“The Jerusalem Post” qəzeti:
“Holokost və Avropa yəhudilərinin xilas edilməsində Azərbaycanın
rolu”
Holokost yəhudi xalqının yaddaşında
əbədi həkk olunmuş dəhşətli və
dözülməz faciədir. Bu, vəhşiləşmiş
faşist rejimi tərəfindən işgəncələrə,
əzab-əziyyətlərə, alçaldılmağa və
təhqirlərə məruz qalmış yəhudi
xalqının ağrısı-acısı, onun kütləvi
şəkildə məhv edilməsi deməkdir. Bu barədə
ilk dəfə hələ uşaq yaşlarımda ikən
babamdan eşitmişəm. Müasir Ukrayna ərazisində
törədilmiş həmin soyqırımda babam bütün
ailəsini, bütün doğmalarını itirib. Özü
isə yalnız həmin dövrdə cəbhədə
olduğuna görə sağ qalıb. Vətəni müdafiə
etmək üçün Kiyevdən Berlinə qədər
gedib çatmış babam öz doğmalarını qoruya
bilməyib. Bu, çox ağrılıdır: cəbhədən
qalib kimi qayıdırsan, amma sənin evin boş qalıb, onun
bütün sakinlərini öldürüblər və səni
qarşılayası adam yoxdur.
İsraildəki “Cəmiyyət
üçün beynəlxalq layihələr” adlı
qeyri-hökumət təşkilatının başçısı,
beynəlxalq münasibətlər sahəsində
tanınmış israilli ekspert Arye Qutun İsrailin nüfuzlu
ingilisdilli nəşri olan “The Jerusalem Post” qəzetində dərc
edilmiş “Holokost və Avropa yəhudilərinin xilas edilməsində
Azərbaycanın rolu” sərlövhəli məqaləsi
bu barədədir.
Həmin məqalənin orijinalı ilə
tanış olmaq üçün bu linkə müraciət edə
bilərsiniz:
http://www.jpost.com/Blogs/News-from-Arye-Gut/The-Holocaust-and-role-of-Azerbaijan-in-the-salvation-of-the-European-Jewry-539921
.
Məqalə müəllifi vurğulayır ki,
Avropa yəhudiləri üçün əsl fəlakət
olmuş Holokost nəticəsində 6 milyon yəhudi məhv
edilib. Müəllif yazır: “İkinci Dünya müharibəsinin
sonuna yaxın nasistlər ölüm düşərgələrinin
izlərini də məhv edirdilər. Sovet
qoşunlarının gəlişi ərəfəsində
orada dəfn edilmiş insan qalıqlarının
daşınıb aparılması və ya məhv edilməsi
barədə sübutlar qalıb. Faşizmin qurbanları
arasında məhz yəhudiləri xüsusi ayırmaq nəyə
lazımdır. axı nasizm çox xalqların nümayəndələrini
qətlə yetirirdi. Bu sualın cavabında Nobel Sülh
mükafatı laureatı, nasistlərin Osventsim cəza
düşərgəsində məhbus olmuş Eliezer Vizel
çox yığcam və dəqiq şəkildə deyib:
“Nasizmin qurbanlarının hamısı yəhudi olmayıb,
lakin yəhudilərin hamısı nasizmin qurbanları olub”.Arye
Qut Eliezer Vizelin “Gecə - yəhudi oğlanın Osventsim barədə
xatirələri” adlı kitabından aşağıdakı
parçanı sitat gətirir: “Mənim həyatımı
yeddiqat möhürlənmiş uzun bir gecəyə
çevirmiş düşərgədə keçirdiyim ilk
gecəni heç vaxt unuda bilmərəm. Bu tüstünü
heç vaxt unuda bilmərəm... Bədənləri mənim
gözümün qabağında sakit səma fonunda
tüstü halqalarına çevrilən bu uşaqların
üzlərini heç vaxt unuda bilmərəm. Mənim
inamımı həmişəlik yandırıb külə
döndərmiş bu alovu heç vaxt unuda bilmərəm. Məni
həyat eşqindən məhrum etmiş bu gecə sükutunu
heç vaxt unuda bilmərəm. Mənin Tanrımı və
qəlbimi məhv etmiş bu anları, qızmar səhraya
çevrilmiş bu yuxuları heç vaxt unuda bilmərəm.
