Ziyası ilə işıq saçan görkəmli alim

                                          

Bu gün şərqşünas-alim, pedaqoq, filologiya elmləri doktoru, professor Aida İmanquliyevanın doğum günüdür

 

Dünyanın ən sirli açarı elmdə və mütaliədədir. Həyat yarandığı zamandan insan həyatının əsas meyarı hikmət dolu dünyanın bağlı qalan tərəflərinə yol açmaqdır. Geniş biliyə və əhatəli dünyagörüşünə malik Azərbaycan ziyalılarından olan Aida İmanquliyeva da ömrünü elmə, elmin inkişafına həsr edən, ziyası ilə araşdırma və tədqiqatlar aparan alim kimi zəngin irs yaradaraq, qaranlıq qalan tərəflərə işıq salıb. Elmi fəaliyyəti dövründə ömrünü, istedad və zəhmətini birləşdirərək, ən yüksək pillələrə ucalıb.Tədqiqatla məşğul olan, elmin qapılarını açmağa cəhd edən insan üçün şərqşünas-alim, pedaqoq kimi şərəfli adlara nail olmaqdan şərəfli nə ola bilər ki? Aida xanım bu yüksəkliklərə pillə-pillə nail olub. Ağır və gərgin tələb edən bir sahədə uğurlara imza atıb.Təbii ki, Azərbaycan xalqının dünya miqyasında tanınmasında, onun nüfuzunun artmasında və dünyaya inteqrasiyasında mütərəqqi yolla inkişafında sayılıb-seçilən ziyalıların, elm xadimlərinin xidmətləri danılmazdır. Yüksək zəkası, istedadı, əxlaqi keyfiyyətləri ilə seçilən və ətrafa ziyanur saçan belə zəka sahibləri xalqın say-seçmə övladlarıdır. Zaman belə insanları tarixiləşdirir. Xalqa bütün gücü ilə xidmət edən, elm zirvəsinə ucalan Aida İmanquliyevanın ömür yoluna nəzər salanda, bu ömrün hədər getmədiyini, cəmiyyət üçün dəyərli və lazımlı olduğunu aydın görürük. Şərəfli ömür yolunda elmə bağlılığı və ictimai fəaliyyəti diqqəti cəlb edir. Bu gün XX əsrdə Azərbaycanın dünya elminə bəxş etdiyi görkəmli simalardan biri - şərqşünas-alim, pedaqoq, filologiya elmləri doktoru, professor Aida İmanquliyevanın doğum günüdür. Tarixin bu günü Aida İmanquliyeva 1939-cu il oktyabrın 10-da Bakı şəhərində ziyalı ailəsində dünyaya göz açıb. Görkəmli jurnalist, pedaqoq, əməkdar elm xadimi olan atası Nəsir İmanquliyev Azərbaycan mətbuatının bünövrəsini qoyanlardan biri olmuşuzun müddət "Bakı" və "Baku" qazetlərinin baş redaktoru işləmişdir.Tərcümeyi-halında qeyd olunub ki, Aida İmanquliyeva Bakıda 132 saylı orta məktəbi qızıl medalla bitirdikdən sonra 1957-1962-ci illərdə Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin ərəb dili şöbəsində təhsil alıb. 1966-cı ildə Moskvada SSRİ Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunda ərəb filologiyası üzrə aspiranturanı bitirdikdən sonra Azərbaycan Elmlər Akademiyasının Yaxın və Orta Şərq Xalqları İnstitutunda kiçik elmi işçi, daha sonra baş elmi işçi (1966-1976), ərəb filologiyası şöbəsinin müdiri (1976-1988), elmi işlər üzrə direktor müavini (1988-1991) vəzifəsini icra edən Aida xanım 1991-ci ildən həmin institutda direktor vəzifəsində çalışmışdır. 1976-1988-ci illərdə institutun ərəb filologiyası şöbəsinə rəhbərlik etdiyi müddətdə 10 nəfər ərəbşünas namizədlik dissertasiyalarını müdafiə edərək, filologiya elmləri namizədi alimlik dərəcəsinə yiyələnib. Şərqşünaslıq İnstitutunun elmi, ictimai-siyasi həyatında yaxından iştirak edən Aida İmanquliyeva işgüzar fəaliyyətinə görə, 1988-ci ildə institutun elmi işlər üzrə direktor müavini vəzifəsinə təyin olunmuş, bir il sonra isə uzun illər üzərində işlədiyi doktorluq dissertasiyasını müdafiə edərək, filologiya elmləri doktoru adına layiq görülmüşdür. Beləliklə, Azərbaycanda ərəb ədəbiyyatı üzrə ilk elmlər doktoru, ilk professor - qadın olan Aida İmanquliyeva elmi işlərlə yanaşı, pedaqoji fəaliyyətlə də məşğul olub. O, Azərbaycan Dövlət Universitetin Şərqşünaslıq fakültəsində ərəb ədəbiyyatından dərs deyirdi. Elə, məhz buna görə də, SSRİ Nazirlər Soveti yanında fəaliyyət göstərən Ali Attestasiya Komissiyasının qərarı ilə ona "Xarici AsiyaAfrika xalqları ədəbiyyatı" ixtisası üzrə, 1991-ci ilin mart ayında professor elmi rütbəsi verilmişdir.

