Azərbaycanda tələbə-gənclərə böyük diqqət var

    "Səs" qəzetində ali təhsil müəssisələrinin müəllim və tələbə nümayəndələrinin iştirakı ilə dəyirmi masa keçirilib

 

Məlum olduğu kimi, Azərbaycan Respublikası Prezidenti İlham Əliyev doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində, həmçinin, Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində təhsil alan tələbələrə təqaüdlərin verilməsi haqqında Sərəncam imzalayıb. Dünən bu məsələ ilə bağlı "Səs" qəzetində ekspertlərin, ali təhsil müəssisələrinin müəllim və tələbə nümayəndələrinin iştirakı ilə dəyirmi masa keçirildi. Dəyirmi masada Bakı Dövlət Universitetinin professoru Şahlar Əsgərov, Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi Samir Baxşəliyev, Azərbaycan Dövlət Neft Sənayesi Universitetinin neft-mexanika fakültəsinin dekanı Əlihikmət Əhmədov, UNEC-in distant-qiyabi və əlavə təhsil mərkəzinin direktoru Səbuhi Tanrıverdiyev, UNEC-in tələbə rektoru Elmir Sadıqov, Turizm və Menecment Universitetinin dekanı Bahadur Bilalov, Azərbaycan Tibb Universitetinin tədris şöbəsinin müdiri Samir Cavadov, Bakı Slavyan Universitetinin tələbələri Nuranə Qasımova, Səfiyyə Mustafayeva, Azərbaycan Dövlət Neft Sənayesi Universitetinin tələbəsi Aysel Bədəlzadə, Turizm və Menecment Universitetinin tələbəsi Jalə Novruzova, Azərbaycan Tibb Universitetinin tələbəsi Pərvin Nəsirov iştirak edirdilər.

Dəyimi masanı giriş sözü ilə açan "Səs" qəzetinin əməkdaşı İlham Əliyev bildirdi ki, on ildən artıqdır ki, ənənəvi olaraq, ölkənin ictimai-siyasi və sosial həyatında böyük önəm kəsb edən və ictimai maraq doğuran məsələlər ətrafında "Səs" qəzeti tərəfindən təşkil olunan dəyirmi masalar cəmiyyətdə böyük maraqla izlənilməkdədir. Bu dəyirmi masalarda xalqımızın tarixi, milli-mənəvi dəyərləri, eləcə də, ictimai-siyasi, sosial məsələlər dövlət nümayəndələri, millət vəkilləri, ictimai təşkilat rəhbərləri tərəfindən müzakirə olunur: "Bildiyimiz kimi, hər bir ölkədə dövlətçiliyin, müstəqilliyin daha da möhkəmləndirilməsi, gələcəyin etibarlı təminatı intellektual səviyyəli potensial kadrların yetişdirilməsindən, onların aparıcı qüvvəyə çevrilməsindən çox asılıdır. Bu baxımdan, ölkəmizdə gənclərlə iş sahəsində görülən tədbirlər Azərbaycan gəncliyinin inkişafına təkan vermiş, onların cəmiyyətdə özlərini təsdiq etməsində böyük rol oynamışdır. Bu günlərdə Azərbaycanda təhsil sahəsində yüksək nəticələr əldə etmiş tələbələrə dövlət qayğısını gücləndirmək məqsədi Azərbaycan Prezidenti Cənab İlham Əliyev tərəfindən imzalanan məlum sərəncamlar və Fərman dövlət gənclər siyasətinin məntiqi davamıdır. Doktorantlara, ali təhsil, orta ixtisas və ilk peşə-ixtisas təhsili müəssisələrinin tələbələrinə və şagirdlərinə verilən təqaüdlərin artırılması dövlətimizin gənclərə olan münasibətinin daha bir ifadəsidir".

"Səs" qəzetinin əməkdaşı:

- Şahlar müəllim, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən ölkəmizdə həyata keçirilən təhsil siyasətinin davamı olaraq, tələbə gənclərin təqaüdlərin artırılması ilə bağlı imzaladığı sərəncamlar təhsilin inkişafına necə təsir göstərəcək?

