Xocalı soyqırımının dünyada
tanınması tarixi zərurətdir
Tarixi faktlar göstərir ki, Azərbaycan xalqı
erməni millətçilərinin davamlı olaraq etnik
təmizləmə, soyqırımı və
təcavüzkarlıq siyasətinə məruz qalaraq, öz
tarixi torpaqlarından didərgin salınmış,
qaçqın və məcburi köçkünə
çevrilmişlər. “Böyük
Ermənistan” ideyası ilə yaşayan ermənilər öz
məqsədlərinə çatmaq üçün xarici
himayədarların köməyi ilə müxtəlif vaxtlarda
azərbaycanlılara qarşı terror və
soyqırımı həyata keçirməklə etnik
təmizləmə siyasəti aparmışlar. Təkcə XX əsrdə azərbaycanlılar 4
dəfə - 1905-1906-cı, 1918-1920-ci, 1948-1953-cü və
1988-1993-cü illərdə soyqırımı və etnik
təmizləmələrə məruz qalmışlar.Azərbaycan
Respublikası Prezidentinin ictimai-siyasi məsələlər
üzrə köməkçisi, professor Əli
Həsənovun “Xocalı soyqırımının dünyada
tanınması tarixi zərurətdir” sərlövhəli
məqaləsi bu fikirlərlə başlayır.
AZƏRTAC məqaləni təqdim edir.XX əsrin
əvvəllərində erməni millətçiləri
“Daşnaksütyun” partiyasının proqramında irəli
sürülən “böyük Ermənistan” ideyasını
reallaşdırmaq istiqamətində fəaliyyətini genişləndirərək
öz tarixi torpaqlarında yaşayan azərbaycanlıları
planlı surətdə doğma yurdlarından qovmaqla etnik
təmizləmə və soyqırımı siyasətini
həyata keçirmişlər. Nəticədə
1905-1906-cı illərdə ermənilər Bakıda,
Gəncədə, Qarabağda, İrəvanda,
Naxçıvanda, Ordubadda,
Şərur-Dərələyəzdə, Tiflisdə,
Zəngəzurda, Qazaxda və başqa yerlərdə dinc
azərbaycanlılara qarşı qırğınlar
törətmiş, əhali amansızlıqla qətlə
yetirilmiş, şəhər və kəndlər
yandırılmış və
dağıdılmışdır. Erməni silahlı
dəstələri Şuşa,
Zəngəzur və Cəbrayıl qəzalarında,
İrəvan və Gəncə quberniyalarında
azərbaycanlılar yaşayan 200-dən artıq
yaşayış məntəqəsini viran qoymuş, on
minlərlə soydaşımız öz doğma
yurdlarından qaçqın və məcburi
köçkün düşmüşdür.
Bu prosesin davamı
olaraq, 1917-ci ilin dekabrında Qafqaz işləri üzrə
müvəqqəti fövqəladə komissar təyin
edilən S.Şaumyan azərbaycanlıların kütləvi
qırğınının təşkilatçısı
və rəhbərinə çevrildi. Erməni silahlı qüvvələri
tərəfindən 1917-ci ilin əvvəllərindən
1918-ci ilin mart ayına qədər olan dövrdə
İrəvan quberniyasında 197, Zəngəzur
qəzasında 109, Qarabağda 157 kənd
dağıdılmış, digər bölgələrdə
60 yaşayış məskəni məhv edilmiş, yandırılmış
və viran qoyulmuşdur.1918-ci il martın 31-də və
aprelin ilk günlərində minlərlə dinc
azərbaycanlı yalnız milli mənsubiyyətinə
görə məhv edilmişdir. Həmin
günlərdə erməni-bolşevik
birləşmələri Bakıda 12 min dinc
azərbaycanlını qətlə yetirmişlər. Bu
qanlı hadisələr zamanı insanlar evlərində
diri-diri yandırılmış, eləcə də xüsusi
işgəncələrlə və amansızlıqla
öldürülmüşdür.Ümumilikdə, 1918-1920-ci
illərdə ermənilər tərəfindən
törədilmiş kütləvi qırğınların
Bakı, Quba, Şamaxı, Kürdəmir, Lənkəranla yanaşı,
Şuşada, İrəvan quberniyası ərazisində,
Zəngəzurda, Naxçıvanda, Şərurda, Ordubadda,
Qarsda və başqa bölgələrdə amansız
şəkildə davam etdirilməsi nəticəsində on
minlərlə azərbaycanlı ən qəddar üsullarla
qətlə yetirilmişdir.1948-1953-cü illərdə
Ermənistan SSR-də yaşayan azərbaycanlıların
tarixi torpaqlarından, xüsusilə də İrəvan və
onun ətraf rayonlarından kütləvi şəkildə deportasiya
olunması nəticəsində 150 minə yaxın
soydaşımız zorakılıqla Azərbaycanın aran
