“Sabitliyin, uğurlu
inkişafımızın təməlində bizim
düşünülmüş siyasətimiz dayanır”
Prezident İlham Əliyevin sədrliyi ilə
Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi
inkişafının yekunlarına və qarşıda duran vəzifələrə
həsr olunan iclası keçirilib
Oktyabrın
9-da Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin
doqquz ayının sosial-iqtisadi inkişafının
yekunlarına və qarşıda duran vəzifələrə
həsr olunan iclası keçirilib.
AZƏRTAC
xəbər verir ki, dövlətimizin başçısı
iclası giriş nitqi ilə açıb. Prezident
İlham Əliyev giriş nitqində bildirib ki, 2018-ci il
ölkəmiz üçün uğurlu il olub. Dövlət
başçısı qeyd edib ki, ilin əvvəlindən
qarşıya qoyulan bütün vəzifələr uğurla
və vaxtında icra edilir. Azərbaycan 2018-ci ildə də
öz dinamik inkişafını təmin edib və ölkəmiz
əmin-amanlıq, sabitlik, təhlükəsizlik şəraitində
yaşayıb:
“Bugünkü
dünyada vəziyyəti nəzərə alsaq, deməliyik
ki, bu gün sabitlik, təhlükəsizlik hər bir ölkə
üçün əsas amillərdən biridir. Azərbaycanda
isə təhlükəsizlik, əmin-amanlıq, sabitlik
qorunur, möhkəmlənir. Sabitliyin, uğurlu
inkişafımızın təməlində bizim
düşünülmüş siyasətimiz dayanır, eyni
zamanda, xalq tərəfindən bizim siyasətimizə göstərilən
dəstək dayanır. Dünyada və xüsusilə
yaşadığımız bölgədə vəziyyət
gərgin olaraq qalır, yeni qarşıdurma, münaqişə
ocaqları yaranır. Əvvəlki illərdə
yaranmış gərgin vəziyyət əfsuslar olsun ki,
aradan qaldırılmır. Belə olan vəziyyətdə biz
əlbəttə ki, özümüzü mümkün olan
xarici risklərdən daha da ciddi qorumalıyıq və
qoruyuruq. Bir daha qeyd etmək istəyirəm, Azərbaycanda daxili
risklər mənbəyi yoxdur və biz öz siyasətimizlə,
görülən işlərlə özümüzü
mümkün olan təhlükələrdən qoruyuruq və
qoruyacağıq. Azərbaycan xalqının rahat həyatını
təmin edirik və edəcəyik.
Bu
istiqamətdə bir çox addımlar atılır, o
cümlədən xarici siyasətlə bağlı
addımlar. Deyə bilərəm ki, 2018-ci ildə Azərbaycanın
beynəlxalq mövqeləri daha da möhkəmlənib. Mənim
həmkarlarımla həm ikitərəfli, həm çoxtərəfli
formatlarda bir çox görüşlərim olub. Doqquz ay ərzində
mən 12 xarici səfər etmişəm və 15 dövlət
və hökumət başçısı Azərbaycana səfərlər
etmişdir. Bu, onu göstərir ki, Azərbaycanın
çox çevik və çoxşaxəli xarici siyasəti
vardır. İkitərəfli formatda əldə edilmiş
razılaşmalar icra edilir, Azərbaycan dünyada etibarlı
tərəfdaş kimi tanınır və bizim
sözümüzə inanırlar. Çünki
sözümüzlə əməlimiz arasında
heç bir fərq yoxdur.
Hesab
edirəm ki, bu il qonşu ölkələrlə əlaqələrimiz
yeni pilləyə qalxıbdır. Mənim
qonşu ölkələrin dövlət, hökumət
başçıları ilə çoxsaylı
görüşlərim olub. Əldə edilmiş
razılaşmalar həm ikitərəfli əlaqələrimizi
möhkəmləndirir, eyni zamanda, regionda sabitliyin, təhlükəsizliyin,
əməkdaşlığın inkişafına xidmət
göstərir. Müsəlman ölkələri ilə
bizim əlaqələrimiz həmişə olduğu kimi diqqət
mərkəzindədir. Bu, bizim xarici siyasətimizin prioritet məsələlərindən
biridir. Azərbaycan İslam Əməkdaşlıq Təşkilatının
fəal və dəyərli üzvüdür və
bütün beynəlxalq təşkilatlarda, beynəlxalq tədbirlərdə
biz İslam həmrəyliyini göstəririk və bunu təbliğ
edirik. Təsadüfi deyil ki, keçən il bizdə
“İslam Həmrəyliyi İli” elan olunmuşdur. Azərbaycanda,
İslam aləmində birliyin, həmrəyliyin möhkəmləndirilməsi
işində bizim fəaliyyətimiz müsəlman
dünyasında çox yüksək qiymətləndirilir.