 

ŞAHLAR ƏSGƏROV:

 

- Bu gün Azərbaycanda gənclər siyasəti dövlət siyasətinin mühüm tərkib hissəsidir. Gəncliyə göstərilən diqqət və qayğının nəticəsidir ki, Azərbaycan gəncliyi ictimai həyatın bütün sferalarında aktiv fəaliyyəti ilə seçilir və siyasi, iqtisadi, humanitar, sosial tədbirlərin həyata keçirilməsində mühüm rol oynayırlar. Dövlətin gənclərin fəaliyyəti üçün yaratdığı geniş imkanlar nəticəsində, bu təbəqə cəmiyyətin avanqard qüvvəsinə çevrilib. İstedadlı gənclərə dövlət qayğısı, gənclərin sağlamlığının qorunması və fiziki iinkişafı, gənclərin məşğulluğunun təmin edilməsi, gənclər təşkilatlarına dövlət yardımı və s. gənclərə dövlət qayğısının ifadəsidir. Azərbaycan gənclərinin cəmiyyətin inkişafında rolunu artırmaq, ölkənin gələcək inkişafında iştirakını və məsuliyyətini yüksəltmək məqsədilə həyata keçirilən tədbirlər gənclərin cəmiyyətdə rolunu artırıb.

Dövlətimizin siyasətində gənclər məsələləri mühüm yer tutur. Yəni Azərbaycanın maliyyə-iqtisadi imkanları artdıqca, bütün sahələrin inkişafına kapital qoyulur və bu, çox müsbət nəticələr verir. Təbii ki, gənc nəsil bu prosesdən kənarda qalmayıb və gəncliyin inkişafı, yüksək intellektli, vətənpərvər gəncliyin yetişməsi üçün çox əhəmiyyətli layihələr həyata keçirilir. Bu günlərdə Azərbaycan Prezidenti İlham Əliyevin ölkədə yüksək ixtisaslı, peşəkar kadrların hazırlanmasına dövlət qayğısının artırılması və təhsildə yüksək nəticələr əldə edən tələbələrin təqaüd almaları üçün əlavə imkanların yaradılması məqsədilə imzaladığı sərəncamlar təqdirəlayiqdir. Təhsil pillələri üzrə tələbələrin tədaüdləri artırıldı. Doktorantura pilləsi üzrə elmlər doktoru hazırlığı üzrə doktorantlara - 300 manat, fəlsəfə doktoru hazırlığı üzrə doktorantlara - 180 manat və s. təyin olunub. Azərbaycan gəncliyi bu qayğının nəticəsində daha da fəal olmalı və bunu öz əməli fəaliyyətində göstərməyə çalışmalıdır.

BAHADUR BİLALOV:

 

- "Səs" qəzetinə belə bir mövzu ətrafında dəyirmi masa təşkil etdiyinə görə, təşəkkürümü bildirirəm. Bu gün müstəqil Azərbaycanda gənclər hərəkatı yeni bir mərhələyə qədəm qoyub. Beləliklə, gənclərimizin müstəqil platformada öz fikir və ideyalarını ifadə etmək şansları yüksəkdir. Artıq gənclərin qarşılarına öz ideyalarını müstəqil şəkildə həyata keçirmələri üçün heç bir məhdudiyyət qoyulmayıb. Azərbaycan gəncliyi ictimai həyatın bütün sferalarında aktiv fəaliyyəti ilə seçilir. Dövlətin gənclərin fəaliyyəti üçün yaratdığı geniş imkanlar nəticəsində, bu təbəqə cəmiyyətin avanqard qüvvəsinə çevrilib. Gənclərin potensialından ölkənin mənafeyi naminə tam və düzgün istifadə olunması, onların faydalı məşğulluğunun təmin edilməsi, dövlət idarəçiliyi sistemində iştirakının gerçəkləşdirilməsi dövlət-gənclər siyasətinin əsasında dayanır.