Hətta Tanrının özü kimi əbədi
yaşamağa məhkum olsam belə, bunu heç vaxt unuda bilmərəm.
Heç vaxt”.Arye Qutun fikrincə, yəhudilərin
kütləvi şəkildə məhv edilməsi alman
bürokratiyası tərəfindən “yəhudi məsələsinin
qəti həlli” kimi kodlaşdırılıb, Avropa yəhudiləri
gettolarda, cəza düşərgələrində,
“ölüm marşları” zamanı və kütləvi
gülləmələr nəticəsində məhv
olurdu. Arye Qut yazır: “Həmin dövrdə yəhudilərin
bu dəhşətdən, barbarlıq və qəddarlıqdan
canlarını qurtarmaq üçün gizlənə biləcəyi
yerlər az idi. Belə dövlətlərdən
biri həmişə başqa xalqlara humanist münasibəti ilə
fərqlənən Azərbaycan olub. 2016-cı ilin
sentyabrında Ümumdünya Yəhudi Konqresinin prezidenti Ronald
Lauderin Azərbaycana tarixi səfəri zamanı mən ondan
müsahibə götürmək şərəfinə nail
olmuşam. Lauder mənim “Azərbaycanda yəhudi
icmasının vəziyyəti barədə təəssüratınız
necə oldu?” sualıma belə cavab verdi: “Mən bilirəm ki,
Azərbaycan Holokost dövründə özlərini və
öz uşaqlarını nasistlərdən xilas etməyə
çalışan Avropa yəhudiləri üçün
azsaylı sığınacaqlardan biri, sonra isə onlar
üçün əsl Vətən olub. Bu
ölkədə olarkən yəqin etdim ki, Azərbaycanda yəhudilərə
ən xoş münasibət mövcuddur”.İkinci Dünya
müharibəsində qələbə qazanılmasında Azərbaycan
neftinin çox böyük rol oynaması kimi məlum
faktı bir daha xatırladan israilli ekspert vurğulayır:
“Azərbaycan xalqı faşizm üzərində qələbə
qazanılmasına böyük töhfə verib, İkinci
Dünya müharibəsində Qələbə naminə Azərbaycan
çox qurbanlar verib. Həmin müharibədə
yaranmış çoxsaylı qaçqınların və məcburi
köçkünlərin əksəriyyəti yəhudilər
olub. Azərbaycanda özlərinə sığınacaq, sonra
isə Vətən tapmış belə insanlar arasında mənim
ailəmin üzvləri də olub. Onlar Azərbaycan
xalqının humanistliyi və tolerantlığı sayəsində
xilas olublar.Arye Qut “Sadıqaşvili” ləqəbli azərbaycanlı
kəşfiyyatçının (Həmzə
Cümşüd oğlu Sadıqovun) qəhrəmanlığını
nümunə göstərir. Stalinqrad ətrafında
sovet hərbi kəşfiyyatının heyətində fəaliyyət
göstərən Həmzə Sadıqov Hitlerin “bioloji
bomba”sının atası adlandırılan, onun ən
yaxın silahdaşı olmuş, xüsusi qəddarlığı
ilə fərqlənən və yəhudiləri şəxsən
məhv edən general İohann fon Rodenburqu əsir
götürüb. İnsan libaslı bir vəhşi olan
Rodenburq həmin silahı məhz yəhudi uşaqları
üzərində sınaqdan keçirirdi. Məhz
Həmzə Sadıqovun cəsurluğu və igidliyi sayəsində
onlarca yəhudi ailəsi, çoxsaylı yəhudi uşaqlar
ölümün pəncəsindən qurtulub.Keçmiş
XDİK-in (Xalq Daxili İşlər
Komissarlığının) 52-ci xüsusi motoatıcı
briqadasının əməkdaşı Abram Zinovyeviç
Koqan 51-ci motoatıcı kəşfiyyat
diviziyasının polkovniki Həmzə Sadıqov haqqında
yazır: “Azərbaycanlı qəhrəmanla məni həmyerlim
(biz hər ikimiz yəhudi ailələrindənik), Bakıda
anadan olmuş İsaak Aaron Mixayloviç tanış edib. O da
51-ci motoatıcı kəşfiyyat diviziyasının əməkdaşı
olub. Polkovnik Sadıqov “Krasnıy” adlı uşaq
bağçasında gizlənmiş 30-dan çox yəhudi
ailəsini və çoxsaylı yəhudi uşaqları xilas
edib. Bu səbəbdən, onunla dostlaşdıq. Mən azad
edilmiş uşaqların siyahısını Moskvaya göndərdim.
