Cənubi Qafqaz: geosiyasi
reallığın iki aspekti
Son zamanlar
dünyanın böyük
gücləri arasında
geosiyasi mübarizənin
daha da kəskinləşdiyi
haqqında müxtəlif
informasiyalar yayılır. O cümlədən
ABŞ, Rusiya və İran arasında çəkişmələr güclənib.
Bu, daha çox
Yaxın Şərqdə
hiss edilir.
Konkret olaraq Suriya məsələsində
həmin dövlətlər
daha sərt mövqe nümayiş etdirirlər. Son olaraq
BMT Baş Assambleyasının
73-cü sessiyasında ABŞ və İran prezidentləri bir-biri haqqında çox sərt ifadələr işlətdilər. Bunun ardınca
İranın Əhvaz
şəhərində hərbi
parad zamanı terror aktı törədildi.
Bu kimi qorxulu
proseslərin fonunda Cənubi Qafqazda da hadisələrin gedişatı sürətlənib.
Türkiyə və Rusiya
prezidentləri Azərbaycana
səfər etdilər.
Nyu-Yorkda
N.Paşinyanla H.Ruhani görüşdü. Gürcüstan
Rusiyanı qoşunlarını
Abxaziya və Cənubi Osetiyadan çıxarmağa çağırdı
və s. Bütün bunların kontekstində Cənubi Qafqazda geosiyasi proseslərin başlıca əlamətləri
hansılardır? Bu suala cavab üzərində
bir qədər geniş dayanmağa ehtiyac görürük.
Fəallaşan güclər:
qlobal və regional proseslər prizmasından
Cənubi Qafqaz qlobal geosiyasi
oyunçuların maraq
dairəsindən uzaqlaşmayıb. Əksinə, son dövrlərdə bu subregionla bağlı diqqəti çəkən
proseslərə start verilib.
Onları bir cümlə
ilə belə xarakterizə etmək olar - Cənubi Qafqazla bağlı mübarizənin intensivliyi
yeni səviyyəyə
yüksəlib. Bu prosesdə yerli dövlətlərin hər
birinin öz mövqeyi də özünü göstərir.
Belə təəssürat yaranır
ki, Cənubi Qafqazda geosiyasi dinamika getdikcə daha mürəkkəb xarakter ala bilər. Bu qənaət bir
tərəfdən qlobal
səviyyədə Qərb-İran-Rusiya
çərçivəsində münasibətlərin daha
da gərginləşməsindən,
digər tərəfdən
isə Ermənistanın
hələ də qeyri-müəyyən və
qeyri-konstruktiv xarici siyasət kursu yeritməsindən qaynaqlanır.
Belə görünür ki, İran məsələsi
vurğulanan kontekstdə
region üçün daha
həssas məqama gəlməkdədir. ABŞ prezidenti
BMT-nin Baş Assambleyasının 73-cü sessiyasında
açıq bəyan
etdi ki, Tehrana qarşı ən sərt tədbirlərə əl
ata bilərlər.
Səbəbi odur ki, İran həm nüvə silahı istehsal etmək niyyətindən əl çəkmir, həm də Yaxın Şərqdə Amerika və İsrailin maraqlarına zidd olan addımlar atır. Həmin sırada D.Tramp xüsusi xəbərdarlıq
etdi: əgər İran ABŞ-a və onun Yaxın Şərqdəki müttəfiqlərinə
(əsasən İsrail,
Səudiyyə Ərəbistanı
və Birləşmiş
Ərəb Əmirlikləri
nəzərdə tutulur
- müəllif.) hansısa
təhlükə yaradarsa,
dərhal "qiyamət
qopacaq".
Bu hədələrin
fonunda İranın cənubunda yerləşən
Əhvaz şəhərində
törədilən terror aktı
daha qorxulu ssenarilərin mövcud ola biləcəyi
fikrini ağıllara gətirdi. İran xüsusi xidmət
orqanları dərhal bəyanat verdilər ki, bu hadisənin
arxasında ABŞ, İsrail
və onların Yaxın Şərqdəki
müttəfiqləri dayanır.
Çox
keçmədi ki, konkret ad da çəkildi
- bu terroru Suriyada Səudiyyə Ərəbistanının dəstəklədiyi
radikal qrup həyata keçirib.
