"Siyasi partiyaların cəmiyyətdə
rolu"
"Səs"
qəzetinin redaksiyasında bu mövzuda ölkənin
aparıcı partiyalarının iştirakı ilə dəyirmi
masa keçirilib
"Səs" qəzeti tərəfindən ənənəvi
olaraq, ölkəmizin həyatında mühüm əhəmiyyət
kəsb edən, günün aktual və prioritet
mövzuları ətrafında silsilə xarakterli dəyirmi
masalar təşkil olunur. Bu dəyirmi masalarda
xalqımızın tarixi, milli-mənəvi dəyərləri
ilə yanaşı, ölkəmizdə dövlət
başçısının rəhbəriliyi ilə həyata
keçirilən islahatlar və layihələr ətrafında
dövlət nümayəndələrinin, millət vəkillərinin,
ictimai təşkilat rəhbərlərinin
iştirakı ilə müzakirələr aparılır.Növbəti
dəyirmi masa "Siyasi partiyaların cəmiyyətdə
rolu" mövzusunda keçirilib. Dəyirmi
masada Yeni Azərbaycan Partiyası Beynəlxalq Əlaqələr
Komissiyasının katibi, millət vəkili Elman Nəsirov, Azərbaycan
Sosial Demokrat Partiyasının sədri, millət vəkili Araz
Əlizadə, Vəhdət Partiyasının sədri, millət
vəkili Tahir Kərimli, Azərbaycan Demokrat Partiyasının
sədr müavini Taliyət Əliyev,
AMİP-in siyasi şurasının üzvü Əli Orucov,
Müasir Müsavat Partiyasının sədr müavini
İbrahim Həsənov, Azərbaycan Təkamül
Partiyasının sədri Teyyub Qənioğlu, Azadlıq Hərakatçıları
İB-nin sədri Təhmasib Novruzov, AXCP sədri Əli Kərimlinin əmisi oğlu, "Azərbaycan Fermeri"
qəzetinin baş redaktoru Nuhəli Kərimov, gənc fəal
Fuad Muradov və media nümayəndələri iştirak ediblər.Dəyirmi
masanı giriş sözü ilə "Səs" qəzetinin
baş redaktoru Bəhruz Quliyev açaraq, bu gün Azərbaycan
Prezidenti cənab İlham Əliyevin rəhbərliyi
ilə həyata keçirilən müasir dövrün tələblərinə
uyğun siyasi islahatların, icra edilən iqtisadi proqram və
sərəncamların ölkəmizin nüfuzunun sərhədlərini
genişləndirməklə bərabər, insan amilinin də
inkişafına güclü təkan verdiyini diqqətə
çatdırıb.
Bəhruz QULİYEV, "Səs" qəzetinin
baş redaktoru:
- Bu gün Azərbaycan Prezidenti İlham
Əliyev ölkədə sosial məsələlərin həllini,
əhalinin rifahının yüksəlişini prioritet məsələ
hesab edir və ölkəmizdə bu istiqamətdə
ardıcıl tədbirlər həyata keçirilir.
Bütün bunlar Azərbaycanda dövlət və xalq
birliyinin bariz nümunəsidir. Elman müəllim,
qətiyyətlə deyə bilərik ki, müasir
dövrümüzdə Ulu Öndər Heydər Əliyevin
siyasi kursu Azərbaycan Prezidenti Cənab İlham Əliyev tərəfindən
uğurla həyata keçirilir. Ölkəmizdə
çoxsaylı fərman və sərəncamlar imzalanıb və
parlamentdə müvafiq qanunlar qəbul olunub. Ölkəmizdəki
ictimai-siyasi vəziyyəti necə xarakterizə edərdiniz?
Elman NƏSİROV, Yeni Azərbaycan Partiyası
Beynəlxalq Əlaqələr Komissiyasının katibi, millət
vəkili:
- İlk olaraq, "Səs" qəzetinin ənənəsinə
sadiq qalaraq, bu gününmüz üçün əhəmiyyət
kəsb edən, aktual olan "Siyasi partiyaların cəmiyyətdə
rolu" mövzusunda dəyimi masa təşkil etdiyiniz
üçün minnətdarlığımı bildirirəm.
Dəfələrlə dəyirmi masaların
iştirakçısı olmuşam və çox
açıq və obyektiv şəkildə müzakirələrin
aparıldığının şahidinə çevrilmişəm.
Yeni Azərbaycan Partiyası Beynəlxalq Əlaqələr
Komissiyasının katibi olaraq onu bildirim ki, Azərbaycanda
dövlət başçısının rəhbərliyi ilə
sabitlik, təhlükəsizlik və əmin-amanlıq təmin
edilib. Sabitlik olmayan yerdə hər hansı tərəqqi və
islahatı həyata keçirmək qeyri-mümkündür.
Dünya qloballaşır, dəyişir, yeni
çağırışlar və təhdidlər meydana gəlir.