 

Bu gün Cənab Prezident tərəfindən həyata keçirilən gənclər siyasəti yeni mərhələsini yaşayır. Yeni mərhələdə dövlət başçısı tərəfindən gerçəkləşdirilən gənclər siyasəti ən müxtəlif sahələri əhatə etməklə, geniş spektrlıdır. Belə ki, bu siyasət gənclərin tərbiyəsi, sağlamlığı, təhsili, intellektual və mənəvi inkişafı, asudə vaxtının səmərəli təşkili, həmçinin, gənclərin cəmiyyət həyatının bütün sahələrində fəal iştirakı ilə bağlı məsələləri əhatə edir. Təbii ki, bu günlərdə tələbələrin təqaüdünün artırılması ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyevin imzaldığı "Azərbaycan Respublikasının ali məktəb tələbələri üçün Prezident təqaüdünün təsis edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 3 sentyabr tarixli 564 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Fərmanı ölkəmizdə təhsil sahəsində ən yüksək nəticələr əldə etmiş tələbələrə dövlət qayğısının gücləndirilməsini ifadəsidir. "Ali təhsil müəssisələrində təqaüd sisteminin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə" Sərəncamına əsasən isə, ali təhsil müəssisələrində müvəffəqiyyət göstəriciləri əsasında dövlət hesabına maliyyələşən təqaüd yerlərinin sayı 2019-cu ilin martın 1-dən 16000 (on altı min) vahid artırılacaq və təqaüd alan tələbələrin sayının tələbələrin ümumi sayına olan nisbətinin hazırkı 31 faizdən 2019/2020-ci tədris ilində 45 faizə, 2020/2021-ci tədris ilindən başlayaraq isə, 50 faizdən az olmayan səviyyəyə çatdırılması təmin ediləcək. Bu gün inkişaf edən, bütün istiqamətlərdə, davamlı olaraq, gücünü artıran dövlətimizin qarşısında dayanan hədəflər hər bir vətəndaş üçün çox önəmlidir. Çünki Prezident İlham Əliyevin apardığı uğurlu siyasət birbaşa vətəndaşın sosial rifahına yönəlib.

NURANƏ QASIMOVA:

- Gənclər siyasəti hər zaman dövlət siyasətinin mühüm tərkib hissəsi olmuşdur. Gənclər dövlət qayğısını daim öz üzərlərində hiss edərək, nailiyyətləri ilə onlara göstərilən qayğını doğrultmağa çalışırlar. Prezident tərəfindən uğurla, yeni dövrün tələblərinə uyğun şəkildə davam etdirilməsi ölkəmizin siyasi-iqtisadi inkişafını, o cümlədən, sosial rifahının yüksəlişini təmin edir. Qətiyyətlə vurğulaya bilərik ki, Azərbaycan gəncliyi bu gün bütün tələbatlara cavab verən bir müasir gənclikdir. Gənclər unutmamalıdırlar ki, gənclik ölkənin gələcəyinin qarantı və təminatıdır.

Gənclik üzərinə böyük bir məsuliyyət düşür, hər bir ölkədə gənclik böyük bir qüvvədir. Bu gün Cənab Prezidentin tələbə- gənclərə olan diqqət və qayğısı diqqətəlayiqdir. Dövlət başçısının bu günlərdə tələbələrin təqaüdünün artırılması ilə bağlı imzaladığı sərəncamları və Fərmanı tələbə-gənclərə ayrılan diqqətin daha bir təzahürüdür. Bu, artıq tələbələr arasında sağlam rəqabəti gəcləndirəcək və onların yüksək təhsilə yiyələnmələrinə təsirini göstərəcəkdir. Mən bir tələbə olaraq, bundan ruhlanır və Cənab İlham Əliyevə minnətdarlığımı bildirirəm.

