Milli mətbuatımıza
dövlət qayğısı artır
Bu gün müstəqillik yolu ilə
inamla irəliləyən və hərtərəfli inkişaf
edən Azərbaycanda söz və mətbuat
azadlığının təmin olunması istiqamətində
ciddi addımlar atılır, bu sahənin inkişafı ilə
bağlı bir sıra uğurlu layihələr həyata
keçirilir. Söz və mətbuat cəmiyyətin və
dövlətin demokratik inkişaf göstəricisi kimi qəbul
olunur. Kütləvi informasiya vasitələri, qəzetlər,
jurnallar, teleradiolar, informasiya agentlikləri və
informasiyanın müntəzəm formada
yayıldığı digər vasitələr cəmiyyətdə
ictimai fikri və sosial fəallığı
formalaşdırmaqla yanaşı, həm də onları
istiqamətləndirir. Bu mənada, dördüncü hakimiyyət
hesab olunan kütləvi informasiya vasitələri dünyada
demokratiya və informasiya azadlığının mühüm
vasitəsi hesab edilir.
Respublikamızın ictimai-siyasi,
sosial-iqtisadi həyatında demokratik dəyərlərin daha
geniş şəkildə bərqərar olması, müstəqil
dövlətçiliyin siyasi, iqtisadi və hüquqi
dayaqların möhkəmlənməsi prosesi sürətləndikcə,
Azərbaycan dövləti söz və mətbuat
azadlıqlarının qanunvericilik bazasının demokratikləşdirilməsi
istiqamətində yeni-yeni addımlar atır.
Azərbaycan müstəqilliyini
qazandıqdan sonra yeni demokratik mətbuatımız azadlıq
və müstəqillik dəyərlərinin təbliğatçısına
çevrildi. 1993-cü ildən başlayaraq, KİV-in
inkişafında əldə olunmuş nailiyyətlər
Ümummilli Liderin bu sahəyə müstəsna diqqət və
qayğısı nəticəsində gerçəkləşdi.
Ulu Öndər Heydər Əliyevin milli mətbuata
olan münasibəti və qayğısı nəticəsində,
formalaşma və inkişaf prosesində bir sıra təbii və
süni maneələrlə üzləşmiş azad və
demokratik mətbuatımız cəmiyyətin operativ və
obyektiv informasiyaya tələbatını cavablandırmağa
nail oldu. Ulu Öndər KİV-in
maddi-texniki bazasının yeniləşdirilməsi və
möhkəmləndirilməsi, sərbəst fəaliyyət
üçün əlverişli şərait
yaradılması ilə bağlı həyata keçirdiyi
ardıcıl və məqsədyönlü tədbirlər
milli mətbuatımızın tarixinin mühüm
faktlarıdır. Jurnalistlərin dostu
adını qazanmış Ulu Öndər Heydər Əliyev,
ölkəmizin müharibə şəraitində yaşasa
da, böyük cəsarətlə əvvəlcə hərbi
senzuranı, 1998-ci ilin avqustunda isə, bütövlükdə
KİV üzərində dövlət senzurasını ləğv
etdi. Heydər Əliyevin 1998-ci il 16 avqust tarixli "Azərbaycan
Respublikasında söz, düşüncə və informasiya
azadlığının təmin edilməsi tədbirləri
haqqında" Fərmanı ilə ölkədə kütləvi
informasiya vasitələri üzərində senzura ləğv
edilib. Bu Fərman kütləvi infromasiya vasitələrinin
sürətli inkişafına ciddi təkan verdi.
Ulu Öndər Heydər Əliyevin siyasi kursunu
uğurla davam etdirən Azərbaycan Prezidenti İlham
Əliyev söz və mətbuat azadlıqlarının
inkişafını respublikanın demokratikləşməsi
prosesinin vacib amili kimi dəyərləndirir. Söz və mətbuat
azadlığını yüksək qiymətləndirən
ölkə Prezidenti çıxışlarının birində
belə deyib: "Bütövlükdə, söz və
informasiya azadlığı hər bir ölkə
üçün, ölkənin inkişafı
üçün ən vacib olan məsələlərdən
biridir. Söz və informasiya azadlığı,
demokratiyanın inkişafı və hüquqi dövlətin
qurulması Azərbaycanda çox vacib olan məsələlərdir.