Həyatın özü islahatları qaçılmaz və
davamlı edir. Ona görə də, Cənab İlham
Əliyev tərəfindən Azərbaycanda siyasi-iqtisadi islahatlar
davam etdirilir. Məhz bu islahatlar nəticəsində, ölkəmizin
inkişafı təmin edilir. Sosial siyasətin mərkəzində
Azərbaycan vətəndaşı, onun sosial rifah
halının daha da yaxşılaşdırılması,
ölkəmizin və vətəndaşlarımızın təhlükəsizliyinin
təmin olunması dayanır. Xalq Cənab Prezidentin
atdığı addımları, birmənalı olaraq, dəstəkləyir.
Sual yarana bilər ki, xalqımız nəyə görə
dövlət başçısının həyata
keçirdiyi daxili və xarici siyasətini belə dəstəkləyir?
Bunun bir cavabı var: Cənab Prezident üçün əsas
məsələ milli maraq və milli mənafe məsələsidir.
Xalqımızın milli maraq və milli mənafeyini müdafiə
əsas istiqamətdir. Heç bir böyük
beynəlxalq təşkilatın, siyasi dairənin, yaxud
dövlətin diktəsi altında deyil, məhz Azərbaycan
xalqının milli mənafeyindən irəli gələn
siyasət həyata keçirilir və həmin siyasətin nəticəsində,
təhlükəsiz Azərbaycan mövcuddur. Azərbaycanın
dinamik inkişafı və beynəlxalq nüfuzunun, mütəmadi
olaraq, artması bəzi dairələr tərəfindən
qısqanclıq və narahatlıqla qarşılanır. Həmin
anti-Azərbaycan dairələri ölkəmizə
qarşı qarayaxma kampaniyası aparır və qərəzli
yanaşma nümayiş etdirirlər. Odur ki, hər bir vətəndaş
Azərbaycandakı bu təhlükəsiz mühiti, sabitliyi
göz bəbəyi kimi qorumalıdır.
Xaricdə mövcud olan anti-Azərbaycan qüvvələri
öz niyyətlərini Azərbaycanda həyata keçirə
bilmirlər. Səbəb isə, ölkəmizdə mövcud
olan xalq və iqtidar birliyidir. Azərbaycan Prezidentinin
prinsipiallığı, yürütdüyü mükəmməl
daxili və xarici siyasət, bütün məqamlarda, Azərbaycanı
ancaq işıqlı gələcəyə aparıb və
bundan sonra da aparacaq.
Cənab İlham Əliyev kimi bir Liderin rəhbər
olduğu ölkədə heç bir məkrli niyyəti, qara
ideologiyanı, absurd ssenariləri həyata keçirmək
mümkün deyil. Anti-Azərbaycan qüvvələr ölkənin
daxilində müəyyən siyasi qruplaşmalarla dialoqa girib,
siyasi sabitliyi və əmin-amanlığı pozmağa
çalışırlar. Təbii ki, bunun müxalifətçiliklə
heç bir əlaqəsi yoxdur. Təki ölkəmizdə
güclü və sağlam müxalifət olsun. Sadəcə
olaraq, müxalifət adı altında hansısa beynəlxalq
siyasi dairələrin mənafeyinə xidmət edərək,
ölkəmizdəki sabitliyi pozmaq, artıq bu, xəyanətdir.
"Mən müxalifətəm" iddiasında olan qüvvələr
cəmiyyətdə müəyyən qədər dəstək
ola bilərdi ki, onlar iqtidarın qazandığı
uğurlara sevinə bilərdi. Sual edirəm ki, bir dəfə
görmüsünüz ki, özünü radikal müxalifət
liderləri sayan şəxs desin ki, aprel döyüşləri
bizim zəfərimiz idi. Bunu deməyə özündə
güc tapsın. Amma radikal müxalifətin lideri
özünün facebook səhifəsində belə yazır:
"Görək Cocuq Mərcanlıya neçə nəfər
qayıdacaq və qayıdacaqsa, neçə gün qalacaq?".
Heç bunu erməni belə söyləməz.
Biz ölkəmizədəki sabitliyi, iqtidar
olaraq da, müxalifət olaraq da, göz bəbəyimiz kimi
qorumalıyıq. Çünki bu, milli məsələdir.
Bəhruz QULİYEV:
- Həqiqətən də, siyasi mövqeyimizdən
asılı olmayaraq, biz ölkəmizdəki təhlükəsizliyi
qorumalı, bir nöqtəyə vurmalıyıq. Bildiyiniz ki,
2015-ci ildə Türkiyədə baş verən hadisələr
zamanı gördük ki, türklər siyasi vəziyyətin
gərginləşdiyi bir vaxtda hər şeyi bir kənara
qoyaraq, birləşdilər. Milli məsələlərdə
biz birləşməyi bacarmalıyıq. Bu
gün ölkəmizdə iqtisadi sferada islahatlar prosesi dərinləşdikcə,
dövlət vətəndaşların sosial müdafiəsinin
gücləndirilməsi ilə bağlı üzərinə
yeni-yeni öhdəliklər götürür,
sosialyönümlü siyasətin miqyasını daha da
genişləndirir. Bu gün proqram xarakterli iqtisadi və
sosial layihələr həyata keçirilir. Belə bir zamanda,
Azərbaycanı mənəvi terrora məruz qoyanlar və
onların missionerləri bu gün özələrin
müxalifət hesab edə bilərmi? Dəyimi masada
iştirak edən konstruktiv müxalifətin nümayəndələrinə
sual edirəm. Bu gün, həqiqətən də, anti-Azərbaycan
qüvvələrə dəstək verənlərə ehtiyac
varmı?
