1993-cü il 3 oktyabr
İnkişaf, sabitlik
və tərəqqinin
başlanğıc tarixinə
gedən yol
Azərbaycan xalqının tarixində xüsusi əhəmiyyətə malik olan, onun gələcək həyatını müəyyən edən, böyük başlanğıcın əsasını qoyan bir çox əlamətdar günlər var. Belə əlamətdar günlərdən biri də dövlətçilik tariximizdə mühüm ictimai-siyasi əhəmiyyət daşıyan 15 İyun Milli Qurtuluş Günüdür. Bu tarix Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır.
1991-ci ildə Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra ölkədə hakimiyyətsizlik, özbaşınalıq, xaos və anarxiya hökm sürürdü. Müstəqilliyimizin qorunub-saxlanılması, ölkənin ərazi bütövlüyünün bərpa edilməsi, Dağlıq Qarabağ probleminin milli maraqlara uyğun həlli, əhalinin təhlükəsizliyinin təmin olunması və nəhayət, Azərbaycanın parçalanmaqdan xilası ən mühüm vəzifələr idi. Daxili və xarici siyasətdəki uğursuzluqlar nəticəsində, ölkənin müxtəlif bölgələrində separatçı qüvvələr baş qaldıran, vətəndaş müharibəsi təhlükəsi yarandı. Həmin dövrdə Naxçıvan Muxtar Respublikası da ağır günlərini yaşayırdı. 1990-cı il iyulun 22-də Ümummilli Liderimizin Naxçıvana gəlişi xalqın böyük sevincinə səbəb oldu. Və Azərbaycanın müstəqillik tarixində ən mühüm dövrlərdən sayılır.
1990-1993-cü illərdə Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasəti sayəsində muxtar respublikanın adından "sovet sosialist" sözləri çıxarıldı, Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı dövlət bayrağı kimi qəbul edili. Bu dövrdə görkəmli dövlət xadiminin Azərbaycan xalqı qarşısında ən böyük xidmətlərindən biri də Qədim Naxçıvan torpağını erməni təcavüzündən xilas etməsi idi. Artıq mövcud hakimiyyətsizlikdən, özbaşınalıqdan cana doyan xalq ölkənin xilasını yalnız Ulu Öndər Heydər Əliyevdə görür, ümidlərini ona bağlayırdı. Belə bir zamanda xalq milli dövlətçiliyi qorumaq və vətəndaş müharibəsinin ağır fəsadlarından qurtulmaq üçün Ulu Öndər Heydər Əliyevi Naxçıvandan Bakıya dəvət etdi. Xalqın çağırışı ilə Ümummilli Lider 1993-cü il iyunun 9-da Naxçıvandan Bakıya getdi.
Böyük xilaskarlıq QAYIDIŞI
Bu qayıdış Vətənin xilası, xalqın qurtuluşu idi. Tariximizə Milli Qurtuluş Günü kimi daxil olan bu əlamətdar hadisə baş verməsəydi, xalqın istəyi və tələbi ilə 1993-cü ilin 15 iyununda Ulu Öndərimizin hakimiyyətə qayıdışı gerçəkləşməsəydi, bu gün biz müstəqil, qüdrətli, hər zaman tərəqqi edən, yeniləşən və demokratiya yolunda inamla irəliləyən Azərbaycan dövləti də olmazdı. Məhz 1993-cü ilin iyununda Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Azərbaycanın qurtuluşunun əsası qoyuldu və nəticədə, qurtuluş savaşında irəliyə doğru dönüş başlandı.
