Azərbaycandilli ilk
orta məktəbimizin 100 illik yubileyi…
Məlahət
Mürşüdlü: “Ana dilində ilk milli məktəbin
100 illik yubileyinin dövlət səviyyəsində qeyd edilməsi
üçün Prezident cənab İlham Əliyevə
müraciət edirəm”
”... milli təhsil məsələsi öz həllini Azərbaycanda Xalq Cümhuriyyəti qurulduqdan sonra tapdı”
“Yubileyin keçirilməsi həm də milli təhsil quruculuğunda mühüm səhifə olan məktəbin tarixini pedaqoji ictimaiyyət, gənc nəslin öyrənməsi baxımından vacibdir”
Milli maarifçilik, təhsil, tədris irsimiz hər zaman diqqət mərkəzində saxlanmalı və təhsil tariximizə lazımi səviyyədə qiymət verməliyik. Çoxlarımız belə düşünür ki, Azərbaycanda milli təhsilin tarixi ölkəmizdə qurulan rus-tatar məktəblərinin yaranması ilə bağlıdır. Əslində isə bu belə deyil. Azərbaycanda ilk milli məktəb Azərbaycan Xalq Cümhuriyyəti dövründə açılıb. Ana dilində ilk milli məktəbimiz Cümhuriyyətimizin yaşıdıdır. Bu il həm ana dilində ilk milli məktəbin yaradılmasının, həm də Qori Seminariyasının Azərbaycan bölməsinin Qazaxa köçürülməsinin 100 illiyidir.
Tanınmış
təhsil mütəxəssisi Məlahət Mürşidli ilə
ana dilində ilk milli məktəbimizin tarixi, o dövrkü cəmiyyətdəki
rolu və s. barədə söhbət etdik.
- Məlahət
xanım, Azərbaycanda ana dilində ilk milli məktəb
yaranmamışdan əvvəl təhsil sahəsində
hansı proseslər gedirdi?
- XX əsrin əvvəllərində baş verən 1905-ci il inqilabı Azərbaycan ictimai-siyası həyatında böyük bir canlanma əmələ gətirmişdi. Bu canlanma ölkənin bütün sahələrində olduğu kimi, maarif sahəsində də hiss olunurdu. Həsən bəy Zərdabi, Məhəmməd Tağı Sidqi, Mahmud bəy Mahmudbəyov, Firudin bəy Köçərli, Rəşid Əfəndiyev, Sultan Məcid Qənizadə, Üzeyir bəy Hacıbəyov, Fərhad Ağazadə, Süleyman Sani Axundov, Abdulla Şaiq və digərlərinin timsalında böyük maarifçilik hərəkatı meydana gəldi. O dövrdə mövcud olan rus-tatar məktəblərində oxuyanların 31%-i azərbaycanlı idi. Bu məktəblərdə isə təlim-tərbiyənin məqsədi birbaşa olmasa da, dolayısı ilə gənc nəsli şovinizm ruhunda tərbiyələndirməyə xidmət edirdi. Məhəmməd Əmin Rəsulzadə bu dövrü xarakterizə edərək yazırdı: “Çarizm Azərbaycanda ruslaşdırma siyasətini iki istiqamətdə həyata keçirməyə başladı: birinci, üləmaları, mollaları və əfəndiləri idarələrdə məmur vəzifəsinə təyin edərək öz xidməti qulluqçularına çevirirdi; ikincisi isə azərbaycanlı uşaqları rus məktəblərində oxudub, onlardan rus təbiətli “uçitellər” hazırlayırdı. Beləliklə, doğma klassiklərimiz əvəzinə, Güney Azərbaycandakı “mirzələr” Firdovsini, Sədini, Şimali Azərbaycandakı “uçitellər” isə Puşkini, Lermantovu, Tolstoyu və başqalarını təbliğ etməyi aşılayırdılar. Nə farslaşmış “mirzələr”, nə də ruslaşmış “uçitellər” xalqın istək və arzularını başa düşürdülər. Lakin tədricən “uçitellər” anladılar ki, xalqımızın övladlarına Tolstoy, Puşkin, Lermantovla yanaşı, Füzulini, Sabiri, Şirvanini, Cavidi, Əhməd Cavadı öyrətmək lazımdır”.