Araz ƏLİZADƏ, Azərbaycan Sosial Demokrat
Partiyasının sədri, millət vəkili:
- Əvvəla, onu deyim ki, mitinqlərin
keçirilməsinin günahı məndədir. Azərbaycanda
ilk mitinqi 1988-ci ildə mən keçirmişəm. Nəyə
görə günah məndədir? Mən mitinqlə insanlara
mübarizə yolunu göstərmişəm və sonralar geri
çəkilmişəm. Amma təəssüf ki, müxalifətdə
olan qüvvələr də, mitinqdən başqa, bir
mübarizə yolunu tanımırlar. Nə tələbələr,
nə də gənclərlə görüşlər
keçirmirlər. Hətta deyirlər ki, bizə ali təhsil
müəssisələrində gənclərlə
görüşlər keçirməyə icazə vermirlər.
Dəvət et gəncləri öz qərargahına, orada
müxtəlif məzmunda görüşlər təşkil
et. Onların məqsədi başqadır. 2013-cü ildə
keçirilən prezident seçkiləri zamanı "Milli
Şura"nın lideri Cəmil Həsənli bir proqramı
ortaya qoya bilmədi. Bir neçə dəfə ondan
soruşanda ki, proqramın hanı? O, iki səhifəlik bir
yazı dərc elədi və absurd fikirlərini ortaya qoydu. Məsələn,
deyirdi ki, təhsilə ayrılan xərcləri iki dəfə
artıracağam. Təhsil müəssisələrində
çalışan işçilərin maaşını 300
faiz artıracağam. Siz adi hesabı bilmirsiniz. 200 faiz dövlət
büdcəni artırırsınız, 300 faiz isə
maaşları. Bu necə mümkündür? Məsələ
ondadır ki, bu insanlar inkişaf etmirlər. Öz üzərilərində
işləmirlər. 12 il akademiyada işləyib, bir elmi məqalə
yaza bilməyən insan, ölkəyə rəhbərlik etmək
istəyir. O ki qaldı mitinqlərin keçirilməsinə,
ondan qorxmaq lazım deyil. Onlar düşünürlər ki,
izdihamlı mitinqlər keçirə bilərlər. "Bəlkə
də qaytardılar", fikri ilə yaşayırlar. Artıq
onlar yalançı çobana çeviriliblər, xalq onlara
inanmır və mintinqlərə getmir. Özləri öz əməlləri
ilə özlərini ifşa edirlər.
Tahir KƏRİMLİ, Vəhdət
Partiyasının sədri, millət vəkili:
- Bugünkü dəyirmi masa çox dəyərli
bir mövzunu əhatə edir. Azərbaycan
Respublikasının Konstitusiyası çoxpartiyalı bir
sistemi nəzərdə tutur. Eyni zamanda, siyasi partiyalar
haqqında qanun da bütün siyasi təşkilatlara eyni bərabər
hüquqları özündə ehtiva edir. Bu prinsiplərə
və qanunlara hər zaman riayət edilir və hesab edirəm
ki, siyasi partiyalar haqqında qanuna daim əməl edilməlidir.
Yəni partiyalar özünün təşkilati-hüquqi vəziyyətini
müəyyən etməlidir. Bu, nə deməkdir? İstənilən
uğurun üç komponenti mövcuddur. Birincisi, lider krental
və xarizmatik tipli olmalı. İkincisi, siyasətçilər
və partiyalar gücə malik olmalı,
üçüncüsü isə, bu partiyaların üzvləri
və tərəfdarları olmalıdır. Bunların əsasında
özünəuyğun şərtləri də var. Biz
azadlıq mübarizəsində həm müstəqillik
uğrunda, həm də cəmiyyətdə hüquqi-demokratik
mühitin yaradılması uğrunda mübarizə
aparmışıq. O zaman biz inqilabi dəyişikliklər
haqqında düşünürdük. Həmin vaxtlar bir
sistem idi. Bizi başa düşən və
ideyalarımızı dəstəkləyən hakim nümayəndələr
yox idi. AXC-Müsavat iqtidarında təmsil olunanlar da xalqın
arzu və istəklərinin ifadəçisi ola bilmədilər.