rayonlarına köçürülmüşdür.XX
əsrin 80-ci illərinin ikinci yarısında ermənilər
özlərinin yaxın və uzaq xaricdəki
himayədarlarının köməyi ilə yenidən
Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə
dair ərazi iddiaları irəli sürdülər.1988-ci
ildən başlayaraq qonşu Ermənistan dövləti
beynəlxalq hüquq normalarını kobud şəkildə
pozaraq, BMT üzvü olan digər bir suveren ölkəyə -
Azərbaycana qarşı ərazi iddiaları qaldıraraq,
ölkəmizin Dağlıq Qarabağ Muxtar Vilayətini
və ətrafdakı 7 rayonunu işğal etmiş
(dövlətin ümumi ərazisinin 20 faizi), bir milyondan
artıq dinc əhalini (ölkə əhalisinin hər 8
nəfərindən birini) öz doğma yurd-yuvasından
didərgin salmaqla etnik təmizləmə həyata
keçirmişdir. Ermənistanın
bölgədə apardığı təcavüzkar
siyasətin nəticəsi olaraq, 30 ilə yaxındır ki,
Cənubi Qafqazda silahlı münaqişə və qanlı
toqquşmalar davam edir. Azərbaycanın və
beynəlxalq sülhyaratma qurumlarının, ilk
növbədə, BMT və ATƏT-in bütün
səylərinə baxmayaraq, hələ də Ermənistan
işğal etdiyi torpaqlardan geri çəkilmək istəmir
və bölgədə dayanıqlı sülhün
bərqərar olmasına ciddi maneə törədir.
Hazırda Cənubi Qafqazda hər an yeni silahlı
toqquşmalar və qanlı müharibələr başlaya
bilər ki, bu da yeni-yeni insan fəlakətlərinə
səbəb olar.Davakar erməni millətçiləri son iki
əsrə yaxın bir müddətdə dövlət
səviyyəsində Cənubi Qafqazdakı tarixi Azərbaycan
torpaqları və Türkiyənin Şərqi və
Cənub-Şərqi Anadolu ərazilərində mifik
“böyük Ermənistan” dövləti yaratmaq
ideyasını gerçəkləşdirmək
məqsədilə davamlı olaraq Türkiyə
türklərinə və azərbaycanlılara qarşı
qanlı terror, kütləvi qırğın, deportasiya və
etnik təmizləmə kimi bəşəri cinayətlər
törətməkdə davam edirlər. Onlar yenə də
dövlət səviyyəsində rəsmi millətçi-şovinist
ideologiya həyata keçirərək, erməni
“alim”lərinin əli ilə bölgənin real tarixini
saxtalaşdırmış, erməni xalqının bir
neçə nəslinə milli müstəsnalıq,
türk-müsəlman xalqlarına qarşı
düşmənçilik ruhu aşılamış,
kəskin mənəvi təcavüz kampaniyası apararaq indiki
Ermənistan ərazisini yerli azərbaycanlılardan tam
təmizləmişlər. Cənubi Qafqazda yaşanan və
beynəlxalq hüquqa zidd bütün belə proseslər,
insanlığa sığmayan bütün hadisələr
dünyadakı erməni diasporu tərəfindən
bilərəkdən təhrif edilmiş, dünya ictimaiyyətinin
nəzərində “əzabkeş və məzlum” erməni,
“zalım” türk-müsəlman və azərbaycanlı
obrazları yaradılmışdır.XX əsrin 80-ci
illərinin ikinci yarısında da ermənilər
SSRİ-də yaranmış siyasi vəziyyətdən
istifadə edib, dərhal Azərbaycana qarşı
açıq ərazi iddiası irəli sürmüş, bir
neçə günün içərisində Ermənistanda
yaşayan 200 minə qədər azərbaycanlını
kütləvi şəkildə deportasiyaya məruz qoymuş,
ardınca Dağlıq Qarabağın azərbaycanlı
icmasına qarşı kütləvi terror və
qırğınlar həyata keçirməyə
başlamışlar. Ermənistan SSR Ali Soveti 1989-cu il
dekabrın 1-də Dağlıq Qarabağ Muxtar Vilayətinin
Ermənistana birləşdirilməsi barədə
hüquqazidd qərar qəbul etmiş və bununla da Dağlıq
Qarabağ probleminin əsl mahiyyətinin Azərbaycana
qarşı əsassız ərazi iddialarından ibarət
olduğunu nümayiş etdirmişdir. Eyni federativ
dövlətdə birləşən bir respublikanın
digər respublikaya qarşı ərazi iddiasına heç
bir hüquqi reaksiya verilməmiş, əksinə, Sovet