Xalqın
savadsızlığının aradan qaldırılması,
ana dilində məktəblərin açılması, proqram
və dərsliklərin yaradılması, müəllim
kadrlarının hazırlanması dövrün maarifçilərini
düşündürən başlıca məsələlər
idi.
- Ana
dilimizdə milli məktəbin əsası hansı şəraitdə
qoyuldu?
- O
dövrdə ana dilində milli məktəb açmaq olduqca
çətin idi. Dövrün
maarifçi ziyalılarının səylərinə
baxmayaraq, çarizm dövründə bu məktəbin
yaradılması mümkün olmadı. Lakın zamanın
diktə etdiyi ana dilində milli təhsil məsələsi
öz həllini Azərbaycanda Xalq Cümhuriyyəti qurulduqdan
sonra tapdı. ADR hökumətinin Gəncə şəhərində
verdiyi 28 avqust 1918-ci il tarixli ilk dekreti məhz məktəblərin
milliləşdirilməsi haqqında idi. Birinci dəfə
olaraq ana dili bərabərhüquqlu dil kimi elan edildi və azərbaycanlılar
öz ana dilində oxumağın nəinki mümkün
olduğunu, hətta zəruri olduğunu başa
düşdülər. Arxiv materialları göstərir ki, bu
tədbirlər çox çətin və mürəkkəb
şəraitdə həyata keçirilirdi. Uşaqları
anadilli, yeni məzmunlu proqram və dərsliklərlə fəaliyyət
göstərən məktəblərə cəlb etmək
çox çətin idi. Dekretin mahiyyətinin valideynlər tərəfindən
dərk edilməsi üçün mütərəqqi fikirli
müəllimlər mütəmadi olaraq valideynlərlə
görüşür və həmkarlarını da buna səsləyirdilər.
Bu müəllimlər sırasında biz bir tərəfdən
çox tanınmış, uşaqlara həqiqi elmi biliklər
verməyə səy edən və Azərbaycan dilini zənginləşdirməyə
çalışan Abbas Səhhəti, digər tərəfdən
ilk milli məktəbin – “Nümunə məktəbi”nin
yaradıcısı Abdulla Şaiqi görürük.
- Demək,
Azərbaycanda təhsilin ilkin milliləşmə dövrü
1918-ci ildə baş verib. Milli məktəb cəmiyyətdə
nə kimi əks-səda doğurdu?
-
Professor Fərrux Rüstəmov özünün “Milli
maarifimizin qaranquşları” adlı məqaləsində məktəbin
yaranmasının böyük əhəmiyyət kəsb
etdiyini göstərərək yazır: “İlk dəfə
orta təhsilin milliləşdirilməsi ADR dövründə
həyata keçirilmişdir ki, bu da qüdrətli sənətkarımız
Abdulla Şaiqin adı ilə bağlıdır. Məhz onun təşəbbüsü ilə
bütün dərslər rus dilində keçirilən
Bakı I Realnı məktəbinin nəzdində Azərbaycan
dili üzrə üçaylıq kurs açıldı. Bu
kursu qurtaran şagirdlər üçün 49 rus sinfi olan
Bakı I Realnı məktəbində bütün dərslər
Azərbaycan dilində keçirilən bir sinif
(üçüncü sinif) açıldı. Bu sinifdə
25 şagird oxuyurdu. Onlar 1924-cü ildə ana dilində orta məktəbi
bitirən ilk məzunlar oldular. Məktəbdə Abdulla
Şaiqlə birlikdə Camo Cəbrayılbəyli, Qafur Rəşad,
Xudaverdi Kələntərli kimi görkəmli pedaqoqlar da dərs
deyirdilər.