PƏRVİN NƏSİROV:

- Bildiyimiz kimi, indiyə qədər gənclər siyasətinə dair bir sıra dövlət proqramları qəbul olunmuşdur. Bu proqramlar ölkəmizdə gənclər üçün infrastrukturun yaradılmasından başlamış, onların xaricdə təhsilinə, yaradıcı və elmi fəaliyyətlə məşğul olan gənclərlə yanaşı, kütləvi idmanı təbliğ etməklə sağlam gəncliyin formlaşmasına töhfə verməklə çox geniş spektrı əhatə edib. Dövlət proqramlarının nəticəsi olaraq, yeni-yeni gənc liderlər yaranmış və onlar bu və ya digər sahədə Azərbaycan dövlətinə, o cümlədən, gəncliyimizin inkişafına bu gün də töhfə verməkdədirlər.

"2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" gənclər siyasətinin daha da təkmilləşdirilməsini təmin edir. Bu gənclərin təhsil səviyyəsinin yüksəldilməsinin parlaq ifadəsi olaraq özünü büruzə verdi. Bütün bunların nəticəsidir ki, ötən dövr ərzində gənclər siyasəti və gənclərlə iş sahəsində bir sıra mühüm nəticələr əldə edilib. Mən bir gənc olaraq, ikinci ali təhsilimi alıram. Prezidentin məlum Sərəncamı tələbələrin sosial durumunun yüksəlməsində önəmlidir. Bu, tələbələri daha yaxşı nəticələr əldə etməyə, yaradıcılıq potensiallarının aşkara çıxarılmasına və səmərəli idarə edilməsinə, gənclərin intellektual səviyyəsinin yüksəldilməsinə, gənclərin sosial problemlərinin həllinə böyük zəmin yaradır.

 

SAMİR BAXŞƏLİYEV:

 

- Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışından sonra, ölkəmizdə milli-mənəvi dəyərlərimizə münasibətdə yeni mərhələ başlandı. Ümummilli Lider Heydər Əliyev, həmçinin, elm və təhsil sahəsində köklü və əsaslı dəyişikliklərin həyata keçirilməsini təmin etdi. Çünki elm və təhsil bilik, savad, müasirlik gənclik üçün gələcəyə açılan geniş qapılar və müstəqilliyin zəmanəti deməkdir. Ulu Öndər bütün fəaliyyəti dövründə, xüsusilə, elm və təhsilin inkişafına xüsusi qayğı göstərib. Bu da, təsadüfi deyildi. Çünki yaxşı bilirdi ki, müasir dövrdə elm və texnika, təhsil olmadan heç bir irəliləyiş əldə etmək mümkün deyil, eyni zamanda, dövlətin savadlı kadr potensialı da, məhz müasir təhsil və keyfiyyətli tədrislə yaradılır. Buna görə də, Azərbaycanın tərəqqisinin yeganə yolunu, məhz xalqın yüksək təhsil almasında, maariflənməsində, fundamental və humanitar elmlərə mühüm əhəmiyyət verilməsində görürdü.

 

Bütün sahələrdə olduğu kimi, Azərbaycan elminin və təhsilin inkişafı istiqamətində Ulu Öndər Heydər Əliyev siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Təbii ki, keyfiyyətli orta təhsili, yəni baza təhsilinə malik olmayan insanların ciddi elmi araşdırmalar aparmaları qeyri-mümkündür. Bu baxımdan da, elmin və elmi tədqiqatların inkişafından söhbət gedir. Elm və təhsilə göstərilən diqqətin nəticəsi olaraq, Prezident özünün milli dövlət quruculuğu strategiyasında təhsil siyasətinə dövlətçiliyin təməl prinsiplərindən biri kimi yanaşıb, bu sahəyə diqqət və qayğısını həmişə önə çəkmişdir.

 

Prezident İlham Əliyev sosial-iqtisadi inkişafın yeni və mürəkkəb mərhələsində ölkənin intellektual gələcəyini təmin etməyin yolunu, məhz bu sahələrin inkişafında, onların müasir tələblər səviyyəsinə çatdırılmasında və həmin proseslərdə gənclərin böyük potensialından rasional istifadədə görür. Təsadüfi deyil ki, Azərbaycanda tələbə gənclərin və gənc alim və tədqiqatçıların bütün problemləri, o cümlədən, məişət qayğıları daim dövlətin diqqət mərkəzində saxlanılmışdır.