Həmzə Sadıqov “Ölüm sarayı”nda saxlanılan yəhudi
uşaqları xilas etdi, sonra isə izi itirmək
üçün həmin sarayı yandırdı. Mən və
yəhudi dostlarım Sadıqova “həmyerli” deyirdik. Biz bu
polkovnikin qəhrəmanlığı barədə on bir nəfər
zabit tərəfindən imzalanmış məktubu sinaqoqa
göndərdik. Sinaqoqun rəhbəri Solomondan xahiş etdik
ki, bizim üçün necə dua edirsə, azərbaycanlı
Sadıqov üçün də o cür dua etsin. Sadıqov
barəsində öz planlarımız vardı. Müharibənin
qurtarmasını gözləyirdik”.Arye Qut Təl-Əvivdə
ivrit dilində çıxan “Maariv” qəzetində dərc
edilmiş tədqiqat materiallarından sitatlar gətirir. Hərbi
jurnalist İ.Feldman “Borc” adlı məqaləsində mayor
H.Sadıqov haqqında ətraflı məlumat verir. O
yazır: “....Müharibə elə bir səhnədir ki, orada
kimin kim olması aşkar görünür. Müharibə
heç kəsi bağışlamır və heç kəsə
güzəşt etmir. Bakılı Həmzə Sadıqov
Stalinqrad uğrunda döyüşlərdə bizim
uşaqları labüd ölümün pəncəsindən
xilas edib. 1942-ci il İsrailin yeni tarixinin əsas səhifələrindən
biri olacaq. Biz yəhudi tarixçilərimizdən xahiş
edirik ki, onlar bu rəşadətli döyüşçü
- 1915-ci il mayın 10-da Ağdam rayonunda anadan olmuş, bizim
uşaqlarımızı faşist əsirliyindən xilas
etmiş Həmzə Çümşüd oğlu Sadıqov
barəsində yazsınlar. Qoy onlar H.Sadıqovun qəhrəmanlığını,
onun bizim ailələrimizə və övladlarımıza
göstərdiyi təmənnasız köməyi
işıqlandırsınlar. Biz bu tarixi hadisəni
unutmamalıyıq”.Qut vurğulayır ki, uzun illər boyu
Sadıqovun adı unudulub. Arye Qut yazır: “Tarix dərsliklərində
onun adına rast gəlinmirdi, bu ad memuar ədəbiyyatında
nadir hallarda xatırlanırdı, praktiki olaraq heç kəs
onun haqqında heç nə bilmirdi. Bu gün, arxivlərin
çoxu açıldığı və aşkar edildiyi
şəraitdə Həmzə Cümşüd oğlu
Sadıqovun az qala unudulmuş adı yenə bizimlədir. Cəbhədə
“Sadiqaşvili” ləqəbi ilə daha çox
tanınmış Sadıqovun hərbi bioqrafiyasında əsas
hadisə Stalinqrad ətrafında döyüş olub. Burada o,
komandanlığın ən ciddi
tapşırıqlarını yerinə yetirib, yəhudiləri
xüsusi qəddarlıqla qıran hitlerçi general-leytenant
Karl fon Rodenburqu əsr götürüb. Həmzə
Sadıqov orden və medallarla təltif edilib. Göstərdiyi
igidlik və qəhrəmanlığa görə o, Sovet
İttifaqı Qəhrəmanının “Qızıl ulduz”
ordeni almağa təqdim edilib. Həmzə Sadıqov və
onun rəşadətləri barədə kifayət qədər
sənədlər var. O, Azərbaycana, doğma Ağdam
rayonuna qəhrəman kimi qayıdıb. Hazırda bu qəhrəmanın
məzarı Azərbaycanın Ermənistan tərəfindən
işğal edilmiş ərazisindədir. Bunu
düşünmək çox ağırdır ki, yəhudi
uşaqlarını alman faşistlərindən xilas etmiş
qəhrəmanın özünün məzarı indi erməni
faşistlərinin ayaqları altındadır. Azərbaycanın
Xocalı şəhərində, digər işğal
edilmiş rayonlarında uşaqları məhv etmiş bu ermənilər
alman faşistlərindən heç nə ilə fərqlənmirdilər.