Azərbaycanda
milli kadrların yetişdirilməsində sonralar “Abdulla
Şaiq adına nümunə məktəbi” kimi şöhrət
qazanmış həmin milliləşdirilmiş məktəbin
böyük əhəmiyyəti olmuşdur”. Bu milliləşdirilmiş
siniflər sonralar ilk anadilli məktəbin təməli oldu.
Bununla da məktəb tarixində dünyəvi proqramları,
təlim-tərbiyə üsullarını özündə
ehtiva edən milli təhsilin əsası qoyuldu. Məktəb
tariximizə “Şaiq Nümunə məktəbi” adı ilə
daxil olmuş bu təhsil ocağı çox çətinliklə
qurulurdu.
- O dövrdə ölkəmizdə milli təhsilin inkişafına çalışan kifayət qədər ziyalı vardı. Bu halda o məktəb nə üçün çətinliklə quruldu?
- Bilirsiniz, bu, üç başlıca amillə bağlı idi. Birinci, mürtəce fikirli müəllimlər ana dilində yeni siniflərin açılması əleyhinə çıxır, azərbaycanlıları rus məktəblərinə cəlb etməyə çalışırdılar. İkinci, çoxları öz doğma dilini bilmirdi. Maarif Nazirliyi məktəbə şagirdlərin qəbuluna ciddi yanaşır, bu prosesdə dil bilməni vacib şərtlərdən biri hesab edirdi. Şagirdlər müsahibədən keçdikdən sonra milli məktəbə qəbul olunurdular. Dili bilməyənlər üçün əlavə kurslar təşkil edilirdi, dili mənimsəməyənlər isə rus bölməsinə göndərilirdi. Ücüncü səbəb isə ana dilində tədris plan və proqramının, dərsliklərin olmaması, müəllim kadrlarının çatışmaması, sinif otaqlarının azlıq təşkil etməsi, maddi-texniki təminatın aşağı səviyyədə olması idi. C.Cəbrayılbəyli, Ağaəli
Qasımzadə, Qafur Əfəndizadə, Realnı məktəbinin məzunu Sadıq Quluzadə, Qurbanəli Həsənzadə və Abdulla Abasidze kimi dövrün bacarıqlı müəllimləri Abdulla Şaiqin rəhbərliyi ilə bu problemləri aradan qaldırmağa başladılar. Qısa bir zamanda hazırlıq və digər siniflərin tədris planları məktəbin pedaqoji şurasında müzakirə olunaraq təsdiq edildi. Artıq 1918-1919-cu dərs ilində məktəb yeni tədris planları ilə fəaliyyətə başladı. Məktəbin tədris planlarının müasir tələblər baxımından təhlili göstərir ki, bu planlar bugünkü tələblərə cavab verməsə də, bir sıra mütərəqqi fikirləri özündə əks etdirir. Belə ki, tədris planlarında fənlər arasında əlaqələrin zəruriliyi və onların məzmununun təlim və tərbiyənin məqsədləri ilə üzvi surətdə bağlılığı nəzərə alınmışdır. Planda öyrədilən fənlərin siyahısı, tərkibi, keçirilmə ardıcıllığı, siniflər üzrə hər fənnə verilən saatların miqdarı didaktik nöqteyi-nəzərdən əsaslandırılaraq şərhlərlə verilmişdir. Tədris planlarının “Qeyd” hissəsində ana dili və hesab fənnindən əlavə dərs saatına ehtiyac olduqda rəsm və əl əməyinə verilən saatlardan istifadə edilməsinə icazə verilirdi. Daha sonra hüsnxətin türk əlifbasının yazı qaydalarını qavramaqda mühüm rol oynadığı ilə əsaslandırılmış, xarici dil (alman, fransız, rus) fənlərinə ayrılmış dərs saatlarının çoxluğuna isə izahat verilərək göstərilir ki, mövcud şəraitə görə məktəbi bitirib öz təhsillərini gimnaziya və başqa ali məktəblərdə davam etdirənlərin bu dilləri bilməsi vacibdir.
- Milli məktəbin
dərslik problemi necə həll olunurdu?