İttifaqının o zamankı rəhbərliyinin
ermənipərəst siyasəti mövcud vəziyyətin getdikcə
kəskinləşməsinə, DQMV ərazisində və
Azərbaycanın Ermənistanla həmsərhəd
bölgələrində ermənilər tərəfindən
azərbaycanlılara qarşı terror, kütləvi
qırğın və etnik təmizləmə
cəhdlərinin geniş miqyas almasına təkan
vermişdir. Qeyd etmək lazımdır ki, Ermənistan Ali
Sovetinin həmin qərarı sonra da ləğv
edilməmiş, Robert Köçəryan 1989-cu ildə
Ermənistan parlamentinin deputatı, 1998-ci ildə isə
Ermənistan prezidenti seçilərkən həmin
qərarın ona tamhüquqlu Ermənistan
vətəndaşlığı verməsi “faktı”na istinad
etmişdir. Eyni “hüquq”dan sonradan onun varisi olan
Serj Sarkisyan da bəhrələnmişdir.1992-ci ilin
əvvəllərindən Ermənistan silahlı
qüvvələri öz təcavüzkar siyasətlərini
genişləndirərək Dağlıq Qarabağ və
ətraf ərazilərdəki azərbaycanlılar yaşayan
bütün yaşayış məntəqələrini
bir-birinin ardınca işğal etməyə
başlamışdır. Qısa zaman kəsiyində
Xocavənd, Cəmilli, Meşəli,
İmarət-Qərvənd, Kərkicahan, Malıbəyli,
Quşçular, Qaradağlı və digər kəndlər
zəbt olunmuş, əhalinin bir qismi əsir
götürülmüş, onların əmlakı və mal-qarası
mənimsənilmişdir.1992-ci il fevralın 25-dən 26-na
keçən gecə Ermənistan dövlətinin nizami
hərbi birləşmələri keçmiş sovet ordusunun
Xankəndi şəhərində yerləşən 366-cı
motoatıcı alayının iştirakı ilə aylarla
mühasirədə saxlanılan Xocalı
şəhərinə hücuma keçərək, bir
gecənin içində onu yerlə-yeksan etmişlər. Bu qanlı aksiya zamanı dinc əhaliyə
amansızlıqla divan tutulmuş, 613 nəfər qətlə
yetirilmiş, meyitlər təhqir olunmuş, 1275 nəfər
girov götürülmüşdür. Onlardan
150 nəfərin taleyi hələ də məlum deyil. Qətlə yetirilənlərin 63 nəfəri
uşaq, 106 nəfəri qadın və 70 nəfəri qoca
idi. Hərbi təcavüz
nəticəsində 8 ailə tamamilə məhv edilmişdir.Xocalı
soyqırımını törətməkdə
düşmənin məqsədi Azərbaycan xalqını
sarsıdaraq onun suverenlik əzmini qırmaq, ərazi bütövlüyü
uğrunda apardığı mübarizədən
çəkindirmək və torpaqlarını zorla ələ
keçirmək idi. XX əsrin sonunda
dünyanın gözü qarşısında baş
verən, qəddarlığı və
amansızlığı ilə xüsusi fərqlənən
Xocalı soyqırımı təcavüzkar erməni
siyasətinin ən qanlı səhifəsidir. Bu
ağır cinayətə görə siyasi-hüquqi
məsuliyyət birbaşa Ermənistanın o zamankı və
sonrakı rəhbərliyinin, həmçinin Dağlıq
Qarabağdakı separatçı rejimin üzərinə
düşür.Ermənistan Xocalı faciəsini
törətdikdən sonra Azərbaycana qarşı hərbi
təcavüzün miqyasını daha da
genişləndirmiş, Dağlıq Qarabağın
hüdudlarından kənara çıxaraq daha 7 rayonu
işğal etmiş, bir milyona yaxın
azərbaycanlını öz doğma ev-eşiyindən
didərgin salaraq qaçqın və məcburi
köçkünə çevirmişdir.Azərbaycan
dövləti başda ümummilli lider Heydər Əliyev
olmaqla, sonrakı 15 ildə isə Prezident İlham Əliyevin
rəhbərliyi ilə Xocalı soyqırımının
dünyada tanıdılması, Ermənistan-Azərbaycan
Dağlıq Qarabağ münaqişəsi barədə
həqiqətlərin beynəlxalq ictimaiyyətə
çatdırılması, təcavüzkarın
ifşası və işğal edilmiş
torpaqlarımızın azad olunması üçün
bütün zəruri addımları atıb və
atmaqdadır. Azərbaycan dövləti belə
taleyüklü məsələnin həlli ilə
bağlı bütün milli resursların, o
cümlədən diaspor qurumlarının imkanlarından
həmişə istifadə etmiş, bu istiqamətdə
irəli sürülən əksər ictimai
təşəbbüsləri dəstəkləmişdir.