Sadıqovun məzarı barədə əldə olan məlumata
görə erməni vandallar bu qəhrəmanın məzarını
dağıdıblar. Doğmaları – övladları və nəvələri
onun məzarını ziyarət etmək istəyirlər,
lakin bunu edə bilmirlər. Ona görə ki,
2014-cü ilin yayında 3 nəfər azərbaycanlı - Dilqəm
Əsgərov, Şahbaz Quliyev və Həsən Həsənov
Azərbaycanın Ermənistan tərəfindən
işğal edilmiş Kəlbəcər rayonunda öz
doğmalarının məzarlarını ziyarət etmək
istəyərkən həmin rayonda əsir
götürülüblər. Bu zaman Həsən Həsənov
öldürülüb. Öz əməllərinə haqq
qazandırmağa çalışan erməni tərəfi
tutulub saxlananları təxribat fəaliyyətində ittiham
edir. Azərbaycan Müdafiə Nazirliyi bu cür ittihamları
rəsmən inkar edir”.Qutun sözlərinə görə,
Sadıqov öz igidliyi və qəhrəmanlığı ilə
ona minnətdar olan nəsillərin qəlbində rəşadət
və ölməzlik abidəsi ucaldıb. Qut yazır: “Azərbaycanda belə qəhrəmanlar az deyil, lakin
Azərbaycan xalqı təvazökarlıq keyfiyyəti ilə
fərqlənir: bu ölkədə xeyirxah işlər
görməyi xoşlayırlar, amma bu barədə
danışmağı xoşlamırlar, ona görə də
faşizmə qarşı mübarizə aparmış və
yəhudi ailələrini xilas etmiş qəhrəman
Sadıqovun adını dünyada az adam bilir, halbuki Ermənistanda
faşist cəllad generallar Dronun və Njdenin şəxsiyyətinə
pərəstiş təbliğ edilir”.
Ekspertin sözlərinə
görə, biz xalqların öz tarixini, tarixi
keçmişini şərh etmək və öz milli qəhrəmanlarının
xatirəsini əbədiləşdirmək kimi suveren
hüquqlarına müdaxilə etmirik, lakin dəhşətli
Holokost cinayətlərində əli olmuş insanlar milli qəhrəmanlar
kimi qələmə veriləndə biz
susmamalıyıq. İndi, gah Ermənistanda, gah Ukraynada, gah da
başqa bir yerdə nasizm baş qaldıranda israillilər bunu
dinməzcə müşahidə edə bilməzlər və
etməməlidirlər. Ona görə ki, nasizm, terrorizm və
faşizm yanğın kimidir. Onu vaxtında dayandırmaq və
qarşısını almaq lazımdır, əks halda o, oddan
da sürətlə yayıla bilər, sonra gec ola bilər. XX əsrin
sonunda və XXI əsrin əvvəlində minlərlə
insanın kütləvi şəkildə qətlə yetirilməsi
bütün mənəvi, əxlaqı və siyasi
kolliziyaların əsas mənbəyi kimi bütün başqa
problemləri əhatə edir. Holokost mənim xalqımın
faciəsidir, bu faciə uzun müddət qapalı mövzu
olub. Məhz bu səbəbdən, Azərbaycanın Xocalı
şəhərində törədilmiş qanlı
soyqırım aktı mənim üçün də şəxsi
ağrı-acıdır, mənim də faciəmdir. Elə
coğrafi adlar var ki, onlar xəritədə adi bir nöqtə
olmaqdan qat-qat artıq məna kəsb edir. Qəddarlıq və
qeyri-insanilik rəmzlərinə çevrilmiş Babiy Yar,
Liditsa, Oradur, Xatın, Sonqmi kimi şəhər və kənd
adları bu qəbildəndir. Ötən əsrin 90-cı illərinin
əvvəlindən bu siyahıya daha bir ad əlavə edildi –
Azərbaycanın Xocalı şəhəri. Bu şəhərdə
törədilmiş faciəni bütün bəşəriyyətə
qarşı cinayət adlandırmaq olar. Bu bir tarixi faktdır
ki, erməni silahlı qüvvələri və muzdlu dəstələr
Xocalı şəhərini və onun ətrafını tərk
etməyə macal tapmayan şəhər sakinlərinin
heç birinə rəhm etməyiblər. Günahsız