Bu baxımdan da, hakimiyyət qısa bir müddətdə
süquta uğradı. İndi də, o zamankı hakimiyyət
nümayəndədəri olmuş partiya sədrləri və
funksionerləri eyni səhvləri davam etdirirlər. İndiki
hakimiyyət isə xalqın maraq və mənafeyini uğurla
həyata keçirir. Ona görə də, xalq-hakimiyyət
birliyi mövcuddur. Bu da, beynəlxalq təsirlərləri
müəyyən qədər neytrallaşdıra bilir. Azərbaycan
tam şəkildə siyasət yeridir ki, bu da kiminsə
xoşuna gəlmir. Əgər bu gün Azərbaycanda sabitlik
pozulsa, hansı demokratiyadan danışmaq olacaq? Hansı
iqtisadi artımdan, Qarabağ probleminin sülh yolu ilə həllindən
söhbət açmaq mümkün olacaq? Müxalifət
liderlərini milli maraqlar düşündürmür. Onlar
üçün fərqi yoxdur. O zamankı
hakimiyyətdə olduqları düşüncədədirlər
ki, eybi yoxdur, Qarabağı verəydilər, təki hakimiyyətdə
qalaydılar, həm də canımız qurtarardı. Amma Azərbaycan
Prezidenti İlham Əliyev qətiyyətlə bəyan edir ki,
nəinki Qarabağı, eləcə də, tarixi
torpaqlarımız olan Zəngəzuru və İrəvanı
da geri alacağıq. Bu gün hər bir sahədə
böyük islahatlar həyata keçirilir. Məqsəd nədən
ibarətdir? Şəffaflığı təmin etmək,
rüşvətxaorluğu və korrupsiyasını aradan
qaldırmaq, əhalinin sosial-iqtisadi vəziyyətini daha da
yaxşılaşdırmaq. Müxalifət deyir ki, ver, hakmiyyəti
mən idarə edim. Sizlərin hakimiyyəti idarə etmək
potensialınız varmı. Axı bütün bu məsələlərdən
keçmişik. Birmənalı tərzdə demək olar ki,
bu gün xalq sizə inanmır, etibar etmir.
Çünki xarici düşmənlərlə
iş birliyi quraraq, millətə və dövlətçiliyə
qarşı çıxırsınız. Belə müxalifət
dağılmağa məhkumdur. Hər kəsin
keçmişi, içi mən qarışıq,
ayağında buxovdur.
Azərbaycan müxalifəti Suriyada proseslər
yeni-yeni başlayanda, mütəmadi çıxışlar
edirdilər ki, 5 milyondan artıq adam demokratiya uğrunda
mübarizəyə başlayıblar. Onlar bunu fərəhlə
danışırdılar. Bəs indi niyə onlar bu məsələdən
danışmırlar? Suriyada hanı o demokratiya? Bu mənada,
xaricdən ölkəmizə qarşı olan təhdidlərin
də arxasında ölkəmizdən istifadə etmək
dayanır. Məsələ ondadır ki, Azərbaycan bu beynəlxalq
qlobal təsirləri müəyyən qədər
neytrallaşdırır və müstəqil siyasət yeridə
bilir. Təbii ki, bu müstəqil siyasət kiminsə
xoşuna gəlmir.
Bu gün Azərbaycanda sabitlik pozulsa, hansı
demokratiyadan danışmaq olar. Bu gün Azərbaycan Prezidenti
İlham Əliyev deyir ki, nəinki Qarabağ, indiki Ermənistan
da Azərbaycanın tarixi torpağıdır.
Açığını deyək ki, bizlər cürət
edib o sözləri deyə bilmirik. Bu mənada, hesab edirəm
ki, radikal müxalifət lideri də konsepsiya ortaya
qoymalıdır. Bunların dedikləri yalnız "Məşədi
İbad" filmindəki kimi "aç qapını, gələk
səni öldürək" deyiminə bənzəyir.
Müxalifət deyir ki, "sən çıx otur, mən sənin
yerinə hakimiyyətə gəlim". Sən hakimiyyətə
gəldiyin təqdirdə, bəs sənin kadr
üçün potensialın, proqramın var? Ax biz
bütün bu məsələlərdən keçmişik.
Onlar parlamentdən, hansısa dövlət orqanından
yıxılan kimi, dönüb radikal müxalifət olurlar.
Bunların hər birini xalq görür. Xalq hər şeyi
çox gözəl bilir.
BƏHRUZ QULİYEV:
- Hansısa bir partiyanın nümayəndəsi
olmasından asılı olmayaraq, bizim bir milli şüurumuz,
bir milli ideyamız, bir dövlətimiz var. Buna görə, hər
bir Azərbaycan vətəndaşı məsuliyyət
daşıyır. Taliyət müəllim, sizcə,
ümummilli məsələlərdə bizim birləşməyimiz
mümkündürmü?
Taliyət ƏLİYEV, Azərbaycan Demokrat
Partiyasının sədr müavini:
- Təbii ki, milli maraq kəsb edən məsələlərdə
qarşıya qoyulan məqsədə çatmaq
üçün iqtidar və müxalifət münasibətləri
sivil bir formada normallaşmalı və bu sağlam bir
mühitdə baş tutmalıdır. Hesab edirəm ki, bu
gün Azərbaycan cəmiyyətində buna ciddi ehtiyac var.
Bundan bir xalq, dövlət, cəmiyyət qazanmış olar.