Mən hesab edirəm ki, bu sahədə ölkəmiz çox
böyük və uğurlu yol keçmişdir".
Son 14 ilə ərizində dövlət
başçısı İlham Əliyevin səyi ilə qəzet-jurnalların
maliyyə-təsərrüfat fəaliyyəti
üçün əlverişli şərait yaradılıb
və onların borcları ləğv edilib.
Ölkəmizdə mətbu nəşrlərin
sərbəst fəaliyyətinə və jurnalistlərin
öz iradələrini azad şəkildə ifadə etmələrinə
bütün imkanların yaradılmasına tam şərait
var. 2005-ci il 21 iyul tarixində "Azərbaycan mətbuat
işçilərinin təltif edilməsi haqqında",
"Azərbaycan mətbuat işçilərinə fəxri
adların verilməsi haqqında", habelə, "Kütləvi
informasiya vasitələrinə maliyyə yardımı
göstərilməsi haqqında" sərəncamların
imzalanması jurnalistlərin əməyinə yüksək
qiymətin təzahürüdür. Prezident
İlham Əliyevin 2008-ci il 31 iyul tarixli "Azərbaycan
Respublikasında kütləvi informasiya vasitələrinə
birdəfəlik maliyyə yardımı göstərilməsi
haqqında", eləcə də, "Azərbaycan
Respublikasında kütləvi informasiya vasitələrinin
inkişafına dövlət dəstəyi
konsepsiyasının təsdiq edilməsi haqqında"
sərəncamları isə, təsdiqləyib ki, ölkəmizdə
mətbuata göstərilən dövlət qayğısı
davamlı və sistemli səciyyə daşıyır. Dövlət başçısının 2009-cu il 3
aprel tarixli "Azərbaycan Respublikası Prezidenti yanında
Kütləvi İnformasiya Vasitələrinin
İnkişafına Dövlət Dəstəyi Fondunun
yaradılması haqqında" Sərəncamı da, məhz
konsepsiyada əksini tapmış məsələlərin praktik
surətdə gerçəkləşdirilməsi
baxımından mühüm əhəmiyyət kəsb edir.
Jurnalistlərin mənzil probleminin həlli
üçün Azərbaycan Respublikası Prezidentinin Ehtiyat
Fondundan maliyyə vəsatinin ayrılması da mətbuata
yüksək diqqət və qayğının bariz təcəssümüdür.
Bütün bunlar, həm də təsdiqləyir
ki, Azərbaycan hakimiyyəti ölkədə söz və mətbuat
azadlığının başlıca təminatçısıdır
və bu sahədə həyata keçirilən islahatları
demokratikləşmə prosesinin mühüm tərkib hissəsi
kimi dəyərləndirir.
Təbii ki, respublikamızın tarixi
inkişafında əldə olunmuş böyük uğurlar
mediamız qarşısında da yeni vəzifələr qoyur.