Son illərdə Heydər Əliyev Fondunun
vitse-prezidenti Leyla xanım Əliyevanın
təşəbbüsü ilə dünyada geniş
vüsət almış “Xocalıya ədalət!” (Justice for Khojaly) beynəlxalq kampaniyasına
Azərbaycanda və xaricdə fəaliyyət
göstərən çoxsaylı vətəndaş
cəmiyyəti institutları da qoşularaq, ayrı-ayrı
ölkələrin dövlət qurumlarını və
ictimaiyyətini, beynəlxalq təşkilatları bu faciəyə
adekvat qiymət verməyə çağırırlar.
Hazırda:
X dünyanın 13 ölkəsi parlament
səviyyəsində,
X ABŞ-ın 22 ştatı parlament
səviyyəsində,X İslam Əməkdaşlıq
Təşkilatı Xocalı soyqırımını
rəsmən tanımışdır.X Avropa İnsan
Haqları Məhkəməsi 2010-cu il 22 aprel tarixli
qərarında Xocalının azərbaycanlılardan
ibarət mülki əhalisinin qırılmasını
“müharibə cinayətləri və ya insanlığa
qarşı cinayətlər kimi qiymətləndirilə
bilən xüsusilə ağır əməllər” kimi
müəyyən etmişdir.
Bundan başqa, Azərbaycanın ərazi
bütövlüyü məsələsi və Ermənistanın
işğalçı dövlət olması faktı:X BMT
Təhlükəsizik Şurasının 1993-cü il
aprel-noyabr aylarında qəbul etdiyi 822, 853, 874 və 884
nömrəli qətnamələrində,X ATƏT-in
1996-cı il Lissabon Sammitinin qərarında,X BMT Baş
Assambleyasının 60-cı (2006) və 62-ci (2008)
sessiyalarının çıxardığı
“Azərbaycanın işğal edilmiş
ərazilərində vəziyyət” adlı
qətnamələrində,
X AŞPA-nın (2005) qərarında,X
Avropa Parlamentinin (2010) qətnaməsində,X Avropa
İttifaqının “Şərq
tərəfdaşlığı” Sammitinin Bəyannaməsində
(2017),X Avropa İttifaqı-Azərbaycan
“Tərəfdaşlıq Prioritetləri”
razılaşmasında (2018),X Qoşulmama Hərəkatı
dövlət və hökumət
başçılarının XVI (Tehran, 2012) və XVII
(Marqarita, 2016) sammitlərinin qərarlarında,X İslam
Əməkdaşlıq Təşkilatının (İƏT)
dövlət və hökumət
başçılarının VII (Mərakeş, 1994), VIII
(İran, 1997) və IX konfranslarında (Qətər, 2000)
qəbul edilmiş qətnamələrdə, XI (Seneqal, 2008)
və XII (Misir, 2013) zirvə toplantılarının yekun
sənədlərində, eləcə də İƏT Xarici
İşlər Nazirləri Şurasının müxtəlif
konfranslarında qəbul edilmiş çoxsaylı
qətnamə və yekun sənədlərində,X ECO-nun
13-cü Sammitinin (İslamabad, 2017) yekun bəyanatında
və s. beynəlxalq qurumların qərarlarında
Azərbaycanın ərazi bütövlüyü və
suverenliyinə, beynəlxalq səviyyədə
tanınmış sərhədlərinin
toxunulmazlığına hörmət ifadə edilmiş,
münaqişənin məhz bu prinsiplər əsasında
həllinin vacibliyi qeyd olunmuşdur.
