Mehriban
Əliyeva:”Azərbaycan dövləti və Azərbaycan xalqı üçün hər
bir əsgər əzizdir,
dəyərlidir”
Heydər
Əliyev Fondu tərəfindən yüksək
texnoıogiyalı protezlərlə təmin olunan
hərbiçilərlə görüş keçirilib
Heydər
Əliyev Fondu tərəfindən yüksək texnologiyalı
protezlərlə təmin olunan hərbçilərlə
aprelin 3-də görüş keçirilib.
AZƏRTAC xəbər verir ki, Heydər
Əliyev Mərkəzində keçirilən
görüşdə əvvəlcə Aprel döyüşləri
şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla
yad edilib.
Azərbaycan Respublikasının
Birinci vitse-prezidentinin köməkçisi, Heydər Əliyev
Mərkəzinin direktoru Anar Ələkbərov tədbirdə
çıxış edərək bildirib ki, üç il
bundan əvvəl Heydər Əliyev Fondu “2016-cı ilin Aprel
döyüşlərində yaralanmış əsgər və
zabitlərin yüksək texnologiyalı protezlərlə təmin
edilməsi” layihəsinə başlayıb. Artıq bu
layihənin ikinci mərhələsi yekunlaşıb. Ötən
3 il ərzində 100-dən çox zabit və əsgər
yüksək texnologiyalı protezlərlə təmin olunub. Bugünkü görüşün üç il
bundan əvvəlki Aprel döyüşlərinə, ordumuzun
qələbə gününə təsadüf etdiyini deyən
Anar Ələkbərov Azərbaycan Respublikasının Birinci
vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban
Əliyevanın görüş iştirakçılarına
müraciətini oxuyub.
Müraciətdə deyilir: “Azərbaycanın əzəli
tarixi torpağı olan Dağlıq Qarabağ və digər
yeddi rayonumuz artıq 25 ildən çoxdur Ermənistan
respublikası tərəfindən işğal olunub. Bu hərbi təcavüz nəticəsində
torpaqlarımızın 20 faizi işğal altına
düşüb, bir milyondan çox azərbaycanlı öz
doğma torpağında qaçqın və
köçkün vəziyyətində yaşayır.
1994-cü ildə atəşkəs
razılığının əldə olunmasına baxmayaraq,
Ermənistan Azərbaycana qarşı dəfələrlə
silahlı təxribat törətmiş, lakin
xalqımızın sizin kimi igid oğullarının qəhrəmanlığı
və şücaəti sayəsində Azərbaycan Ordusu bu təxribatların
qarşısını alaraq düşmənə hər zaman
layiqli cavab vermişdir.
Siz Vətən yolunda qəhrəmanlıq
göstərərək Azərbaycanın ərazi
bütövlüyünün bərpası, müstəqilliyi,
ölkəmizin daha qüdrətli, daha möhkəm olması
yolunda sağlamlığınızı itirmisiniz. Bununla da
öz ölkənizə, xalqınıza, Prezident və Ali
Baş Komandanınıza sadiqlik nümayiş etdirmisiniz. Azərbaycan
dövləti sizin fəaliyyətinizi yüksək qiymətləndirir,
sizin kimi mərd və cəsarətli oğullarının
olması ilə fəxr edir. Sizin apardığınız
mübarizə haqq mübarizəsidir. Azərbaycan dövləti
münaqişənin ədalətli, beynəlxalq hüququn
prinsipləri və Azərbaycanın ərazi
bütövlüyü çərçivəsində həll
olunması üçün əlindən gələni əsirgəmir.
2016-cı ildə baş vermiş Aprel
döyüşlərindən 3 il ötür. Bu
döyüşlər bir daha bütün dünyaya
nümayiş etdirdi ki, Azərbaycan dövləti
işğalla heç zaman barışmayacaq. Aprel
döyüşləri Azərbaycan xalqının vətənpərvərliyini,
həmrəyliyini və yenilməz iradəsini bir daha
nümayiş etdirdi. Məhz Aprel döyüşlərinin cəsarətli
iştirakçılarının qəhrəmanlığı
nəticəsində bu gün Füzuli, Cəbrayıl və
Ağdərə rayonlarının işğaldan azad
edilmiş ərazilərində Azərbaycan bayrağı
dalğalanır. Bu döyüşlər zamanı bizim itkilərimiz
oldu. Bu itkilər bizim hamımız, hər bir azərbaycanlı
üçün böyük dərddir. Azərbaycan
gəncləri, əsgərlərimiz, zabitlərimiz qəhrəmanlıq
göstərərək ömürlərini Vətən
yolunda qurban verdilər, şəhid oldular. Öz həyatını
Vətən naminə qurban vermiş mərd
oğullarımızın xatirəsi bizim qəlbimizdə daim
yaşayacaqdır.
