Zəngilan
rayonunun işğalından 25 il ötür
Oktyabrın 29-da respublikamızın
dilbər guşələrindən olan Zəngilan rayonunun Ermənistan
silahlı qüvvələri tərəfindən işğal
edilməsindən 25 il ötür.
Xezerxeber.az məlumat verir ki, 1988-ci
ildən 1993-cü ilin noyabrınadək düşmənin
aramsız hücumlarına sinə gərən Zəngilan
işğala məruz qalan sonuncu rayonumuzdur. Qarabağ
müharibəsində 188 şəhid verən Zəngilan
rayonunun 44 sakini itkin düşmüş sayılır. Qubadlı
və Cəbrayıl rayonlarının işğalı nəticəsində
mühasirəyə düşən Zəngilan əhalisi
çıxış yolunu Araz çayından İran ərazisinə
keçməkdə görürdü. Əks-təqdirdə
ikinci Xocalı faciəsi yaşana bilərdi.
Zəngilan rayonu inzibati ərazi
vahidi kimi 1930-cu ildə təşkil edilib. Şimaldan
Qubadlı, şərqdən Cəbrayıl, cənubdan
İran İslam Respublikası, qərbdən Ermənistan ilə
həmsərhəddir. Bakı–Culfa-Naxçıvan dəmir
yolunun üzərində yerləşən bu rayon
mühüm strateji əhəmiyyətə malikdir. Rayonun ərazisi
707 kvadratkilometr, əhalisi isə 35 mindən çox idi.
İqtisadiyyatının əsasını kənd təsərrüfatı
- üzümçülük, tütünçülük və
heyvandarlıq təşkil edirdi.
İşğal olunmazdan əvvəl
bir şəhər, bir qəsəbə və 83 kənddən
ibarət olan Zəngilanda 9 məktəbəqədər
müəssisə, 34 ümumtəhsil məktəbi, texniki
peşə və musiqi məktəbləri, 35 kitabxana, 8 mədəniyyət
evi, 23 klub müəssisəsi və 22 kinoqurğu fəaliyyət
göstərirdi.
Bütün Avropada ən
böyük çinar meşəsi bu rayonda idi. İndi ermənilər
həmin çinarları doğrayaraq xarici ölkələrə
satırlar. Həmçinin mərmər, qızıl, qranit və
digər yeraltı sərvətlər də
işğalçılar tərəfindən talan edilir.
Rayonun ərazisində 1974-cü ildə yaradılan Bəsitçay
Dövlət Təbiət Qoruğu bərbad vəziyyətə
salınıb. Qoruqdakı qiymətli ağacları kəsib-doğrayan
ermənilər onlardan mebel sənayesində istifadə edirlər.
Zəngilanın ərazisi arxeoloji və
memarlıq abidələri ilə də zəngindir. Onlardan ən
böyüyü "Şəhri Şərifan” adı ilə
tanınan orta əsr şəhərinin
xarabalıqlarıdır.
Doğma yurd-yuvalarından didərgin
düşmüş zəngilanlılar ölkəmizin
müxtəlif rayonlarında məskunlaşıblar. Digər
məcburi köçkünlər kimi, onlar da dövlət
qayğısı ilə əhatə olunublar, həyat şəraitləri
getdikcə yaxşılaşır. Lakin bunların heç
biri torpaq nisgilini ovuda bilmir. Doğma yurda qovuşmaq arzusu ilə
yaşayan zəngilanlılar Prezident, Ali Baş Komandan
İlham Əliyevin rəhbərliyi ilə
torpaqlarımızın işğaldan azad ediəcəyi
günün uzaqda olmadığına inanırlar.
Zümrüd
Səs.-
2018.- 27 oktyabr.- S.12.