Bakıda “Dinlərarası
dialoq və radikalizmlə mübarizə”
mövzusunda beynəlxalq
konfrans keçirilir
Aprelin 25-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin
(DQİDK), Avropa İttifaqının
Bakıdakı nümayəndəliyinin
və ADA Universitetinin
birgə təşkilatçılığı
ilə “Dinlərarası
dialoq və radikalizmlə mübarizə”
mövzusunda ikinci beynəlxalq konfrans öz işinə başlayıb.
AZƏRTAC xəbər verir ki, ADA Universitetində
keçirilən tədbirdə
əvvəlcə Yeni
Zelandiyada və Şri-Lankada terror aktları nəticəsində
həyatını itirmiş
insanların xatirəsi
bir dəqiqəlik sükutla yad edilib.
Konfransın moderatoru olan
Avropa İttifaqının
Azərbaycandakı nümayəndəliyinin
rəhbər müavini
Denis Daniilidis bildirib ki, son
günlər Yeni Zelandiyada və Şri-Lankada baş verən hadisələr dini radikalizmlə mübarizənin hələ
də başa çatmadığını göstərir.
Bu baxımdan bu cür konfransların əhəmiyyətinə toxunan
D.Daniilidis dini ayrı-seçkiliyin gücləndiyi
müasir dövrdə
Azərbaycanın öz
multikultural və dini tolerantlıq dəyərlərini, eləcə
də mədəniyyətlər
və dinlər arasında əməkdaşlıq
təcrübəsini dünya ölkələri
ilə bölüşmək
niyyətini yüksək
qiymətləndirib.
Konfransda çıxış
edən DQİDK-nın
sədri Mübariz Qurbanlı mövzunun aktuallığını vurğulayıb.
Bildirib ki, Yeni Zelandiya, Şri-Lankada törədilən
terror aktlarına qarşı mübarizə
bəşəriyyətin qarşısında
duran ən əsas məsələlərdəndir.
Müxtəlif dinlərin
və mədəniyyətlərin
birgəyaşayışına nümunə olacaq ölkələr arasında
Azərbaycan çox mühüm yer tutur. Ölkəmizdə multikultural dəyərlər
dövlət səviyyəsində
qorunur. Ulu Öndər Heydər Əliyev tərəfindən
əsası qoyulan siyasətin bu gün Prezident İlham Əliyev tərəfindən uğurla
davam etdirilməsi nəticəsində ölkəmizdə
tolerant dəyərlər
ciddi mühafizə olunur. Azərbaycanda bütün dini
inanclara, onların mənsublarına hörmətlə
yanaşılır. Ölkə
əhalisinin 96 faizinin
müsəlman olmasına
baxmayaraq, burada xristianlar, yəhudilər,
ümumiyyətlə, bütün
dini konfessiyaların nümayəndələri sülh,
əmin-amanlıq şəraitində
birgə yaşayırlar.
Eyni zamanda, ölkə ərazisində
mövcud olan İslam dini abidələri ilə yanaşı, digər dinlərə aid ibadət ocaqları maddi-mənəvi irs kimi qorunub saxlanılır.
Azərbaycanda 33 qeyri-müsəlman
dini icması fəaliyyət göstərir.
Avropa İttifaqının
ölkəmizdəki nümayəndəliyinin
rəhbəri Kestutis Yankaukas belə konfransların keçirilməsinin
zəruriliyini qeyd edib. Bildirib ki, artıq ikinci dəfədir keçirilən bu konfrans tərəflərin
müsbət təcrübə
qazanmasına imkan yaradır. Nümayəndəliyin
rəhbəri Yeni Zelandiyada və Şri-Lankada baş vermiş dəhşətli
hadisələri xatırladaraq
deyib ki, bu cür hadisələrin
qarşısının alınması
üçün hər
kəs səylərini
birləşdirməlidir.
Azərbaycanla dini sahədə əməkdaşlığa toxunan
Kestutis Yankauskas vurğulayıb ki, Azərbaycandakı dini liderlərin Brüsselə
səfəri təşkil
edilib. O, həmçinin
mayın əvvəlində
Bakıda “Imagine” tolerantlıq festivalının
keçiriləcəyini deyib
və bu tədbirin müxtəlifliyə
və tolerantlığa
töhfə verəcəyinə
ümidvar olduğunu bildirib.
Milli Məclisin
İctimai birliklər
və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov deyib ki, ekstremizmin qarşısını almaq
üçün hər
bir ölkə öz təcrübəsini
bölüşməli, təbliğat
aparmalıdır. Bundan başqa,
dini radikalizmin yaranmasının səbəbləri
araşdırılmalıdır. Əks halda, nəticə əldə etmək çətin olacaq. Əgər bir ölkənin qanunvericiliyində dini dözümlülük, dini
etiqad azadlığının
qorunması məsələləri
öz əksini tapmayıbsa, həmin ölkədə dini radikalizm meyilləri olacaq. Azərbaycanın Konstitusiyasında dini etiqad azadlığının
qorunması ilə bağlı müddəalar
öz əksini tapıb. Milli Məclisdə dini ekstremizmin aradan qaldırılması ilə
bağlı qanun qəbul olunub.