Azərbaycan dövləti və Azərbaycan
xalqı üçün hər bir əsgər əzizdir, dəyərlidir.
Sizin sağlamlığınızın bərpası və
normal həyata qayıtmağınız üçün Azərbaycan
dövləti bütün lazımi addımları atır və
bundan sonra da atacaqdır. Mən sizin hər birinizə
cansağlığı və uğurlar arzulayıram”.
Görüşdə
polkovnik-leytenant Eldəniz Sadıqov çıxış edərək
deyib ki, 3 il bundan əvvəl baş vermiş Aprel
döyüşlərində Azərbaycan Ordusu düşmənə
və bütün dünyaya öz gücünü sübut
etdi. 2016-cı ilin aprel ayında düşmənin kəşfiyyat
və diversiya qruplarının hücumunun
qarşısı Azərbaycan Ordusu tərəfindən
alındı. Düşmənin müdafiə xətti tez bir
zamanda yarılaraq mühüm strateji yüksəkliklər
işğaldan azad edildi. Bu, bir daha sübut etdi ki, bizim
güclü və nizami ordumuz var. Biz öz
torpaqlarımızı geri qaytaracağıq. Azərbaycanın
Ali Baş Komandanı ordumuza yüksək qayğı göstərir,
hərbçilərin məişət şəraitinin
yaxşılaşdırılmasına, müasir hərbi hissələrin
tikilməsinə, zabitlərin yeni evlərlə təmin
olunmasına böyük diqqət ayırır. “Aprel
döyüşlərində mən və mənim
silahdaşlarım bilmirdik ki, şəhid olacağıq və
ya sağ qalacağıq. Biz o haqda heç
düşünmürdük. Çünki inanırdıq ki,
biz şəhid olsaq da, Ali Baş Komandan, Birinci
vitse-prezidentimiz, dövlətimiz və xalqımız bizim ailələrimizin
yanında olacaq”, - deyə Eldəniz Sadıqov bildirib.
Xidməti vəzifələrini
yerinə yetirərkən sağlamlıqlarını itirən
zabitlərin, əsgərlərin özlərini cəmiyyətdən
kənar hiss etmədiklərini söyləyən kapitan Amil
Dadaşov bununla qürur duyduqlarını qeyd edərək
deyib: “Aprel döyüşlərində yaralanan hərbçi
yoldaşlarım artıq üç il ərzində dinamik həyat
fəaliyyəti ilə məşğul olurlar, insanların
arasındadırlar”. Amil Dadaşov onlara göstərilən
diqqət və qayğıya görə Prezident İlham
Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkürünü
bildirib.
Baş leytenant Namiq Əliyev qeyd edib ki, Aprel
döyüşlərində yaralanmış əsgər və
zabitlər Birinci vitse-prezident Mehriban Əliyevanın
tapşırığı ilə ən müasir, hər
cür hərəkət qabiliyyətinə malik protezlərlə
təmin edilib. “Bütün bunlar bizlərə verilən dəyər
və qiymətdir. Bu gün biz ayağımızı,
gözümüzü itirsək də qürur və əzəmətlə
dayanırıq. Çünki biz gücümüzü
torpaqdan alırıq”, - deyə Namiq Əliyev bildirib.
Görüşdə MEDİCOM
şirkətinin direktoru Anar Rüstəmov Heydər Əliyev
Fonduna minnətdarlığını bildirərək, protezlərlə
təmin edilən hərbçilərimizə də layihə
çərçivəsində görülən işlərdəki
ruh yüksəkliyinə görə təşəkkürünü
bildirib.
Sonra hərbçilərə Heydər
Əliyev Fondunun təşəkkürnamələri təqdim
edilib.
Daha sonra Birinci vitse-prezident, Heydər Əliyev
Fondunun prezidenti Mehriban Əliyeva yüksək texnologiyalı
protezlərlə təmin olunan hərbçilərlə
görüşüb, onlarla səmimi söhbət edib.