- Dərsliklərlə
bağlı məktəb rəhbərliyi 26-27.01.20-ci il və
17.02.20-ci il tarixli məktublarla Xalq Maarif Nazirliyinin orta məktəblər
şöbəsinə müraciət edərək nağd
pulla hazırlıq və birinci, ikinci, üçüncü
siniflər üçün “Müntəxəbat”, “Ədəbiyyat
dərsləri”, “Türk çələngi”, tarix, təbiət,
cəbr, coğrafiya dərsliklərinin alınmasına imkan
yaradılmasını xahiş etmişdi. Məktublara
müsbət cavab alındıqdan sonra dərsliklərin
alınması uyğun olaraq fənn müəllimlərinə
– A.Talıbzadəyə, A.Aslanova, A.Zeynalova, S.Aşurbəyova,
M.Mirzəyevə tapşırılır. Şagirdlər
bu dərsliklərlə pulsuz təmin edilirdi. Eyni zamanda, məktəbdə Abdulla Şaiqin
“Türk ədəbiyyatı” və “Milli qiraət” kimi dərsliklərindən
də istifadə edilirdi. 1918-ci il iyun
ayının 22-də hökumət xüsusi qərar qəbul
etdi. Qərarda deyilirdi: “Azərbaycanın milliləşdirilmiş
məktəbləri üçün Türkiyədən tədris
kitablarının gətirilməsini və müəyyən
sayda müəllimlər çağırılmasını zəruri
hesab edərək bu məqsədlə İstanbula məlumatı
olan bir şəxs ezam edilsin” . “Nümunə
məktəbi”nin məzunu olmuş,
EA-nın müxbir üzvü mərhum Məhəmmədəmin
Salehli söyləyirdi ki, Türkiyədən müəllimlər
gələnə qədər məktəbdə bir müəllim
bir neçə fəndən dərs deməyə məcbur
idi.
- Demək,
o dövrdə Türkiyədən dəvət edilən
pedaqoqlar da milli təhsilimizin qurulmasında iştirak ediblər?
- Bəli.
Türkiyədən müəllimlər gəldikdən
sonra bir çox fənlərdən dərsləri bizə
onlar deyirdi. Süleyman Hikmət tarixi,
İsmayıl Həqiqi fizikanı, Durmuş Əfəndi
riyaziyyatı, Hikməti təbiəti, Xəlil Fikrət
psixologiyanı, Müzəffər bəy ibtidai sinifdə tədris
edirdi. Yerdə qalan fənləri isə
yerli müəllimlər tədris edirdilər. Mirzə Abdulla Şaiq, Feyzulla Qasımzadə ədəbiyyatı,
Kərim Qazıyev riyaziyyatı, Qafur Rəşad Mirzəzadə,
C.Cəbrayılbəyli coğrafiyanı tədris edirdi.
Sovet hökuməti qurulduqdan sonra bu müəllimlərin
hamısı geri göndərildi. Xalq
Maarif Nazirliyi milli məktəblərdə əsaslı
kitabxananın açılmasını zəruri hesab edirdi.
Bütün çətinliklərə baxmayaraq, hökumət
ana dilində kitablar və digər vəsaitlər almaq
üçün 4018 manat pul ayırmışdı
.
“Nümunə məktəbi”ndə kitabxananın
yaradılması üçün hazırlıq işləri
Abdulla Şaiqə tapşırılmışdı. Kitabxanada Azərbaycan ədəbiyyatının
ən qiymətli nümunələri - “Molla Nəsrəddin”
jurnalının külliyyatı, Nəriman Nərimanovun dram əsərləri
və s. ədəbiyyatlar toplanmışdı. Məktəb şagirdlərinin xüsusi geyimləri,
döş nişanları, çiyinlərinə
taxılmış paqonları vardı. Məktəbi
bitirəndə şagirdlərə şəhadətnamə
verilirdi. Sadalanan bütün bu əşya
və sənədlər hazırda Abdulla Şaiqin mənzil-muzeyində
saxlanır.