uşaqlar, qadınlara və qocalara münasibətdə bu qəddar
barbarlığı heç cür izah etmək mümkün
deyil. Dünya bilməlidir ki, bu cinayət təkcə Azərbaycan
xalqına qarşı deyil, bütün bəşəriyyətə
qarşı yönəlib. Bu gün Ermənistanda yüksək
vəzifələr tutan Seyran Ohanyan, Serj Sarkisyan, həmçinin
Robert Koçaryan və törədilmiş
soyqırımın digər təqsirkarları beynəlxalq məhkəmə
qarşısında cavab verməlidirlər. Cinayət cəzasız
qalmamalıdır, çünki cəzasızlıq yeni cinayətlər
doğurur”.Məqalə müəllifi deyir: bu gün artıq
sirr deyil ki, Ermənistanda faşizm ideologiyası və irqi
ayrı-seçkilik dövlət səviyyəsində təbliğ
edilir. Faşist Almaniyası ilə sıx əməkdaşlıq
etmiş erməni faşistlərinə və nasistlərinə
abidələr ucaldılır, küçələrə,
meydanlara, təhsil müəssisələrinə, strateji mərkəzlərə
və digər obyektlərə onların adları verilir. Arye
Qut vurğulayır: “Cənubi Qafqazın bu ölkəsində
faşizmin, antisemitizmin və terrorizmin
populyarlaşdırılması dövlət siyasətinin tərkib
hissəsinə çevrilib. Ermənistanda
türkofobiya ilə yanaşı antisemitizm də
tüğyan edir. Özünün üzləşdiyi bəlalara
görə yəhudiləri və İsraili təqsirləndirən
Ermənistan eyni zamanda faşist Almaniyasının SS
generalı Njdenin, “Dro” ləqəbli Drastamat Kanoyanın,
terrorçu Monte Melkonyanın və onlara oxşar
başqalarının “milli qəhrəmanlar” kimi
populyarlaşdırılması siyasəti yürüdür,
onların xatirəsini və adlarını əbədiləşdirir.
Vaxtılə Qaregin Njde tərəfindən
formalaşdırılmış irqçi təmayüllü
şovinist erməni milli ideologiyası müasir mərhələdə
Ermənistanın hakim Respublikaçılar partiyasının
və Serj Sarkisyan başda olmaqla Ermənistan hökumətinin
əsas ideologiyasıdır. Heç kəs
unutmayıb ki, 2016-cı ilin mayında Yerevanda faşist Njdenin
heykəlinin açılışında prezident Sarkisyan
şəxsən iştirak edib. Ən dəhşətli və
hiddətləndirici fakt odur ki, “Njdeizm” adlı faşist
ideologiyası Ermənistanda tədris müəssisələrinin
proqramına daxil edilib və gənc nəsil bu “dəyərlər”
ruhunda “tərbiyə edilir”.Siz deyin, nasistlərin əlaltısı,
faşist və antisemit Qaregin Njdeyə Yerevanda abidə
ucaldılmasına bizim münasibətimiz necə
olmalıdır? Hansı ölkə bəşəriyyətə
qarşı cinayət törətməkdə ittiham
edilmiş faşist canini özünün qəhrəmanı
adlandıra bilər? Erməni faşist və antisemit general
Qaregin Njdenin xatirəsinin əbədiləşdirilməsi
biabırçılıq və Holokost qurbanlarının
xatirəsinin təhqir edilməsi deməkdir. Bu,
babasının bütün ailə üzvləri Ukraynada
faşistlər tərəfindən məhv edilmiş bir insan
kimi, şəxsən mənim üçün dözülməz
ürək ağrısıdır. Məhz bu səbəbdən
bu mənim üçün də şəxsi faciədir”.İsrailli
ekspertin qeyd etdiyi kimi, müasir Almaniyada gənclərə
ciddi şəkildə xəbərdarlıq edilir ki, nasist
Almaniya tərəfindən törədilmiş dəhşətlər
bir daha təkrarlanmamalıdır. Müasir Ermənistan
cəmiyyətində isə erməni faşistlər Dro və
Njdenin şəxsiyyətinə pərəstişin təbliğ
edilir. Bu, həmin cəmiyyətin böyük qüsurudur.