Siyavuş Novruzov
deyib ki, dini etiqad azadlığının
təmin edilməsi vacibdir. Bunun əksi dini radikalizmə gətirən
əsas səbəblərdən
biridir. Din xadimləri bu məsələdə aparıcı
rol oynamalıdır. Onlar təbliğat apararaq insanları qardaşlığa, bərabərliyə
çağırmalıdır.
Vurğulanıb ki, hər hansı
terrorçu qruplaşmanı
dinlə əlaqələndirmək
olmaz. Dünyada 60-dan çox müxtəlif terror qrupu var.
Onların əksəriyyətinin
adı da məlumdur və heç biri dinlə əlaqəli deyil.
ADA Universitetinin prorektoru Fariz İsmayılzadə qeyd edib ki, konfransın
bu təhsil ocağında keçirilməsi
heç də təsadüfi deyil. Çünki gənclər
arasında dini tolerantlığın təbliği
mühüm əhəmiyyət
kəsb edir. O diqqətə çatdırıb
ki, ADA universitetində
təhsil alan gənclərin müxtəlif
dinlərə aid ibadətgahlarla tanış
olmasına, eləcə
də onlar arasında multikultural dəyərlərin təbliğinə
xüsusi önəm verilir.
Fransa hökumətinin
dini işlər üzrə məsləhətçisi
Jan-Kristof Posel bildirib ki, dünyada
terrorçuluqdan, radikallıqdan
sığortalanan ölkə
yoxdur. Din anlayışı ilə dini dona bürünmüş
radikalizm arasında fərq qoyulmalıdır.
Dinlərarası dialoqun
vacibliyinə toxunan Fransa rəsmisi bunun əks tərəflərin fikirlərini,
istəklərini, fərqlərini
üzə çıxarmağa
imkan yaratdığını
deyib. O, eyni zamanda, dövlətin dini nəzarətdə saxlamasının arzu olunmadığını, belə
müdaxilənin dinin
mahiyyətindəki təməl
hüquq və azadlıqları poza biləcəyini dilə gətirib. Qeyd edib ki, zorakılıqla
din arasında fərq qoyulmalıdır.
Dinlər bu məsələdə günahsızdır.
Biz gənclərin dini düzgün öyrənmələri üçün
yollar axtarmalıyıq.
Bizim cəmiyyətlərimiz
plüralist cəmiyyətlərdir,
müxtəlif konfessiyalardan
ibarətdir. Dini konfessiyaları birgə yanaşı yaşamağa
təşviq etmək
lazımdır. Biz bu fərqlilikləri problem kimi yox,
zənginliyin nümunəsi
kimi qəbul etməliyik.
Qafqaz Müsəlmanları
İdarəsinin (QMİ) sədr
müavini Qəmər
Cavadlı idarənin tarixi, hüquqi statusu və fəaliyyəti barədə
məlumat verib. Bildirib ki, QMİ
1823-cü ildə rəsmi
dini təşkilat kimi yaranıb. Bu illər ərzində
QMİ-nin ən səmərəli fəaliyyəti
müstəqillik dövrünə
təsadüf edir. Azərbaycan müstəqillik
qazanandan sonra dövlət-din münasibətləri
də inkişaf edib. O, eyni zamanda,
QMİ-nin fəaliyyətində
mədəniyyətlərarası və dinlərarası dialoqun inkişafına xüsusi önəm verdiyini diqqətə çatdırıb.
Rus Pravoslav Kilsəsinin
Bakı və Azərbaycan Yeparxiyası İdarəsinin nümayəndəsi
Konstantin Pominov, Bakı şəhəri Dağ Yəhudiləri dini icmasının sədri Melih Yevdayev, Roma Katolik Kilsəsinin ordinarisi Vladimir Fekete Azərbaycanın çoxmillətli və çoxdinli ölkə olduğunu, bu ölkənin milli siyasətinin müxtəlif
millətlərin,
etnik qrupların, dini azlıqların birgə yanaşı yaşaması, dözümlülük
prinsipləri əsasında
müəyyənləşdirildiyini söyləyiblər. Qeyd olunub ki, Azərbaycanda
tarixən heç vaxt milli və
dini zəmində ayrı-seçkilik, qarşıdurma
olmayıb. Burada qarşılıqlı etimada,
hörmətə əsaslanan
mütərəqqi milli-mədəni,
həmçinin dini münasibətlər mövcuddur.
Konfrans işini
aprelin 26-da “Dini icmalar sülhün carçısı kimi”, “Dünyəvi dövlətlərdə
dövlət-din münasibətləri”,
“Zorakı ekstremizmin qarşısının alınmasında
maarifləndirmə tədbirləri”
mövzularında panellərlə
davam etdirəcək.
Səs.- 2019.- 26
aprel.- S.5