İslam Əməkdaşlıq Təşkilatı bizim fəaliyyətimizi
yüksək qiymətləndirir. Biz bu istiqamətdə səylərimizi
davam etdiririk və etdirəcəyik. Təsadüfi
deyil ki, bu il Azərbaycanın ikinci şəhəri,
Bakıdan sonra bu dəfə Naxçıvan şəhəri
İslam Mədəniyyətinin Paytaxtı adına layiq
görüldü. Biz bunu bütün müsəlman aləminin
bizə olan hörmətinin təzahürü kimi qəbul edirik,
qiymətləndiririk. Eyni zamanda, əlbəttə
ki, bu qərar bizim İslam aləmində
oynadığımız müsbət rol ilə
bağlıdır və biz bu istiqamətdə səylərimizi
davam etdirəcəyik. İslam aləmində həmrəyliyin,
birliyin möhkəmlənməsi üçün səylərimizi
davam etdirəcəyik, eyni zamanda, İslam dəyərlərini
dünyaya çatdırmaq üçün bundan sonra da
addımlar atılacaqdır. Bildiyiniz kimi, Azərbaycanda
multikulturalizmlə bağlı bir çox tədbirlər
keçirilmişdir və həm İslam aləmində, həm
Avropada bizim bu səylərimiz yüksək qiymətləndirilir,
bu səylərin gözəl nəticələri vardır.”
Dövlətimizin
başçısı diqqətə çatdırıb ki,
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi
ilə bağlı indiki danışıqlar mərhələsi
ictimaiyyət üçün bəllidir. Ermənistan tərəfinin
cəhdləri nəticə vermədi, Ermənistan-Azərbaycan
münaqişəsi ilə bağlı
danışıqların formatı dəyişməz olaraq
qalır:
“Bu
danışıqlar Ermənistan və Azərbaycan arasında
aparılıb, aparılır və aparılmalıdır. İki
ölkənin xarici işlər nazirlərinin iki
görüşü bunu bir daha sübut edir. Son
vaxtlar baş vermiş digər hadisələr onu göstərir
ki, danışıqlar formatı dəyişməz olaraq
qalır və bu münaqişə tezliklə beynəlxalq
hüququn norma və prinsipləri əsasında, ölkəmizin
ərazi bütövlüyü çərçivəsində
öz həllini tapmalıdır. Azərbaycanın ərazi
bütövlüyü heç vaxt danışıqların
predmeti olmayıb, bu gün də deyil və heç vaxt
olmayacaq. Ona görə biz bundan sonra da öz prinsipial
mövqeyimizdə qalacağıq. Ümid edirəm ki, Ermənistanın
yeni rəhbərliyi öz siyasətində konstruktivlik
nümayiş etdirəcək və torpaqlarımız tezliklə
işğalçılardan azad olunacaqdır.
Bununla yanaşı, əlbəttə ki, biz öz hərbi qüdrətimizi artırırıq və artıracağıq. Azərbaycan Ordusu dünya miqyasında 50 ən güclü ordu sırasındadır və beynəlxalq reytinqlər də, həyat da bunu göstərir, bizim hərbi uğurlarımız da buna dəlalət edir.