Bundan bir neçə gün sonra KİV yeni məlumat yaydı. İran Suriyada Fərat
çayının şərq
hissəsində yerləşən
radikal qruplara raket zərbələri endirib. Çoxlu sayda silahlı
həlak olub. Tehran bəyan etdi
ki, zərbə Əhvazda terror aktı törədən qrupa endirilib. Ekspertlər buna Amerika və İsrailin cavab verəcəyi qənaətindədirlər. Bununla Yaxın Şərqdə geosiyasi gərginliyin daha da artması
gözləniləndir.
Həmin tendensiyanın
fonunda İran və Rusiyanın Cənubi Qafqazda da fəallaşması
hiss edilir. Ermənistan mətbuatı BMT-nin 73-cü sessiyası çərçivəsində N.Paşinyanla H.Ruhaninin görüşünü xüsusi
təntənə ilə
şərh etməyə
çalışır. Guya tərəflər əməkdaşlığı
gücləndirməkdə çox maraqlıdırlar.
N.Paşinyanı isə Tehranda
çoxdan gözləyirlərmiş.
Əslində isə real vəziyyət başqa cürdür. Bəli, Tehran istərdi ki, Qərbin təzyiqləri və sanksiyaları fonunda İrəvan onunla əlaqələri genişləndirsin. Lakin
Ermənistan hakimiyyəti
üçün dost yoxdur
və faktiki olaraq müstəqil qərar qəbul edə bilməz. Məsələ həm də
onunla bağlıdır
ki, N.Paşinyan Qərbin mərhəmətini
qazanmaq arzusundadır.
İranla hər hansı
yaxınlaşma onun bu istiqamətdəki yolunu bağlayır.
Bu səbəbdən N.Paşinyan iki ay bundan əvvəl bəyan etdiyi İrana səfərini hələ də reallaşdıra bilmir.
Deməli, İrəvan Tehranla
çirkli geosiyasi oyun aparmaq yolunu
tutub.
Digər yandan, Rusiya İran-Ermənistan münasibətlərinin
müəyyən çərçivəni
keçməsini istəmir. Xüsusilə enerji sahəsində onların əməkdaşlığına
qısqanclıqla yanaşır.
İran üçün Ermənistan
əsas olaraq enerji marşrutu kimi lazımdır. Ancaq illərdir ki, "Qazprom" Tehranın bu arzusunu gözündə
qoyur. Bu maneəni N.Paşinyanın
aşa biləcəyi
ehtimalı sıfırdır.
Konstruktivlik və dağıdıcılıq: Bakı
ilə İrəvanı
fərqləndirən iki
cəhət
Nəhayət, İrəvanın İranla
əlaqələrə antitürk
isterikası kontekstində
məzmun verməyə
çalışması onu
həmişə fiaskoya
uğradır. Erməni ekspertlər BMT-nin
73-cü sessiyasında Paşinyan-Ruhani
müzakirələrini də
birbaşa antiazərbaycan
məzmunda təqdim etdilər (bax: məs.,
Акоп Бадалян. Сюрприз Пашиняна и
Рухани Баку / Lragir.am,
26 sentyabr 2018). Erməni rəsmilərinin
daxili emosional və siyasi düşüncə faciəliyi
aydındır. Ancaq indi
İranı Azərbaycana
qarşı qoymaq kimi sarsaq bir
işə girişirlər.
Çünki İran köklü
dövlətdir, Ermənistan
kimi forpost və qondarma deyil. Qos-qoca İran diplomatiyası
Azərbaycanla Ermənistanı
müqayisə edə
bilmir? Və ya o dərəcədə
sadəlövhdür ki,
Yaxın Şərqdə
müttəfiqi olan Türkiyənin maraqlarına
uyğun gəlməyən
addım atsın?
Erməni diplomatiyasının primitivliyi
və acizliyi bununla məhdudlaşmır. Onlar V.Putinin
Azərbaycana səfəri
ilə Paşinyan-Ruhani
söhbətini qarşı-qarşıya
qoymağa çalışırlar.
Bu hadisələr nə ranqına, nə müzakirə olunan məsələlərin
məzmununa, nə də məqsədlərinə
görə müqayisə
oluna bilməz.
Hər şeydən öncə, V.Putin Azərbaycana işgüzar səfərə
gəldi və konkret əməkdaşlıq
mövzuları ilə
çıxış etdi. Azərbaycanla Rusiya arasında energetika, nəqliyyat, humanitar sahə, iqtisadi-biznes sferası üzrə əməkdaşlıq
barədə müzakirələr
aparıldı. N.Paşinyanla H.Ruhani isə BMT sessiyasında məhdud vaxtda nəzakətli ünsiyyətdə olublar.