Arye Qut yazır: “Onların şərəfinə
sikkələr zərb edilir, onlara abidələr
ucaldılır, onları əsl xalq qəhrəmanları kimi
qələmə verərək onların həyat və fəaliyyəti
barədə filmlər çəkilir. İkinci Dünya
müharibəsi dövründə nasist vermaxtın tərkibində
20 minlik erməni legionu tərəfindən törədilmiş
qəddarlıqları tarix heç vaxt unutmayacaq. Bu ideologiya,
gec təsir edən bombaya bənzəyir, çünki bu ruhda
böyüyən gənclər gələcəkdə
faşizm və terrorizm işini davam etdirəcəklər. Ermənistan
hökumətinin maliyyə dəstəyi ilə “Qaregin Njde və
onun təlimi” adlı kitab nəşr edilib, onun haqqında
film çəkilib, bu film bir neçə milyon ABŞ
dollarına başa gəlib. ABŞ-ın və Rusiyanın
Ermənistana maliyyə yardımı nasizmin, faşizmin və
terrorizmin populyarlaşdırılmasına xərclənir. Ermənistan dövlətinin bu siyasəti İkinci
Dünya müharibəsi zamanı faşizmə qarşı
mübarizədə həlak olmuş insanlara, onların
yaxınlarına və veteranlara və xüsusən faşizm
üzərində qələbə qazanılmasında
müstəsna xidmətləri olmuş keçmiş SSRİ
vətəndaşlarına son dərəcə hörmətsizlik
nümunəsidir. Burada belə bir sual yaranır:
doğrudanmı ermənilərin Njde və Dro kimi faşistlərdən
başqa qəhrəmanları olmayıb?Rusiya XİN
başçısı Lavrov bir neçə gün bundan əvvəl
bəyan edib ki, son vaxtlar nasizmə haqq qazandırılması
cəhdlərinin müşahidə edilməsi faktı
narahatlıq doğurmaya bilməz. Bir sıra
dövlətlərdə, o cümlədən özlərini
demokratiya etalonları hesab edən ölkələrdə
İkinci Dünya müharibəsinin yekunlarına yenidən
baxılması, hitlerçilərin və yerli kollaborasionistlərin
fəaliyyətini təşviq etmək xətti sistemli şəkildə
həyata keçirilir. Lavrov Avropa İttifaqının
üzvü olan bəzi ölkələrdə “heykəllərlə
müharibə” məsələsinə də toxunub.
Arye Qut yazır ki, çox qəribə
də olsa, Rusiya XİN başçısı Ermənistan
haqqında heç nə deməyib, halbuki rəsmi Yerevanda
nasizmin qəhrəmanlıq kimi qələmə verilməsinə
görə Moskvanın narahatlığını cəsarətlə
özlərinə aid edə bilərlər. Bu gün – Holokost qurbanlarının beynəlxalq
anım günündə bir faktı da qeyd etmək istəyirəm
ki, Ermənistan bu gün ümumbəşəri əxlaq
normalarını tapdalayan və özünün
keçmiş canilərinə himayədarlıq etməyə
cəhd göstərən dövlətlər siyahısındadır.
Ermənistanın indiki prezidenti tədricən, faşizmin əsas
məqsədlərindən birini - “Daşnaksutyun”
partiyasının və Njde, Dro, Melkonyan kimi “qəhrəmanların”
Ermənistanı monoetnik dövlətə çevirmək ideyalarını
ardıcıl olaraq həyata keçirir.
Arye Qut İsrailin nüfuzlu ingilisdilli nəşri
olan “The Jerusalem Post” qəzetində dərc edilmiş məqaləsinin
sonunda yazır: “Bütün bunlar belə deməyə
əsas verir ki, Ermənistan faşizmi və terroru dövlət
səviyyəsində dəstəkləyən ölkədir.
Əgər dünya Ermənistanda faşizmin və terrorizmin təbliğini
bundan sonra da dinməzcə müşahidə edərsə.
Səs.-
2018.- 30 yanvar.- S.8-9.