Söhbət zamanı Birinci vitse-prezident vətənpərvər
övladlarımızın qəhrəmanlığını,
şücaətini yüksək dəyərləndirdiyini, hər
zaman onlara dəstək olacağını vurğulayaraq deyib:
“Siz hər bir insan üçün çox dəyərli olan
sağlamlığınızı Vətən, torpaq yolunda
qurban vermisiniz. Siz güllələr, bomba altında Azərbaycan
uğrunda, torpağımız, Vətənimiz uğrunda həyatınızı
qurban verməyə hazır olmusunuz. Mən fəxr edirəm
ki, Azərbaycanın belə oğulları var, mənim belə
qardaşlarım var.
Mən hər zaman deyirəm ki, Azərbaycan
çox zəngin ölkədir, sərvətləri, gözəl
təbiəti var. Amma bizim ən böyük sərvətimiz
Azərbaycan xalqıdır, Azərbaycan insanıdır.
Doğrudan da Azərbaycan xalqı fəxr etməlidir ki, sizin
kimi oğullar yetirib. Analarımız fəxr etməlidirlər
ki, sizin kimi igid övladlar böyüdüblər. Belə
xalqla, belə əsgərlərlə, zabitlərlə, belə
qardaşlarla biz Qarabağı mütləq
qaytaracağıq. Qarabağın hər bir kəndində, hər
bir şəhərində Azərbaycan bayrağı
dalğalanacaq.
Mən bir daha sizə dərin minnətdarlığımı
bildirirəm. Mən bilirəm ki, Heydər Əliyev Fondunun əməkdaşları
daim sizinlə ünsiyyətdədirlər. Bir daha sizi əmin
etmək istəyirəm ki, hər bir problemin həllində
biz əlimizdən gələn hər şeyi etməyə
hazırıq. Siz müraciət edirsiniz, bilirəm ünsiyyətdəsiniz.
Hər bir problemin həllini şəxsən özüm diqqətdə
saxlayacağam. Mən mümkün olan köməyi ən
yüksək səviyyədə göstərəcəyəm.
Sağ olun”.
Hərbçilər göstərdiyi diqqət
və qayğıya görə Mehriban Əliyevaya minnətdarlıqlarını
bildiriblər.
Sonda xatirə şəkli çəkdirilib.
Qeyd edək ki, Azərbaycanın
Birinci vitse-prezidenti Mehriban Əliyevanın
tapşırığı ilə Heydər Əliyev Fondu
“2016-cı ilin Aprel döyüşlərində
yaralanmış əsgər və zabitlərin yüksək
texnologiyalı protezlərlə təmin edilməsi” layihəsini
həyata keçirib. 2017-ci ildə Heydər Əliyev Fondunun
və müvafiq dövlət qurumlarının
nümayəndələrinin iştirakı ilə yaradılan
işçi qrupu 2016-cı il Aprel döyüşləri
zamanı yaralanmış və protezləşməyə
ehtiyacı olan hər bir əsgər və zabitlə
görüşlər keçirib, onlara fərdi yanaşma tətbiq
olunub. Belə ki, Aprel döyüşlərində
yaralanmış əsgər və zabitlərin fərdi
xüsusiyyətləri, onların aktivlik dərəcələri,
həyat tərzləri, məşğuliyyətləri və
hər bir istifadəçinin protezlərə olan fərdi tələbləri
təhlil edilərək hərbçilərimiz
üçün uyğun, müasir protez
istehsalçıları olan qabaqcıl şirkətlərin
yüksək texnologiyalı məhsulları seçilib.
Tətbiq edilən yeni protezlərin texniki
imkanları amputasiya olunmuş hissə ilə hərəkət
uyğunluq yaradır. Bunun sayəsində protezlə ayaq və
yaxud əl bir-birinə maksimum uyğunlaşmış olur.
İstifadəçi protezi amputasiya olunmuş hissənin
davamı kimi hiss edir və daha rahat addım atır, aktiv hərəkət
edir.
Qarabağ müharibəsi əlillərinə
dövlət qayğısı siyasətinə dəstək məqsədi
daşıyan bu layihənin davamı olaraq 2018-ci və 2019-cu
illərdə daha bir qrup Qarabağ müharibəsi əlili
Heydər Əliyev Fondunun dəstəyi ilə yüksək
texnologiyalı protezlərlə təmin olunub. Ümumilikdə
layihə çərçivəsində protezlərlə
təmin olunan 100-dən çox Qarabağ müharibəsi əlili
artıq aktiv həyata qayıdaraq əmək fəaliyyətini
davam etdirir.
Səs.-
2019.- 4 aprel.- S.3-4