Erməni ekspertlər nəyi
nə ilə müqayisə etməyə
cəhd göstərdiklərinin
fərqindədirlərmi?
Onlar özlərini Rusiyaya da qarşı qoyurlar. Əsas qayğıları odur ki, Moskva Azərbaycanla müstəqil dövlət kimi davranır. V.Putin də son səfərində açıq bəyan etdi ki, Rusiya ilə Azərbaycanın münasibətləri bir-birinin marağını gözləməklə bərabərhüquqlu iki müstəqil dövlətin münasibətləri kimi inkişaf etdirilir. Bu prosesi o, "dövlətlərarası münasibətlər quruculuğu" kimi qiymətləndirdi.
Bəs erməni liderlər Moskvada nə deyirlər? Onlarla müstəqil dövlətin nümayəndəsi kimi danışmağı, Ermənistana təzyiq göstərməməyi, göstərişlər verməməyi, onların suverenliyinə hörmət etməyi xahiş edirlər. Bəli, fərq göz qabağındadır. Lakin ermənilər unudurlar ki, hansısa bir ölkənin suverenliyinə xahiş-minnətlə hörmət etmirlər, gərək fəaliyyətinlə müstəqil olduğunu sübut edəsən və sənin beynəlxalq sistemdə hansısa bir geosiyasi çəkin olsun. Ermənistan isə heç bir proqramı, siyasəti, diplomatiyası, dövlət kimi müstəqil mövqeyi ilə bu imici qazana bilməyib. Ona niyə hörmətlə yanaşsınlar?
Bunlarla yanaşı, yuxarıdakı müqayisələr də aydın göstərir ki, İrəvan "əməkdaşlıq" deyəndə, mütləq hansısa qonşusuna zərər vurmağa xidmət edən əlaqələri nəzərdə tutur. Yuxusunda Azərbaycanla Türkiyəni düşmən görür, durur, yenə də antiazərbaycan mərəzinə tutulur. Rusiya Ermənistana silah verir, İrəvan dərhal bəyan edir ki, "Azərbaycana gözdağı veririk". Rusiya Azərbaycanla əməkdaşlığı dərinləşdirir, dərhal küsür ki, "bu, yaxşı hal deyil"! Özünün real problemlərini sivil qaydada həll etmək əvəzinə başqalarına irad tutmaq dövlətçilik məfkurəsinə xidmət etmir.
Bunlar bir daha təsdiqləyir ki, Cənubi Qafqazda, əslində, geosiyasi proseslərin intensivləşməsinə iki cür reaksiya müşahidə edilir. Birincisi, Azərbaycan müstəqil siyasətini inkişaf etdirərək, mövqeyini daha da möhkəmləndirir. Hazırda Bakının bütün regional böyük dövlətlərlə - Rusiya, Türkiyə və İranla çox yaxşı münasibətləri mövcuddur. ABŞ-la qarşılıqlı faydalı əlaqələr inkişaf etdirilir. Gürcüstanla strateji tərəfdaşlığa uyğun olaraq münasibətlər dinamik inkişafdadır.
İkinci reaksiya Ermənistanın nümunəsində çaşqınlıq, məntiqsizlik, qeyri-konstruktiv davranışdan formalaşan yarıtmaz xarici siyasət kursu yeritməklə bağlıdır. Yenə də İrəvan öz ultraradikal, qeyri-insani və əsassız iddialarına davam edir. Bunun fonunda Rusiya, Azərbaycan və Türkiyəyə qarşı əsassız ittihamlar irəli sürür. İranla isə növbəti dəfə xəyali və aldadıcı geosiyasi oyuna girişir. Bunun sonunun iflas olacağına qətiyyən şübhə yoxdur.
Cənubi Qafqaz
üçün əhəmiyyətli məsələ
isə böyük oyunçuların daha intensiv
yarışdığı bir mərhələdə
Ermənistanın xaos və təhlükə
mənbəyinə çevrilməsidir. Nataraz
geosiyasi-diplomatik manevrləri ilə mövcud mənzərəni daha
da mürəkkəbləşdirən və
yeni ziddiyyətlər gətirən Paşinyan hakimiyyəti bütövlükdə
bölgə xalqlarını faciəyə doğru
sürükləyir.
Səs.- 2018.-3 oktyabr.-
S. 3.