Bu baxımdan, sivil münasibətlərin yaranması vacibdir. Milli məsələlərdə, birmənalı
olaraq, deyə bilərəm ki, siyasi mənsubiyyətdən
söhbət gedə bilməz. Əks- təqdirdə, bu, Azərbaycan
dövlətinə və xalqına xəyanət demək
olardı. Məlumdur ki, aprel döyüşlərində
hamı bir hədəfə vurdu. Hətta bizim
partiyanın bir üzvü aprel döyüşlərində
şəhid oldu. Hər bir Azərbaycan vətəndaşı,
qeyd etdiyim kimi, siyasi mənsubiyyətindən asılı
olmayaraq, döyüşməyə də, hakimiyyətin
yanında olmağa da hazır olmalıdır və biz bunu bəyan
da etmişdik. Sağlam düşüncə sahibi olan bir kəs
qeyri-münasibət nümayiş etdirə bilməz. Azərbaycanda
olan ictimai-siyasi məsələlərə gəlincə,
qısa şəkidə vurğulamaq istəyirəm ki,
ölkəmizdə dövlət başçısı hər
bir vətəndaşının probleminə həssas tərzdə
yanaşır və onu həll edir. Xüsusilə, bu ilin əvvəlindən
başlayaraq, Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü
ilə sosial sferada həyata keçirilən islahatlar, imzalanan
fərman və sərəncamlar bunu bir daha təsdiq edir. Bu
gün Azərbaycanda sosial problemlərin həlli ilə
bağlı çox böyük işlər həyata
keçirilir. Bütün bunlar Azərbaycanın daha xoş gələcəyi
naminə reallaşır.
Əli ORUCOV, AMİP-in siyasi
şurasının üzvü:
- Siyasi partiyaların cəmiyyətdə rolu
olduqca aktual olan bir mövzudur. İlk olaraq, bildirim ki, Azərbaycan
sovet məkanında 70 il totalitar bir rejimdə, təkpartiyalı
rejimdə yaşayıb. Müstəqillik əldə edən
Azərbaycanda çoxpartiyalılığın yaranmasına
zəruriət var idi. Müstəqil dövlətimizdə təkpartiyalı
sistemdən çoxpartiyalı sistemə keçidin əsası
qoyuldu. 1992-ci ildə Azərbaycan müstəqillik qazanandan
sonra zərurət yaranmışdı ki, ölkədə
yeni bir siyasi təşkilat yaransın. O dövrə qədər
müəyyən qruplar var idi, amma onlar siyasi partiya səviyyəsində
deyildilər, qeydiyyatdan da keçməmişdilər. Bu
boşluğu ilk dəfə Azərbaycan Milli İstiqlal
Partiyası doldurdu. Bundan sonra isə, ölkədə təkpartiyalı
sistemdən çoxpartiyalı sistemə keçidin əsası
qoyuldu. Daha sonra Yeni Azərbaycan Partiyası yarandı və
digər partiyalar qeydiyyatdan keçdi. Bu, çox mütərəqqi
bir hal idi. Çoxpartiyaların olması ölkənin
dayanıqlığı və rəqabəti deməkdir.
Siyasi partiyaların olması cəmiyyətin sosial siyasiləşməsinə
gətirib çıxarır. Sivil ölkələrdə, adətən,
siyasi partiyaların inkişafına da böyük dəstək
verilir. Azərbaycan Respublikasının Konstitusiyasının
birinci maddəsində göstərilir ki, hakimiyyətin mənbəyi
xalqdır. Bu gün ölkədə 55 siyasi partiya qeydiyyatdan
keçib. Mitinqlərə gəlincə, deyim ki, Azərbaycan
Konstitusiasında, eləcə də, beynəlxalq hüquqda sərbəst
toplaşmaq vətəndaşların hüquqi
normalarıdır. Bu, vətəndaşların sərbət
toplaşması haqqıdır. Məsələ ondadır ki,
mitinqlərin siyasi mübarizə vasitəsi kimi istifadəsinə
zəruriət var, ya yox? Siyasi partiyalar, təbii ki, qərarlarını
müstəqil şəkildə verir, strategiya və
taktikalarını müstəqil şəkildə müəyyənləşdirirlər.
Biz deyə bilmərik ki, hansısa bir partiya nəyisə səhv,
yaxud düz edir. Təəssüf ki,
bütün mübarizələr tükənəndə,
mitinqlərə əl atırlar. Çox təqdirəlayiq
haldır ki, bugünkü dəyirmi masada siyasi partiyaların
bir neçəsi bir yerə toplaşıb və bir-birlərinin
fikirlərini dinləyir, müzakirlər
qarşılıqlı şəkildə aparılır.
Görürsünüz, Türkiyədə partiyalar
arasında siyasi debatlar çox qızğın şəkildə
aparılır. Amma milli maraqlara gələndə, sıx birləşməyi
bacarırlar. Məsələn, Türkiyədə
çevirlişə cəhd olanda, onlar bir araya gəlib birləşdilər.
Çünki onları ortaq maraqlar - milli maraqlar birləşdirirdi.
Mən hesab edirəm ki, siyasi mübarizədən və rəqabətdən
qaçmaq lazım deyil. Partiyalar bir-birinə düşmən
kimi yox, tərəfdaş kimi yanaşmalıdır.
