“Xocalıya ədalət!”
beynəlxalq kampaniyası Xocalı soyqırımı barədə
həqiqətlərin dünyada tanıdılmasında
mühüm rol oynadı
Birinci vitse-prezidentin köməkçisi,
Prezident Administrasiyasının Gənclər siyasəti və
idman məsələləri şöbəsinin müdiri Yusuf
Məmmədəliyev www.yap.org.az saytına müsahibə
verib:
- Yusuf müəllim, Azərbaycan
Respublikasının dinamik inkişafı, ictimai həyatın
bütün sahələrində əldə edilən nailiyyətlər
dövlət gənclər siyasətində də
özünü bariz şəkildə göstərir. Bu mənada,
Azərbaycanda həyata keçirilən dövlət gənclər
siyasətinin prioritetləri nədən ibarətdir?
- Gənclər siyasəti Azərbaycan dövlətinin
həyata keçirdiyi daxili siyasətin mühüm tərkib
hissəsidir. Bu siyasətin əsas məqsəd
və prinsipləri, istiqamətləri, həmçinin dövlətin
üzərinə düşən vəzifələr “Gənclər
siyasəti haqqında” Azərbaycan Respublikasının Qanunu və
bu sahədəki digər normativ-hüquqi aktlarla müəyyən
olunur. Gənclərin hərtərəfli
inkişafı üçün zəruri olan şəraitin
yaradılması, bu baxımdan dövlətin üzərinə
düşən vəzifələrin səmərəli şəkildə
yerinə yetirilməsi məsələsi daim ölkə rəhbərliyinin,
şəxsən Prezident İlham Əliyevin və Birinci
vitse-prezident Mehriban xanım Əliyevanın diqqət mərkəzindədir.
Bu diqqətin nəticəsidir ki, bu gün Azərbaycanda
gənclərin inkişafının təmin edilməsi
üçün dövlət tərəfindən davamlı
şəkildə fəaliyyət həyata keçirilir, gənclərlə
iş sahəsində qanunvericilik bazası təkmilləşdirilir,
sosial infrastruktur yaradılır, gənclərin elmi və yaradıcılıq potensialının
aşkara çıxarılması və inkişaf etdirilməsi,
bu potensialın ölkəmizin sosial-iqtisadi inkişafı,
dövlətimizin siyasi, iqtisadi, hərbi qüdrətinin, beynəlxalq
nüfuzunun artırılması, xalqımızın rifah səviyyəsinin
daha da yüksəldilməsi uğrunda səfərbər
edilməsi istiqamətində ardıcıl tədbirlər
görülür.
Hazırda Bakıda və rayonlarda yerləşən
40-a yaxın Gənclər Evi, demək olar ki, bütün
rayonlarda fəaliyyət göstərən Olimpiya kompleksləri,
yaradıcılıq mərkəzləri və s. gənclərin
ixtiyarındadır. Gənclərin ictimai fəallığının
artırılması, ölkənin ictimai həyatına
onların daha yaxından cəlb edilməsi məqsədilə
yaradılan və vətəndaş cəmiyyətinin
mühüm tərkib hissəsi olan ictimai birliklərin fəaliyyəti
dövlət tərəfindən hərtərəfli dəstəklənir.
Keçən il Nizamnaməsində edilən dəyişikliklərlə
fəaliyyət sahəsi və imkanları daha da genişləndirilən
Gənclər Fondu gənclərin, xüsusilə aztəminatlı
ailələrdən olan gənclərin təhsil
almalarının, təhsillərini xaricdə davam etdirmələrinin
dəstəklənməsi, ali və orta
ixtisas təhsili müəssisələrini bitirmiş gənclərin
işlə təmin olunma baxımından
qarşılaşdıqları problemlərin həll edilməsi,
gənclər arasında sahibkarlıq və özünüməşğulluğun
təşviq edilməsi və dəstəklənməsi kimi
bir sıra istiqamətlərdə təqdirəlayiq fəaliyyət
həyata keçirir. Bütün bu fəaliyyətlər
xalqımız tərəfindən rəğbətlə
qarşılanır, yüksək qiymətləndirilir.