Bu gün belə diqqət və qayğı ilə
əhatə olunan Azərbaycan mətbuatı müasir
informasiya cəmiyyəti quruculuğunda, sosial ədalət və
şəffaflığın təmin edilməsində, milli həmrəyliyin
və tolerantlığın möhkəmləndirilməsində,
demokratik özünüdərkin, siyasi mədəniyyətin
inkişafında, milli-mənəvi və ümumbəşəri
dəyərlərin qorunub-saxlanması və təbliğində
mühüm rol oynamalıdır. Azərbaycan jurnalistikası
obyektivlik, qərəzsizlik və vətənpərvərlik
prinsiplərinə əməl etməlidir. Hər bir mətbuat
işçisi istənilən vəziyyətdə məsuliyyət
hissini unutmamalıdır. Azərbaycan Prezidenti İlham
Əliyevin vurğuladığı kimi, bu gün ölkəmizin
artan imkanları kütləvi informasiya vasitələrinin, o
cümlədən, milli mətbuatımızın
inkişafı üçün kompleks tədbirlərin həyata
keçirilməsinə şərait yaratmışdır. Bu
gün ölkəmizdə azad cəmiyyətin
formalaşmasını, cəmiyyətdə gedən prosesləri
yüksək qiymətləndirən dövlət
başçısı bu məsələdə mətbuatın
rolunun əhəmiyyətli olduğunu diqqətə
çatdırıb. Prezident İlham Əliyev
bu gün ölkədə yüzlərlə qəzet-jurnalın,
televiziya kanalının fəaliyyət göstərdiyini,
ölkəmizin tam müstəqil siyasət
yürütdüyünü və bunun təməlində isə
xalqımızın maraqlarının
dayandığını qeyd edib: "Cəmiyyətimiz
strateji maraqlar ətrafında birləşib və bizi narahat
edən məsələlərlə bağlı fikir
ayrılığı yoxdur", - deyən Prezident İlham
Əliyev bildirib ki, mətbuat hər zaman strateji maraqları
müdafiə etməli və milli maraqlarımızı beynəlxalq
müstəvidə qorumalıdır. Belə ki, ölkədə
baş verən hər hansı pozuntu hadisəsinə
qarşı mətbuat fəal olmalıdır. "Xalqımız
vahid və milli ideyalar ətrafında birləşib və bu
proses bundan sonra da davam edəcək", - deyən Azərbaycan
Prezidenti bununla bağlı mətbuatın üzərinə
böyük vəzifələrin düşdüyünü
xatırladıb.Azərbaycan Prezidenti İlham Əliyevin
humanist siyasətində mətbuata diqqət və
qayğı, o cümlədən, azad sözün
inkişafına dəstək diqqətdədir. Məhz
milli mətbuatımızın yaranmasının 142-ci
ildönümü ərəfəsində jurnalistlər
üçün tikilmiş 255 mənzilli binanın
açılış mərasimində iştirak edən
ölkə başçısı, bununla bir daha göstərdi
ki, müstəqil medianın inkişafı, azad və
demokratik fikrin qorunması dövlətimiz
üçün prioritet məsələdir.Həmin mərasimdə
Azərbaycan Prezidenti jurnalistlərə mənzillərin
bölüşdürülməsində ədalət
prinsipinin qorunmasının mühüm şərt olduğunu
vurğulayaraq bildirib: "Bu binalarda yaşayan və bundan
sonra yaşayacaq jurnalistlər müxtəlif siyasi spektrə
aiddir və burada da heç bir ayrı-seçkiliyə yol
verilmədi. Müxtəlif siyasi baxışları, müxtəlif
partiyaların üzvləri olan insanlar burada bir yerdə bir ailə
kimi yaşayacaqlar. Əslində, Azərbaycan cəmiyyəti
də bu istiqamətdə inkişaf edir. Azərbaycanda milli həmrəylik
var. Azərbaycan cəmiyyəti vahid amal ətrafında birləşib.
Bizdə olan inkişaf, sabitlik, əmin-amanlıq,
əlbəttə, bu gün siz də yaxşı bilirsiniz ki,
dünyanın bir çox yerlərində öyrənilir, bəzən
təəccüblə qarşılanır və bunun da
çox sadə səbəbi var. Çünki Azərbaycanda
çox gözəl və demokratik şərait var. Azərbaycanda
iqtisadi inkişaf var. Azərbaycan müstəqil siyasət
apararaq həm bölgədə, həm dünyada öz
mövqelərini möhkəmləndirib. Bizim təsir
imkanlarımız genişlənir, böyüyür və Azərbaycan
xoşniyyətli siyasət aparır. Bizim siyasətimizin mərkəzində
Azərbaycan vətəndaşının və Azərbaycan
dövlətinin maraqları dayanır".Bu bir
reallıqdır ki, dünyanın heç bir ölkəsində
mətbuata bu səviyyədə diqqət və qayğıya
rast gəlinmir. Məhz bu istiqamətdə də Azərbaycan
dövlətinin özünəməxsus humanitar siyasəti və
öz dəst-xətti var. Təbii ki, Prezident İlham
Əliyevin mətbuata göstərdiyi diqqət və
qayğı Ulu Öndər Heydər Əliyevin milli mətbuatın
inkişafı istiqamətində həyata keçirdiyi dəyərli
işlərə əsaslanır.
Zümrüd
BAYRAMOVA
Səs.-
2018.- 10 yanvar.- S.10.