Teyyub QƏNİOĞLU, Azərbaycan Təkamül
Partiyasının sədri:
-
Hüquqi bir dövlətdə mitinqlərin keçirilməsi
normal bir haldır. Təbii ki, hər bir şey
sağlam tərzdə həyata keçirilməlidir. Mən
hər zaman bildirmişəm ki, hər hansı bir siyasi
partiyanın mövqeyi iqtidarın mövqeyinə zidd ola bilər. Amma bu mövqe
dövlətimizə ziddirsə, buna getmək olmaz. Ölkənin mənafeyinə xələl gətirən
hansısa bir addımın atılması qəbulolunmazdır.
Əlbəttə ki, vətəndaşlıq
mövqeyi önəmli məsələdir. Biz ölkədə sabitliyi, təhlükəsizliyi,
inkişafı qoruyub, təmin etmək üçün
hamılıqla çalışmalıyıq. Sabitliyimizi pozmaq istəyənlərin,
inkişafımıza mane olmağa çalışanların
qarşısını almalıyıq. Bu
gün ölkəmizdə dövlət
başçısı tərəfindən geniş islahatlar həyata
keçirilir. Azərbaycan Prezidenti
İlham Əliyev ölkədə sosial məsələlərin
həllini, əhalinin rifahının yüksəlişini prioritet
məsələ hesab edir və ölkəmizdə bu istiqamətdə
ardıcıl tədbirlər həyata keçirilir. Bu islahatlar planlı, Azərbaycan dövlətinin
sosial-iqtisadi inkişafına uyğun, dövlət büdcəsinin
imkanlarına və hazırlanan proqramlara uyğun olaraq həyata
keçirilir. Bu, bir daha göstərir ki,
Azərbaycan dövlətinin siyasətinin əsasında
xalqın rifahının yüksəldilməsi dayanır.
Əlbəttə ki, bu islahatlar davam etdiriləcək.
Nuhəli
KƏRİMOV, "Azərbaycan Fermeri" qəzetinin baş
redaktoru:
- Bu
gün istənilən siyasi partiyanın mövqeyindən
asılı olmayaraq, Qarabağ probleminini həllində birlik
olmalıdır. Bu məsələ hər bir azərbaycanlının
ümumi məsələsidir. Bu məsələdə
siyasi mənsubiyyətindən asılı olmayaraq, yumruq kimi
birləşməliyik. Ölkəmizdə
müxalifət deyilən bir məkan ki var, onların hər
birində şəxsi maraq mövcuddur. Biz
bugünkü reallıqları görmək üçün
tariximiz, vərəqləməliyik. Müstəqilliyimizin
ilk illərinə nəzər salaq. Ulu
Öndər Heydər Əliyevin hakimiyyətə
qayıdışına qədər olan dövrdə ölkədə
hökm sürən anarxiya və özbaşınalıq
ölkəni iflic vəziyyətinə salmışdı.
O illər çox çətin və ağır illər
idi. Heydər Əliyev bu dövlətin
inkişaf strategiyası hazırladı və uçurumda olan
Azərbaycanda inkişaf mərhələsi başlandı.
O illəri yaşayan xalq yenidən tarixin təkrar
olunmasını istəyərmi? Bu gün Ulu Öndər Heydər
Əliyev siyasi kursunu uğurla davam etdirən Azərbaycan
Prezidenti İlham Əliyevin həyata keçirdiyi
ardıcıl və düşünülmüş
sosial-iqtisadi siyasəti nəticəsində, ölkəmizin
davamlı inkişafı təmin edilib, ölkə
iqtisadiyyatında qeyri-neft sektorunun çəkisi ciddi şəkildə
artıb. Əsası Ulu Öndərimiz Heydər
Əliyev tərəfindən qoyulan və Azərbaycan
Prezidenti İlham Əliyev tərəfindən uğurla və
yeni dövrün tələblərinə uyğun şəkildə
inkişaf etdirilən dövlət siyasəti nəticəsində,
Azərbaycan dünyaya yeni və nümunəvi inkişaf
modeli təqdim edir. İqtisadiyyatın modernləşdirilməsi,
qeyri-neft sektorunun inkişafı ilə bağlı
irimiqyaslı layihələrin reallaşdırılması nəticəsində
yeni iş yerləri açılıb, əhalinin həyat səviyyəsi
yüksəlib və məşğulluğu artıb. Sosial rifah halının, insanların həyat səviyyəsinin
yüksək olmadığı cəmiyyətdə, dövlətdə
böyük nailiyyətlərlə müşayiət edilən
inkişafdan söhbət açmaq mümkün deyil. Sosial siyasət insanların həyatının
bütün sahələrinin
yaxşılaşdırılmasını, sosial ədalət
prinsipinin reallaşdırılmasını, əhalinin
etibarlı sosial müdafiəsinə nail olunmasını əhatə
edir. Ermənipərəst dairələrin
sifarişlərini yerinə yetirən xaricdəki antimilli
ünsürlər isə, Azərbaycan xalqına və
dövlətinə qarşı təhqir kampaniyası
aparır, xalqımızın milli-mənəvi dəyərlərini
hədəfə alırlar. Azərbaycanda
illərdir sistemili şəkildə görülən işlər
və aparılan siyasət milli iqtisadiyyatımızın
yüksəlişini təmin edib. Xatırlayırıq
ki, hələ qlobal maliyyə böhranı dövründə
Azərbaycan iqtisadiyyatı öz sabitliyi ilə seçildi və
həmin prosesdən, demək olar ki, zərər çəkməyən
azsaylı dövlətlərdən olduq. Bunun
arxasında isə, illərdir düzgün istiqamətlənən
dövlət siyasəti dayanırdı.