Burada mən diqqəti bir məsələyə
cəlb etmək istərdim. Bildiyiniz kimi, Ulu
Öndərimiz Heydər Əliyevin 1969-cu ildə Azərbaycanın
rəhbəri seçilməsindən sonra
respublikamızın həyatında yeni bir dövr
başladı. Bu dövr Azərbaycanın Sovet
İttifaqının geridə qalmış aqrar əyalətindən
ən qabaqcıl aqrar-sənaye, neft-kimya,
maşınqayırma mərkəzlərindən birinə
çevrilməsi, elm və təhsilin, mədəniyyətin,
ədəbiyyatın, incəsənətin sürətli
inkişafı ilə əlamətdar oldu. Heydər Əliyevin
yorulmaz fəaliyyəti bir çox onilliklər
üçün Azərbaycanın inkişaf yollarını,
istiqamətlərini müəyyən etdi. Azərbaycanda bu
gün həyata keçirilən gənclər siyasətinin də
əsası əslində Ulu Öndərimiz Heydər
Əliyev tərəfindən həmin dövrdə
qoyulmuşdur. Müstəsna tarixi şəxsiyyət
kimi, dövrünün digər siyasətçilərindən
və dövlət rəhbərlərindən Heydər
Əliyevin fərqi ondan ibarət idi ki, O, milliliyin, milli-mənəvi
dəyərlərin və mədəni-tarixi irsin qorunub
saxlanılmasını, inkişafını təşviq
və təqdir etməyən şərait və
şərtlər daxilində belə, bunların qorunub
saxlanılmasına, gənc nəslin məhz bu dəyərlər
əsasında yetişdirilməsi, xalqımızın əsrlər
boyu yaratdığı mədəni-ədəbi irsimizə
sahib çıxmasına şərait yaratmağa nail
olmuşdu. Buna əmin olmaq
üçün həmin dövrdə Azərbaycanda
yaradılmış sənət əsərlərinə,
xalqımızın yetişdirdiyi dahi şəxsiyyətlərin
şərəfinə ucaldılmış abidələrə
baxmaq, tarixi qəhrəmanlarımız haqqında çəkilmiş
filmlərin, yazılmış bədii və elmi-tədqiqat əsərlərinin
siyahısına nəzər salmaq kifayətdir. Heç də sirr deyildir ki, bütün bu fəaliyyətin
ünvanı ilk növbədə gənclər idi və bunu
nəzərə alaraq, dövlətimizin müasir gənclər
siyasətinin əsasının məhz ötən əsrin
70-ci illərində Ulu Öndər tərəfindən
qoyulduğunu əminliklə söyləmək olar.
İkinci bir tərəfdən, mən yenə
həmin illərdə Heydər Əliyevin Azərbaycan gənclərinin
müasir tələblər səviyyəsində təhsil
almasına verdiyi diqqəti vurğulamaq istərdim. Məhz bu
diqqət və Ulu Öndərin göstərdiyi yorulmaz səylər
öz nəticəsini verdi: Azərbaycan gəncləri
Bakıda imtahan verməklə SSRİ-nin aparıcı ali məktəblərində
respublikamız üçün ayrılmış xüsusi
kvotalar üzrə təhsil almaq imkanı əldə etdilər.
Sovet hərbi-təhsil sistemi üçün də
inanılması çətin olan hadisə Azərbaycanda
baş verdi: SSRİ-nin qeyri-slavyan respublikalarında ilk hərbi
lisey - Cəmşid Naxçıvanski adına hərbi məktəb
fəaliyyətə başladı ki, bu gün Azərbaycan
Ordusunun general-zabit heyətinin əsasını bu liseyin məzunları
təşkil edirlər. Liseyə məşhur
sovet sərkərdələrindən birinin deyil, məhz Azərbaycan
xalqının yetişdirdiyi hərbi xadimin adının verilməsi
də Heydər Əliyevin gənclərin milli-mənəvi dəyərlər
əsasında yetişdirilməsinə verdiyi diqqətin təzahürü
və sübutu kimi qiymətləndirilə bilər.