- Azərbaycan Xalq Cümhuriyyəti ilk milli məktəbimizə
nə kimi qayğılar göstərirdi?
- ADR
zamanı fəaliyyətə başlamış məktəbdə
tədrisin keyfiyyəti, müəllimlərin elmi-pedaqoji,
metodiki hazırlığı, onların maddi vəziyyətlərinin
yaxşılaşdırılması, maddi-texniki bazanın
möhkəmləndirilməsi hökumətin daim diqqətində
olmuşdur. Ölkədə iqtisadi cəhətdən vəziyyətin
ağır olmasına baxmayaraq, o biri məktəblərdən
fərqli olaraq, “Şaiq Nümunə məktəbi”nin büdcəsi vaxtlı-vaxtında təsdiq
edilir, ayrılmış maliyyə gecikdirilmədən ödənilirdi.
Məktəb öz fəaliyyətini ADR
hökuməti süqut etdikdən sonra da müəyyən
müddətə davam etdirdi. 1924-cü ildə
məktəbin ilk buraxılışı oldu. Mərhum
akademik Məhəmmədəmin Salehli həmin tədbirin
çox təmtəraqlı keçdiyini söyləyirdi: “Mən
birinci il idi ki, məktəbdə oxuyurdum. Yadımdadır
ki, böyük müsamirə təşkil olunmuşdu. Həmin gecəyə Nəriman Nərimanov da gəlmişdi.
O, məzunlara “Ay mənim saqqallı cocuqlarım” - deyərək
müraciət etdi. O öz nitqində Azərbaycanın gələcəyindən,
məktəb məzunlarının qarşısında duran vəzifələrdən
danışdı”.
- Ana
dilində ilk milli məktəbin sonrakı taleyi necə oldu?
- O məktəbdə
milli və bəşəri səciyyə daşıyan
prinsiplərə əsaslanaraq gənc nəslə əxlaqi-mənəvi
dəyərlər aşılayan məzmun ortaya qoyulmuşdu. Təlimin məhz bu məzmunda aparılması, milli
qürur və düşüncəyə malik müəllimlərin
çalışması sözsüz ki, sovet ideologiyasına
zidd idi. Rejim öz ideologiyasına uyğun
nəsil yetişdirməli idi. Sovet rejiminin
yeni yaradılmış Xalq Maarif Komissarlığı elə
ilk gündən ana dilində yeni sovet məktəbləri
açmaq üçün bir sıra mühüm tədbirlər
həyata keçirməyə başladı. Hər şeydən əvvəl açılacaq yeni
və mövcud məktəblərin strukturu, təlimin məzmunu
və təşkili qaydaları ümumi şəkildə də
olsa, müəyyənləşdirildi. Mövcud
məktəblərdə bir sıra islahatların
aparılması qərara alındı. “Nümunə
məktəbi” də bu “islahatlardan” kənarda qalmadı.
Elə sovet hakimiyyətinin ilk illərində məktəbdə
təlim-tərbiyə işinin məzmunu dəyişməyə
başladı, ilahiyyatın tədrisi ləğv edildi. Tarix dərsliklərində hadisələr
dövrün tələblərinə uyğun
işıqlandırıldı, ədəbiyyat dərslərinin
məfkurə istiqaməti başqa səmt aldı. Məktəb
iki yerə ayrıldı: aşağı şöbələr
və aşağı siniflər birinci dərəcəli
doqquzuncu məktəb, üçüncü sinifdən etibarən
isə ikinci dərəcəli on ikinci məktəb
adlandırıldı. On ikinci məktəb o zaman Fətulla
Rzabəyli tərəfindən təməli qoyulmuş Ali
Pedaqoji İnstitutun binasına köçürülərək,
institutun “Nümunə məktəbi”nə çevrildi
(İndiki İstiqlal küçəsi, İqtisad
Universitetinin binası - qeyd M.M.). “Nümunə məktəbi”nin axırıncı sinif şagirdləri
Pedaqoji Texnikumun əsas siniflərinə keçirildi. Lakin sovet hakimiyyəti illərində də məktəbin
üzləşdiyi problemlər öz həllini tapa bilmədi.