Aida İmanquliyeva 1970-ci illərdə Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsində ərəb dili müəllimi, filologiya elmləri namizədi M. Qarayevlə birlikdə "İnsanquş" adlı hekayələr məcmuəsini çap etdirir. Bundan əlavə, "Ərəb filologiyası" şöbəsinin əməkdaşlarının tərcüməsində İraq yazıçılarının əsərlərindən ibarət bir kiçik antalogiyanın tərcüməsində və çapında da Aida xanımın gərgin əməyini xüsusi qeyd etmək lazımdır. " günlərin sorağında" adlanan həmin məcmuədə Aida xanımın tərcüməsində İraq yazıçısı Mahmud əz-Zahirin "Boğulmuş hıçqırıqlar" adlı hekayəsi də öz əksini tapıb. Bunlardan əlavə, Aida xanım müxtəlif illərdə respublikanın nəşriyyat orqanları tərəfindən ərəb ədəbiyyatı ilə bağlı çap olunmuş bir çox kitaba ön söz yazmış və xeyli sayda kitabın elmi redaktoru olmuşdur.

Aida İmanquliyevanın çoxsaylı elmi əsərlərində (3 monoqrafiya ("Mixail Nuayme və "Qələmlər birliyi", "Cubran Xəlil Cubran", "Yeni ərəb ədəbiyyatının korifeyləri") və 70-dən artıq elmi məqalə) Qərb və Şərq mədəni ənənələrinin sintezi, yaradıcı üslubun inkişafı və yeni bədii cərəyanların təşəkkül tapması tədqiq olunur ki, bu da, nəinki ərəb ədəbiyyatının, həmçinin, bütün yeni Şərq ədəbiyyatlarının gələcəkdə tədqiqi üçün çox mühüm zəmin yaradır. Aida xanım yalnız yaradıcılığı ilə deyil, həm də təşkilatçılıq bacarığı, rəhbərlik fəaliyyəti ilə öz həyatının missiyasına - yaşadığı mühitrejim çərçivəsində Azərbaycan milli özünüdərkinin qorunub-saxlanılması və inkişafı idealına sadiq qalmışdır. İstedadlı gənc alim 1967-ci ilin martında Moskvada namizədlik dissertasiyasını uğurla müdafiə edib, filologiya elmləri namizədi alimlik dərəcəsini aldıqdan sonra elmi fəaliyyətini Azərbaycan EA-nın Yaxın və Orta Şərq Xalqları İnstitutunda davam etdirmişdir.1964-cü ildə "Mixail Nüaymə və XIX əsr qabaqcıl rus ədəbiyyatı" adlı ilk mətbu məqaləsi "Azərbaycan" jurnalında dərc olunmuşdur. O, Livan yazıçısı M.Nüaymənin bir neçə hekayəsini ərəb dilindən rus dilinə tərcümə edərək, 1979-cu ildə Moskvada "Vostoçnı almanax" jurnalında çap etdirmişdir. Müasir ərəb ədəbiyyatının aktual problemləri və rus-ərəb ədəbi əlaqələri haqqında məqalələri dövri mətbuatda - toplularda və elmi-kütləvi məcmuələrdə müntəzəm çap olunmuşdur.Aida İmanquliyeva 1971-1973 və 1979-1981-ci illərdə Azərbaycan Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun nəşr etdirdiyi "Ərəb