Bütün bunları
xatırlatmaqda məqsədim Ulu Öndərin gənclərin
tərbiyəsi üzrə müəyyən etdiyi iki əsas,
gənclər siyasətinin ana xəttini təşkil edən
amilləri vurğulamaqdır: yüksək, müasir tələblərə
cavab verən təhsil və milli-mənəvi dəyərlərə
əsaslanan vətənpərvərlik tərbiyəsi. Bu amillər
bu gün də Azərbaycanda həyata keçirilən
dövlət gənclər siyasətinin əsasını təşkil
edir.
- Bildiyimiz kimi, fevralın 1-də Bakıda 2
Fevral - Azərbaycan Gəncləri Gününə həsr
olunmuş respublika toplantısı keçirildi. Toplantıda
Azərbaycan Respublikasının Prezidenti cənab İlham
Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva
iştirak etdilər. Cənab Prezident toplantıda dərin məzmunlu
nitq söylədi. Sizcə, dövlətimizin
başçısının toplantıda verdiyi tövsiyələr
Azərbaycan gəncliyinin qarşısında hansı vəzifələri
qoyur?
- Hər şeydən əvvəl
qeyd etmək istərdim ki, dövlət
başçımızın yalnız birbaşa gənclərə
ünvanlanan çıxışlarında deyil, ölkəmizin
ictimai-siyasi, iqtisadi həyatına, təhsil, elm, mədəniyyət
və s. məsələlərə həsr edilmiş
çıxışlarının əksəriyyətində
gənclərlə iş sahəsində göstərilən
fəaliyyət, əldə edilmiş nəticələr,
qarşıda duran vəzifələr və tələblərdən
danışılır, aktual məsələlərə
toxunulur. Bu, hər şeydən əvvəl,
Prezident tərəfindən gənclər siyasətinə
verilən əhəmiyyətin göstəricisi, eyni zamanda, gəncliyin
hərtərəfli inkişafına Onun tərəfindən
göstərilən diqqət və qayğının təzahürü
kimi qiymətləndirilməlidir.
Gənclər gününə həsr
edilmiş respublika toplantısındakı
çıxış isə, əlbəttə ki, proqram
xarakterli idi və düzgün olaraq qeyd etdiyiniz kimi, Azərbaycan
gəncliyinin qarşısında duran vəzifələrin
ardıcıllıqla, ölkəmizin və
xalqımızın inkişafı və çiçəklənməsi
istiqamətində mövcud və perspektiv prioritetlər
kontekstində müəyyən edilməsi və gəncliyin
diqqətinə çatdırılması məqsədi
daşıması ilə fərqlənir.
Cənab Prezident Öz
çıxışında müstəqil dövlətdə
yaşamağı xoşbəxtlik kimi qiymətləndirdi. Bu
ifadədə dərin məna vardır: dünyada yaşayan
heç də bütün xalqların, bütün
etnosların malik olmadığı bu xoşbəxtlik
xalqımıza asanlıqla nəsib olmamışdır. Bu gün Azərbaycan xalqı müstəqil dövlətə
malikdirsə, bu müstəqilliyi qoruyub saxlamağa qadirdirsə,
bu, bizdən əvvəlki nəsillərin, dövlət
adamlarının, mütəfəkkirlərin, dahi şəxsiyyətlərin
və hər kəsdən əvvəl, Ulu Öndərimizin
yorulmaz əməyinin, müstəsna xidmətlərinin
nəticəsidir. Bugünkü nəsil bunu
heç vaxt yaddan çıxartmamalı, bu xoşbəxtliyin
ona kimlərin səyləri və hansı qurbanların
bahasına başa gəldiyini yadda saxlamalı və müstəqilliyimizin
əbədi olması, onun hər cür daxili və xarici təhlükələrdən
müdafiə edilməsi uğrunda mübarizəyə
hazır olmalıdır. Fikrimcə, bu, Prezidentin gəncliyə
verdiyi başlıca mesajdır.