Azərbaycanın uğurları, Cənab Prezidentin
müdrik siyasəti nəticəsində reallaşan nəzərəçarpan
inkişaf anti-Azərbaycan qüvvələr tərəfindən
qısqanclıqla qarşılanır. Qeyri-sağlam
düşüncəyə malik satqın, xəyanətkar və
hoqqabazlar bunu həzm edə bilmirlər.
İBRAHİM
HƏSƏNOV:
-
1993-cü il illə bu
günümüzü müqayisə etsək, böyük
nailiyyətlər əldə olunduğunu görərik. Hər bir Azərbaycan vətəndaşı ölkəmizin
iqtisadi gücü və qüdrətinin ilbəil
artmasının şahidi olur, iqtisadi inkişafın nəticələrini
özünün həyat səviyyəsinin yüksəlməsində
hiss edir. Müstəqillik dövründə
Azərbaycanın həyata keçirdiyi islahatlar, dövlət
proqramları, layihələr Azərbaycanın imicini dəyişib,
onu sürətlə inkişaf edən ölkəyə
çevirib. Təbii ki, inkişafı
inkar etmək olmaz. Bu inkişafı biz Azərbaycanın
bütün regionlarında və paytaxt Bakıda
görürük. İctimai-siyasi sabitliyin
yüksək səviyyədə təmin edildiyi ölkəmizdə
bürokratik əngəllər və korrupsiya halları aradan
qaldırılıb. Azərbaycan
iqtisadiyyatında ardıcıl müşahidə olunan
inkişaf meyilləri, ayrı-ayrı sahələrdə əldə
edilən müsbət nəticələr dövlətin
sosialyönümlü siyasətinin daha da gücləndirilməsinə
imkan verir. Bu gün ölkəmizdə,
bildiyiniz kimi, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi
ilə genişmiqyaslı islahatlar aparılır. Həqiqətən də, Azərbaycan dövlətinin
sosial sahədə atdığı addımlar vətəndaşına
olan diqqət və qayğısının təzahürüdür.
Dövlətimiz tərəfindən aparılan
islahatlar bütün sahələri əhatə edir. Azərbaycan Prezidenti İlham Əliyev məhkəmə-hüquq
sistemində də islahatların aparılacağın bildirib.
Bu, gözəniləndir.
Bu gün özünü müxalifət adlandıran bir
qrup şəxslər insanları mitinqə
çağırırlar. Doğrudur, Azərbaycan
Konstitusiyasında insanların sərbət toplaşmaları
onların haqqıdır. Hər kəs
birləşə, toplantı keçirə bilər. Ancaq bütün bunlar icazəli şəkildə
keçirilməlidir. Bakı Şəhər
Baş Polis İdarəsindən Bakı Şəhər
İcra Hakimiyyətinə məlumat verilib ki, keçirilən
mitinqdə ictimai qaydalar pozulub. Əli Kərimli
mitinq zamanı kəskin surətdə dövlətimizə
qarşı əsassız çıxışlar etmişdi.
Biz təmsil olunduğumuz partiyanın sədrinin
imzası ilə məktub hazırlayıb, baş
prokurorluğa göndərdik. Cinayət Məcəlləsinin
323-cü maddəsinə görə, dövlət
başçısının şərəf və ləyaqətinin
ləkələnməsi cinayətdir.
Azərbaycanın
uğurlarına, Cənab Prezidentin müdrik siyasəti nəticəsində
reallaşan inkişafa kölgə salmağa cəhd etsələr
də, buna nail ola bilməzlər.
TƏHMASİB
NOVRUZOV:
-
1993-cü ildən bu günə qədər ölkəmizdə
genişmiqyaslı işlər görülüb. 1993-cü ildən sonra Azərbaycan dövlətinin
dirçəlməsi, onun mövqeyinin və təməlinin
möhkəmlənməsində Ulu Öndərin rolu əvəzsiz
olmuşdur. Ulu Öndər Heydər Əliyevin hakimiyyətə
qayıdışından sonra, qısa bir müddət ərzində,
iqtisadi dirçəliş başlandı, terror cəhdləri
və çevriliş cəhdlərinin qarşısı
alındı, ordu yaradıldı, konstitusiya qəbul olundu, azərbayançılıq
ideyası yaradıldı və Azərbaycanda bu ideyanın
çox uğurlu bir inkişafı başladı.