 

Son illər ölkənin ictimai-siyasi, elmi-mədəni həyatında gənclərin fəal iştirakı, tələbələrin vətənpərvərlik, azərbaycançılıq və dövlətçilik prinsipləri əsasında tarixi-mədəni irsimizə, milli-mənəvi və ümumbəşəri dəyərlərə hörmət ruhunda tərbiyə olunması, cəmiyyətin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında fəal iştirakı, elmi, intellektual və yaradıcı potensiallarının ümummilli məsələlərin həllinə yönəldilməsi müasir dövrün tələbi olaraq qalır.

 

Dövlət başçımızın 2015-ci il noyabrın 9-da AMEA-nın 70 illik yubileyinə həsr olunmuş yığıncaqdakı çıxışından da bir sitat gətirmək yerinə düşər: "... Biz çox istəyirik ki, elmi inkişaf üçün daha da gözəl şərait yaradılsın".

 

Son illərdə dövlət səviyyəsində görülən işlər, o cümlədən, haqqında bəhs etdiyimiz Prezident Fərmanında doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində, həmçinin, Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində təhsil alan tələbələrə dövlət qayğısını artırmaq və onların sosial müdafiəsini daha da gücləndirmək məqsədilə atılacaq addımlar İlham Əliyevin növbəti humanist və uzaqgörən tədbiri kimi qiymətləndirilməlidir. Eyni zamanda, bu xeyirxah addım, onu deməyə əsas verir ki, yaxın gələcəkdə Azərbaycanda elm və təhsil sahəsində daha böyük nailiyyətlərə imza atılacaq. Hər bir alim, mütəxəssis, elm və təhsil təşkilatçısı, ümumiyyətlə, ziyalılar bundan sonra da daha böyük əzmkarlıqla elm və təhsil qarşısında duran, xalqın gələcək taleyini müəyyənləşdirən bu məsələlərin uğurla həlli üçün bütün potensiallarını elmin və təhsilin inkişafına sərf etməlidirlər. Prezident İlham Əliyevin dediyi kimi, "... Azərbaycan alimləri, ziyalıları ölkəmizin, cəmiyyətimizin elitasıdır. Onların dünyagörüşü, mövqeyi, hərəkətləri, fəaliyyəti Azərbaycanın inkişaf dinamikasını, inkişaf perspektivlərini xeyli dərəcədə müəyyən edir".Bütün bunları nəzərə alaraq, demək istərdim ki, ölkəmizdə elm və təhsilin sürətli inkişaf templəri imkan verəcək ki, tez bir zamanda, Azərbaycan yeni ixtiraların və elmi nailiyyətlərin istifadəçisi yox, müəllifinə çevrilsin. Bu məsələdə isə, tələbə gənclərimizin və gənc alimlərin potensialı kimi, məsuliyyəti də böyükdür.Sonda bir daha Prezident İlham Əliyevə bu kateqoriyadan olan insanların bütün problemlərini daim diqqət mərkəzində saxladığına, xüsusilə də, verdiyi bu humanist Fərmana görə, bütün tələbələr, gənc tədqiqatçılar və alimlər adından dərin minnətdarlığımı bildirirəm. Eyni zamanda, ümidvaram ki, Azərbaycan tələbə, magistr və alimlərinin gördükləri işlərin səmərəsi xeyli artacaq.Elmi-tədqiqat layihələrinin uğurla həyata keçirilməsi, elm və təhsil sahəsində dünya miqyaslı və rəqabət apara biləcək elmi nəticələrin alınmasının reallaşdırılması və bu nəticələrin tezliklə iqtisadiyyatda, həyatda öz tətbiqini tapmasına yüksək səviyyədə xidmət yolunda bütün təhsil sistemində və elmi təşkilatlarda çalışanlara uğurlar diləyirik.

 

Nəzakət Ələddinqızı

Səs.-2019.- 21 fevral.- S.8-9.