X Eyni zamanda, NATO-nun 2006-cı ildən
bəri keçirilən əksər zirvə toplantılarının,
o cümlədən Nyuport (2014), Varşava (2016) və
Brüssel (2018) sammitlərinin yekun kommunikelərində
Cənubi Qafqazdakı münaqişələrin
ölkələrin ərazi bütövlüyü, suverenliyi
və Helsinki Yekun Aktına əsaslanaraq həlli prinsipinin
öz əksini tapması Azərbaycanın mənafeyinə
cavab verir.Bütün bunlara baxmayaraq, hazırda Ermənistan
beynəlxalq hüquq normalarını pozaraq öz
işğalçılıq siyasətini davam etdirir və
Cənubi Qafqazda dayanıqlı sülhün bərqərar
olmasına ciddi maneçilik törədir. Həmçinin
dünyadakı erməni diasporu və lobbisi Dağlıq
Qarabağ problemini, Ermənistan dövlətinin
işğalçılıq siyasətini, evindən
qovulmuş bir milyona yaxın azərbaycanlının
böyük faciəsini, Azərbaycan torpaqlarının
işğal altında saxlanması faktını, Xocalı
qətliamını və bu qəbildən olan digər
qanlı cinayətləri unutdurmaq, diqqətdən kənarda
saxlamaq məqsədilə xüsusən də bizim
fəallaşdığımız ildönümü
tədbirləri zamanı, davamlı olaraq, 1915-ci il
hadisələrini gündəmə gətirib qardaş
Türkiyəyə qarşı qondarma “erməni
soyqırımı” iddiası qaldırırlar.Türkiyə
Prezidenti Rəcəb Tayyib Ərdoğanın rəhbərlik
etdiyi AKP hakimiyyətə gəldikdən sonra ilk
atdığı addımlardan biri 1915-ci il hadisələri
ətrafında aparılan kampaniyanın qərəzini
ifşa etmək olmuş, qardaş ölkə bu yöndə
bir çox beynəlxalq tədbirlərin
təşəbbüsçüsü və ev sahibi kimi
çıxış etmişdir. Təəssüf
ki, Prezident Ərdoğanın tarixin obyektiv
araşdırılması üçün arxivlərin
açılması və birgə komissiyaların
təşkili haqqında çağırışları
əks tərəfdən dəstək almamışdır.
Bu gün Türkiyə və Azərbaycan prezidentləri
həm ölkələrimizin daxilində, həm də
beynəlxalq müstəvidə türk-müsəlman
dünyasının maraqlarının müdafiəsi,
problemlərinin həlli naminə nümunəvi birgə
fəaliyyət, həmrəylik nümayiş etdirirlər.Bu
həmrəylikdən örnək götürərək
həm Azərbaycanın, həm də qardaş
Türkiyənin vətəndaş cəmiyyəti
təşkilatları, əli qələm tutan bütün
ziyalıları rəsmi dövlət orqanlarının
həyata keçirdiyi tədbirlərə hər cür
dəstək verməklə Xocalı soyqırımı
və Azərbaycan torpaqlarının işğalı,
eləcə də 1915-ci il hadisələri ilə bağlı
gerçək faktları dünya ictimaiyyətinin
diqqətinə çatdırmalı, tarixin obyektiv
qavranılmasına və adekvat hüquqi-siyasi qiymətinin
almasına çalışmalıdırlar. Ümumiyyətlə,
bu işləri daha fəal, davamlı və sistemli
şəkildə həyata keçirməklə biz
mütləq nəticələr əldə edə bilərik.Bu
məqsədlə Azərbaycan və türk diaspor
təşkilatları da öz çevikliyini və
mütəşəkkilliyini artırmalı,
əlaqələndirilmiş şəkildə fəaliyyət
göstərməlidir. 2007-ci ilin noyabrında
Türkiyə və Azərbaycan prezidentlərinin birgə
təşəbbüsü ilə Bakıda keçirilmiş
Türk Dövlət və Cəmiyyətlərinin XI Dostluq,
Qardaşlıq və Əməkdaşlıq Qurultayında
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi
ilə bağlı həqiqətlərin dünya
ictimaiyyətinə çatdırılması,
azərbaycanlılara qarşı erməni