Azərbaycan Prezidenti tərəfindən
gənclik qarşısında qoyulan digər vəzifələr
isə məhz bu əsas vəzifənin yerinə yetirilməsi
yollarını və vasitələrini müəyyən edir:
insan və vətəndaş üçün ən
böyük xoşbəxtlik olan milli müstəqilliyin qorunub
saxlanılması, onun əbədi və
dönməz olması üçün gələcəkdə
müstəqil Azərbaycan dövlətini idarə edəcək
bugünkü gənclik ən yüksək tələblərə
cavab verən təhsil səviyyəsinə və peşəkarlığa,
milli-mənəvi dəyərlərə sadiqlik və vətənpərvərlik ruhuna malik olmalı, ölkənin
ictimai-siyasi həyatında fəal iştirak etməli, problem
və nöqsanlara qarşı barışmazlıq
nümayiş etdirməli, öz yaradıcılıq
potensialını xalqımızın inkişafı naminə
sərf etməyə hazır olmalıdır.
Prezidentin
çıxışında vurğulanan məsələlərdən
birini - dövlət qurumlarında və özəl təşkilatlarda
gənclərin potensialından daha geniş istifadə
olunması, onların elmi yaradıcılıq fəaliyyətinin
hərtərəfli dəstəklənməsi məsələsini
də xüsusi qeyd etmək istərdim. Bu
gün biz dövlət qurumlarında bu prosesin şahidiyik və
Öz çıxışında Prezidentin bunu bir daha
vurğulaması bu siyasətin gələcəkdə də
davam etdiriləcəyinin göstəricisi, eyni zamanda, özəl
sektora Onun tövsiyəsi kimi qiymətləndirilə bilər.
Qeyd edilənləri ümumiləşdirərək
və sualınıza cavab olaraq deyə bilərəm ki, cənab
Prezident Azərbaycanın hər bir gəncini yüksək təhsilli,
öz işinin peşəkarı olan, ictimai fəallığı
ilə seçilən, elmi-yaradıcılıq
potensialını reallaşdıran, ölkəsinin müstəqilliyi və ərazi bütövlüyü
uğrunda mübarizəyə hazır, milli-mənəvi dəyərlərə
sadiq vətənpərvər kimi görmək istəyir, bu
keyfiyyətlərə malik olan bir vətəndaş kimi
yetişməyi onun qarşısında əsas vəzifə
olaraq qoyur.
Əminliyimi ifadə etmək istərdim
ki, dövlət tərəfindən hərtərəfli diqqət
və qayğı ilə əhatə olunmuş gənclərimiz
cənab Prezidentin onların qarşısında qoyduğu bu vəzifələrin
öhdəsindən gəlmək, Onun rəhbərliyi ilə
Azərbaycanın daha parlaq gələcəyini təmin
etmək iqtidarında və əzmindədirlər.
- Hazırda ölkəmizdə könüllülük
hərəkatı böyük vüsət alaraq əhatə
dairəsini daha da genişləndirir. Azərbaycan gəncliyinin
bu hərəkatda rolunu və fəallığını necə
dəyərləndirirsiniz?
- Bildiyiniz kimi, könüllülüyün
müxtəlif növləri vardır. Bu,
kütləvi tədbirlər, ayrı-ayrı sosial, ekoloji və
digər aksiyalar və hətta təbii fəlakətlər
zamanı könüllü surətdə göstərilən
fəaliyyət şəklində baş verir və insanlar
müəyyən bir amal ətrafında birləşərək
cəmiyyətə yardım etməyə hazırlıqlarını
nümayiş etdirirlər.
Könüllülük fenomeni, təbii
ki, ölkəmizdə də bu və ya digər formada və
miqyasda illər uzunu mövcud olmuşdur, lakin məhz Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin
xüsusi diqqəti sayəsində son illər ərzində
könüllülük ideyası əhali, xüsusilə də
gənclər arasında dərin kök
atmış, könüllülük hərəkatı
geniş vüsət almışdır. Ötən dövr ərzində
“Könüllülük fəaliyyəti haqqında” qanun qəbul
olunmuş, könüllülüyü ehtiva edən maddələr
bir sıra Dövlət proqramlarına daxil edilmiş,
ayrı-ayrı təşkilatlar və qurumlar çərçivəsində
də könüllülər fəaliyyət göstərməyə
başlamışlar.