Ümummilli Liderimiz Heydər Əliyevin 1993-cü il oktyabrın 3-də Azərbaycan Respublikasının Prezidenti seçilməsi xalqımızı həqiqi müstəqilliyə, Azərbaycan dövlətini isə inkişaf və tərəqqiyə qovuşdurdu. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun dediyi kimi: "1993-cü ilə qədər Azərbaycanda hakimiyyətsizlik, siyasi hərc-mərclik, vətəndaş qarşıdurması hökm sürürdüsə, həmin tarixdən sonrakı dövr ölkəmizdə dövlət müstəqilliyinin möhkəmlənməsi ilə xarakterizə edilir. 1993-cü ildən sonra Azərbaycanın inkişafı göz qabağındadır. Əgər o vaxt Azərbaycanda xaos hökm sürürdüsə, bu gün Azərbaycanda sabitlikdir. O vaxt Azərbaycanda hərc-mərclik var idisə, bu gün Azərbaycanda əmin-amanlıqdır. O vaxt Azərbaycanın iqtisadiyyatı tənəzzülə uğrayırdısa, bu gün Azərbaycan dünyada ən dinamik inkişaf edən ölkələrdən biridir. O vaxt Azərbaycanda total böhran hökm sürürdüsə, bu gün Azərbaycan qüdrətli ölkəyə çevrilmişdir".
Məhz Dahi Öndər Heydər Əliyevin qətiyyəti sayəsində Azərbaycan 1994-cü ilin oktyabr və 1995-ci ilin mart hadisələri zamanı ağır sınaqlardan uğurla çıxdı, Azərbaycan xalqının inamını özünə qaytardı, ölkədə sabitlik və əmin-amanlıq yaratdı. Bununla da, Ulu Öndər qeyd etdiyi kimi, Azərbaycanın dövlət müstəqilliyi daimi, əbədi və dönməz olacaqdır...
Düşünülmüş siyasətin uğurlu
nəticələri
Ümummilli Lider Azərbaycanın müharibə vəziyyətində olmasını nəzərə alaraq düşmənlərimizin və onların beynəlxalq havadarlarının gücünü, planlarını, Azərbaycanın düşdüyü vəziyyəti düzgün dəyərləndirdi. Ölkəni düşdüyü vəziyyətdən çıxarmaq məqsədilə atəşkəs rejiminə nail oldu. Xalqımızın adı və dili, qüdrətimiz bərpa olundu, milli varlığımız qorundu, reallaşmaqda
olan etnik toqquşmalar ehtimalı aradan qaldırıldı. Ulu Öndərin zəhmətidir ki, Azərbaycan xalqı vətəndaş müharibəsinə düçar olmadı. Azərbaycan Respublikası dünya arenasında demokratik-hüquqi və dünyəvi dövlət kimi tanınmağa başladı. Məhz böyük Şəxsiyyət Heydər Əliyev zəkasının məhsulu olan Konstitusiyamız qəbul olundu. Bu gün Azərbaycan dünyanın aparıcı dövlətləri ilə ikitərəfli, üçtərəfli və çoxtərəfli münasibətlərə malikdir. Azərbaycan türk dünyası və islam dövlətləri ailəsinin bərabərhüquqlu üzvüdür.
Ulu Öndər dünyanın siyasi mənzərəsində Azərbaycanın yerini müəyyən etməklə yanaşı, ölkənin iqtisadi həyatını da dirçəltməyə başladı. Xarici iqtisadi sərmayələrin ölkəyə axını başladı. Ölkənin iqtisadi inkişafının təminatına çevrilən "Əsrin müqaviləsi" imzalandı. Əsrin ən böyük layihələrindən biri olan Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin əsası da, məhz Ümummilli Liderin iştirakı ilə qoyuldu. Bu gün Azərbaycan uğurla inkişaf edən, özünü dünya birliyinə etibarlı tərəfdaş kimi təqdim edə bilən bir ölkəyə çevrilib.
Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Heydər Əliyev siyasi kursunu uğurla davam etdirməklə ölkəmizin demokratik imicinin möhkəmlənməsini təmin edir. Ölkə başçısı tərəfindən uğurla davam etdirilən inkişaf strategiyası nəticəsində, əldə olunan nailiyyətlər Azərbaycanın gələcəkdə də daha böyük uğurlar qazanacağına zəmin yaradır.
Bütün bunlar, onu göstərir ki, bu gün Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə əldə etdiyimiz nailiyyətlər və qazanılan uğurlar əsası Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş siyasətin parlaq təcəssümüdür.
RƏFİQƏ KAMALQIZI
Səs.- 2018.-3 oktyabr.-
S. 2.