Eyni zamanda, bu il Bakıda iki dəfə möhtəşəm hərbi parad keçirilmişdir və bu paradlarda bizim hərbi qüdrətimiz həm xalqımıza, həm dünyaya nümayiş etdirilmişdir. Bu gün Azərbaycan Ordusu ən müasir silahlarla, texnika ilə təchiz edilib, bu proses davam etdirilir. Biz bundan sonra da ən müasir hərbi texnikanı alacağıq, yeni kontraktlar imzalanır. Əvvəlki illərdə imzalanmış kontraktlar əsasında ən müasir silahlar ölkəmizə gətirilir, onların bir hissəsi hərbi paradlarda göstərilib, bir hissəsi göstərilməyib. Demək olar ki, biz bu gün öz hərbi potensialımızı maddi-texniki təchizat baxımından tam təmin etmişik. Biz bundan sonra yalnız ən müasir texnikanı, silahları almaq fikrindəyik və bu texnikanı bizə satmaq istəyən ölkələrin sayı artır. Onsuz da bu məsələ ilə bağlı heç bir çətinlik yoxdur. Əvvəlki illərlə müqayisədə bu gün biz seçim edirik, nəinki hansısa bir təchizatçıya bağlıyıq. Ona görə biz bu gün bir çox ölkələrdən hərbi təyinatlı məhsullar alırıq. Bu il Bakıda üçüncü müdafiə sənayesi sərgisi uğurla keçirilmişdir. Bir çox aparıcı şirkətlər öz məhsullarını nümayiş etdirmişlər. Azərbaycan öz hərbi-texniki potensialını ortaya qoydu. Bu gün biz hərbi texnikanın istehsalı işində uğurla inkişaf edirik. Azərbaycanda mindən çox adda hərbi təyinatlı məhsul istehsal olunur. Hərbi texnikanın, sursatların istehsalı ilə bağlı bizim yeni planlarımız var və biz onları da həyata keçirəcəyik. Bir sözlə, bu gün ölkəmizin hərbi potensialı ən yüksək səviyyədədir. Ordumuzun döyüş qabiliyyəti də yüksək səviyyədədir. Bizim ordumuz bunu döyüş meydanında da göstərib və nümayiş etdirib.”
Prezident
İlham Əliyev diqqətə çatdırıb ki, bizim
bütün planlarımızı həyata keçirmək
üçün iqtisadiyyatımız uğurla inkişaf etməlidir
və bu istiqamətdə ardıcıl addımlar
atılır. Dövlət başçısı diqqətə
çatdırıb ki, əgər bizim güclü iqtisadi
imkanlarımız olmasaydı, heç bir planımızı
icra etmək mümkün olmazdı:
“Bizim
iqtisadiyyatımız siyasi maraqlarımızı təmin edir.
İqtisadi müstəqillik imkan verir ki,
biz beynəlxalq müstəvidə də müstəqil siyasət
aparaq. Əgər biz iqtisadi cəhətdən kimdənsə
asılı olsaydıq, belə imkanlar məhdud ola bilərdi.
Biz isə iqtisadi cəhətdən heç kimdən
asılı deyilik. Hesab edirəm ki, bu, bizim tarixi nailiyyətimizdir.
Eyni
zamanda, 2018-ci ildə iqtisadi sahədə islahatların dərinləşməsi
işində çox önəmli addımlar
atılmışdır. Hesab edirəm, bu
ilin doqquz ayının göstəriciləri deməyə əsas
verir ki, biz istədiyimizə nail oluruq. İqtisadi göstəricilərə
gəldikdə isə deməliyəm ki, bu ilin doqquz ayında
bizim iqtisadiyyatımız, yəni, ümumi daxili məhsul 0,8
faiz artmışdır. Qeyri-neft sektorunda artım isə
1 faizdir. Sənaye istehsalı 2 faiz, qeyri-neft sənayesi isə
10,8 faiz artmışdır. Bu göstərici Azərbaycanda
aparılan sənayeləşmə siyasətinin nəticəsidir.
Bildiyiniz
kimi, son illərdə kənd təsərrüfatının
inkişafına, xüsusilə bölgələrdə məşğulluğun
artırılmasına böyük diqqət, qayğı və
dəstək göstərilir. Biz kənd təsərrüfatının
ardıcıl artımını görürük. Ümid
edirəm ki, növbəti illərdə bu artım daha da
böyük olacaq. Kənd təsərrüfatı doqquz ayda
4,3 faiz artıb. Hesab edirəm ki, bu da kifayət qədər
yaxşı göstəricidir.
İnflyasiya
cəmi 2,6 faizdir, əhalinin gəlirləri isə 9,5 faizdir. Yəni,
gəlirlər inflyasiyanı üstələyir.
İnflyasiyanın aşağı səviyyədə
olması, il ərzində daha da düşməsi göstərir
ki, bizim maliyyə vəziyyətimiz çox sabitdir və
makroiqtisadi vəziyyət möhkəmdir.
Bu
ilin doqquz ayında ölkə iqtisadiyyatına 9 milyard dollar sərmayə
qoyulmuşdur. Sevindirici
hal ondan ibarətdir ki, bu vəsaitin 5,6
milyard dolları qeyri-neft sektoruna qoyulub. Bu,
iqtisadiyyatımızın bundan sonra da şaxələndirilməsinə
xidmət göstərəcəkdir.