Türkiyədən gəlmiş müəllimlər
öz vətənlərinə döndülər, müəllim
kadrlar, dərsliklər, metodiki vəsaitlər çatışmırdı.
Hətta vəziyyət o yerə gəlib çatdı ki,
Maarif Komissarlığı özünün 48 saylı,
15.12.1923 tarixli qərarı ilə türk pedaqoji kadrların
çatışmaması ucbatından uyezdlərdə və
rayonlarda “Nümunə məktəbi”nin təşkilinin
dayandırılmasını məqsədəuyğun hesab etdi.
16 iyun 1926-cı ildə Nazirlər Kabinetinin
iclasında 1926-27-ci dərs ilindən “Nümunə məktəbi”nə
şagird qəbulunun dayandırılması haqqında qərar
qəbul edildi. Xalq Maarif
Komissarlığı Kollegiya iclasında Nazirlər Kabinetinin
qərarını yekdilliklə təsdiq etdi. Beləliklə,
760 nəfər şagirdin təhsil aldığı “Şaiq
Nümunə məktəbi”nin fəaliyyətinə
son qoyuldu.
- Məlahət
xanım, söhbətimiz öncəsi dediniz ki, bu il ana dilində ilk milli məktəbin də
yaranmasının 100 illiyidir. Cümhuriyyətimizin
yaşıdı olan bu məktəbin 100 illik yubileyinin
dövlət səviyyəsində qeyd edilməsi arzunuzdur.
Bu barədə aidiyyəti qurumlara müraciət
etmisinizmi?
- Bu il 100 yaşı tamam olan “Şaiq Nümunə məktəbi” Azərbaycan məktəb tarixində yeni bir mərhələnin əsasını qoyaraq, fəaliyyət göstərdiyi qısa müddət ərzində milli maarifin inkişafına təsir etdi. İllərdən bəri mövcud olan, köhnə üsulla işləyən rus-tatar (Azərbaycan məktəbi - M.M.) məktəbləri yenidən quruldu, yalnız şəhərlərdə deyil, hətta kənd rayonlarında da (Şəkidə, Salyanda, Şuşada) anadilli, yeni üsulla işləyən məktəblər yaradıldı. Ana dilində plan, proqram, dərslik və dərs vəsaitlərinin yaradılması, təlim-tərbiyə işinin təşkilində demokratik və humanist dəyərlərin öyrədilməsi, ailə və məktəbin əlbir işi istiqamətində müəyyən baza formalaşdı. Ən vacibi isə, elmi-pedaqoji, metodiki biliklərə malik müəllimlər yetişdirildi. Məktəbdə təhsil alanların əksəriyyəti sonralar sovet elminin inkişafında əvəzsiz xidmətlər göstərmişlər.
Fürsətdən istifadə edərək ana dilində ilk milli məktəbin 100 illik yubileyinin dövlət səviyyəsində qeyd edilməsi üçün Prezident cənab İlham Əliyevə müraciət edirəm. Düşünürəm ki, həm ana dilində ilk milli məktəbin, həmçinin də Qori Müəllimlər Seminariyasının Azərbaycana köçürülməsinin 100 illiyini dövlət səviyyəsində qeyd edilməsi çox mühümdür. Yubileyin keçirilməsi həm də milli təhsil quruculuğunda mühüm səhifə olan məktəbin tarixini pedaqoji ictimaiyyət, gənc nəslin öyrənməsi baxımından vacibdir. Pedaqoji institutlarda, kadrların təkmilləşdirilməsi kurslarında məktəb və maarifimizin tarixini dərindən öyrənmək məqsədilə pedaqogika tarixi kursu proqramına “Şaiq Nümunə məktəbi”nin yaranması və fəaliyyəti ilə bağlı mühazirə, seminar məşğələləri daxil etmək zəruridir.
İradə
SARIYEVA
Bakı xəbər.- 2018.- 5
oktyabr.- S.10.