filologiyası məsələləri" məcmuəsinin tərtibçisi və redaktoru vəzifəsində çalışıb. "Şərq şairləri Lenin və Sovetlər ölkəsi haqqında" (1970), "Böyük Oktyabr və Şərq xalqlarının milli azadlıq mübarizəsi" (1977), "Sovet Azərbaycanı və xarici Şərq" (1980), "Yaxın Şərq xalqlarının müasir ədəbiyyatında tərəqqi və ictimai ədalət uğrunda mübarizə problemi" (1982), "Yaxın və Orta Şərqdə milli azadlıq hərəkatı məsələləri" (1985), "Şərq filologiyası məsələləri" (1986-1987), "Yaxın Şərq xalqları ədəbiyyatı imperializmə qarşı mübarizədə" (1987), "Xarici Şərqin problemləri: tarixmüasirlik" (1988), "Şərq ədəbiyyatında ənənə və novatorluq" (1988) məqalələr məcmuələrinin redaksiya heyətinin üzvlərindən, müəlliflərindən və redaktorlarından biri olmuşdur. İctimai işlərdə fəal çalışmışdır.Aida xanım İmanquliyeva fəal ərəbşünas alim, elmi ictimaiyyətin hörmətini qazanan nüfuzlu elm xadimi kimi tanınıb. O, 1987-ci ildə Ümumittifaq Şərqşünaslar Cəmiyyəti Rəyasət Heyətinin üzvü və 1983-cü ildən etibarən sözügedən cəmiyyətin Azərbaycan bölməsi sədrinin müavini olub. Moskva, Bakı, Düşənbə, Hamburq, Kiyev, Sankt-Peterburq, Poltava, Tbilisi və digər şəhərlərdə keçirilən Şərq problemlərinə həsr olunmuş beynəlxalq konfranslarda məruzələrlə çıxış edib. Bütün elmi fəaliyyətini Qərb və Şərq mədəni ənənələrinin sintezi, yaradıcılıq üslubunun inkişafı və yeni bədii cərəyanların təşəkkül tapmasının tədqiqinə həsr edən Aida xanım özündən sonra çağdaş ərəb ədəbiyyatının tədqiqində yeni bir səhifə və Yeni bir yol açıb.Onun elmi fəaliyyəti, nəinki ərəb ədəbiyyatının, həmçinin, bütün yeni Şərq ədəbiyyatının gələcəkdə tədqiqi üçün çox mühüm zəmin yaradır.Aida xanım İmanquliyeva ciddi rejiminə baxmayaraq, öz ailəsini və yaxınlarını daim diqqətdə saxlayıb. Məhz bu diqqətin nəticəsidir ki, onun ocağından olan və tərbiyə verdiyi qızları Mehriban xanım və Nərgiz xanım Azərbaycanın ictimai həyatında böyük rolanüfuza malikdirlər. Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva bu gün dünyaya Azərbaycanı tolerantlığın ünvanı kimi təqdim edir. Mehriban xanım Əliyeva əməlləri ilə humanizm simvoluna çevrilib.Aida İmanquliyeva özündən sonra zəngin elmi irs qoyub. Elmi-ictimai fəaliyyəti, analıq missiyası ilə abidəsini qəlblərdə ucaldıb.Görkəmli ədəbiyyatşünas xanım A.İmanquliyeva 1992-ci il sentyabrın 19-da Bakıda vəfat edib.

 

Səs . -2018.- 10 oktyabr.- S.6.