Valyuta ehtiyatlarımız artır. Bu gün bizim
valyuta ehtiyatlarımız 45 milyard dollara çatıb. İlin əvvəlindən bəri biz əlavə 3
milyard dollar yığmışıq. Bu,
bir daha onu göstərir ki, biz öz vəsaitimizə
böyük qənaətlə yanaşırıq. Həm ölkə qarşısında duran vacib məsələləri
həll edirik, investisiya layihələrini, infrastruktur layihələrini
icra edirik, sosial məsələlərin həllini təmin
edirik, eyni zamanda, ehtiyatlarımızı da
artırırıq və əminəm ki, ilin sonuna qədər
daha da artacaq. Bu, bizim bundan sonra da uğurlu
inkişafımız üçün çox önəmli
amildir.
Doqquz ayda xarici ticarət dövriyyəsi 37 faiz artıb. İxrac da təxminən
bir o qədər artıb. Bu da çox müsbət
haldır. Qeyri-neft ixracı isə təxminən
14 faiz artıb. Hesab edirəm ki, bu da
çox gözəl göstəricidir. Bu ilin doqquz
ayında ölkəmizdə 85 min daimi iş yeri
açılmışdır.
Bax, budur, sosial-iqtisadi inkişafımızın əsas
göstəriciləri. İstənilən mötəbər beynəlxalq
maliyyə qurumu bu nəticələri görərkən bir qənaətə
gələ bilər ki, Azərbaycan iqtisadiyyatı uğurla
inkişaf edir. Azərbaycanda çox
düşünülmüş iqtisadi siyasət
aparılır. Azərbaycan iqtisadiyyatı
qarşısında gələcəkdə heç bir ciddi
problem yoxdur. Sadəcə olaraq, biz gərək
bu sahədə öz islahatlarımızı davam etdirək.
Bu barədə bu gün danışılacaq
ki, öz iqtisadi potensialımızdan maksimum istifadə edə
bilək.
2018-ci il bizim enerji siyasətimizin inkişafı
üçün önəmli il olmuşdur. Bu ilin may
ayında biz Bakıda Cənub Qaz Dəhlizinin rəsmi
açılışını qeyd etdik. Bu,
tarixi hadisədir. Ondan bir ay sonra Türkiyədə
TANAP layihəsinin açılışını etdik və
“Cənub Qaz Dəhlizi” layihəsi uğurla icra edilir.
Bütün bu dörd layihənin hamısında çox
gözəl nəticələr var. Bu il
biz qaz hasilatımızı artıracağıq, artıq
“Şahdəniz-2”dən qaz gəlir. Gələn il, ondan sonrakı illərdə daha da artacaq. Yəni, biz tam hədəfə çatmaq
üçün bütün işləri görürük və
mənə verilən son məlumatlara görə, Cənub Qaz
Dəhlizinin son hissəsi olan TAP layihəsinin icrası ilə
bağlı da heç bir problem yoxdur.
Əlbəttə ki, ilin doqquz ayının yekunları
haqqında danışarkən Ələt Beynəlxalq Dəniz
Ticarət Limanını qeyd etməmək mümkün deyil. Bu da tarixi
layihədir, Xəzər dənizinin ən böyük
limanıdır. Liman may ayında istifadəyə verildi.
Beləliklə, Şərq-Qərb nəqliyyat
dəhlizinin uğurlu fəaliyyəti üçün
çox önəmli infrastruktur layihəsi həyata
keçirildi. Bundan sonra biz əlbəttə
ki, öz tranzit imkanlarımızı artıracağıq.
Bu gün biz nəinki Şərq-Qərb, eyni
zamanda, Şimal-Cənub nəqliyyat dəhlizinin fəal
iştirakçısıyıq. Bu dəhliz
vasitəsilə göndərilən yüklərin həcmi
artır. Mən bu rəqəmi səsləndirmişdim,
bir daha demək istəyirəm ki, ilin əvvəlindən
Şimal-Cənub nəqliyyat dəhlizi ilə Azərbaycan ərazisindən
daşınan yüklərin həcmi yüz dəfədən
çox artmışdır. Bu, hələ
başlanğıcdır. Biz indi tərəfdaş
ölkələrlə bu layihənin tam həyata keçirilməsi
üçün çox ciddi danışıqlar
aparırıq. Azərbaycanın həm
texniki təcrübəsi, həm də mütəxəssisləri
və maliyyə resursları var. Azərbaycan ərazisində
bütün işləri biz özümüz gördük və
başqa yerlərə də öz maliyyə
imkanlarımızı cəlb edə bilərik ki, bu dəhliz
tam gücü ilə işləsin və ölkəmizə əlavə
valyuta gətirsin. Bizim əsas məqsədimiz
budur. Əlbəttə ki, tranzit ölkələrin
siyasi çəkisi də, siyasi imkanları da artır. Regionda əməkdaşlığın
inkişafı üçün o ölkələrin rolu
artır. Biz istəyirik ki, bizim rolumuz
artsın. Biz istəyirik ki, Azərbaycan ilə
daha çox hesablaşsınlar. Biz istəyirik
ki, Azərbaycandan daha çox məsələlər
asılı olsun və buna nail oluruq.