işğalçıları tərəfindən törədilmiş
soyqırımı, terror aktları və digər
cinayətlərin beynəlxalq miqyasda ifşası
istiqamətində türkdilli ölkələr və icmalar
tərəfindən birgə tədbirlərin
görülməsi haqqında tövsiyələrin həyata
keçirilməsi ilə bağlı fəaliyyətlərini
genişləndirməlidirlər.Təəssüf ki, bəzi
dövlətlər qondarma “erməni soyqırımı”
haqqında əsassız qərarlar qəbul ediblər. Biz
həmin ölkələrdə də ardıcıl iş
aparmalı, onların vətəndaş cəmiyyətləri
ilə işləməyin məqbul səmərəli
üsullarını tapmalıyıq. Soydaşlarımız
yerli və beynəlxalq ənənəvi media, eləcə
də sosial şəbəkələr vasitəsilə
geniş kampaniyalar təşkil etməli, soyqırımı
problemlərini, o cümlədən Xocalı faciəsinə
dair real faktları elmi konfranslarda, simpoziumlarda və digər
toplantılarda təqdim etməlidirlər.Məlumdur ki,
münaqişənin nizama salınması üçün
aparılan danışıqlarda da Ermənistan qeyri-konstruktiv
mövqedən çıxış edərək
işğalçılıq siyasətindən əl
çəkmir. Digər tərəfdən
isə, BMT və ATƏT kimi beynəlxalq
təşkilatların öz təklif və
qətnamələrini həyata keçirmək
üçün konkret fəaliyyət
göstərməməsi danışıqlar prosesində
irəliləyişin əldə olunmasına maneə
törədir. Bununla yanaşı, keçən 27 il
ərzində ATƏT çərçivəsində
yaradılan Minsk qrupu və bu qrupa həmsədrlik edən
dövlətlər “ikili standartlar” prinsipindən
çıxış edərək, münaqişənin
ədalətli həll olunması üçün
Ermənistana qarşı heç bir təzyiq göstərmək
niyyətində olmamışlar.Buna baxmayaraq, Azərbaycan
dövləti beynəlxalq təşkilatların,
xüsusilə də münaqişəni dinc
vasitələrlə nizama salmaq üçün
fəaliyyət göstərən ATƏT-in sülhyaratma
təkliflərinə hörmətlə yanaşaraq onun
işində müntəzəm və əməli
şəkildə iştirak edir. Bu da
münaqişənin nizama salınması istiqamətində
aparılan danışıqlarda Azərbaycanın, ilk
növbədə, sülh variantına üstünlük
verdiyinə sübutdur.Münaqişənin nizama salınmasında
Azərbaycanın tutduğu mövqe birmənalıdır.
Yəni, problem yalnız Azərbaycanın
ərazi bütövlüyü və ölkəmizin
beynəlxalq səviyyədə tanınmış
sərhədləri çərçivəsində
həllini tapmalıdır. Bu mövqe
beynəlxalq hüququn normaları və prinsipləri, BMT
Nizamnaməsi, Helsinki Yekun Aktı və münaqişənin
nizamlanması istiqamətində qəbul edilmiş
çoxsaylı beynəlxalq sənədlərə
əsaslanır. Eyni zamanda, münaqişənin dinc
vasitələrlə nizama salınması istiqamətində
bütün beynəlxalq təşkilatların qəbul etdiyi
sənədlər Azərbaycanın mövqeyinin bir daha
gücləndirilməsi və məsələnin beynəlxalq
hüququn prinsipləri əsasında həllinin
təsdiqlənməsi deməkdir.Bu səbəbdən,
Qarabağ həqiqətləri haqqında dünya
ictimaiyyətinin məlumatlandırılması
istiqamətində keçirilən tədbirlərin coğrafiyasını
genişləndirməli və Ermənistanın
işğalçılıq siyasətinin beynəlxalq
aləmdə ifşa edilməsinə nail olmaq
üçün bütün qüvvələrimizi
birləşdirərək bundan sonra da daha ciddi
çalışmalı, Azərbaycan dövlətinin bu
istiqamətdə apardığı siyasətə öz
töhfəmizi verməliyik..
Səs.- 2019.- 26 fevral.- S.4