsələdə Prezidenti dəstəkləyir”.
“Xalq
Prezidenti seçib, Ona səlahiyyət verib ki, bu hüquq
Prezidentə məxsusdur”
Söz yox ki,
aparılan danışıqların nəticələri və
bu istiqamətdə görülən
işlərin hər biri ətrafında
dövlət başçımız xalqa
məlumat verir və bu
reallığın əsas tərəfi də budur
ki, Azərbaycan
Prezidenti
yalnız öz xalqına hesabat verərək, Qarabağ ətrafında
aparılan danışıqların mahiyyətini anladır:
“Xalq Prezidenti seçib, Ona səlahiyyət verib ki, bu hüquq
Prezidentə məxsusdur. İndi
1990-cı ilin təfəkküründə
olan insanlar deyirlər
mitinq keçirilməlidir ki,
xarici təşkilatlar Prezidentə təzyiq
edildiyini görsünlər. Belə
çıxır ki, Azərbaycan Prezidenti hansısa güzəştə getməyə
razıdır və ictimai təzyiqin nəticəsində
güzəştlərə getmir. Bu nə düşüncədir, bu nə təfəkkürün məhsuludur? Prezident tərəfindən ən kəskin mövqe bildirib”.
Müxalifətçi fərdlərin iddialarından biri də budur ki, onlar xalq arasında çaşqınlıq, anlaşılmazlıq salmağa cəhdlər göstərərək, əslində Qarabağım azadlığı uğrunda deyil, kimlərinsə maraqlarına xidmət etmələri istiqamətində böyük səhvlərə yol verirər. Əgər onlar hər hansı bir təzyiqdən danışırlarsa, demək ki, onlar sifarişlər həyata keçirirlər. Çünki Azərbaycan dövləti artıq o qədər güclənib və qüdrətli ölkəyə çevrilib ki, ona qarşı təzyiq etmək istəyənlər belə, bu addımlarının nə qədər səhv olduğunu anlayırlar. Təkcə, son dövrlərdə Azərbaycanın beynəlxalq siyasi arenada artan nüfuzuna diqqət yetirərsək, ölkəmizin siyasi-iqtisadi və hərbi potensialının yüksəldiyini də nəzərə alarsaq, bu zaman müxalifətçilərin iddialarının nə qədər cılız olduğunu bir daha görmüş olarıq.
“Burada hansı təzyiqdən söhbət
gedə bilər, Qarabağ Azərbaycanındır. Azərbaycan
həm danışıqlarda, həm də ordunun
gücləndirilməsində və digər məsələlərdə
buna hazırlığını sübut edib”
Siyavuş Novruzov
bununla bağlı bildirib
ki, Azərbaycan xalqının verdiyi səlahiyyətə uyğun
olaraq bu proseslər davam etdirilir: “Burada hansı təzyiqdən söhbət gedə
bilər, Qarabağ Azərbaycanındır.
Azərbaycan həm danışıqlarda, həm də ordunun gücləndirilməsində və digər
məsələlərdə buna
hazırlığını sübut edib”.
Yeri
gəlmişkən, onu da xatırlatmaq yerinə düşərdi
ki, bu gün özlərini “siyasi mühacir” adlandırıb,
guya Azərbaycan uğrunda “mübarizə”
apardıqlarını iddia edənlərin hər biri
reallıqda erməni aşnalarına nökərçilik edənlər
zümrəsinin təmsilçiləridirlər. Guya Qarabağ
dərdinə “yandıqlarını” reklam etdirən belələrinin
hər birinin yastığının altından çox yəqin
ki, erməni pulları çıxır.
YAP rəsmisi də bu məsələ ətrafında çıxış edərək bildirib ki, Avropada oturub-çağırış edənlərə Azərbaycanda dəstək verilməsi düzgün deyil: “Birinci Qarabağ müharibəsində hər bir azərbaycanlı necə döyüşüb, mübarizə aparıbsa, bundan sonra da belə olacaq. Burada “mənim və sənin” məsələsi ola bilməz. Aksiyaya qoşulmayanları qınağa məruz qoymaq nəyə xidmət edir? Dağlıq Qarabağ münaqişəsi hər hansı futbol meydaçasında həll ediləcək məsələ deyil”.
Beləliklə, buradan da tam olaraq aydın görünür ki, Azərbaycan dövlətinin və xalqının ümummilli məsələsi olan Qarabağ problemi ətrafında oyunbazlıqlar edənlər bir reallığı dərk etməlidirlər ki, onların siyasi təlxəklikləri burada kimsəyə lazım deyil. Uzağı erməni lobbisi və bu lobbiyə dəstək göstərən bir sıra xarici təşkilatlardan savayı...
Rövşən
RƏSULOV
Səs.- 2018.- 6 oktyabr.- S.6.