Regionda baş verən hadisələr, bizim təşəbbüsümüzlə
icra edilən nəhəng enerji, nəqliyyat layihələri,
digər sahələrdə apardığımız işlər
siyasi çəkimizi böyük dərəcədə
artırıb.
Bu gün Azərbaycan çox dəyərli,
böyük hörmətə, yüksək beynəlxalq
nüfuza malik olan bir ölkədir. Təkcə
bizim yaratdığımız imkanlara görə yox, eyni
zamanda, bəlkə də, ilk növbədə, ona görə
ki, bizim sözümüzlə əməlimiz arasında
heç bir fərq yoxdur. Biz prinsipial siyasət
aparırıq. Bütün prinsipial məsələlərlə
bağlı öz mövqeyimizi ortaya qoyuruq, ölkəmizin
milli maraqlarını layiqincə yerinə yetiririk və bundan
sonra da bu yolla gedəcəyik.”
x x x
Daha sonra
Vergilər naziri Mikayıl Cabbarov, Nəqliyyat, rabitə və
yüksək texnologiyalar naziri Ramin Quluzadə, “Azərxalça”
Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin
sədri Vidadi Muradov çıxış edərək,
görülən işlər barədə
danışıblar. Qeyd olunub ki, 2018-ci ilin
ötən 9 ayı ölkəmizdə makroiqtisadi sabitliyin,
iqtisadi artımın davam etməsi və maliyyə
dayanıqlığının daha da güclənməsi ilə
əlamətdar olub. Ölkə
iqtisadiyyatı yüksək inkişaf dinamikasını
saxlamağa müvəffəq olub, mürəkkəb xarici
risklər və çağırışlar şəraitində
yüksək dayanıqlılıq və sabitlik nümayiş
etdirib. Ölkə iqtisadiyyatında müşahidə
olunan müsbət trendlər fonunda cari ilin 9 ayında 5 milyard
298 milyon manat həcmində proqnoza qarşı 5 milyard 306
milyon manat vergi toplanıb, proqnoza 100,2 faiz əməl olunub.
Ödənilən vergilərin 65,8 faizi
qeyri-neft sektorunun payına düşür.
Eyni zamanda, görülən işlər nəticəsində
ölkə əhalisinin 80 faizdən çoxu internet istifadəçisidir. Əhalinin və
turistlərin ictimai yerlərdə internetə daha rahat
çıxışını təmin etmək
üçün Bakının 20 parkında “İctimai WiFi”
istifadəyə verilib. Ötən ilin
müvafiq dövrü ilə müqayisədə bu ilin 9
ayı ərzində İKT sektoru üzrə investisiya
qoyuluşu 69 faiz artaraq 225 milyon manat olub. Sektorun gəlirləri
isə 1,1 milyard manatdan 1,2 milyard manata
yüksəlib, gəlirlərin artım tempi isə 7,7 faiz təşkil
edib.
Dünya
İqtisadi Forumunun 2017-2018-ci il
hesabatına əsasən Azərbaycan internet istifadəçilərin
faizinə görə dünyanın 137 ölkəsi
arasında 34-cü yerdədir. Ölkəmiz bu göstərici
üzrə dünyanın orta göstəricisindən 1,7 dəfə, MDB ölkələrinin orta
göstəricisindən isə 1,2 dəfə öndədir.
Dövlətimizin başçısı iclasda yekun nitqi
söyləyib. Azərbaycan Prezidenti İlham Əliyev
yekun nitqində qeyd edib ki, gələn ilin büdcəsi həm
investisiyayönümlü, həm də
sosialyönümlü olacaq. Bütün sosial layihələr
icra ediləcək:
“Eyni zamanda, dövlət kapital qoyuluşu
üçün kifayət qədər vəsait də nəzərdə
tutulur. Əsas məsələ ondan ibarətdir ki, biz bu vəsaitdən
səmərəli şəkildə istifadə edək,
ölkə qarşısında duran əsas məsələlərin
həllini təmin edək, prioritetləri düzgün
seçək. Dövlət İnvestisiya
Proqramımız iqtisadiyyatın real sektoruna xidmət göstərməlidir,
eyni zamanda, bu günə qədər öz həllini tapmayan
infrastruktur layihələrinin icrasına da istiqamətləndirilməlidir.
