Görkəmli dövlət xadimi, ictimai-siyasi xadim Murtuz Ələsgərovun 90 illik yubileyinə həsr olunmuş beynəlxalq elmi konfrans keçirildi

 

Dünən Bakı Dövlət Universitetində Azərbaycan Respublikası Milli Məclisinin, Yeni Azərbaycan Partiyasının və BDU-nun birgə təşkilatçılığı ilə görkəmli dövlət xadimi, tanınmış ictimai-siyasi xadim, əməkdar hüquqşünas, professor Murtuz Ələsgərovun anadan olmasının 90 illik yubileyi münasibətilə beynəlxalq elmi konfrans keçirilib.

Tədbir iştirakçıları, ilk olaraq Fəxri Xiyabanda görkəmli dövlət xadiminin məzarını ziyarət edib, önünə əklil qoyublar.

Konfransdan əvvəl BDU-nun hüquq fakültəsində Murtuz Ələsgərovun uzun illər rəhbərlik etdiyi Konstitusiya hüququ kafedrasının qarşısında barelyefinin açılışı olub.

Elmi konfransda professor Murtuz Ələsgərovun əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra tədbiri giriş sözü ilə açan BDU-nun rektoru, akademik Abel Məhərrəmov bu gün Azərbaycan elmi-ictimai həyatında əlamətdar bir günün olduğunu qeyd edərək, bugünkü konfransda görkəmli professorun həyat və elmi, ictimai-siyasi həyatı ilə bağlı 105-dən artıq bölmələr üzrə məruzələrin və çıxışların dinləniləcəyini qeyd etdi. M.Ələsgərovun əvəzolunmaz xidmətlərinə nəzər salan rektor Azərbaycan Dövlət Universitetinin rektoru, Azərbaycan Respublikası Milli Məclisinin sədri olduğunubütün fəaliyyəti ilə dövlətə və xalqa xidmət göstərdiyini qeyd etdi. Professorun təhsil illərinə nəzər salaraq, 1950-1953-cü illərdə SSRİ Elmlər Akademiyasının Dövlət və Hüquq İnstitutunun aspiranturasında təhsilini davam etdirərək, beynəlxalq hüquq sahəsində ali təhsilə yiyələndiyini və 1954-cü ildən ömrünün sonunadək Bakı Dövlət Universitetinin hüquq fakültəsində dərs dediyini bildirdi. A.Məhərrəmov onun beynəlxalq hüquq sahəsində həm ilk elmlər namizədi, həm də ilk elmlər doktoru, professor olmuş azərbaycanlı olduğunu söylədi: “M.Ələsgərov müxtəlif illərdə universitetdə baş müəllim, dosent, professorkafedra müdiri, 1993-1996-cı illərdə isə universitetin rektoru olmuşdur”.

Konfransda çıxış edən Milli Məclisin sədri Oqtay Əsədov tanınmış alimin Azərbaycanda hüquq elminin inkişafında mühüm xidmətləri olduğunu bildirdi. Qeyd etdi ki, elmi araşdırmaları ilə elmi ictimaiyyətin dərin rəğbətini qazanan, beynəlxalq hüquq sahəsində böyük nüfuz sahibi olan Murtuz Ələsgərov 200-dən artıq elmi əsərin, o cümlədən, bir sıra monoqrafiyanın, dərslik və dərs vəsaitinin müəllifi olmuşdur: “Murtuz Ələsgərov pedaqojielmi fəaliyyəti ilə yanaşı, yüksək ixtisaslı kadrların hazırlanması üçün böyük qüvvə sərf etmişdir. Onun rəhbərliyi altında çox sayda gənc mütəxəssis alimlik dərəcəsi almışdır. O, yarım əsrdən artıq bir dövrü əhatə edən çoxşaxəli fəaliyyəti ərzində Azərbaycanda elmin və təhsilin inkişafına layiqli töhfələr vermişdir. Onun bir çox görkəmli hüquqşünasların yetişməsində xidmətləri vardır”. O.Əsədov çıxışında onu da bildirdi ki, M.Ələsgərov fəaliyyəti dövründə Azərbaycan dövlətinin hüquqi bazasının möhkəm təməllər üzərində qurulmasına, ölkəmizdə parlament ənənələrinin təşəkkül tapmasına mühüm töhfələr verib. M.Ələsgərovun hüquqi dövlət quruculuğu sahəsində, həmçinin müstəqil Azərbaycanın ilk Konstitusiyasının hazırlanmasında müstəsna xidmətləri olub.

Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının Sədr müaviniİcra Katibi Əli Əhmədov çıxışında tanınmış ictimai-siyasi xadim Murtuz Ələsgərovun şəxsiyyətinə hər zaman hörmətlə yanaşdığını bildirdi. Murtuz Ələsgərovu bir ziyalı kimi səciyyələndirən xüsusiyyətlərə nəzər salaraq, onun Azərbaycan ziyalılarına xas olan xüsusiyyətləri özündə cəmləşdirdiyini diqqətə çatdırdı. Qeyd etdi ki, o, Azərbaycanın müstəqilliyi uğrunda mübarizə aparır, mücadilə edirdi. Murtuz Ələsgərovun bir alim kimi nüfuzu xalq hərəkatının daha da yüksəlməsinə kömək edirdi: “M.Ələsgərov Ulu Öndər Heydər Əliyevin ən yaxın silahdaşlarından biri olmuşdu. O, müstəqil Azərbaycan tarixində yeri olan bir şəxsdir. Ulu Öndər Heydər Əliyevin ətrafında olan Murtuz Ələsgərovun böyük həyat təcrübəsi var idi. O, Yeni Azərbaycan Partiyası Sədrinin müavini idi. Onun Dahi Öndər Heydər Əliyevin ideyalarının yayılmasında əvəzolunmaz xidmətləri olub. Mübariz bir insan olan M.Ələsgərov Azərbaycanın müstəqilliyi uğrunda, Heydər Əliyevin ideyalarının qorunub-saxlanmasında da öz mübarizlik keyfiyyətini göstərib. O, daim mübariz insan olub. Murtuz Ələsgərov bu günonu tanıyanların qəlbində yaşayır. Onun övladları Azərbaycanın çiçəklənməsində Azərbaycan Prezidenti Cənab İlham Əliyevin həyata keçirdiyi siyasətə töhfələrini verirlər”.

Tədbirdə çıxış edən Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Murtuz Ələsgərovu Azərbaycan xalq hərəkatının generalların olduğunu bildirdi: “Bu sözü deməyə çəkinmirəm, xalq hərəkatında general yox idi. Onun general olması xalq hərəkatına təkan verirdi.”

Əli Həsənov çıxışında Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə gəlişinin qarşısının alınmasına hesablanmış yaş senzi məsələsinin ortaya atıldığın bildirdiqeyd etdi ki, həmin məsələ ilə bağlı xeyli deputat etiraz etmişdi:Onlar arasında Arif Rəhimzadə, Eldar İbrahimov kimi ziyalılarımız var idi. Onlar parlamentdə müzakirə olunan ədalətsiz qərara qarşı mübarizə aparırdılar. İctimai dəstəyi isə Murtuz Ələsgərov verirdi. Həmin dövrdə Murtuz Ələsgərov ictimai-siyasi xadim kimi mövqeyini ortaya qoydu. Ona fiziki xəsarət də yetirmişdilər”.

Onun çıxışında ictimai yük var idi, - deyən Əli Həsənov 100 illik yubileyini qeyd etdiyimiz Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasında rolu böyük olan insanlar bu gün necə xatırlanırsa, Murtuz Ələsgərovun da adı elə xatılanır və əbədi olaraq yaşayacaq: “Azərbaycan dövlət müstəqilliyini bərpa etdiyi dövrdə ölkə üçün tarixi əhəmiyyət kəsb edən taleyüklü hadisələrin fəal iştirakçısı olan Murtuz Ələsgərov həmişə əsl vətəndaş mövqeyi nümayiş etdirmiş, respublikamızın ərazi bütövlüyüsuverenliyi uğrunda aparılan mübarizədə qətiyyət və əzmkarlıq göstərmişdir. Yeni Azərbaycan Partiyasının təsis edilməsi və formalaşmasına fəal şəkildə qoşulan Murtuz Ələsgərov ömrünün sonunadək partiyanın Sədr müavini vəzifəsini tutmuşdur”.

Konfransda çıxış edən Azərbaycan Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev, Rusiya, Ukrayna və Gürcüstanın tanınmış elm xadimləri və hüquqşünasları çıxış edərək M.Ələsgərovun geniş ictimai-siyasi fəaliyyəti, şəxsi insani keyfiyyətləri barədə ətraflı danışdılar. Qeyd edək ki, beynəlxalq konfransda millət vəkilləri, elm, ictimaiyyət xadimləri və M.Ələsgərovun ailə üzvləri iştirak edirdilər.

Plenar iclas sona yetdikdən sonra konfrans bölmə iclasları ilə davam etdi.

 

Nəzakət ƏLƏDDİNQIZI

 

Səs.- 2018.- 3 oktyabr.- S.4.