Ümummilli Liderin bizə ərməğan qoyub getdiyi zəngin
irsi müstəqil Azərbaycan dövlətinin sütun dirəkləridir. Məhz bu qüdrətli
sütunlar üzərində ucalan müasir Azərbaycan
güclü ola bilib. 2003-cü
ildən sonra Azərbaycanın inkişafında yeni bir mərhələ
başladı. Prezident İlham Əliyevin
uzaqgörən və praqmatik siyasəti nəticəsində,
Azərbaycan regionun ən güclü və nüfuzlu dövlətinə
çevrilib. Həqiqətən də, Azərbaycan
son illərdə bütün istiqamətlər üzrə
böyük uğurlara imza atıb. Davamlı
inkişafı ilə tanınan ölkəmizdə təhlükəsizlik
yüksək səviyyədə qorunur və ictimai-siyasi
sabitlik möhkəmlənir. Bu gün Azərbaycan
inkişaf və tərəqqi dövrünü
yaşayır. Xüsusilə,
regionların sosial-iqtisadi inkişafı ilə bağlı mərhələli
dövlət proqramlarının qəbul və icra olunması
hər bir bölgənin davamlı inkişafını təmin
edib. Təbii ki, bu uğurlar ölkəmizdə
hökm sürən sabitliyin və əmin-amanlığın
mövcudluğunu təsdiqləyir.
Məni narahat edən məsələ odur ki, dövlət
başçısı Azərbaycan xalqını narazı
salan bir məmuru vəzifəsindən azad etdikdən sonra bir
həftə keçməmiş bəzilərinin müxalifətin
hansısa bir küncündən səsi gəlir. Dəfələrlə
biz bunun şahidi olmuşuq. Ölkə
başçısı hakimiyyətdə olduğu zaman
xalqın etimadını doğrultmayan, korrupsiya ilə məşğul
olan bir məmuru vəzifədən kənarlaşdırırsa,
bütün müxalifət partiyaları da həmin şəxsə
qarşı olmalıdırlar. Əksinə,
onu tərif edir, dövlətə qarşı
çıxış etməsinə
çalışırlar. Bu gün "Səs"
qəzetinin təşkil etdiyi belə dialoqlara cəmiyyətin
ehtiyacı var. Azərbaycanın uğurları hər bir vətənini
sevən insanı qürurlandırır.
FUAD
MURADOV:
- Bu
gün bir çox pariyalar sovet ideologiyasından qalmış
təfəkkür ilə yaşayırlar. Birdəfəlik
bilməlidirlər ki, ya alt dövlətə, ya da üst
dövlətə xidmət etməlidirlər. Onların fəaliyyətində
heç nəyi görə bilmirik. Yalnız insanlara
"ağıl" verməklə məşğul olurlar.
Müxalifətin mitinqlərinə gəlincə, bildirim ki,
normal siyasi fəaliyyət göstərməmələri
ucbatından cəmiyyət tərəfindən qəbul edilmir
və keçirdikləri aksiyalarda uğursuzluğa
düçar olurlar. Bu müxalifət xaricdən maliyyələşərək,
Azərbaycanın qəsdinə durun erməni qüvvələrinə
xidmət edir. Bəzi xarici kəşfiyyat idarələrinə
xidmək göstərirlər. Birbaşa erməni hökumətinə
xidmət edirlər. Bu gün ölkəmizdə Cənab Prezidentin
rəhbərliyi ilə demokratik mühit var və belə bir
mühitdə istənilən bir siyasi baxış nöqtəsi
ola bilər. Antimilli qüvvələr bundan istifadə edərək
gənclərimizə təsir göstərməyə
çalışırlar. Bunlar müxalifət deyillər.
Əgər müxalif fikirlidirlərsə, gəlib fikirlərini
bəyan etsinlər, tələblərini, məqsədlərini
ortaya qoysunlar. Axı bunların heç bir məqsədi, istəyi
yoxdur. Amerika-Azərbaycan yolunu Bakı-Qazax yoluna çeviriblər.
Məramını açıqla, bilinsin ki, xalqına, millətinə
və dövlətinə xidmət edirsən. Azərbaycan
dövlətinə, Azərbaycan xalqına qarşı
lazımsız ifadələr işlədib, xalq arasında
çaxnaşma salmaq cəhdləri nə məqsəd
daşıyır? Azərbaycanın Ümummilli Lideri Heydər
Əliyev hakimiyyətə qaydışı ilə müstəliq
dövlətimizi qurdu və onun təməlini möhkəmlətdi.
Amma 1993-cü ilə qədər Azərbaycanda hökm sürən
xaos və anarxiya ölkəmizi uçuruma aprırdı.
Bunlar 1990-cı illərin əvvəllərində
hansı vəziyyətdə idilərsə, bu gün də,
eyni vəziyyətdədirlər. Çünki onlar mənsub
olduqları siyasi düşərgədə heç bir
islahatlar aparmayıblar. Cəmiyyət onların anormal siyasət
apardıqlarını görür və bu baxımdan, onlara
nifrət edir. Bu gün ölkəmizə yetişən gənclər
nəsli möhkəm iradəli, açıq
dünyagörüşlü, savadlı və yetkindir.
Onları hansısa antimilli düşüncə ilə
yollarından sapdırmaq mümkün deyil.
Nəzakət
ƏLƏDDİNQIZI
Səs.-
2019.- 5aprel.- S.8-9