Sirr deyildir ki, Azərbaycan gəncləri əhalinin
ən fəal hissəsidir. Könüllülük
ümumilikdə sırf gəncliklə bağlı bir fenomen
olmasa da, ölkəmizdə könüllülük hərəkatında
iştirak edənlərin böyük əksəriyyətinin
məhz gənclər olması, fikrimcə, müsbət hal
kimi qiymətləndirilə bilər. Azərbaycan
könüllüləri ölkəmizdə təşkil edilən
irimiqyaslı beynəlxalq tədbirlər zamanı, eləcə
də müxtəlif dövlət qurumlarının fəaliyyətinə
yardım olaraq böyük işlər görmüşlər.
İlk Avropa Oyunları, İslam Həmrəyliyi Oyunları,
Avroviziya Mahnı Müsabiqəsi, Beynəlxalq
Humanitar Forum və xeyli sayda digər beynəlxalq tədbirlərin
ölkəmizdə keçirilməsi, bir tərəfdən,
beynəlxalq ictimaiyyətin dövlətimizə yüksək
etimadının göstəricisi, digər tərəfdən
isə, böyük bir məsuliyyətdir. Bu məsuliyyətli
işin öhdəsindən gəlməkdə, heç
şübhəsiz, könüllülərin dəstəyi
böyük rol oynamışdır.
Gənclər arasında
könüllülüyün yayılması, bir tərəfdən,
fərdi olaraq gənclərin cəmiyyət üçün
faydalı olan bir amal ətrafında birləşib fəaliyyət
göstərməyə hazırlığını əks
etdirir, digər tərəfdən, onların məsuliyyətli
vətəndaş kimi yetişməsinə xidmət
edir. Bu baxımdan, dövlət
könüllülük hərəkatının ölkəmizdə
daha da inkişaf etməsində maraqlıdır və
çox xoşdur ki, gənclərimiz də öz fəallıqları
ilə bu marağı bölüşdüklərini göstərirlər.
Bununla yanaşı, hesab edirəm ki, ölkəmizdə
könüllülük hərəkatının sistemləşdirilməsi,
vahid mütəşəkkil formaya salınması
könüllülərin potensialından daha səmərəli
istifadə edilməsi baxımından faydalıdır. Bu, eyni
zamanda, vahid könüllülük hərəkatının
bütün respublikanı - paytaxt Bakıdan tutmuş ən
ucqar kəndimizədək əhatə etməsinə imkan verəcəkdir.
Gənclərimizin könüllülüyə
marağının və bu sahədə fəallığının
ildən-ilə artması mülahizəmizin doğru
olduğunu söyləməyə əsas verir. Qeyd edim ki,
vahid könüllülük hərəkatı bir çox
ölkələrdə də təşəkkül
tapmış və özünü doğrultmaqdadır.
- Yusuf müəllim, bu il Xocalı
soyqırımının 27-ci ildönümüdür, bu faciə
ilə əlaqədar respublikamızda və xarici ölkələrdə
çoxsaylı tədbirlər keçirilir. Eyni zamanda, Heydər
Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü
ilə həyata keçirilən “Xocalıya ədalət!”
beynəlxalq kampaniyası çərçivəsində
önəmli işlər görülür. Bu tədbirlərin
Xocalı soyqırımının dünyada
tanıdılması baxımından əhəmiyyəti nədən
ibarətdir?
- İlk öncə, bu il 27-ci
ildönümü olan Xocalı soyqırımında ailə
üzvlərini, qohumlarını və yaxınlarını
itirmiş hər bir kəsə və xalqımıza
başsağlığı verir, həlak olanlara Allahdan rəhmət
diləyirəm.
Bu faciə yalnız Azərbaycan
xalqının deyil, bütün bəşəriyyətin
tarixində ən qanlı hadisələrdən biri kimi
yaddaşlarda qalacaqdır. Ümid edirəm ki, insanlıq əleyhinə
bu ağır hərbi cinayəti törətmiş şəxslər
tezliklə hüquqi müstəvidə öz layiqli cəzalarını
alacaqlar.