Şəffaflıq vergi və gömrük
orqanlarında tam təmin edilməlidir, struktur islahatları
davam etdirilməlidir. Korrupsiyaya, rüşvətxorluğa
qarşı ən ciddi mübarizə aparılır və
aparılacaqdır. Bu kompleks tədbirlər
biznes mühitinin yaxşılaşdırılmasına öz
dəstəyini verəcək. Sağlam rəqabətin
təmin edilməsi üçün indi şərait
yaradılır. İnhisarçılığa
qarşı mübarizə çox ciddi xarakter alıbdır.
Bir daha demək istəyirəm ki, bütün
aidiyyəti qurumlar, özəl və dövlət şirkətləri
mənim sözlərimdən nəticə
çıxarsınlar. Vergi və gömrük
sistemləri Azərbaycanda şəffaflığın
nümunəsi olmalıdır. Mən
göstəriş vermişəm ki, bu sahədə
Avropanın aparıcı dövlətlərinin təcrübəsi
Azərbaycanda tam tətbiq edilməlidir. Bu
istiqamətdə işlər gedir.
Xüsusilə bu yaxınlarda orbitə
çıxarılmış “Azerspace-2” peykini qeyd etmək istərdim. Bu,
böyük nailiyyətdir. Bu, kosmik
dövlət kimi Azərbaycanın mövqelərini daha da
möhkəmləndirir. Bizim indi 3 peykimiz
var. “Azerspace-2” peykinin orbitə çıxarılması bizim
böyük qələbəmizdir. Eyni
zamanda, bu sahədə görüləcək işlər bizə
əlavə vəsait gətirəcək. Onu
da qeyd etməliyəm ki, peykin imkanlarının demək olar
yarısı, bəlkə də yarıdan çoxu artıq
satılıb. Bundan sonra qalan təqribən
40 faiz hələ ki, bölüşdürülməyib.
Peykin xidmət potensialı, o da
bölüşdürüləcək. Bu,
kommersiya baxımından çox əlverişli layihədir,
özünü tam doğruldacaq və bizə böyük həcmdə
valyuta gətirəcək. Bu, bir ixrac
növüdür. Eyni zamanda, kadr
hazırlığı, texnologiyaların inkişafı
baxımından çox önəmli layihədir. Biz haqlı olaraq fəxr edə bilərik ki, bizim
indi 3 peykimiz vardır.
Eyni zamanda, şəhid ailələri, Qarabağ müharibəsi əlilləri üçün evlərin tikintisi daha da sürətlə gedəcək. Mən bu il bir evin açılışında iştirak edərkən bildirdim ki, bu sahədə işləri sürətləndirmək üçün əlavə vəsait veriləcək. Ondan sonra bu il bu məqsədlər üçün Prezidentin ehtiyat fondundan 20 milyon manat ayrıldı ki, şəhid ailələrinə, müharibə veteranlarına, əlillərinə yüzlərlə mənzil və maşın verilsin.
Məcburi
köçkünlərin problemləri daim diqqət mərkəzindədir.
Deyə bilərəm ki, artıq 100-dən çox
şəhərcik salınıb. Bu il əlamətdar
hadisə baş verib, ilk dəfə olaraq özəl sektor məcburi
köçkünlər üçün böyük şəhərcik
salıb, Qobu qəsəbəsində mindən çox mənzil
özəl sektor tərəfindən inşa edilib və
köçkünlərə təqdim olunub. Mən bunu
çox alqışlayıram. Hesab edirəm ki, bu proses Azərbaycanda
vüsət almalıdır.
Gələn
ilin əvvəlində biz növbəti regionların
sosial-iqtisadi inkişafı Dövlət Proqramını qəbul
edəcəyik. Bu il üçüncü proqramın
icrası başa çatır. Proqram demək olar ki,
artıqlaması ilə icra edilib. İndi dördüncü
proqram hazırlanır, son mərhələdədir.
Dördüncü proqramda bu gün hələ də görə
bilmədiyimiz işlər öz əksini tapmalıdır ki,
qarşımızda duran bütün vəzifələr icra
edilsin.”
Səs.-2018.- 10 oktyabr.- S.2.