Təəssüf ki, Ermənistan-Azərbaycan
Dağlıq Qarabağ münaqişəsinin ilk illərində
törədilmiş bu soyqırımı aktı barədə
həqiqətləri ölkəmizin həmin dövrdə
düşdüyü informasiya blokadası şəraitində
dünyaya çatdırmaq, demək olar ki, mümkün
olmamışdı. Doğrudur, bir sıra
beynəlxalq kütləvi informasiya vasitələri və beynəlxalq
təşkilatların nümayəndələri bu faktı təsbit
etsələr də, dünya ictimaiyyəti uzun müddət
bu faciədən bixəbər və ona biganə
qalmışdı. Hətta Ermənistan rəhbərliyinin
Xocalıda məhz dinc əhaliyə divan
tutmasını etiraf etməsi və buna haqq qazandırması
belə dünya ictimaiyyətinin lazımi reaksiyasına səbəb
olmamışdı. Bəlkə də, bu biganəliyin nəticəsidir
ki, Xocalı soyqırımından bir neçə il sonra bəşəriyyət
dünyanın müxtəlif bölgələrində insanlıq
əleyhinə törədilmiş yeni ağır cinayətlərə
şahidlik etməli oldu. Eyni zamanda,
unutmamalıyıq ki, bu soyqırımınadək, erməni
silahlı qüvvələri artıq Bağanis Ayrım,
İmarət Qərvənd, Xocavənd, Ağdaban,
Qaradağlı və digər yaşayış məntəqələrində
oxşar cinayətləri törətmiş, silahsız
mülki əhalini amansızcasına qətlə
yetirmişdilər.
Yalnız Ulu Öndər Heydər Əliyevin
ölkə rəhbərliyinə qayıtmasından sonra, Onun
təşəbbüsü ilə Milli Məclis Xocalı
soyqırımına siyasi-hüquqi qiymət verdi. Bu dövrdən etibarən ölkə miqyasında və
ölkəmizdən kənarda Xocalı soyqırımı ilə
bağlı tədbirlərin keçirilməsinə
başlanıldı. 2008-ci ildə isə Heydər Əliyev
Fondunun vitse-prezidenti, Dialoq və Əməkdaşlıq
Uğrunda İslam Konfransı Gənclər Forumunun Baş
Koordinatoru Leyla Əliyevanın təşəbbüsü ilə “Xocalıya ədalət!” beynəlxalq
maarifləndirmə kampaniyasına start verildikdən sonra
keçirilən ardıcıl tədbirlər, müxtəlif
xarici ölkələrin siyasi və ictimai dairələri ilə
aparılan izahat işləri nəticəsində Xocalı
soyqırımı barədə həqiqətlərin
dünyada tanıdılması geniş vüsət
aldı. Mən bu sahədə səfirliklərimizin,
diasporumuzun və xüsusilə də gənclərimizin, o
cümlədən xaricdə təhsil alan tələbələrimizin
əhəmiyyətli rol oynadığını vurğulamaq
istərdim. Sözügedən kampaniyanın uğurları
barədə faktlarla danışmaq olar. Qısa
müddət ərzində dünyanın müxtəlif qitələrindən
17 ölkə, eləcə də ABŞ-ın 22 ştatı,
habelə 2 beynəlxalq təşkilat Xocalı
soyqırımını tanıyan sənədlər qəbul
etmiş və bu proses davam etməkdədir. Qeyd etmək istəyirəm ki, “Xocalıya ədalət!”
beynəlxalq maarifləndirmə kampaniyası
soyqırımının ildönümləri ərəfəsində
xüsusilə intensivləşsə də, əslində bu
sıradan olan ayrı-ayrı tədbirlər bütün il
boyu təşkil edilir.
Xocalı soyqırımı barədə həqiqətlərin
dünyaya yayılması həm də Ermənistan-Azərbaycan
münaqişəsi barədə ədalətli mövqeyimizin
dəstəklənməsi baxımından əhəmiyyətlidir.
Eyni zamanda, hesab edirəm ki,
Xocalı soyqırımı barədə məlumatlandırma
və maarifləndirmə işində xalqımızın hər
bir nümayəndəsi fəal iştirak etməlidir.
Çünki bu, hamımızın ağrısıdır və
hər bir azərbaycanlı istər Xocalı faciəsində,
istərsə də ölkəmizin ərazi
bütövlüyü, müstəqilliyi və xoşbəxt
gələcəyi uğrunda şəhid olanların ruhu
qarşısında məsuliyyət daşıyır.
Səs.-
2019.- 26 fevral.- S.8-9